Məhkəmə qərarları › İş №1(062)-72/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-72/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-72/2024 04.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Tovuz rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan və orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Tovuz şəhərində yerləşən “Tatlar” qəbirstanlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir dəfə yumruq ilə qəsdən zərbə vuraraq, sonuncuya “sol qaş nahiyəsinin əzilmiş-cırılmış” yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Barəsində şikayət ərizəsi yazmış Zərərçəkmiş şəxs o, çoxdan tanıyır. Onun Vüqar ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Təxminən 10 gün əvvəl o, Vüqara zəng etmiş, sonuncu onun zənginə cavab vermişdir. O, Vüqara demişdir ki, ona quyu qazmağa iş yeri tapıb, getsin quyu qazsın, 3-5 manat pul alsın. Vüqarda onunla razılaşmışdır. O, Vüqara demişdir ki, bazarın qabağında gözləsin, 10- 15 dəqiqə gəlib, onu aparacaqdır. Həmin vaxt yağış yağdığı üçün o, gedib Vüqarı quyu qazmağa apara bilməmişdir. Həmin gün Vüqar gedib çayxanada onun haqqında başqa şəxslərin yanında təhqiredici sözlər danışmışdır. Oda Vüqarın onu təhqir elədiyini öyrəndikdən sonra ona əvvəl heç bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, tanışı Seymur ilə birlikdə Tovuz rayon “Tatlar” qəbirstanlığında olan zaman Vüqarı görmüş və sonuncunu yanına gəlmişdir. O, Vüqardan nə üçün onun haqqında çayxanada təhqiramiz sözlər danışdığını soruşmuşdur. Vüqar da ona düz edib, onu təhqir elədiyini demiş və qəfildən yumruq ilə sifətinə bir dəfə zərbə vurmuşdur. Oda Vüqarın onu təhqir eləməyinə və onu yumruq ilə vurmağına əsəbləşib, onun sol qaşının üst nahiyəsinə bir dəfə qəsdən yumruq ilə zərbə vurmuşdur. Seymur tez onun qolundan tutub aralamış və onlar çıxıb getmişlər. O, sonradan eşitmişdir ki, Vüqar polisə ərizə yazıbdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. İlham və Seymur adlı şəxsləri o, çoxdan tanımışdır. Onun İlham və Seymur adlı şəxslərlə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Təxminən 10 gün əvvəl İlham ona zəng edərək demişdir ki, iş var, gedib birlikdə quyu qazsınlar. Oda İlham ilə razılaşmışdır. İlham ona demişdir ki, bazarın qabağında gözləsin, bir neçə dəqiqəyə gəlib, onu götürəcəklər. Ancaq o, bir neçə saat gözləsə də, İlham gəlib onu quyu qazmağa aparmamışdır. O, bir neçə dəfə İlhama zəng etsə də, İlham onun zənglərinə cavab verməmişdir. Oda çıxıb öz evinə getmişdir. xx.xx.2024-cü il tarixdə o, saat 15 radələrində Tovuz rayon “Tatlar” qəbirstanlığında olan zaman İlham və Seymur adlı şəxslər onun yanına gəlmişdir. İlham onu görüb, nə üçün çayxanada başqa şəxslərin yanında onun haqqında təhqiredici sözlər danışdığını soruşmuşdur. Oda İlhama heç kimin yanında onun haqqında təhqiredici sözlər danışmadığını demişdir. İlham və Seymur adlı şəxslərdə onu təhqir eləmişlər. Bu zaman o, əsəbləşib İlhamın sifət nahiyəsinə bir dəfə sillə vurmuş, İlham isə onun sol qaşının üst nahiyəsinə bir dəfə qəsdən yumruqla zərbə vurmuşdur. İlhamın yumruq zərbəsindən onun qaş nahiyəsi çapılmış və qaşından qan axmağa başlamışdır. Bundan sonra İlham ilə Seymur çıxıb getmişlər. Oda DİN-in “102” xidmətinə zəng edib məlumat vermişdir. Sonra isə o, Tovuz RPŞ-yə gəlib ərizə yazmışdır. Dava-dalaş təxminən 3-5 dəqiqə çəkmiş və hadisəni kənardan heç kim görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışaraq, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 213 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar