Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-80/2023 25.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X2 əməllərində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 əvvəllər tanımış və münasibətləri normal olmuşdur. Bir neçə ay bundan əvvəl həmyerlisi Ülvi Alıyev onun evinə gələrək öz iradını bildirmişdir ki, qonşudurlar bu cür hərəkətlər etmək onlara yaraşmaz. Bəhs etdiyi həhəkətlərin nədən ibarət olmasını Ülvi Alıyevdən soruşduqda ona bildirmişdir ki, o, özünün və mərhum atası Aydın Alıyevin tərəf olduğu mülki işə müdaxilə edərək, mülki işə sədrlik edən hakim Fikrət Mehtiyevlə əvvəlcədən razılaşma yolu ilə hakimlə əlbir olaraq ona rüşvət, pul verib korrupsiya cinayəti törətməklə, atasının heç bir vəkilin hüquqi yardımından istifadə etmədən 20 ildir ki, 33 qərar və ya qətnamlərlə udduğu mülki işi Gəncə Apellyasiya Məhkəməsində uduzdurdurmuşdur. Qeyd edir ki, Ülvi Alıyevin qeyd etdiyi mülki iş üzrə cavabdeh Telman Əliyev onun yaxın qohumu olmaqla (Telman Əliyev onun anasının əmisi oğlu, onun arvadı Olya Əliyeva isə atasının əmisi qızıdır) həmyerlisidir. X10 və onun hüquqi varisi oğlu Ülvi Alıyev ilə isə onunla eyni küçədə yaşamaqla evlərinin arasında cəmi 8 ev vardır. Bu məlumatın onda haradan olmasını soruşduqda o, öz mobil telefonunda olan Ülvi Alıyevin hüquqlarını Gəncə Apellyasiya Məhkəməsində müdafiə edən, onun vəkili olmuş Tovuz Rayon Vəkil Bürosunun müdiri X9 ilə aralarında olan mobil telefon danışıqlarını ona qulaq asdırmışdır. Bu məsələni araşdırıb kimin haqlı, kimin haqsız olmasını sübut etmək məqsədi ilə Ülvi Alıyevə xahiş etmişdir ki, həmin səs yazılarını onun istifadəsində olan “votsapp” nömrəsinə göndərsin. Sonuncu öz növbəsində buna etiraz etməyərək, bir qonşu kimi ona hörməti olduğunu bildirib həmin səs yazılarını istifadəsində olan “votsapp” nömrəsinə göndərmişdir. Səs yazısında olan danışıqları olduğu kimi, yəni X2 dedikləri kimi yazmağa məcbur olub yazdığı üçün həmin danışıqda Rəşad Abdullayevin işlətdiyi qeyri-etik kəlmələr və ya küçə sözlərini şikayətində qeyd etdiyi üçün üzr istəyir. Telefon danışığı zamanı Ülvi Alıyev öz vəkili Rəşad Abdullayevdən bu mülki mübahisənin hansı səbəbdən uduzulduğunu soruşduqda Rəşad Abdullayevin cavab olaraq dediklərini olduğu kimi yazır: «sənə görə mən hakimlərin yanında pis vəziyyətdə, göt vəziyyətində qalmışam və onlarla düşmən olmuşam. Hakim qəhbədi Telmanın pulunu Mübarizdən alıb bu qətnaməni çıxarıb, ona mən nə edim. Allaha and olsun ki, doskanalni bilirəm, sübut da edərəm ki, Mübariz Telmanın pulunu apellyasiyaya çatdırıb». Bundan başqa Rəşad Abdullayev hüquqlarını müdafiə etdiyi və müvəkkili olduğu Ülvi Alıyevə israrla bildirir: «sən etiraf et ki, mənim göstərişimlə hakimlərə qarşı etdiyimiz şantaj xarakterli şikayətləri Mübariz hazırlayır». Bu hal da Tovuz Rayon Vəkil Bürosunun müdiri vəkil Rəşad Abdullayevin onu ağır cinayətdə ittiham etməklə, əməlində özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək hərəkətləri etmək, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətinin olmasını deməklə yanaşı həqiqətə nail olunmadığı təqdirdə gələcəkdə Ülvi Aliyev tərəfindən ona olmasa da üç övladına təhlükənin olması deməkdir. Bu səbəbdən də məcbur olub xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi, yəni həmin mülki işə sədrlik edən hakim cənab X6 rəsmi ərizə ilə müraciət edərək, «məsələni tam, obyektiv və hərtərəfli araşdırıb həqiqətə nail olmaq üçün ilk öncə mülki işə sədrlik edən hakim cənab X3 bu məsələyə dair münasibətinin və fikrinin öyrənilməsini, münasibəti və fikri öyrənildikdən sonra aidiyyəti üzrə prokurorluğa müvafiq təqdimat verib yuxarıda qeyd etdiyi məsələnin tam, obyektiv və hərtərəfli araşdırılıb həqiqətə nail olmaq üçün, yəni həqiqətin həqiqi üzü aşkara çıxarılmasını təqdimat verilmiş prokurorluqdan tələb edilməsini və görülmüş tədbirlər barədə ona qanuna uyğun qaydada rəsmi məlumat verilməsini xahiş etmişdir.» Müraciətinə cavab olaraq Gəncə Apellyasiya Məhkəməsi Aparatının rəhbəri Anar Abdullayevin xx.xx.2023-cü il tarixli, 27-228/2023 saylı məktubunda qeyd edilmişdir ki, «hazırkı mülki iş üzrə tərəf olmadığınızdan ərizənizdə göstərilən xüsusatlara hüquqi qiymət verilməsi mümkün deyil. Ərizənizdə göstərilən halların araşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq prokurora müraciət etmək hüququnuz vardır. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsində qeyd olunan mülki işə baxılarkən hər hansı qeyri-prosessual hərəkətlərə yol verilməmişdir». Bundan əlavə Azərbaycan Respublikası Məhkəmə-X15 aparıcı məsləhətçisi Seymur Həmidovun ona ünvanladığı xx.xx.2023-cü il tarixli 2-4/2-İ-63/2023 saylı məktubunda qeyd edilmişdir ki, «Sizin xx.xx.2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizlə bağlı bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz cinayət xarakterli xüsusatlarla bağlı aidiyyəti hüquqmühafizə orqanlarına müraciət edə bilərsiniz». Etdiyi müraciətlərlə bağlı aidiyyəti qurumlardan cavab məktubları gəldikdən sonra məktublarda qeyd olunanlara uyğun olaraq öz növbəsində şikayət ərizəsi ilə Tovuz rayon Prokuroru cənab Maarif Hüseynova müraciət edərək, X2 hüquqlarını müdafiə etdiyi şəxslərə məhkəmə prosesində uduzduğu işlər üzrə «Sizin işinizə Mübariz İsmayılov pul verib uduzdurub deməsi» ilə onu ağır cinayətdə ittiham etdiyinə görə sonuncunun əməllərinin araşdırılıb qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Tovuz rayon Prokuroru cənab Maarif Hüseynovun ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda mülki icraat və xüsusi ittiham qaydasında cinayət mühakimə icraatı qaydasında məhkəməyə müracit etmək hüquqları izah edilmişdir. Bundan başqa Tovuz rayon Qovlar şəhər sakini X4 şikayəti əsasında Tovuz RPŞ-də araşdırılma aparılarkən Rəşad Abdullayevin tələbi ilə onun da izahatı alınmışdır. İzahat verərkən ona məlum olmuşdur ki, Rəşad Abdullayev verdiyi izahatında qeyd etmişdir ki, guya Sücayət Zeynalaovanın etdiyi şikayətləri o tərtib edir və Sücayət Zeynalovanı şikayət etməyə o məcbur etmişdir. Bu səbəbdən də onun izahatı alınmışdır. Bu hal da araşdırma zamanı öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin izahatı verərkən, Sücayət Zeynalovanın nəvəsi Kənan adlı şəxslə Rəşad Abdullayevin telefon danışığı zamanı yazılmış səs yazısı diski ilə də tanış olmuşdur. Telefon danışığı zamanı X9 onu təhqir edir, ünvanına etiq davranışlara uyğun gəlməyən sözlər işlətməklə, guya onun üzərində zor tətbiq etməklə qeyri-normal hərəkətlər edib şəxsiyyətini alçaldacağı kimi formada sözlər işlətməklə onu tanımadığı insanların yanında təhqir edir. Bütün bunlardan başqa X9 Azərbaycan Respublikasının Baş Prokurorluğuna onun barəsində şikayət ərizəsi ilə müraciət edərək, cinayət məsuliyyətinə cəlb edilməyisini xahiş etmişdir. Rəşad Abdullayev saxta, həqiqəti özündə əks etdirməyən, şantajla həbs etdirmə xarakterli şikayət ərizəsi araşdırılması Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Tovuz Rayon Prokurorluğuna, Tovuz Rayon Prokurorluğu tərəfindən isə Tovuz Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Tovuz Rayon Polis X7 şikayət üzrə obyektiv, hərtərəfli, qərəzsiz və ədalətli araşdırma aparıldıqdan sonra şikayət ərizəsində göstərilənlər öz təsdiqini tapmadığından, yəni həqiqəti özündə əks etdirmədiyindən, şantaj, şər, böhtan xarakterli olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi Rəşad Abdullayev vəkili olduğu və məhkəmə prosesində uduzduğu işlər üzrə vəkili olduğu şəxslərə bildirir ki, sizin işinizi Mübariz İsmayılov hakimlərə pul verib uduzdurub. Rəşad Abdullayevin bu əməlləri, yəni onu cinayətdə ittiham etməsi və şəxsiyyətim əleyhinə tanımadığı şəxslərin yanında ifadələr işlətməsi cinayət məsuliyyətidir. Hesab edir ki ki, bu məsələni araşdırıb həqiqəti Ülvi Alıyevə sübut etməsə gələcəkdə özünün də olmasa üç övladının gələcəyi və həyatları üçün təhlükələr mövcud olacaq. Digər tərəfdən Rəşad Abdullayevin həqiqətə uyğun olmayan, araşdırma zamanı öz təsdiqini tapmayan məlumatları, qanunsuz və əsassız şikayətləri üzündən polis və prokurorluqda etmədiyi və hətta xəbəri belə olmadığı mübahisələrə görə lazımsız izahatlar verməli olur. Rəşad Abdullayevin onu ağır cinayətlərdə ittiham etməsi şəxsiyyətini alçaldacaq ifadələr işlətməsi onun cəmiyyət içində olan nüfuzuna və hörmətinə xələl gətirir. Bu səbəbdən də Rəşad Abdullayevin bu əməllərinə bir dəfəlik son qoymaq üçün o, cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qaydada cəzalandırılmalıdır. Ona görə də hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətin dəlillərini müdafiə edərək şikayətin icraata götürülməsini xahiş etdi. Barəsində xüsusi itiham qaydasında şikayət verilmiş X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Cinayət Prosessual Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsini bildirərək onun həmin maddələr ilə məhkəməyə verilməsinə nail olmağa çalışır. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri). Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 148-ci maddəsi). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs yuxarıda qeyd olunan ictimai təhlükəli əməllərin Rəşad Abdullayev tərəfindən harada, nə vaxt və necə törədilməsini, eyni zamanda əməllərin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini aşkar edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət tərtib edilən zaman Cinayət Prosessual Məcəllədə əksin tapmış forma və tərtibata da riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-80/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-80/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver