Məhkəmə qərarları › İş №1(062)-78/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-78/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-78/2025 15.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 07 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ünvan 1ndə qardaşı Təqsirləndirilən şəxs yumruqla sifət nahiyəsinə bir dəfə vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ üst göz qapağı-sağ qaş nahiyəsinin qançır şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun böyük qardaşıdır. Onlar ayrı-ayrı evlərdə yaşayırlar. Nizami ilə əvvəllər heç bir ədavəti olmamışdır. Nizami spirtli içki aludəçisidir. Sonuncu mütəmadi olaraq spirtli içki qəbul edib, onun evinə gedərək yazılması etik normalara sığmayan nalayiq ifadələr işlətmişdir. Nizami Azadlıq küçəsində yerləşən 2 mərtəbəli yaşayış evindən özünə pay tələb etmişdir. Onunla və bacısı ilə bu səbəbdən mübahisə etmişdir. xx.xx.2025-ci il tarixdə o, avtomobili nasaz olduğu üçün Nizamidən 100 manat borc pul istəmişdir. Daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Nizaminin borcunu bir qədər gec qaytarmışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Nizami ondan borcunu geri istəmək üçün yaşadığı evə getmişdir. Nizami həmin vaxt sərxoş olmuşdur. O, Nizaminin borcunu qaytarıb çıxıb getməsini bildirmişdir. Nizami pulu götürüb ona nalayiq ifadələr işlədərək çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 07 radələrində o, avtomobili ilə evdən Qovlar şəhəri istiqamətində hərəkətdə olan zaman qardaşı Nizami ilə yaşadıqları evin yaxınlığında qarşılaşmışdır. Həmin vaxt avtomobilində qonşusu X1 da olmuşdur. O, Nizamini görüb avtomobili yanında saxlamışdır. Bundan sonra o, avtomobildən yerə enmişdir. Nizami yolda ona nalayiq ifadələr işlədib, onu nəlayiq sözlərlə təhqir etmişdir. O, avtomobildən düşüb Nizamiyə nalayiq ifadə işlətməməsini bildirmişdir. Nizami yenidən ona söyüşlər söyüb ikimərtəbəli yaşayış evindən pay alacağını bildirmişdir. O, Nizamiyə əsəbləşib sonuncunun ayaq nahiyəsinə təpiklə, üz nahiyəsindən isə yumruqla bir dəfə zərbə endirmişdir. Bayram avtomobildən yerə ensə də onları ayırmamışdır. Onlar özləri ayrılmışdır. O, avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Münaqişə səhər saatlarında olduğu üçün küçədə Nizami, Bayram və ondan başqa heç kim olmamışdır. Aralarında baş vermiş dava-dalaş qısa müddət ərzində baş verərək, heç kəsin narahatçılığına səbəb olmamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar ayrı-ayrı evlərdə yașayırlar. Xəqani ilə aralarında əvvəllər heç bir ədavəti olmamış, mehriban dolanmıșlar. xx.xx.2025ci il tarixdə Xəqani avtomobili nasaz olduğu üçün ondan borc pul istəmişdir. O, Xəqaniyə lazım olan 100 manat pulu vermişdir. Onun borc verməsindən 1 aydan çox keçməsinə baxmayaraq, Xəqani borcunu geri qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə o, Xəqanidən borcumu geri istəmişdir. Xəqani 100 manat pulu ona əlbəəl uzatmayıb yerə atmış və nalayiq ifadə işlətmişdir. O, Xəqaninin bu hərəkətini özünə hörmətsizlik kimi qəbul etsə də sonuncu sərxoș olduğu üçün heç bir söz deməmişdir. xx.xx.2025-ci il tarixda saat 07 radələrində o, evdən çıxıb işə gedərkən yolda Xəqani ilə qarşılaşmışdır. Xaqani öz avtomobili ilə yanından keçmişdir. Xəqani avtomobili onun yanında saxlayıb avtomobildən yerə enmişdir. O, Xəqanidən axşam nə üçün ona hörmətsizlik etdiyini və təhqir etdiyini soruşmuşdur. Xəqani isə yenidən onu təhqir etmişdir. Bundan sonra Xəqani təpiklə sol ayağına, yumruqla isə sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. O, həmin vaxt sağ gözündən xəsarət almışdır. Xəqani onu döydükdən sonra çıxıb getmişdir. Onun Xəqani ilə dava-dalaşı təxminən 2-3 dəqiqə çəkmiş və hadisəni kənardan qonşuları Bayram görmüşdür. Bayram orada olsa da onlara heç bir müdaxilə etməmişdir. Onlar özləri ayrılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışaraq, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X3 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 345 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən sağ üst göz qapağı-sağ qaş nahiyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar