Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-71/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X1, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1961-ci ildə Qazax rayonu Kalinin kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış və xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə, saat 07 radələrində sürücülük hüququ əsasında idarə etdiyi VAZ-21043 minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Cəlilli avtomobil yolunun Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisinin 3-cü kilometrliyində yola bitişik ərazidə yerləşən yanacaq doldurma məntəqəsindən Tovuz şəhəri istiqamətində hərəkət etmək üçün yolun hərəkət hissəsinə doğru irəliləyib sola dönmə əməliyyatı yerinə yetirərkən «X11» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək öz hərəkətini davam etdirib həmin vaxt həmin yolda Tovuz rayonu Cəlilli kəndi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21043 minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sol diz oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi və əzilmiş cırılmış yarasından sonrakı çapığı ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və VAZ 21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ qamış və incik sümüklərinin distal metafizlərinin qapalı qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınıqları ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X2 ifadəsində göstərdi ki, mərhum əri Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuş, onun şikayətləndiyi hər hansı xəstəliyi və ağrısı, eləcə də, hər hansı fiziki və psixi xəstəliyi olmamışdır. Mərhum əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər saat 07 radələrində yaşadığı evdən çıxaraq Tovuz rayonunda yerləşən diaqnostika xəstəxanasına onun bacısı Şahid, sonuncunun qızı Zərərçəkmiş şəxs1 və sonuncunun iki azyaşlı övladlarını aparmışdır. xx.xx.2023-cü il tarixdə əri evdən çıxdıqdan 40 dəqiqə sonra bacısı Şahid və sonuncunun qızı Zərərçəkmiş şəxs1 Tovuz rayonunda yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqlarını və əri Təqsirləndirilən şəxs isə hadisə zamanı öldüyünü eşitmişdir. O, dərhal qayını Rauf Mədətova zəng edərək bu barədə məlumat vermiş və hər ikisi Tovuz rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada artıq əri Təqsirləndirilən şəxs vəfat etdiyini bilmişdir. Orada mərhum əri Təqsirləndirilən şəxs Tovuz rayon, Düz Cırdaxan kəndi ərazisində sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21099 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşduğunu öyrənmişdir. Əlavə olaraq göstərdi ki, mərhum əri illərin sürücüsü olmuşdur. Onun avtomobili idarə edən zaman yanlış edəcəyinə inanmır. Ona görə də mərhum ərini cinayət hadisəsi üzrə təqsirli bilmir. Hesab edir ki, mərhum ərinə bəraət verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Goranboy rayon Sarov kəndinə qeydiyyatda olsa da, müvəqqəti olaraq Tovuz rayon Dondar Quşçu kəndində kirayədə yaşayır. Ağstafa rayon Həsənsu kəndində qeydiyyatda olmaqla yaşamış mərhum Təqsirləndirilən şəxs İsrafil oğlunu, həmçinin onun qohumları Zərərçəkmiş şəxs1 ilə sonuncunun anası Şahid Məhəməd qızını əvvəllər tanımamışdır. 25 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində kirayədə yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evdən çıxıb idarə etdiyi VAZ-21099 markalı **-BG-*** nömrə nişanlı avtomobillə saatda 60-70 km/saat sürətlə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə üzü Ağstafa şəhərinə doğru hərəkət etməyə başlamışdır. Hava qaranlıq olduğu üçün avtomobillər işıq vasitəsi ilə hərəkət edirmişlər. İdarə etdiyi VAZ-21099 minik markalı **-BG-*** dövlət nişanlı avtomobillə Tovuz şəhəri, H.Əliyev prospektinin sonunda, sağ tərəfdə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə çatmamış görmüşdür ki, yolun sağ hissəsi ilə üzü Ağstafa şəhəri istiqamətinə 2- 3 ədəd, yük yerinə mişar daşları yüklənmiş KAMAZ markalı nömrə nişanına fikir vermədiyi avtomobillər çox asta sürətlə, demək olar ki, təxminən 10-15 km/saat sürətlə yolun sağ tərəfini tutaraq hərəkət edirlər. Həmin yük avtomobillərini ötmək istəmiş və baxmışdır ki, qarşı zolaq boşdur. Həmin yerdə ötməni qadağan edəcək hər-hansı bir xətt və yaxud da nişan lövhəsi olmamışdır. O, idarə etdiyi VAZ-21099 markalı **-BG-*** nömrə nişanlı avtomobillə yük yerinə mişar daşları yüklənmiş həmin KAMAZ markalı avtomobilləri ötüb keçmək məqsədilə idarə etdiyi avtomobilin xarici dönmə işıqlarını qoşub qarşı hərəkət zolağına çıxmışdır ki, onları ötüb keçsin. İdarə etdiyi VAZ-21099 markalı **-BG-*** nömrə nişanlı avtomobillə həmin KAMAZ markalı yük avtomobillərinin ikisini ötüb, üçüncü KAMAZ markalı avtomobil ilə yanbayan olan zaman yolun sağ hissəsindən, yəni yanacaqdoldurma məntəqəsi tərəfdən qəfildən qırmızı rəngli VAZ-21043 markalı, **-SA-*** nömrə nişanlı avtomobil qarşısına çıxmışdır. Bunu görən kimi tez ayağını əyləcə basıb tormozlama əməliyyatı aparmışdır. VAZ-21043 markalı, **-SA-*** nömrə nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı mərhum Təqsirləndirilən şəxs İsrafil oğlu, 20-30 km saat sürətlə idarə etdiyi VAZ-21043 markalı, **-SA-*** nömrə nişanlı avtomobillə hərəkət etdiyi zolağa tam düzələnə kimi, yəni, əyri vəziyyətdə olanda aralarındakı məsafə çox az olduğu üçün onun idarə etdiyi avtomobilin qabaq sol yan hissəsi ilə idarə etdiyi avtomobilin qabaq hissəsi arasında tormozlama vəziyyətində toqquşma baş vermişdir. Qeyd olunan toqquşmadan sonra ciddi xəsarət almışdır. Toqquşmadan sonra onu hadisə yerinə toplaşan tanımadığı şəxslər xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağstafa rayon Muğanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Ağstafa rayonu Həsənsu kənd sakini mərhum Təqsirləndirilən şəxs İsrafil oğlu xalası X1 əridir. Ağstafa şəhərində yaşayan Şahid Məhəməd qızı anası, X8 ilə X5 isə övladlarıdır. Goranboy rayon Sarov kənd sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla qohumluğu və ədavəti olmamış, hazırda da yoxdur. 25 dekabr 2023-cü il tarixdə saat 06:55-də anası Şahid Məhəməd qızı, özü və azyaşlı övladları X8 və X5 ilə birlikdə Tovuz şəhərində yerləşən “Farm Qafur” tibb mərkəzində tibbi müayindən keçmək məqsədilə Təqsirləndirilən şəxs İsrafil oğlunun idarə etdiyi VAZ-21043 markalı **-SA- *** nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxıb Tovuz rayonu istiqamətinə doğru yola düşmüşlər. Anası, övladları ilə arxa oturacaqda əyləşmişlər. Tovuz rayonu Düz Cırdaxan kəndinə daxil olub həmin yerdə üzü Tovuz şəhərinə doğru hərəkət etdikdə sol hissədə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuş və orada sürücü Təqsirləndirilən şəxs İsrafil oğlu idarə etdiyi avtomobilə yanacaq tökdürmüşdür. O, yanacağı tökdürdükdən sonra avtomobilin mühərrikini işə salıb üzü Tovuz şəhərinə doğru hərəkət etmək məqsədilə yanacaqdoldurma məntəqəsindən çıxmış və dayanmadan 30 km saat sürətlə hərəkət edib gəldiyi yola çıxıb sol tərəfə dönmək istəmişdir. Həmin vaxtı sol tərəfdən gələn avtomobil ilə onların avtomobili toqquşmuşdur. Zərbənin təsirində sərnişi olduğu avtomobil üzü Ağstafa rayonun istiqamətinə doğru çevrilmiş, onların avtomobili ilə toqquşan digər avtomobil, yəni şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21099 markalı **-BG-*** nömrə nişanlı avtomobili isə üzü əks istiqamətə dayanmışdır. Bundan sonra hadisə yernə gəlmiş təcili tibbi yardım avtomobili onları Tovuz RMX-na aparmışdır. Burada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İsrafil oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, Ağstafa şəhərində yaşayır. Heç bir yerdə işləmir, evdar qadındır. Ağstafa rayonu Həsənsu kənd sakini mərhum Təqsirləndirilən şəxs İsrafil oğlu bacısı X1 əridir. Ağstafa rayonu Muğanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 onun qızı, X9 və X5 isə onun nəvələridir. Goranboy rayon Sarov kənd sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla qohumluğu və ədavəti olmamış, hazırda da yoxdur. 25 dekabr 2023-cü il tarixdə, saat 06:55-də qızı Zərərçəkmiş şəxs1 və onun azyaşlı övladları X9 və X5 ilə birlikdə Tovuz şəhərində yerləşən “Farm Qafur” tibb mərkəzində tibbi müayindən keçmək məqsədilə qayını Təqsirləndirilən şəxs İsrafil oğlunun idarə etdiyi VAZ- 21043 markalı **-SA-*** nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxıb Tovuz rayonu istiqamətinə doğru yola düşmüşlər. Avtomobili qayını mərhum Təqsirləndirilən şəxs İsrafil oğlu idarə edirdi, onun arxa hissəsində arxa oturacaqda sol tərəfdə özü, azyaşlı nəvəsı X5 qucağında, digər nəvəsi Zərərçəkmiş şəxs1 isə yanında əyləşmişdir. Tovuz rayonu Düz Cırdaxan kəndinə daxil olub həmin yerdə üzü Tovuz şəhərinə doğru hərəkət etdikdə sol tərəfdə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olmuş və orada sürücü mərhum Təqsirləndirilən şəxs İsrafil oğlu idarə etdiyi avtomobilə yanacaq tökdürmüşdür. O, yanacağı tökdürdükdən sonra idarə etdiyi avtomobilin mühərrikini işə salıb üzü Tovuz şəhərinə doğru hərəkət etmək məqsədilə yanacaqdoldurma məntəqəsindən çıxmış və dayanmadan gəldiyi yola çıxıb sol tərəfə dönmək istəmişdir. Həmin vaxt qucağında olan azyaşlı nəvəsi X3 digər tərəfə çevirmişdir ki, yanındakı çantanı kənara qoysun. Elə həmin an sol tərəfdən bərk toqquşma hadisəsi baş vermişdir. Zərbənin təsirindən onun olduğu avtomobil üzü Ağstafa rayonu istiqamətinə doğru çevrilmiş, onların avtomobili ilə toqquşan digər avtomobil, yəni şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21099 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə üzü əks istiqamətə çevrilmişdir. Toqquşma nöqtəsinə kimi Təqsirləndirilən şəxs İsrafil oğlu VAZ-21043 markalı **- SA-*** nömrə nişanlı avtomobili dayanmadan 30 km saat sürətilə hərəkət etdirmişdir. Bundan sonra hadisə yernə gəlmiş təcili tibbi yardım avtomobili onları Tovuz RMX-na aparmışdır. Orada ona məlum olmuşdur ki, qayını Təqsirləndirilən şəxs İsrafil oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Qeyd olunan yol-nəqliyyat hadisəsində özü və qızı Zərərçəkmiş şəxs1 xəsarət almışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********** saylı cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz-Cəlilli avtomobil yolunun Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisinin 3-cü kilometrliyidir. Yol örtüyü asfalt-beton, quru və hamar olmaqla bərabər avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi enişli və ya yoxuşlu deyil, düzdür. Hadisə baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 7,2 metrdir. Yolun orta hissəsində avtomobillərin hərəkət zolağını bir-birindən ayıran hər hansı bir xətt, yəni qarşı-qarşıya nəqliyyat axınını bir-birindən ayırmaq üçün nəzərdə tutulmuş nişanlanma xətti yoxdur. Hadisə yerinə üzü Ağstafa şəhərinə doğru hərəkət etdikdə hadisə yerinə çatmamış yolun sağ hərəkət hissəsinin kənarında 70 km saat sürət məhdudlaşdırıcı nişanı vardır. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, VAZ-2104 markalı, **-SA- *** dövlət qeydiyyat nişanlı avtomobil “Azpetrol” yanacaq doldurma məntəqəsindən çıxıb üzü Tovuz şəhəri istiqamətinə doğru avtomobil yoluna daxil olub yola düzələrkən əks istiqamətdə hərəkətdə olan VAZ-21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Toqquşma nöqtəsi üzü Ağstafa şəhərinə doğtu hərəkət etdikdə yolun sağ kənarından 4,9 metr, sol kənarından isə 2,3 metr məsafədə yerləşir. Yolun sağ hissəsində “Azpetrol” yanacaq doldurma məntəqəsi, sol kənarında isə yaşıllıq zolaq yerləşir. Toqquşma nöqtəsində VAZ-21099 minik markalı ** BG *** nömrə nişanlı avtomobilin təkərlərindən qalmış 6,20 metr uzunluğunda qoşalaşmış vəziyyətdə tormoz izləri müşahidə olunur. Toqquşma nöqtəsi tormoz izinin sonunda yerləşir. Hadisədən sonra VAZ-21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Tovuz şəhərinə doğru, VAZ-21043 minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə üzü Ağstafa şəhərinə doğru dayanmış vəziyyətdədir. VAZ-21043 minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi, VAZ-21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qabaq hissəsi əzilmiş vəziyyətdədir. Toqquşma nöqtəsində avtomobilərin lak-boya və torpaq hissəcikləri səpələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs İsrafil oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Dalağın, ağciyərin, yuxarı payının və diafraqmanın sol gümbəzinin kəskin qanitirmə ilə müşayiət edilən cırılmış yaraları, sol tərəfli V,Vİ,Vİİ,Vİİİ,İX və X qabırğaların çox qəlpəli sınıqları, sağ gicgah-təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol bud sümüyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq sınığı, burun nahiyəsinin döş qəfəsinin ön səthinin sağ yarısının, sol dirsək oynağının, sol bud nahiyəsinin hər iki diz oynağının və sağ ayaq pəncəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər küt əşyaların təsirindən Təqsirləndirilən şəxs İsrafil oğlunun ölümündən az əvvəl, yəni, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs İsrafil oğlunun ölümünə səbəb nəqliyyat travması nəticəsində dalağın, ağciyərin, yuxarı payının və diafraqmanın sol gümbəzinin kəskin qanitirmə ilə müşayiət edilən cırılmış yaraları olmuşdur. Təqsirləndirilən şəxs İsrafil oğlunun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və digər güclü təsiredici maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Sol diz oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi və əzilmiş cırılmış yarasından sonrakı çapığı küt əşyanının təsirindən xx.xx.2023-cü il tarixdə sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Sağ qamış və incik sümüklərinin, distal metafizlərinin qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən, xx.xx.2023-cü il tarixdə sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmaına səbəb sağlamlığa az ağır zərər zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 8/325 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21043 markalı, **-SA-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 324 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixə kimi BC-320259 №-li “Bİ, B,“ kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşın adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. BC-320259 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2031-ci ilə kimi Təqsirləndirilən şəxs “Bİ, B,“ kateqoriyalı avtomobilləri idarə etmək hüququ verilmişdir. AE 083469 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21043 markalı, ** SA *** dövlət nömrə nişanlı avtomobil Ağdam rayon Gülablı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşıldərə Çerkasi küçəsi 99 №-li bağ evində müvəqqəti yaşayan X4 məxsusdur. ƏN-Vİİİ 819081 nömrəli etibarnaməyə əsasən VAZ-21043 markalı, **-SA-*** nömrə nişanlı avtomobil X6 tərəfindən xx.xx.2023-cü il tarixdə bir il müddətinə Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə N №-li hərbi hissəsinin Hərbi Tribunalı tərəfindən RSFSR CM-nin 206cı (xuliqanlıq) maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinb 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli qərarı ilə Azərbaycan SSR CM-nin 50-2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs şərti olaraq cəza çəkməkdən azad edilmişdir. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə ölmüş təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu, əlavə edilmiş sxem və fotocədvəl, habelə, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. «X11» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Həmin Qanunun 42-ci maddəsinin İV hissəsinə görə sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, təqsirləndirilən şəxs törətmiş olduğu yolnəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Cinayət Prosessual Məcəllənin 39.1.5-ci maddəsinə görə 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Hazırki, iş üzrə isə müdafiə tərəfi işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmiş və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişlər. Hansı ki, iş materialları ilə təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin törədilməsi təsdiqin tapmışdır. Bu şahid və zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu, əlavə edilmiş sxem və foto-cədvəl, habelə, ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 42-ci bəndində göstərilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPMin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli və Cinayət Prosessual Məcəllənin 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən ona təqsirli bilindiyi maddə üzrə cəza təyin edilməməlidir. Cinayət Prosessual Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübutlar Vaz 21099 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı və Vaz 21043 minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının haqqı olan 128 manatdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Buna görə də ekspertiza tədqiqatının haqqı dövlət büdcəsinə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1- 1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü üçün təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin edilməsin. Maddi sübutlar Vaz 21099 minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı və Vaz 21043 minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-71/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-71/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver