Məhkəmə qərarları › İş №1(062)-75/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-75/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-75/2024 21.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib Tovuz rayonu, Əyyublu kəndinin ərazisinə daşıyaraq üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 29 yanvar 2024-cü il tarixdə saat 16:00-da Tovuz rayonu, Əyyublu kəndində yerləşən «Ayxan» ərzaq dükanının qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinə aparılıb orada həmin gün saat 17:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən sol əlində saxladığı sellofan torbanın içərisindən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində ana və bacısı ilə birlikdə yaşayır. Onların ailə başçısı kimidir. Qonşuları ilə arasında olan mübahisə üzrə onu X4 dəvət etmişlər. Vüsal adlı şəxs ondan polisə şikayət etmişdir ki, guya onun qızına sataşmışdır. Hansı ki, belə hal olmamışdır. Bölmədə onun mobil telefonuna baxış keçirmişlər. Bu zaman polis əməkdaşları onun silahla şəkillərini görmüşdür. Özü vətən müharibəsi iştirakçısıdır və müharibə veteranıdır. Aktiv döyüş əməliyyatlarında iştirak etdiyi üçün telefonunda silah ilə şəkillər çəkdirmişdir. Bundan sonra polislər ona qarşı fiziki təzyiq edərək üzərindən silah çıxması barədə ifadə verməsini tələb etmişlər. Razı olmadıqda isə onu döymüşlər. Qarşısına şərt qoymuşlar ki, ya narkotik maddəni üzərinə götür, ya da silahı. Polislər ona bildirmişdir ki, sənin evinə narkotik vasitə yerləşdirib video görüntü ilə qeydə alaraq ifşa edəcəklər. Məcbur qalıb üzərindən silah çıxması barədə ifadə vermişdir. Buna səbəb onun döyülməsi olmuşdur. Halbuki, üzərindən aşkar edilmiş silah ona məxsus deyildir. Ümumiyyətlə Qazax rayonunda olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra təcridxanaya daxil olan zaman üzərində xəsarətlər aşkar edilsə də, özü döyüldüyünü deməmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla ədavəti və ya dostluq münasibətləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Tovuz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəsinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə digər həmkarları Samir Əzimi, İbrahim Nəbiyev və təhqiqatçı Babək Haqverdiyev daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmış və əməliyyat qrupunun üzvləri olaraq Tovuz rayonuna yollanmışlar. Həmin gün keçirilmiş tədbir zamanı saat 16:00-da Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən «Ayxan» ərzaq dükanının qarşısında əlindəki sellofan torba ilə birlikdə tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs şaxlanıldıqdan sonra ona saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs da səmimi olaraq etiraf edib əlindəki sellofan torbada bir ədəd qınadığı və lüləsi kəsilmiş ov tüfəngi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz Rayon Polis Şöbəsinə getməsi təklif edilmiş, sonuncu da buna etiraz etməyərək onlarla birlikdə Tovuz Rayon Polis Şöbəsinə getmişdir. Orada şəxsin üzərində təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman təhqiqatçı Babək Haqverdiyev tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş surtatı və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da öz növbəsində sol əlində saxladığı sellofan torbada bir ədəd qundağı və lüləsi kəsilmiş tüfəng olduğunu bildirib sellofan torbanı təqdim etmişdir. Həmin torba açıldıqda torbadan qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tüfəngi 15 gün əvvəl Qazax rayon ərazisindən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş tüfəng təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 və X3 da Şahid ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Əlavə olaraq onu da qeyd etmişlər ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:40-dan saat 18:10-a kimi Tovuz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan torbadan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/235 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 1237 N-li silah, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 228.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 335 nömrəli arayışdan görünür ki, Tovuz rayon Əyyublu kənd sakini Təqsirləndirilən şəxs Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Azərbaycan Respublikası Medalının İ-71240 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MV seriyalı 152245 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olmuşdur. Daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat əsasında Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma zamanı xüsusat təsdiqin tapmamışdır. Ona görə xx.xx.2024-cü ildə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və cinayət əməlinin onun üzərinə qoyulması barədə dəlilləri məhkəmə tərəfindən araşdırılmış və həmin arqumentlər təsdiqin tapmamışdır. Belə ki, cinayət işi materiallarında olan məhkəmə tibb ekspertizasının 52 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs MSY-də tibbi müayinədən keçirilmiş və özü izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər-səhər dam örtüyünü vurarkən boyun və sol kürək nahiyəsindən xəsarət almışdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olan zaman ilkin tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Həmçinin məhkəmə tərəfindən göndərilmiş məktub əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsində araşdırılma aparılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması təsdiqin tapmadığından xx.xx.2024-cü ildə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalması təsdiq edilmir. Ona görə məhkəmə onun bu ifadəsini özünü müdafiəsi kimi qiymətləndirir və inandırıcı hesab etmir. Hansı ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməlini etiraf etmiş, habelə, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman da məhkəmədə özünü təqsirli bilərək silahı Qazax rayonundan tapdığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Eyni zamanda məhkəmə şəxsə cəza təyin edən zaman onun Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində aktiv iştirak etməsini, «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilməsini, habelə, müharibə veteranı olmasını da nəzərə alır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 03 ay 15 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 07 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar