Məhkəmə qərarları › İş №1(062)-79/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-79/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-79/2023 20.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 20 iyun 2023-cü il tarixdə Tovuz şəhərində xx.xx.1998-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd tamlığı pozulmuş elektrik lampasının içərisində təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək əlində daşıdığı ağ rəngli sellofan torbada saxlamış, 22 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Ağdam kəndində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində həmin tarixdə saat 11:25 dən 11:55 dək şəxsi axtarış keçirilərkən qanunsuz olaraq əldə edib əlində daşıdığı ağ rəngli sellofan torbada saxladığı bir ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd tamlığı pozulmuş elektrik lampasının içərisində təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda ünvan 4 ünvanda yaşayır, heç bir yerdə işləmir. O, təxminən 3 ildən artıq müddətdir ki, narkotik vasitə olan onların öz aralarında “kola” kimi adlandırdıqları heroindən və “patı” kimi adlandırdıqları psixotrop maddə olan metamfetamindən istifadə edir. 22 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Tovuz rayonuna gəzməyə getmək qərarına gəlmişdir və bu məqsədlə o yaşadığı evdən Qazax şəhərindən çıxıb yol maşını ilə Tovuz rayonuna gəlmişdir. Qazax-Bakı avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində Bakı-Qazax avtomagistralının kənarında avtomobildən düşmüşdür. Sonra təkcə piyada yolun kənarı ilə Tovuz şəhərinə doğru gələn avtomobillərin dayandığı yerə tərəf gedərkən yolun kənarında bir ədəd sellafon torba görmüşdür. Həmin sellafon torba onun nəzərini cəlb etdiyi üçün həmin torbanı götürüb açıb içərisinə açıb baxanda görmüşdür ki, içərisində “Rotmans” siqaret qutusunun içərisində gümüşü rəngli siqaret falqasına bükülmüş qəhvəyi rəngli heroin və bir ədəd bir hissəsi sınmış elektrik lampasının içərisində ağ kağıza bükülmüş psixotrop maddə olan patı adlandırdıqları psixotrop maddə olan metamfetamin var. O, özü narkotik vasitə aludəçisi olduğumdan həmin içərisində narkotik vasitə olan torbanı özü ilə götürmüşdür ki, münasib yer tapanda özü istifadə edər. Bundan sonra başqa bir tanımadığı yol maşını ilə Tovuz şəhərinin mərkəzinə gəlmişdir. Tovuz şəhərinin mərkəzində həmin avtomobildən düşərək tanımadığı avtomobillə Tovuz rayonu Ağdam kəndinə getmişdir, həmin vaxt içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olan sellafon torba əlində olmuşdur. Tovuz rayonu Ağdam kəndində yolun kənarı ilə gedən zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini bildirmişlər və onu xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onlara etiraz etməmişdir onlar onu Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir ona görə gətirilmişdir, üstünə baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili X8 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra baş təhqiqatçı Fikrət Mehrəliyev vəkilin iştirakı ilə onun üzərində əldə edilməsi saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşmuşdur. Onlar ondan soruşandan sonra o özü əlində olan sellafon torbanın içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra vəkilini və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı, onun üzərində əldə edilməsi və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onun əlində olan sellafon torbaya baxış keçirilmişdir. Baxış zamanı əlində olan sellafon torbanın içərisindən bir ədəd elektrik lampasının içərisində ağ rəngli kütlə və “Rotmans” markalı siqaret qutusunun içərisindən bir ədəd siqaret falqasına bükülmüş qəhvəyi rəngli kütlə aşkar etmişlər. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin elektrik lampasının içərisində olan kütlə psixotrop maddə olan patı adlandırdıqları metamfetamindir, siqaret falqasına bükülü olan kütlə isə “kola” adlandırdıqları heroindir. O, onlara bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitələri o Qazax-Bakı avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin əlində gəzdirdiyi sellofan torbanın içərisindən aşkar edilərək götürülmüş “Rotmans” markalı siqaret falqasının içərisindəki gümüşü rəngli falqaya bükülmüş kütləyə və elektrik lampasının içərisindəki ağ rəngli kütləyə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və həmin narkotik vasitələr əczaçı tərəzisində çəkilmiş, 1 ədəd elektrik lampasının içərisindən olan kütlə, psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektrik lampası ilə birlikdə 21 qram olmuşdur, bir ədəd gümüşü rəngli siqaret falqasının içərisindəki narkotik vasitə olan heroinə bənzər kütlə isə falqa ilə birlikdə ümumi çəkisi 0,42 qram olmuşdur. Bundan sonra ona məxsus sellofan torbanın içərisindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vəkilin, polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Zərfin üstü isə o, vəkili Elşad Rəhimov, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün imza etmişlər. Bir daha bildirir ki, o özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni o özü istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Qazax şəhəri N.Nərimanov küçəsi ev 8A-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri və ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İTB-nin sahə polis nəfəri Şahid4 və X5 ilə birlikdə Tovuz rayonu Ağdam kəndində xidmətdə olan zaman bir nəfər qadının əlində sellafon torba ilə getdiyini və özünü şübhəli apardığını görmüşlər. O, X5 ilə birlikdə həmin qadına yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin qadın Təqsirləndirilən şəxs olduğunu Qazax şəhərində yaşadığını bildirmişdir. O, həmin qadının özünü şübhəli aparmasından və hərəkətlərindən onun üzərində narkotik vasitə gəzdirməsində ondan şübhələnərək onu qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində ondan şübhələndiyiti bildirib ona onlarla birlikdə Tovuz RPŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-nə gətirmişlər. O, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X1 həvalə edilmişdir. Bundan sonra baş təhqiqatçı Fikrət Mehrəliyev tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili X7 onun müdafiəçisi kimi dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qadın olduğu üçün onun üzərinə şəxsi axtarış aparılmasında iştirak etmək üçün PPXB-nün polis nəfəri Şahid2 da şəxsi axtarışda iştirak etməsi üçün dəvət edilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını lakin əlindəki sellafon torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra vəkilin və baxışda iştirak edən digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellafon torbaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellafon torbanın içərisində bir ədəd elektrik lampasının içərisində ağ rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasasitə olan “patı” adlandırdıqları metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin sellafon torbanın içərisində olan “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd siqaret falqasına bükülmüş qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əlində olan sellafon torbanın içərisində olan qəhvəyi rəngli kəskin iyli kütlə narkotik vasitə hesab edilən “kola” adlandırdıqları heroindir. O, həmin narkotik vasitəni bir neçə gün əvvəl Qazax rayonundan yol kənarından tapmış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan torbanın içərisindən aşkar edilərək götürülmüş bir ədəd elektrik lampasının içərisində olan narkotik vasitə olan metamfetaminə bənzər ağ rəngli kəskin iyli kütlə əczaçı tərəzisində çəkilmişdir, elektrik lampası ilə birlikdə həmin kütlənın çəkisi 21 qram olmuşdur. Təqsirləndirilən şəxs əlində olan sellafon torbanın içərisindən aşkar edilərək götürülmüş bir ədəd siqaret falqasına bükülü heroinə bənzər kütlə əczaçı tərəzisində çəkilmişdir, həmin bir ədəd siqaret falqasına bükülü kütlə siqaret falqası ilə birlikdə 0,42 qram olmuşdur. Həmin kütlələr kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri vəkil Elşad Rəhimovun, onun və baxışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün heç bir əlavə və etirazı olmamış, protokol doğru tərtib edildiyi üçün o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə üzərinə şəxsi axtarış keçirilən zaman bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri 3-4 gün əvvəl Bakı-Qazax avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsindən tapıb üzərində saxlamışdır. Sonradan o özü etiraf edib bildirmişdir ki, həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri xx.xx.2023-cü il tarixdə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsindən yolun kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır.Onun Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumatı yoxdur. Onda olan məlumata görə Ruzalə özü narkotik vasitə aludəçisidir, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni sonuncu xx.xx.2023-cü il tarixdə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsindən taparaq istifadə etmək məqsədilə üzərində saxlamışdir. İş üzrə şahid X5, Şahid4 və Şahid2 məhkəmə iclasında şahid X2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşin 31-ci vərəqəsində olan 22 yanvar 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 32-33-cü vərəqəsində olan 22 yanvar 2023-cü il tarixli 16/109 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd elektrik lampasının içərisində olan ağ rəngli və bir ədəd gümüşü folqaya bükülü qəhvəyi rəngli kəskin iyli kütləni qablaşdırdı” yazı və imzalar olan kağız paketdəki; 1 (bir) ədəd gümüşü rəngli folqa kağız bükümdə təmiz çəkisi 0,354 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 (bir) ədəd tamlığı pozulmuş elektrik lampasının içərisində təmiz çəkisi 0,632 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 73-cü vərəqsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olmaması müəyyən edilir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2016-cı il təvəllüdlü Sübhan və 11 iyul 2017-ci il təvəllüdlü Ruziyyə adlı uşaqları vardır. İşin 100-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 05 aprel 2023-cü il tarixli 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşə əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nzərər alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən həbsə alındığı 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 0,304 qram çəkidə narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalan 0,602 qram çəkidə olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən həbsə alındığı 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Qazax rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 0,304 qram çəkidə narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalan 0,602 qram çəkidə olan psixotrop maddə olan metamfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar