Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-73/2023 14.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2 Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1970-ci ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayon mərkəzi xəstəxanasında mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 195 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və əynindəki qara rəngli qış gödəkçəsinin sağ qolunun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbada saxlamış, 14 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 20:20-dən 21:00-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ qolunun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan paketdə 195 qram təmiz çəkiyə malik tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayır. Tovuz rayon mərkəzi xəstəxanasında mühafizəçi işləyir Tutulmamışdan 4-5 gün əvvəl Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində, ceyrançölü olaraq bilinən ərazidə olarkən çay kənarında sellofan torbaların olduğunu, həmin sellofan torbanı açıb içərisinə baxdıqda isə torbalardan birinin içərisində ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin kütlələri götürərək şəxsi istifadəsi üçün həmin vaxt geyinmiş olduğu gödəkçənin sağ qolunun iç hissəsinə yerləşdirmişdir. 14 fevral 2023-cü il tarixdə saat 20 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində Tovuz rayon mərkəzi xəstəxanasının qarşısında olan zaman 02 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edib, ondan üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində və narkotik vasitə istifadə etməsində şübhələndiklərini bildirib onu Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında polis əməkdaşları ona şöbəyə dəvət etmələrinin səbəbini bildirməklə yanaşı hüquqlarını izah etmiş, bundan sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi özünə vəkil seçmişdir. Bundan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qara rəngli qış gödəkçəsinin sağ qolundan 01 (bir) ədəd sellofan torba aşkar olunmuşdur. O, həmin narkotik vasitəni tapdıqdan sonra şəxsi istifadəsi üçün saxlamış, lakin satmaq, bağışlamaq fikri, niyyyəti və məqsədi olmamışdır. Eyni zamanda hər hansı şəxsə bu haqda heç nə deməmiş, məlumat verməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Himayəsində öz ailə üzvlərindən başqa yaşlı anası var, Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs həmin gün, saat 20 radələrində Tovuz rayonu Aşağı Öysüzlü yaşayış ərazisində olan Tovuz rayon mərkəzi xəstəxanasının yaxınlığında müəyyən edib saxlayaraq sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğunu bildirmiş və Tovuz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Fikrət Mehralıyev tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirdimişdir. Belə ki, üzərində “marixuana” adlananan narkotik vasitə olduğunu bildirib, əynindəki qara rəngli qış gödəkçəsinin sağ qolunun içəri hissəsində 01 ədəd içərisində marixuana olan ağ rəngli sellofan bükülünü çıxarıb təhqiqatçı Fikrət Mehralıyevə təqdim etmişdir. Həmin ağ rəngli sellofan bükülüdə olan kütlə təhqiqatçı tərəfindən götürülmüş, içində yaşıl rəngli kütlənin ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şifahi olaraq üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə olan marixuananın onun özünə məxsus olduğunu və təxminən 4-5 gün əvvəl Tovuz rayon ərazisindən keçən Kür çayının sahilyanı ərazisindən tapdığını bildirmişdir. Bundan sonra həmin sellofan bükülüdə olan kütlə büküm ilə birlikdə əczaçı tərəzisində çəkilmiş, sellofan büküm ilə birlikdə həmin kütlənin ümumi çəkisi 219 qram olmuşdur. Daha sonra həmin kütlə təhqiqatçı tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış, zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin “177” saylı möhürü vurulmuş və həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmn gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ qolunun iç hissəsindən ağ rəngli sellofan torbanın içərisindən, sellofan torba ilə birlikdə ümumi çəkisi 219 qram çəkidə olan yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür, şəxsi axtarış həmin gün, saat 20:20-də başlamış, saat 21:00-da başa çatmışdır . Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 16/218 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş yaşıl rəngli kəskin iyli kütləni qablaşdırdı” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli sellofan paketdə olan digər 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 195 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 194,98 qram olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Tovuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 874 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 195 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və əynindəki qara rəngli qış gödəkçəsinin sağ qolunun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbada saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda- təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş 194,98 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, hökmün icrası Tovuz rayon İcra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş 194,98 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-73/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-73/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver