Məhkəmə qərarları › İş №1(062)-73/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-73/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-73/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, xx.xx.2003-cü ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan və haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs onun əmisi Şahid1 ilə aralarında olan narazılıq zamanı onun şəhid olmuş babası Təqsirləndirilən şəxs Həbib oğlunun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə 05 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndi ərazisindən keçən Tovuz-Əlibəyli avtomobil yolunun sağ kənarında Zərərçəkmiş şəxs baş, sifət və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və istintaqa məlum olmayan küt alətlə çoxsaylı zərbələr vuraraq sonuncuya sol bazu oynağı-sol kürək nahiyəsinin, sol kürək və kürəkarası nahiyələrin, döş qəfəsinin arxa səthinin sağ yarısının, bel nahiyəsinin, döş qəfəsinin sağ yan səthinin, sol bazu və sağ çiyinüstü nahiyələrin qançırları,döş qəfəsinin arxa səthinin sol yarısının sıyrıqlı qançırları, bel nahiyəsinin sağ yarısının, sağ bazu oynağının, sol diz oynağının sıyrıqları, sol gicgah-ənsə nahiyəsinin, sağ almacıq və sol bazu nahiyələrinin qançır-şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sol təpə nahiyəsinin qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən əzilmiş-cırılmış yarası, sol gözaltı nahiyənin sol gözün sklera qişasına qansızma ilə müşayiət edilən qançır-şişkinliyi və alt çənənin sağ yarısının çapılmış yarası kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Əlibəyli kəndində yaşayır, heç bir yerdə işləmir. Tovuz rayonu Əlibəyli kənd sakini Zərərçəkmiş şəxs tanıyır, o onun atasının bibisi oğludur, onunla sözügedən hadisə baş verənə kimi aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Əlibəyli kənd sakini Şahid1 onun doğma əmisidir, bir əmi kimi onunla yaxın münasibəti var. xx.xx.2023-cü il tarixdə atasının əmisi oğlu Pərvin uşağına kiçik toy məclisi keçirən vaxt həmin məclisdə Ruslanla atasının arasında mübahisə olmuş, sonradan Ruslanın atası Nəbi onları çağırıb barışdırmışdır. Onlar barışan günü ona tanımadığı bir nömrədən zəng gəlmişdir, o telefonu açanda görmüşdür Ruslanla Zaurdu, onlar ikisi də ona nalayiq söyüşlər söyüb ona hədə-qorxu gəlmişlər. Həmin günü o qayıdıb Ruslana zəng vurub ona demişdir ki, sən mənim əmim düşürsən ayıbdı niyə mənim ölümün ünvanına nalayiq söyüşlər söyürsən. O, belə deyəndə Ruslan yenə onu nalayiq söyüşlərlə təhqir edib onu hədələmişdir ki, səni öldürüb atanın yurdunu boş qoyacam. 05 dekabr 2024cü il tarixdə saat 10 radələrində o əmisi Şahid1 məxsus Chevrolet Niva markalı avtomobillə Əlibəyli kəndindən üzü Tovuz şəhəri istiqamətinə doğru getmişdir. N saylı hərbi hissənin qarşısından keçəndə görmüşdür ki, Ruslan özünə məxsus Kamaz markalı avtomobillə üzü Əlibəyli kəndi istiqamətinə gedir. Onun maşınının yanına çatanda avtomobilin pəncərəsini açıb ona nalayiq sözlər demiş və maşını onun idarə etdiyi avtomobilin üstünə çəkmişdir. O, maşını sürüb hərbi hissənin qarşısındakı geniş yerdən avtomobili hərləyib geri qayıtmışdır, Ruslanın avtomobilinin qarşısında maşını saxlamış, Ruslan da maşını saxlamışdır. O, maşından yerə düşmüşdür, Ruslan da maşından yerə düşüb onun yanına gəlmişdir. O, Ruslanın yanına çatan kimi sonuncu ona yenə nalayiq sözlər deyəndə o ona demişdir ki, niyə söyüş söyürsən. O, Kamaz markalı avtomobilin digər tərəfinə keçmişdir, orada Ruslan ona demişdir ki, qardaşı Zaur sizin ölünüzün ünvanına nalayiq sözlər deyib yaxşı eliyib və o da onun ölənlərinin goruna nalayiq sözlər deyəndə o kəllə ilə onun ağzının üstündən vurmuşdur. Sonra onun yaxasından tutub “Kamaz” markalı avtomaşının kuzası ilə kabininin arasına salmışdır, orada yumruqla onun sol gözünün altından, sonra sifətindən bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Həmin vaxt Ruslan dartınıb onun əlindən çıxmağa çalışanda başı Kamazın dəmirinə dəyib yaralanmışdır. Bu vaxt kimsə onu çəkdiyini görəndə arxaya baxmışdır ki, əmisi Afiqdi, o onu çəkib ona bir şillə vurmuşdur, sonra Ruslana yüngül bir şillə vurmuşdur, onlara qışqırmışdır ki, qohumsunuz ayıbdı. Afiq əmisi onu çəkib aparmaq istəyən vaxt Ruslan qolundan çıxartdığı bıçaqla onların üstünə yetirib bıçaqla onları vurmaq istəyəndə o kənara çəkilmişdir, bıçaq Afiq əmisinin qolunu yaralamışdır. O, qayıdıb yenə yumruq zərbəsi ilə Ruslanın sinəsindən güclü bir zərbə endirmişdir, zərbənin təsirindən Ruslan yerə yıxılmışdır. Həmin vaxt “Mıdı” ləqəbli Rasim adlı həmkəndliləri gəlmişdir, o da əmisi Afiqlə birlikdə onu maşına mindirmişdir, əmisi Afiq də maşına minmişdir, Mıdı maşını sürüb onları Yuxarı-Öysüzlü kəndinə doğru aparmışdır. Onlar Yuxarı-Öysüzlü kəndinin mərkəzinə çatanda atası gəlmişdir, Mıdı maşını saxlayıb düşmüşdür, atası Rövşən maşını sürüb onları evə aparmışdır. O, Ruslanın maşınını saxladanda əmisi Şahid1 onun yanında olmamışdır, Ruslanı əvvəlcə kəllə ilə daha sonra yumruq zərbələri ilə o vurmuşdur, sonra da onun yaxasından tutub onu Kamaz markalı avtomobilin küzası ilə kabinin arasına sıxmışdır. Əmisi Afiq sonradan onların yanına gəlib, o ancaq onları ayırmışdır. Həmin vaxt əmisi Şahid1 əlində bıçaq olmamışdır, o nə bıçaqla nə beşbarmaqla nə də əli ilə Ruslanı vurmamışdır, ona hər hansı bir xəsarət yetirməmişdir, Ruslanı o döymüşdür, ona xəsarəti o başı ilə və yumruqla yetirmişdir, o Ruslanı balta ilə çəkiclə vurmamışdır, əmisi Afiq onu vurmamışdır. Əksinə Ruslan onları bıçaqla vurmaq istəyəndə əmisi Afiqin qolunu yaralamışdır. Həmin dava dalaş təxminən 10-15 dəqiqə davam etmişdir, onlar dalaşan vaxt yanlarında heç kim olmamışdır, heç kim hadisənin şahidi olmamışdır, sonradan Mıdı ləqəbli Rasim adlı həmkəndlisi gəlmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu Əlibəyli kəndində yaşayır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət yanğından mühafizə hissəsininm sürücü manqa komandiri vəzifəsində işləyir. Tovuz rayonu Əlibəyli kənd sakini Zərərçəkmiş şəxs onun doğma bibisi oğludur, Təqsirləndirilən şəxs isə qardaşı oğludur. Onların heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. Onların hər ikisi ilə bir qohum kimi yaxşı münasibəti olmuşdur. 27 noyabr 2023-cü il tarixdə əmisi oğlu Pərvin öz oğluna yaşadığı evin həyətində kiçik toy məclisi keçirmişdir, o da, qardaşı Rövşən də həmin məclisdə iştirak etmişlər. Həmin günü axşam saatlarında o görmüşdür ki, Ruslanla qardaşı Rövşən mübahisə edirlər. O, onlara yaxınlaşanda görmüşdür ki, Ruslan qardaşı Rövşənin ünvanına nalayiq söyüşlər söyür. O, onların ikisinə də hirslənmiş və demişdir ki, ayıb deyilmi qohumsunuz niyə mübahisə edirsiniz. O, belə deyəndə Ruslan onun və ailəsinin ünvanına nalayiq sözlər demişdir, ancaq o sərxoş olduğu üçün ona əhəmiyyət verməmişdir. Həmin vaxt əmisi Valeh onun qışqırıb söyüş söydüyünü görəndə onu həyətdən qovmuşdur. Ruslan da onu və Rövşəni nalayiq söyüşlərlə söyüb hədələyərək çıxıb getmişdir. Həmin günün səhəri günü Ruslan ona zəng vurub demişdir ki, səni bıçaqla vurub öldürüb uşaqlarını yetim qoyacam. Həmin günün səhəri günü o qardaşı Rövşənə demişdir ki, Ruslan məni bıçaqla vurmaqla öldürməklə hədələyir, onun atasına de onu başa salsın. Onlar söhbət edən vaxt Ruslanın atası Nəbi dayı qardaşı Rövşənə zəng vurmuşdur, onu və qardaşı Rövşəni oğlu İlqarın evinə çağırmışdır. O, Rövşənlə birlikdə onun oğlu İlqarın evinə getmişdir, orada Nəbi dayı onları Ruslanla barışdırmışdır. Bundan sonra sözügedən hadisə baş verənə kimi onların aralarında heç bir narazılıq olmamışdır. 05 dekabr 2023-cü il tarixdə saat 10 radələrində o işdən çıxıb tanımadığı və nömrəsini xatırlamadığı ağ rəngli VAZ 2107 markalı taksi ilə Tovuz şəhərindən öz yaşadığı evə Əlibəyli kəndinə gedən vaxt onun getdiyi taksi maşınında əlavə üç nəfər sərnişin olmuşdur. O, həmin avtomobillə Əlibəyli kəndinə gedən vaxt Yuxarı-Öysüzlü kəndində “Tik Daş” adlandırdıqları yerdə hərbi hissəni keçəndən sonra Ruslanın Kamaz markalı maşının və onun qardaşı oğlu Bakirə idarə etmək üçün verdiyi Niva markalı maşının dayandığını görüb taksini saxladıb taksidən düşmüşdür. O, onların avtomobilinə yaxınlaşanda görmüşdür ki, Ruslan Kamaz markalı avtomobilin kuzası ilə kabininin arasına söykənib, qardaşı oğlu Bakir də onun bir əli ilə yaxasından tutub o biri əli ilə sifətinə yumruqla zərbələr endirir. O, onların dalaşdıqlarını görüb onları ayırmışdır, əvvəlcə qardaşı oğlu Bakirin ağzının üstündən bir şillə vurmuşdur, sonrada şillə ilə Ruslanın yanağından yungül bir şillə vurmuşdur ki, utanmırsınızmı niyə dalaşırsınız. Bu vaxt Ruslan ona nalayiq söyüşlər söyüb, qolunun içərisindən bıçağı çıxardıb onun qarnına vurmaq istəyəndə o, sağ qolunu qabağa vermişdir. Həmin vaxt bıçaq onun sağ qoluna dəymişdir. Onun qolundan qan axmağa başlamışdır, o qolundan qan axmasın deyə bir əli ilə qolunu tutmuşdur, sonra yenə Bakiri tutub çəkmişdir ki, onları dalaşmağa qoymasın. Həmin vaxt həmkəndlisı Mıdı kimi tanıdığı şəxs yanlarına gəlmişdir. Mıdı onların yanına gəlib onları maşına mindirmişdir, onlar maşını sürüb oradan aralananda Ruslan da öz Kamaz markalı maşınına minib sürüb onların arxasınca getmişdir. O, Ruslanın idarə etdiyi avtomobili saxlatdırmamışdır, ona deməmişdir ki, avtomobildən yerə düşsün, onu yumruqla, kəllə ilə zərbələr endirməmişdir. O, sonradan onların yanına gəlmişdir, onların yanına gedəndə qardaşı oğlu Bakirin Ruslanı yumruqla vurduğunu onun döydüyünü görüb onları ayırmağa çalışmışdır. Həmin vaxt onun əlində bıçaq olmamışdır, o Ruslanın çənəsindən və başından bıçaqla vurmamışdır. Yalnız onları ayıranda şillə ilə bir dəfə Ruslanın yanağından vurmuşdur. Əksinə Ruslanın əlində bıçaq olmuşdur, o onu bıçaqla vurmaq istəyəndə o qolunu qabağa vermişdir, bıçaq sağ qoluna dəyib qolunu yaralamışdır. Ruslanın göstərdiklrinin hamısı şər böhtandır. Həmin dava-dalaş zamanı Bakirin əlində balta nə də çəkic olmamışdır, Bakir Ruslanı balta və ya çəkiclə vurmamışdır. Bakir Ruslanı yumruqla sifət nahiyyəsindən vurmuşdur, eyni zamanda onun yaxasından tutub Kamaz markalı avtomobilə sıxışdırmışdır, Ruslanın kürəyi avtomobilin yük yeri ilə kabinəsinin arasına dirənmişdir. Bir daha göstərmişdir ki, o Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmiş, onun sifət nahiyəsindən yalnız bir dəfə yünlü şillə zərbəsi vurmuşdur. Həmin vaxt onun əlində bıçaq və beşbarmaq olmamışdır, Bakir ona çəkic atmamışdır. O, Ruslanın maşınını saxlatmamışdır, Ruslanın göstərdiklərinin hamısı şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu Əlibəyli kəndində yaşayır, fərdi əməklə məşğul olur. Onun əsl adı Rasim olmasına baxmayaraq onu hamı Mıdı kimi tanıyır. X2 tanıyır, onunla heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır, onu bir həmkəndlisi kimi tanımışdır. X1 və Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır, Rövşən Nağıyevin qardaşı Afiqi isə qiyabi olaraq tanımışdır, belə ki eşitmişdir ki, Rövşənin Afiq adlı qardaşı var. O, X3 Niva markalı avtomobili olmasını bilmişdir, onun maşınını tanımışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o idarə etdiyi VAZ 2107 markalı avtomobillə yaşadığı Hacallı kəndindən Tovuz şəhərinə gələn zaman N saylı hərbi hissənin yaxınlığında yolun kənarında X4 markalı avtomobilinin Kamaz markalı avtomobilin yanında dayandığını görüb dayanmışdır. Hər iki avtomobil yolun sağ tərəf hissəsində üzü Əlibəyli kəndi istiqamətinə dayanmış vəziyyətdə olmuşdur. O, fikirləşmişdir ki, yəqin ki, avtomobildə nasazlıq olduğu üçün orada saxlayıblar. Onlara kömək etmək məqsədilə maşınların yanına getmişdir. Avtomobilin yanında heç kimi görməmişdir, avtomobilin digər hissəsinə keçəndə görmüşdür ki, əvvəllər tanımadığı sonradan adını soyadını öyrəndiyi Zərərçəkmiş şəxs ayaq üstə dayanmışdır, onun üz gözü qan içərisində idi, paltarları cırılmış qana bulaşmış vəziyyətdədir, orada olan digər şəxs sonradan adını soyadını öyrəndiyi Şahid1 Təqsirləndirilən şəxs qolundan tutub dartır, yəni onu Ruslandan aralamağa çalışır. Həmin vaxt Afiqin qolundan qan axdığını görmüşdür, lakin Təqsirləndirilən şəxs heç bir xəsarət görməmişdir. O, onların dalaşdıqlarını anlayıb Afiqlə Bakiri özlərinin Chevrolet Niva markalı avtomobillərinə mindirmişdir, özü onların avtomobilinin sükanı arxasına keçib onları Aşağı-Öysüzlü kəndinə aparmış, Aşağı-Öysüzlü kəndində Rövşəni görüb onları Rövşənə təhfil verib geri qayıtmışdır. O, onların nə səbəbdən dalaşdıqlarını bilməmişdir. O, onların yanına çatanda onların bir birləri ilə dalaşdıqlarını görməmişdir,onların yanına çatanda onlar artıq aralanmış vəziyyətdə olmuşlar. O, Şahid1 Zərərçəkmiş şəxs qılçasının üstündə oturmasını Təqsirləndirilən şəxs əlindəki çəkiclə onu vurmasını görməmişdir. Həmin vaxt Şahid1 və Bakirin əlində hər hansı bir alətin olmasını görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 04C- 24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 981 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol təpə nahiyəsinin qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən əzilmiş-cırılmış yarası; sol gözaltı nahiyənin sol gözün sklera qişasına qansızma ilə müşayiət edilən qançır-şişkinliyi; alt çənənin sağ yarısının çapılmış yarası; sol bazu oynağı-sol kürək nahiyəsinin, sol kürək və kürəkarası nahiyələrin, döş qəfəsinin arxa səthinin sağ yarısının, bel nahiyəsinin, döş qəfəsinin sağ yan səthinin, sol bazu və sağ çiyinüstü nahiyələrin qançırları; döş qəfəsinin arxa səthinin sol yarısının sıyrıqlı qançırları;bel nahiyəsinin sağ yarısının, sağ bazu oynağının, sol diz oynağının sıyrıqları; sol gicgah-ənsə nahiyyəsinin, sağ almacıq və sol bazu nahiyələrinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol təpə nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən qançır-şişkinliyi vəalt çənənin sağ yarısının çapılmış yarası həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həm insan bədəninin hissələri (yumruq,təpik və s.) ilə həm də digər küt əşya(lar) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və tibbi sənəddə yazılanları nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin iti kənara malik deşici-kəsici əşyalarla (alətlər) ilə, eləcədə bıçaq ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da göstərir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Dəymiş bütün maddi ziyan ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar