Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-71/2025 21.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə əvvəlcə daş hasardan aşmaqla həyətə, oradan isə pəncərəni yumruqla vurub açmaqla evə qanunsuz daxil olaraq, evin mətbəx otağından 1 ədəd, 350 (üç yüz əlli) manat dəyərində “Poco M6Pro” markalı mobil telefonu, 1 ədəd, 121 (bir yüz iyirmi bir) manat dəyərində içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çantanı və evin divarına bərkidilmiş 1 ədəd, 75 (yetmiş beş) manat dəyərində “Hikvision” markalı müşahidə kamerasını oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 546 (beş yüz qırx altı) manat olan əşyaları fərdi yaşayış evinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluq etmək məqsədi ilə əvvəllər birlikdə MAXE kimi çalışdığı Rəşadın Tovuz rayonu, Abulbəyli kəndində yaşayan bacısının evinə daxil olmuşdur. O, oğurluğa girərkən evdə pul və qızıl-zinət əşyalarının olacağını düşünmüşdür. Evə girmək üçün arxa hissədə yerləşən əkin sahəsi ilə yaxınlaşmış, orada müşahidə kamerasını görmüş və cibində olan bıçaqla hasarın üstündən keçən naqilləri kəsmişdir. Daha sonra hasardan keçərək evin həyətinə daxil olmuşdur. Həyətdəki taxtadan düzəlmiş ayaqaltını kənardan gətirərək pəncərəyə qalxmış, başında olan papağı əlinə geyinmiş və pəncərəyə iki dəfə yumruqla zərbə vuraraq onu açmışdır. Açıq pəncərədən yataq otağına daxil olmuşdur. Yataq otağında çarpayının üzərində olan pastel dəstini qaldıraraq altını yoxlamış, lakin orada heç nə tapmadığı üçün mətbəxə keçmişdir. Mətbəxdə divanın dirsək hissəsinin üzərində olan bir ədəd “Poco” markalı mobil telefonu götürmüş, daha sonra mebelin qapılarını açıb içini yoxlamışdır. Mebel dolablarının birində ağzı bağlı, çamadana oxşar bir bağlama görmüş və içində pul və ya qızıl ola biləcəyini düşünərək onu götürmüşdür. Sonra yan otağa keçmiş, lakin oradan heç nə götürməmişdir. O, oğurladığı çamadana oxşar bağlama ilə evə daxil olduğu pəncərədən çölə çıxmış, hasarın üstündə yerləşən “Hikvision” markalı müşahidə kamerasını da sökərək oğurlamışdır. Həyətdən çıxaraq yaxınlıqda yerləşən su kanalının yanına getmiş, oradan bir polietilen torba və daş parçası götürmüşdür. Mobil telefon və müşahidə kamerasını polietilen torbanın içərisinə qoyaraq daşla bağlamış və suya atmışdır. Çamadanı isə özü ilə götürərək bir qədər uzaqlaşmış, kolluğun yanında çamadanın ağzını çəkərək içərisinə baxmış və orada müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəst görmüşdür. Daha sonra həmin çantanı kolluğa ataraq yaşadığı evə qayıtmışdır. O, oğurluq əməlini təkbaşına törətmiş, ona bu işdə heç kim kömək etməmişdir. Həmçinin bu əməli törətmək niyyəti barədə heç kimə məlumat verməmiş, evə daxil olarkən də heç kim onu görməmişdir. Oğurluq nəticəsində əldə edəcəyi əşyaları kiməsə vermək niyyəti olmamış, yalnız onları tanımadığı şəxslərə sataraq pul qazanmaq fikrində olmuşdur. O, ev sahibəsi Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir ədavət və ya düşmənçilik yaşamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Abulbəyli kəndində fərdi yaşayış evi vardır. O, həmin evə müşahidə kameraları quraşdırmışdır və evdə on ildir ki, oğlu ilə birlikdə yaşayır. 30 dekabr 2024-cü il tarixdə saat 10 radələrində marketə getmək məqsədilə evdən çıxmışdır. Bu zaman oğlu Şahid4 evdə qalmışdır. Marketdən bazarlıq etdikdən sonra evinə qayıtmış, saat 13 radələrində isə yenidən Tovuz rayonu, Xatınlı kəndində yaşayan anasının evinə getmək üçün evdən çıxmışdır. Anasının evinə gedərkən oğlunu da özü ilə aparmaq istəmiş, lakin Eldar saat 16 radələrində hazırlığa gedəcəyini bildirib onunla getməmişdir. Həmin gün saat 16 radələrində oğlu Eldar evdən çıxaraq hazırlığa getmişdir. Qardaşı Şahid3 isə Eldarı saat 18:30-da Tovuz rayonu, Bozalqanlı kəndindən hazırlıqdan götürüb anasının evinə gətirmişdir. Saat 19 radələrində isə Rəşadət onu və Eldarı birlikdə öz evlərinə qaytarmışdır. Evin həyətindən giriş qapısını açmış və Eldar evə daxil olmuşdur. O isə evin arxa hissəsinə keçərək ev quşlarını dama salıb qapısını bağlamaq istəmişdir. Bu zaman oğlu Eldar ona "telefonu niyə gizlətdiyini" soruşmuşdur. O isə hələ evə daxil olmadığını demişdir. Sonra evin arxa tərəfində ev quşlarını saxladıqları hinin yaxınlığında yerləşən qapının açıq olduğunu görüb şübhələnmişdir. Dərhal dama baxaraq toyuqların yerində olduğunu görmüş, eyni zamanda evin pəncərəsinin qarşısında yerləşən havalandırma üçün nəzərdə tutulmuş torun yerə düşdüyünü müşahidə etmişdir. Pəncərəyə baxarkən isə arxa pəncərənin açıq olduğunu və həmin hissədə quraşdırılmış müşahidə kamerasının yerində olmadığını görmüşdür. Həmçinin hasarın dibində taxtadan olan ayaqaltının olduğunu da qeyd etmişdir. O, dərhal evə qaçaraq daxil olmuş və qardaşı Rəşadətə zəng edərək evə oğru girdiyini bildirmişdir. Qardaşı Rəşadət evə baxış keçirmiş və qızılların yerində olduğunu görmüşdür. O, daha sonra mətbəxə keçərək 2024-cü ilin 14 sentyabr tarixində 500 manata oğlu Eldara aldığı “Poco M6Pro” markalı mobil telefonun və 300 manat dəyərində olan bıçaq dəsti çantasının oğurlandığını müəyyən etmişdir. Bu zaman qardaşı Rəşadət hadisə yerinə gələrək evdən oğurluq edildiyi barədə 102 xidmətinə məlumat vermişdir. Bildirmişdir ki, ümumi dəyəri 875 manat olan aşağıdakı əşyalar oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona kreditlə telefon alınıb verilsə də, kredit ödənilmədiyi halda telefon bloklana biləcəyini nəzərə alaraq zərərçəkmiş şəxs barışıq ərizəsi verməkdən imtina edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Tovuz RPŞ-si, CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 dekabr 2024-cü il tarixində Tovuz rayonu Abulbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan və onun yaşadığı fərdi yaşayış evindən oğurluq olması barədə məlumat almışdır. Məlumat əsasında o, Tovuz rayon polis şöbəsinin əməliyyat bölməsinin əməliyyatçısı Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər Zərərçəkmiş şəxs yaşadığı və ona məxsus olan Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evindən 500(beş yüz) manat dəyərində bir ədəd “Poco M6Pro” markalı mobil telefon, 300(üç yüz) manat dəyərində bir ədəd içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çanta və 75 (yetmiş beş) manat dəyərində bir ədəd “Hikvision” markalı müşahidə kamerasını oğurlamışlar. Lakin, oğurluq edən naməlum şəxs və ya şəxslər oğurluq edən zaman həmin evin təhlükəsizlik kamerasını oğurlasa da kameranın görüntüləri qeydiyyata aldığı yaddaş mərkəzini oğurlamamışdır. Bu səbəbdən onlar oğurlanmış kameranın qeydə aldığı sonuncu görüntülərə baxan zaman oğurluq edən şəxsin tək olmaqla bu cür hərəkətlər etdiyini yəni Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmasını görmüşlər. O, həmin görüntülərə baxan zaman oğurluq əməlini törədən şəxsin Tovuz rayonu Abulbəyli kənd sakini əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Beləki, o, Təqsirləndirilən şəxs əvvəllər etmiş olduğu oğurluq əməlinə görə tanıyırmış. Bundan sonra soraqlaşdıqda Təqsirləndirilən şəxs Tovuz şəhəri Musa Musayev küçəsində yerləşən dülgər sexində fəhlə kimi işlədiyini öyrənmişdir. Sonra isə Şahid1 ilə birlikdə gedib Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə gətirmişlər. Bu barədə onu deyə bilərəm ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində əldə etdiyi “Poco M6Pro” markalı mobil telefonu oğurluq etdiyi evin yaxınlığında yerləşən su kanalına həmin mobil telefonun olduğu yerin müəyyən edilməsi nəticəsində oğurluq əməlini onun törətməsinin öyrənilməsindən qorxduğu üçün atmışdır. Bundan başqa Əli düşünmüşdür ki, törətmiş olduğu oğurluq əməlini bir ədəd “Hikvision” markalı müşahidə kamerası öz içərisində qeydə almışdır. Bu səbbədən həmin su kanalına kamerasınıda atmışdır. Bundan başqa Əli oğurladığı çantanı açan zaman isə çantanın içərisində müxtəlif ölçülü mətbəx bıçaqlarının olmasını gördükdə həmin çantanı isə su kanalının yaxınlığındakı kolların içərisinə atmışdır. Təqsirləndirilən şəxs oğurladığı əşyaların heç birindən istifadə etməmiş və heç kəsə satmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayonu, Abulbəyli kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evidir. Fərdi yaşayış evinin həyətinə giriş qapısı dəmir materialdan olmaqla iki tağlı darvazadır. Darvazadan daxil olduqdan sonra qarşıda beş otaqdan ibarət fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin giriş qapısı dəmir materialdan ibarət qapıdır. Evin giriş qapısından evə daxil olduqda sağ tərəfdə evin mətbəxi yerləşir. Baxışda iştirak edən iş üzrə Zərərçəkmiş şəxs bildirmişdir ki, evdən oğurlanmış bir ədəd “Poco M6 pro” markalı mobil telefon və içərisində müxtəlif ölçülü, müxtəlif təyinatlı bıçaqlar olan çanta həmin mətbəxdə olmuşdur. Həmin fərdi yaşayış evinin arxa tərəfi evin hasarından aralıdır. Sözügedən ara iki metr enində olmaqla toyuqlarını saxladığı yer kimi istifdə olunur. Hansı ki, toyuqların saxlandığı hin həmin arada yerləşir. Hinə keçmək üçün dəmir tordan düzəldilmiş qapıdan keçmək lazımdır. Evə daxil olunmuş pəncərə həmin hin olan araya açılır. Bundan başqa baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs məxsus evdə olan və toyuqların saxlanılması üçün nəzərdə tutulan yeri görüntüləyən müaşhidə kamerasının naqillərinin kəsilmiş vəziyyətdə olması müəyyən olmuşdur. Baxış keçirilməsi haqqında 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübutlar olan 30x44 santimetr ölçülərində, palıdı rəngli, kənarları metala bənzər lövhələrlə bəzədilmiş, açılan hissəsində əl tutacağı və iki ədəd bağlama mexanizmi, üzərində 8146 rəqəmləri, “Queen Ruby” və “For home” yazıları həkk olunmuş çanta Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən keçən su kanalının yaxınlığında, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Abulbəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evi ilə eyni küçədə, eyni cərgədə olmaqla yaxınlıqda yerləşən Tovuz rayon Vərəm Dsipanserinin arxa hissəsində aşkar olunmuşdur. Həmin su kanalının baxış keçirilən hissəsi Tovuz rayonu Abulbəyli kəndindən Tovuz rayonu Xatınlı kəndinə gedən yolun sağ çiynindən təxminən 150-200 metr məsafədə yerləşir. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin maddi sübutlar aşkar olunduqları yerdən götürülmüşdür. Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli 9/689 saylı kompleks məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd xx.xx.2024-cü il tarixdə alınmış, saz vəziyyətdə olan yenisindən seçilməyən, heç bir zədəsi, sınığı və cızıqları olmayan Çin Xalq Respublikasında istehsal olunmuş qara rəngli “Poco M6Pro” markalı mobil telefonun qiyməti 350 (üç yüz əlli), bir ədəd Çin Xalq Respublikasında istehsal olunmuş içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çantanın və həmin çantanın içərisində olan 21 (iyirmi bir) ədəd bıçağın, 2(iki ) ədəd mətbəx qayçısının, bir ədəd bıçaq itiləmək üçün bülövün - qiyməti 121 (bir yüz iyirmi bir) manatdır. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixli qərarla 1 ədəd, içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çanta maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 02 yanvar 2025-ci il tarixdə tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 04 yanvar 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hissəsinin çəkmədən şərti olaraq vaxtından əvvəl məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Tovuz rayon İcra Hakimiyyətinin Abulbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 8-ci bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir. Həmin Qərarın 17-ci bəndinə əsasən, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdən 04 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(095)-5/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi üçün çəkilməmiş hissəsi 02 ay 04 gün müddət hazırki hökmlə ona təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməli, ona hökmlərin məcmusu üzrə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalıdır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd, içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çantanın sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdən 04 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(095)-5/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi üçün çəkilməmiş hissəsi 02 ay 04 gün müddət hazırki hökmlə ona təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, ona hökmlərin məcmusu üzrə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd, içərisində müxtəlif forma və ölçülü bıçaqlardan ibarət dəstin olduğu çantanın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci kimi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-71/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-71/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver