Məhkəmə qərarları › İş №1(062)-78/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-78/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-78/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2023-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Tovuz rayonu, Alakol kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub fərdi yaşayış evinin yataq otağında olan çarpayıya bitişik vəziyyətdə yerləşdirilmiş sandığın içərisindən 425 (dörd yüz iyirmi beş) manat dəyərində 01 (bir) ədəd Rusiya istehsallı, 583 əyarlı, 05 qram çəkiyə malik, sünbül toxunuşlu, qızıl qadın boyunbağısını, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 01 (bir) ədəd Rusiya istehsallı, 583 əyarlı, 05 qram çəkiyə malik, buruq toxunuşlu, üzərində “Cavid” yazılı klonu olan qızıl qadın boyunbağısını, 300 manat dəyərində 01 (bir) ədəd Rusiya istehsallı, 583 əyarlı, 05 qram çəkiyə malik, brilliant qaşlı qızıl kişi üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 01 (bir) ədəd Rusiya istehsallı, 583 əyarlı, 03 qram çəkiyə malik, kənarları adi qaşlı, orta hissəsində bir ədəd yaşıl rəngli adi qaşı olan qızıl qadın üzüyünü, 510 (beş yüz on) manat dəyərində 01 (bir) cüt Rusiya istehsallı, 583 əyarlı, 06 qram çəkiyə malik, üzərində xırda qaşları olan qadın qızıl sırğasını, 383,35 (üç yüz səksən üç manat otuz beş qəpik) manat dəyərində 01 (bir) ədəd Rusiya istehsallı, 583 əyarlı, 4,51 qram çəkiyə malik, zəncirvari toxunuşlu, sadə formalı kişi qızıl qolbağısını və həmin yataq otağında dolabın içərisində olan 290 (iki yüz doxsan) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2298,35 manat dəyərində 6 ədəd qızıl zinət əşyalarını və 290 (iki yüz doxsan) manat məbləğdə nağd pul vəsaitini yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2023-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Tovuz rayonu Alakol kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub fərdi yaşayış evinin yataq otağında çarpayının üzərindəki döşəyin alt hissəsində olan 01 (bir) ədəd pul qabının içərisindən 58 (əlli səkkiz) manat məbləğdə nağd pul vəsaitini, həmin yataq otağında olan dolabın içərisində saxlanılmış 1 ədəd, 100 (bir yüz) manat dəyərində noutbuku, həmin yataq otağında olan güzgülü şkafın dolabından 1 ədəd, 60 (altmış) manat dəyərində “Samsung” markalı mobil telefonu, 1 cüt, 22 (iyirmi iki) manat dəyərində gümüş materialından hazırlanmış, üzərində ağ rəngli qaşları olan, dairəvi formalı sırğanı, 1 cüt, 18 (on səkkiz) manat dəyərində gümüş materialından hazırlanmış, üzərində qaşları olmayan, sadə, dairəvi formalı sırğanı, 1 cüt, 25 (iyirmi beş) manat dəyərində gümüş materialından hazırlanmış, üzərində qara rəngli qaşları olan sırğanı, 1 ədəd, 15 (on beş) manat dəyərində gümüş materialından hazırlanmış, üzərində sadə qaşları olan qadın üzüyünü və 1 ədəd, 20 (iyirmi) manat dəyərində gümüş materialından hazırlanmış, yastı toxunuşlu, üzərində “V” hərfinə bənzər klonu olan sepi oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 260 (iki yüz altmış) manat dəyərində əşyaları və 58 (əlli səkkiz) manat məbləğdə nağd pul vəsaitini yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 19 radələrində o, həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin qarşısından keçərkən evin həyətinə açılan giriş qapısında asma qıfıl olduğunu görüb evdə hər hansı şəxsin olmadığını başa düşmüş və Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra ətrafda onu görə biləcək hər hansı şəxsin olmadığına əmin olduqdan sonra evin ətrafı boyunca çəkilmiş daş hasara yaxınlaşmış, daş hasarın üzərinə atılıb fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin plastik pəncərələrindən birini bir neçə dəfə bərk itələyərək pəncərəni açmağa müvəffəq olub pəncərədən evin içərisinə daxil olmuşdur. Fərdi yaşayış evinə daxil olduqdan sonra əvvəlcə yataq otağına daxil olmuş və yataq otağında yerləşən çarpayının üzərində olan döşəyi qaldırıb alt hissəsinə baxmışdır. Həmin vaxt döşəyin alt hissəsində 01 (bir) ədəd pul qabı olduğunu görmüş və dərhal pulqabını əlinə götürüb içərisinə baxmış və pulqabının içərisindən xatırladığı qədər 50 manat pul olduğunu görmüşdür. Həmin 50 manat pul vəsaitini pul qabının içərisindən götürüb cibinə yerləşdirmişdir. Ardınca digər otaqları axtarmağa başlamışdır. Bundan sonra evin digər yataq otağına daxil olmuş və həmin otağın içərisində olan geyim əşyalarının saxlanıldığı bir ədəd dolabın üst gözünə açıb baxmış və orada 01 ədəd “DNS” markalı, qara rəngli, notebookun olduğunu görüb həmin notebooku oğurlamaq niyyəti ilə götürmüş, ardınca həmin otaqda yerləşən 01 ədəd güzgülü kamodun üst süyürməsini açıb içərisinə baxmış və orada 01 ədəd “Samsung” markalı, “A6” modelli mobil telefonu olduğunu görüb həmin mobil telefonu da oğurlamaq niyyətilə götürüb cibinə yerləşdirmişdir. Həmçinin həmin kamodun həmin süyürmə hissəsində özünə məxsus ümumi dəyəri təxminən 100 (yüz) manat olan 01 cüt gümüş materialından hazırlanmış sırğa, 01 cüt xupiq (qızılı rəngli metal) materialından hazırlanmış dairəvi şəkildə sırğa, 01 cüt xupiq (qızılı rəngli metal) materialından hazırlanmış sırğa, 01 ədəd gümüşü materiallı qadın üzüyü və 01 ədəd xupiq (qızılı rəngli metal) materialından hazırlanmış sep olmaqla bəzək əşyaları oğurluq niyyətilə götürüb cibinə qoymuşdur. O, bundan sonra evin digər hissələrini axtarsa da əlavə qiymətli hər hansı bir əşya tapa bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evindən oğurladığı əşyaları götürüb evə daxil olduğu pəncərədən də evdən çıxmışdır. Daha sonra evin bağ olan həyətyanı hissəsinə doğru getmişdir. Bağın ətrafı boyunca çəkilmiş setka hasarın üzərindən aşaraq küçəyə çıxmışdır. Bundan sonra o, hazırda xatırlamadığı tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı 01 (bir) ədəd Samsung A6 markalı mobil telefonu 20 manat pula Şahid2 satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı bəzək əşyalarını yandıraraq qızıl tərkibli olub-olmadığını yoxlamışdır. Qızıl olmadığını bildikdə isə o, həmin əşyaları yaşadığı evin sanitar qovşağına atmışdır. O, Zərərçəkmiş şəxs2 yaşadığı evdən çarpayının döşəyinin alt hissəsində bir ədəd pul qabının içərisindən oğurladığı 50 manat pulu isə xərcləmişdir. Həmin vaxt Etibar ona kənd ərazisində olmadığını bildirib telefonunu söndürmüşdür. Hazırda həmin şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs2 ondan hər hansı şikayət və tələbi yoxdur. Ona münasibətdə əməlindən peşmandır. Digər zərərçəkmiş şəxsə münasibətdə göstərmişdir ki, onun evindən oğurluq etməmişdir. İbtidai istintaq zamanı onu döydükləri üçün cinayət törətməsini bildirmişdir. Onu Qovlar polis bölməsinin əməkdaşları döymüşlər. Hətta bu barədə 102 qaynar xətt xidmətinə müraciət etmişdir. Lakin prokurorluğa şikayət etməmişdir. Ümumiyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaşadığı evi belə tanımır. Özünü bir kənd sakini kimi tanımışdır. Yalnız onun atasına məxsus fərdi yaşayış evini tanıyır. Onun atası evinə valideynləri ilə birlikdə getmələrinə səbəb odur ki, bu məsələnin ona aidiyyəti olmadığını bildirsinlər. Həmin vaxt zərərçəkmiş şəxsə onun dediyi kimi 1000 manat pul təklif olunmamışdır. Bu barədə zərərçəkmiş şəxs yalan danışır. Onların getmə tarixi məhkəmənin hazırlıq iclasından sonra olmuşdur. Daha sonra isə qeyd etmişdir ki, valideynlərinin zərərçəkmiş şəxsin qohumlarıgilə getməsindən məlumatı yoxdur. Daimi işdə olur və bu barədə valideynləri ilə heç vaxt danışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun yaşadığı evdən 290 manat məbləğində pul vəsaiti və arvadı Şahid1 məxsus olan 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, sümbül toxunuşlu, qızıl qadın boyunbağısı, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, buruq toxunuşlu, üzərində “Cavid” yazılı klonu olan qızıl qadın boyunbağısı, 300 (üç yüz) manat dəyərində 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, briliant qaşlı qızıl kişi üzüyü, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 03 qram çəkiyə malik, kənarları adi qaşlı, orta hissəsində bir ədəd yaşıl rəngli adi qaşı olan qızıl qadın üzüyü, 01 (bir) cüt Rusiya istehsalı, 583 əyarlı, 06 qram çəkiyə malik, üzərində xırda qaşları olan qadın qızıl sırğası, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 4,51 qram çəkiyə malik, zəncirvari toxunuşlu, sadə formalı kişi qızıl qolbağısı olmaqla qızıl-zinət əşyaları oğurlanmışdır. Təqsirləndirilən şəxsin onun yaşadığı evin harada yerləşməsini tanımaması barədə dedikləri yalandır. Çünki gün ərzində bir neçə dəfə velosipedlə onun evinin qarşısından keçir. Əgər təqsirləndirilən şəxs bu cinayəti törətməyibsə nə üçün onun atası və qaynanası evinə valideynləri ilə birlikdə gələrək şikayəti geri götürməsi üçün 1000 manat pul təklif etmişdir. Onlar məhkəmə hazrlıq iclası keçirildikdən sonra gələrək bu təklifi etmişlər. Atası təklif etdiyi pulu götürmədiyi üçün oradan da qaynanası evinə getmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ziyanı ödənilmədiyi halda onun həbs olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq cinayət işinə onun iştirakı olmadan baxılması, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Alakol kənd inzibati ərazisində yerləşən fərdi yaşayış evində əri Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. xx.xx.2023-cü ildə saat 11 radələrində yaşadıqları evdən əri Zərərçəkmiş şəxs1 ilə birlikdə çıxaraq Tovuz rayonu, Alakol kəndində yaşayan qayınatası X1 yaşadığı evə getmişlər. Onlar yaşadıqları evdən çıxarkən evdə hər hansı şəxs olmamışdır və evin qapı-pəncərələrini bağlamışdır. Onlar qayınatası evinə çatdıqdan sonra Zərərçəkmiş şəxs1 zəng gəlmiş və sonuncu çıxıb getmişdir. O, isə qayınatası evində qalmışdır. Həmin gün saat 20 radələrində əri Zərərçəkmiş şəxs1 yenidən qayınatası evinə gəlmiş və onlar birlikdə qayınatası evindən çıxıb piyada yaşadıqları evə gəlmişlər. Onlar yaşadıqları evə çatdıqda şübhələndiyi hər hansı bir hal gözünə dəyməmişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs1 yaşadığı evdən tək çıxaraq çörək və su almaq üçün Alakol kəndi ərazisində fəaliyyət göstərən Xan marketə getmişdir. Həmin müddətdə o, yaşadığı evlə qonşuluqda yerləşən qayını evinə getmişdir. Daha sonra əri Zərərçəkmiş şəxs1 gəlmiş və onlar birlikdə yaşadığı evə geri qayıtmışlar. Yaşadığı evdə yemək yeyən zaman əri Zərərçəkmiş şəxs1 ona demişdir ki, sabah usta gələcək, get pulunu gətir, görək ustaya pulu ustaların zəhmət haqqı üçün yetərli olacaq ya yox. Bundan sonra əri Zərərçəkmiş şəxs1 özü də 240 manat nağd pulunu qoyduğu yaşadığı evin dolabına baxdıqda həmin pulun olmadığını bildirmişdir. O, da 50 manat pul yerləşdirdiyi uşağının yatdığı beşiyin 1-ci süyürməsinə baxmış və həmin pulun da orada olmadığını görmüşdür. Daha sonra isə dərhal özünə məxsus qızılları qoyduğu yataq otağında yerləşən çarpayının sandığına baxdıqda qızılların da orada olmadığını görüb bu barədə əri Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs1 dərhal DİN-in “102” xidmətinə zəng edərək, baş vermiş hadisə barəsində məlumat vermişdir. Hazırda yaşadığı evdən ona və ailə üzvlərinə məxsus 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, sümbül toxunuşlu, qızıl qadın boyunbağısı, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, buruq toxunuşlu, üzərində “Cavid” yazılı klonu olan qızıl qadın boyunbağısı, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, briliant qaşlı qızıl kişi üzüyü, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 03 qram çəkiyə malik, kənarları adi qaşlı, orta hissəsində bir ədəd yaşıl rəngli adi qaşı olan qızıl qadın üzüyü, 01 (bir) cüt Rusiya istehsalı, 583 əyarlı, 06 qram çəkiyə malik, üzərində xırda qaşları olan qadın qızıl sırğası, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 4,51 qram çəkiyə malik, zəncirvari toxunuşlu, sadə formalı kişi qızıl qolbağısı olmaqla qızıl-zinyət əşyaları və 290 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Oğurluq hadisəsi törədilən vaxt yaşadığı evin qapı və ya pəncərəsi sındırılmamışdır. Yaşadıqları evin qapılarında asma qıfıl yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Alakol kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda ailə üzvləri və özünün maddi ehtiyaclarını qarşılamaq üçün fəhləlik edir. Ailəlidir, iki azyaşlı övladı var. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onun Təqsirləndirilən şəxsla aralarında əvvəllər və ya hazırda ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən yaşadığı evin önündə küçədə olarkən ona yaxınlaşıb pulunun olmadığını, buna görə də qardaşının ona hədiyyə etdiyi 01 ədəd smartfon tipli mobil telefonu satmaq istədiyini ona bildirmişdir. Həmin vaxt o, telefonun marka və modelini, qiymətini soruşduqda ona cibindən bir ədəd Samsung markalı örtük hissəsi göy rəngli olan mobil telefon çıxarıb 20 manat məbləğdə pula satmaq istədiyini demişdir. Onun telefonu olmadığı üçün həmin telefonu satın almaq qərarına gəlib Təqsirləndirilən şəxs 20 manat məbləğdə nağd pul verib telefonu satın almışdır. Daha sonra Təqsirləndirilən şəxs görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında ona başqa bir mobil nömrədən zəng edərək 2 gün əvvəl ona satdığı mobil telefonu ondan geri tələb etmişdir. O, isə telefonu geri qaytarmayacağını, satın aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “başın ağrıyacaq” deyib sağollaşmışdır. Bundan sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona satdığı mobil telefon oğurluq nəticəsində əldə edilmişdir və həmin mobil telefonu ondan götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Samir onun kürəkənidir. İlkin onun qızı Günel ilə bir sinifdə oxumuşdur. İlkinin valideynləri yaşadığı evə gələrək bildirmişlər ki, 1000 manat pul verək şikayəti geri götürsünlər. Açıq şəkildə göstərmişlər ki, oğlumuz İlkin oğurluq etmişdir. Lakin gücləri təklif etdikləri məbləğə çatır. Hətta pul məbləği İlkinin atasının əlində olmuşdur ki, ona versin. Onlarla razılaşmamış və bildirmişdir ki, məhkəmədə bu məsələ həll olunacaqdır. Bundan sonra çıxıb getmişlər. Hətta aralarında gedən söhbəti telefona yazmışdır. İlkinin valideynləri onun qudasıgilə də getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, sünbül toxunuşlu, qızıl qadın boyunbağısı, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, buruq toxunuşlu, üzərində “Cavid” yazılı klonu olan qızıl qadın boyunbağısı, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 05 qram çəkiyə malik, briliant qaşlı qızıl kişi üzüyü, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 03 qram çəkiyə malik, kənarları adi qaşlı, orta hissəsində bir ədəd yaşıl rəngli adi qaşı olan qızıl qadın üzüyü, 01 (bir) cüt Rusiya istehsalı, 583 əyarlı, 06 qram çəkiyə malik, üzərində xırda qaşları olan qadın qızıl sırğası, 01 (bir) ədəd Rusiya istehsalı, 583 əyarlı, 4,51 qram çəkiyə malik, zəncirvari toxunuşlu, sadə formalı kişi qızıl qolbağısı olmaqla qızıl-zinyət əşyaları və 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi barədə» 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd ehtiyat hissələri Çin Xalq Respublikasında istehsal olunmuş, Rusiya Federasiyasının Vladivostok şəhərində yığılmış, “DNS” markalı, qara rəngli, işlək vəziyyətdə olan, istifadə edilmiş, sınığı, zədəsi olmayan noutbuk, 01 (bir) ədəd “Samsung” markalı, “A6” modelli, arxa örtük hissəsi mavi, ön şüşə örtük hissəsi qara rəngli, işlək vəziyyətdə olan, istifadə edilmiş, sınığı, zədəsi olmayan 01 ədəd mobil telefonun, 01 cüt gümüş materialından hazırlanmış, üzərində ağ rəngli qaşları olan, dairəvi şəkildə sırğa, 01 cüt xupinq (qızılı rəngli metal) materialından hazırlanmış, üzərində qaşları olmayan, sadə şəkilli, dairəvi şəkildə sırğa, 01 cüt xupinq (qızılı rəngli metal) materialından hazırlanmış, üzərində qara rəngli qaşları olan, uzunvari sırğa, 01 ədəd ağ gümüşü materiallı, üzərində sadə qaşları olan qadın üzüyü və 01 ədəd xupinq (qızılı rəngli metal) materialından hazırlanmış, yastıtoxunuşlu, rəngisolmaz, üzərində bir ədəd “V” hərifinə bənzər klonu olan boyunbağı olmaqla bəzək əşyaları Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. «Şübhəli şəxsin tutulması barədə» 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2024-cü il tarixli 3-16-16/2-9/319/2024 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 5 adda zərgərlik məlumatlarının 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1998,35 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli 3-16-16/2-9/804/2024 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd ehtiyat hissələri ÇXR-da istehsal olunmuş, Rusiya Federasiyasının Vladivostok şəhərində yığılmış, üzərində “DNS W270ELQ” yazıları olan, qara rəngli, işlək vəziyyətdə olan istifadə edilmiş, sınığı, zədəsi olmayan noutbuk (fotoşəkilə əsasən)-100,00 manat; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 15 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3400 (üç min dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 evindən oğurluq etməməsini bunun onun üzərinə polis əməkdaşları tərəfindən döyülərək qoyulmasını bildirsə də, məhkəmə onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirməklə həqiqi hesab etməmişdir. Çünki iş materialları İ cild 128-ci səhifəsində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Hansı ki, həmin rəy xx.xx.2023-cü il tarixli müdafiəçinin şübhəli şəxsə fiziki zorakılıq edilməsinin müəyyən olunmasına dair vəsatəti üzrə qəbul edilmiş qərar əsasında alınmışdır. Bundan başqa təqsirləndirilən şəxsin valideynlərinin Zərərçəkmiş şəxs1 atası və qaynanası evinə gedərək şikayətçi olmaması üçün onlara pul təklif etməsi də məhz cinayətin onun tərəfindən törədilməsinə dəlalət edir. Çünki özünü təqsirli hesab etməyən şəxsin bu addımı atması məntiqsiz olar. Bu halı təqsirləndirilən şəxsin özü məhkəmə iclasında təsdiq etmiş, daha sonra isə inkar etməklə ziddiyyətli ifadə vermişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşılır və mötəbər sübut kimi kimi qəbul edilmir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən bir hissədə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, habelə, zərərçəkmiş şəxslərdən birinin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Zərərçəkmiş şəxs2 vurulmuş 318 manat məbləğində maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış və Tovuz rayon Polis şöbəsində saxlanılan 01 ədəd noutbuk və 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq Tovuz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd noutbuk və 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar