Məhkəmə qərarları › İş №1(062)-80/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-80/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-80/2024 23.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 3 (üç) nəfər uşaqları olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Qovlar şəhərində yaşayan Zərərçəkmiş şəxs fəhlə işlədiyi Şəmkir rayonu Düyərli kəndində yerləşən Şahid3 məxsus soyuducu anbardan xurma meyvəsi satacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 07 yanvar 2024-cü il tarixdə, təxminən günorta saatlarında həmin soyuducu anbarın qarşısında nağd şəkildə 5000 (beş min) manat məbləğində, 13 yanvar 2024-cü il tarixdə, təxminən səhər saatlarında Şəmkir rayonu Zəyəm qəsəbəsində tanışı Şahid2 vasitəsilə 10000 (on min) manat məbləğində alıb və 21 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Tovuz rayonu Qovlar şəhərində “Al Market”in içərisində yerləşən ödəmə terminalı vasitəsi ilə tanışı Şahid2 "xxxx" ASC-də olan 416973******7906 nömrəli kart hesabına 5000 (beş min) manat məbləğində pulun köçürülməsinə nail olduqdan sonra sonuncunun vasitəsilə həmin kart hesabından nağdlaşdırıb ələ keçirməklə, Zərərçəkmiş şəxs məxsus cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Şəmkir rayonu Düyərli kəndində yaşayır, Şəmkir rayonu Düyərli kənd sakini Şahid3 məxsus soyuducu anbarda fəhlə işləyir. Tovuz rayonu Qovlar şəhər sakini Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs onun işlədiyi Şəmkir rayonu Düyərli kəndində yerləşən soyuducu anbardan dəfələrlə yük maşınlarına mal vurulanda altına qoymaq üçün istifadə edilən palet və künclüklər almışdır. Həmin vaxtdan da onunla münasibəti yaranmışdır, onunla aralarında sözügedən hadisə baş verənə kimi heç bir ədavəti və düşmənçiliyi olmamışdır, münasibəti yaxşı olmuşdur. 2023-cü ilin sonlarında anbarda xurma saxlayan Şəmkir rayonu Seyfəli kənd sakini Taleh adlı şəxs ona demişdir ki, xurma işləmir gör istəyən olsa yeşiyini 11 manata verək. O, da ona demişdir ki, əgər istəyən olsa ona deyər. Təxminən 2024-cü ilin yanvar ayının 4-ü və ya 5-i günü Sakit təkcə onun işlədiyi anbara gəlmişdir. Sonuncu ondan anbarda satılıq xurma olub-olmamasını soruşanda, o satılıq xurmanın olduğunu söyləmişdir. Sakit ona demişdir ki, soruş gör neçəyə verir, o əvvəlcə demişdir ki, yeşiyini 12 manata verir. Sakit ona demişdir ki, soruş gör yeşiyini 11 manata versə alaram. O, da Talehə zəng vurmuşdur, Taleh telefonu açmamışdır, sonra onun oğluna zəng vurmuşdur ona demişdir ki, xurma istəyən var, Talehin oğlu ona demişdir ki, atası ilə danış, atası bilər. Talehin ona əvvəlcə 11 manata deməsinə görə o, özü Sakitə demişdir ki, “danışdım yeşiyini 11 manata verir”. Sakit də xurmaya baxıb bəyənmişdir. O, Sakitə demişdir ki, almaq istəyirsənsə beh ver, Sakit də elə anbarın qarşısında çıxardıb ona 5000 manat pulu beh kimi vermişdir. O, həmin 5000 manat məbləğində pulu Sakitdən alıb ona demişdir ki, nə vaxt malı gəlib yığacaqsan. Sakit də ona demişdir ki, yanvar ayının 7-dən sonra gəlib yığmağa başlayacaq, yanvarın 15-nə kimi malı yığıb qurtaracaq. O da ona söz vermişdir ki, gəl yığ apar, fikirləşmişdir ki, Taleh əvvəlcə malı 11 manata vermək istəyirdi, həmin malı Sakitə satar, həmin 5000 manatı Talehə deyər ki, bunu beh veriblər. O, həmin pulu Sakitdən alıb Zəyəm qəsəbəsindəki, Əyyublu kəndindəki, Tovuz şəhərindəki “Topaz” mərc oyunlarında mərcə qoyub hamısını uduzmuşdur. Sonradan Talehlə telefonla danışanda Taleh ona demişdir ki, xurmanın qiyməti qalxıb 11 manata satmır. O, sonuncuya demişdir ki, “alan var 12 manata verərsənmi?”, Taleh də ona demişdir ki, şəriki ilə danışar razılaşsa əlaqə saxlayar. Lakin sonradan Taleh demişdir ki, şəriki satmağa razı olmur malı özü vuracaq. Həmin gündən bir neçə gün sonra 2024-cü ilin yanvar ayının 12-də o, həmin 5000 manat pulu geri qaytarmaq məqsədilə mərc oyunlarında oynamaq üçün əlavə pul alıb mərc oyunlarına qoymaq qərarına gəlmişdir ki, bəlkə pulu çıxardar. Bu məqsədlə həmin günü yenə Sakitə zəng vurub demişdir ki, malın sahibi 10000 manat da pul istəyir, deyir ki, 10000 manat pul lazımdı. Sakit ona demişdir ki, başqa yerdədi gələndə verər. Onlar Sakitlə danışandan bir neçə saat sonra Zərərçəkmiş şəxs ona zəng vurmuşdur ki, “Zəyəmi keçir, Zəyəmdə və yaxud Şəmkirin özündə tanışın varmı pulu onlara verim, ya da kart at karta köçürüm, pulu gətirmişəm.” O da özünün tanışı olan Şəmkir rayonu Zəyəm qəsəbə sakini Cümşüd adlı tanışına zəng vurub xahiş etmişdir ki, “asfaltın kənarına çıx bir nəfər ona pul verməlidi həmin pulu ondan al, səndən götürəcəm.” Cümşüdün telefon nömrəsini Sakitə vermiş və ona demişdir ki, “həmin nömrənin sahibi ilə danış, pulu ona ver.” Aradan bir az keçəndən sonra Sakit ona zəng vurub demişdir ki, 10000 manat pulu onun dediyi Cümşüd adlı şəxsə vermişdir. O, Cümşüdlə danışmış və sonuncu ona 10000 manat pulu aldığını bildirmişdir. Həmin günü Cümşüd Düyərli kəndinə gəlmişdir, onlar Düyərli kəndində Təzəkənd adlanan yerdə işlədiyi anbarın yanında Cümşüdlə görüşmüşlər. Cümşüd 10000 manat pulu ona vermişdir, o da Cümşüdə 10 manat benzin pulu vermiş və Cümşüd çıxıb getmişdir. Həmin 10000 manat pulu da o “Topaz” mərc oyunlarına qoyub həmin pulun hamısını mərc oyunlarında uduzmuşdur. 17 yanvar 2024-cü il tarixdə o, fikirləşmişdir ki, Sakitdən yenə beh adı ilə pul alsın mərc qoysun bəlkə uduzduğu pulları qaytara bildi. Bu məqsədlə Sakitə zəng vurub demişdir ki, malın sahibi 5000 manat da pul istəyir. Sakit ona demişdir ki, “üstündə pulu yoxdu, qoy görüm haradan tapıram, sən kart nömrəsi de pulu karta göndərim.” O da özünün kartı olmadığı üçün yenə Cümşüdə zəng vurub ondan soruşmuşdur ki, kartın varmı, o da demişdir ki, varımdı, o sonuncudan xahiş etmişdir ki, kartının şəkilini ona atsın, karta pul göndərəcəklər, həmin pulu çıxardıb ona versin. Cümşüd kartının şəkilini ona göndərmişdir, o da həmin kartı Sakitə göndərmişdir. Sakit də həmin Cümşüdün kartına 5000 manat pul göndərmişdir. O, Cümşüddən yenə xahiş etmişdir ki, kartındakı pulu çıxardıb ona gətirsin. Cümşüd də kartdan pulu çıxardıb həmin günü işlədiyi anbara gəlib həmin anbarda 5000 manat məbləğində pulu ona vermişdir. O, həmin pulu da aparıb “Topaz” mərc oyunlarına mərc qoyub hamısını uduzmuşdur. 20 yanvar 2024-cü il tarixdə Sakit ona zəng vurub demişdir ki, sabah gəlib malı yığacaq, o da ona demişdir ki, gəl yığ, çünki ona deməyə söz tapa bilməmişdir. 21 yanvar 2024-cü il tarixdə səhər tezdən o, Sakitə zəng vurub demişdir ki, “açar var, gəl gedək açarı götürək gələk, o fikirləşmişdir ki, yolda Sakitə desin ki, beh verdiyi pulu uduzub, ona vaxt versin pulu qaytarsın.” Həmin günü səhər tezdən Sakitin maşınına minib ona demişdir ki, “gedək açarı götürək.” O, Sakitin maşını ilə Şəmkir rayonunda üçyol adlandırdığı yerdə yerləşən “777” yanacaqdoldurma məntəqəsinin yanına getmişdir. O, orada maşından düşüb yanacaqdoldurma məntəqəsinə yalandan girib çıxmış və sonra yalandan demişdir ki, açarı götürdü. Onlar geri qayıdan vaxt o, yolda Sakitə demişdir ki, onun pulunu uduzub, malın yiyəsi də malı satmır, sonra cibindən bıçaq çıxarıb Sakitə uzatmışdır ki, “al məni öldür, yada vaxt ver sənin pulunu qaytarım.” Sakit də ona demişdir ki, “pula görə niyə səni vurmalıyam?, puldan ötəri özünü niyə öldürtmək istəyirsən?, pulu düzəldib verərsən.” Sonra Sakit ona demişdir ki, anbarda başqa mal varsa başqa malı versin. O, da demişdir var gəl gedək bax. Onlar birlikdə anbara getmişlər, Sakit onun göstərdiyi xurmalara baxmışdır, xurma yumşaq olduğu üçün xoşuna gəlməmişdir, buna görə də həmin xurmanı götürməmişdir. Bundan 3-4 gün sonra o, Sakitin Moskva şəhərində yaşayan şərikinin vasitəsilə əvvəlcə 2000 manat, daha sonra isə 700 manat cəmi 2700 manat Sakitin pulundan qaytarmışdır. Sonra Sakitə zəng vurub demişdir ki, məhləsini satıb onun pulunu hissə-hissə ödəyəcəkdir. O, Sakit ondan mal istəyəndə həmin günü malın sahibi Taleh adlı şəxslə danışmamışdır, Taleh həmin malı satmağa həmin günü razılıq verməmişdir, nə də Taleh ona deməmişdir ki, mala görə beh versin. Sadəcə olaraq Taleh 2023-cü ilin sonlarında ona demişdir ki, malı 11 manata istəyən olsa verərsən beh də alarsan. Lakin Sakit gəlib malı istədiyi günü, Taleh onun telefonunu açmamışdır, o da bir neçə vaxt əvvəl ona mala müştəri olsa satarsan deməsinə görə Sakitə demişdir ki, mal satılır, behi də almışdır ki, Talehə desin ki, 5000 manat beh veriblər. O, həmin pulları özü beh adı ilə Sakitdən almışdır və “Topaz” mərc oyunlarında mərc qoyub uduzmuşdur, onun beh almağından Taleh adlı şəxsin xəbəri olmamışdır. O, Sakitdən 5000 manat beh alıb uduzandan sonra Talehlə telefonla danışmış və ona demişdir ki, malı 11 manata istəyirlər, o da demişdir ki, yox satmır, o isə 12 manata satarsanmı demiş, sonuncu isə şərikinə deyər, razılaşsa əlaqə saxlayarlar. Lakin sonradan 12 manat satmağa da razı olmamışdır. O, həmin vaxt artıq beh kimi aldığı 5000 manat pulu uduzmuşdur. Lakin beh almağı barədə Talehə heç nə bildirməmişdir. Talehlə telefonla danışandan və Taleh ona xurmanı satmadığını bildirəndən sonra o yenə Sakitdən 10000 manat daha sonra isə 5000 manat beh adı ilə pul almışdır. O, ümumilikdə Zərərçəkmiş şəxs 20000 (iyrimi min) manat məbləğində pulu xurma sahibinə beh vermək adı ilə alıb həmin pulların hamısını mərc oyunlarında uduzmuşdur. Onun Zərərçəkmiş şəxs aldadaraq ondan xurmanı ona satmaq adı ilə 20000 manat pul almağı barədə soyuducu anbarın sahibi Şahid3 heç bir məlumatı olmamışdır, o bu barədə ona heç nə bildirməmişdir, ona deməmişdir ki, Talehin malını Zərərçəkmiş şəxs satmaq adı ilə beh almışdır. Onun Zərərçəkmiş şəxs pulu hansı məqsədlə almağı barədə Şahid2 heç bir məlumatı olmamışdır, onun Cümşüdlə yaxın münasibəti olmuşdur, ona görə də Cümşüdə demişdir ki, ona pul verməlidirlər, onun getməyə imkanı yoxdu, yolun kənarına çıxıb həmin adamdan pulu götürsün, ona çatdırsın, o da Zərərçəkmiş şəxs ona verdiyi 10000 manat məbləğində pulu götürüb, sonrada gətirib Düyərli kəndində işlədiyi anbarın yanında ona vermişdir. Sonrada özünün kartı olmadığı üçün ona demişdir ki, kartına pul göndərəcəklər həmin pulu çıxardıb ona gətirsin. O, da pulu kartdan çıxardıb gətirib ona vermişdir. Onun Zərərçəkmiş şəxs aldatmağından Şahid2 məlumatı olmamışdır, o ondan həmin pulu hansı məqsədlə almağını soruşmamışdır, o da ona bu barədə heç nə deməmişdir. Ümumiyyətlə o Zərərçəkmiş şəxs aldadaraq ondan xurma satmaq adı ilə beh almağı barədə heç kimə heç nə bildirməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı dövründə o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəyərək barışmasını və himayəsində 3 nəfər uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz rayonu Qovlar şəhərində yaşayır, fərdi əməklə məşğul olur. Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır, onu Rövşən kimi tanımışdır, onun adı X1 olmuşdur, sonradan o Rusiya Federasiyasından deportasiya olunduğu üçün adını soyadını və ata adını dəyişdirmişdir. Onun sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndində yerləşən Şahid3 məxsus soyuducuda işləyir, o da təxminən 3-4 il bundan əvvəldən bu ilə kimi Təqsirləndirilən şəxs işlədiyi soyuducudan malın altına qoymaq üçün palet adlandırdıqları ləvazimat və malın belini bağlamaq üçün lent almışdır. O, həmin əşyaları həmişə Təqsirləndirilən şəxs almışdır, aldığı malın pulunu da ona vermişdir. Dəfələrlə ona zəng vurub demişdir ki, mal lazımdı, o da demişdir ki, gəl apar o maşın göndərmişdir, o malı həmin maşına yükləyib göndərib pulunuda maşınla Səidin özünə göndərmişdir. Buna görə də o, fikirləşmişdir ki, həmin soyuducuda bütün işlərə Təqsirləndirilən şəxs nəzarət edir. xx.xx.2024-cü il tarixdə Moskva şəhərindən tanışları ona zəng vurub demişlər ki, xurma varsa xurma alıb onlara göndərsin. O, da Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, Siyasət müəllimin soyuducusunda həmişə xurma olurdu, yenə satlıq xurma varmı? Təqsirləndirilən şəxs ona demişdir ki, gəl bax xurma var. O da təkcə özünə məxsus avtomobillə Şəmkir rayonu Düyərli kəndinə Təqsirləndirilən şəxs işlədiyi Şahid3 məxsus soyuducuya getmişdir. Orada Səidlə görüşmüşdür, Səid soyuducunun qapısını açıb xurmaları ona göstərmişdir. O, soyuducudakı xurmanın videosunu çəkib Moskva şəhərində işləyən tanışına göndərmişdir. Onlar mala baxıb bəyənmişlər, demişlər ki, yaxşı maldı gör neçəyə verir. O, Səiddən xurmanın qiymətini soruşanda Səid kiməsə onun yanından zəng vurub xurmanın qiymətini soruşmuşdur, sonra ona demişdir ki, malın sahibi Taleh müəllim deyir ki, 5000 manat beh versin. O da onunla razılaşıb dərhal avtomobildən 5000 manat pul götürüb Təqsirləndirilən şəxs həmin malın hamısını götürmək üçün beh vermişdir. Təqsirləndirilən şəxs 5000 manat pulu beh kimi ondan götürmüşdür, sonra ona demişdir ki, malın sahibi Bakı şəhərindədi, oğlu deyir ki, o yanvar ayının 11-də yəni dörd gündən sonra gələcək o gələndə malı yığar. O da onunla razılaşıb demişdir ki, onlara denən ayın 11-də gəlib malın hamısını götürəcəkdir. 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, soyuducuya əmək müfəttişi gəlib, soyuducudakı bütün işçilərə cərimə yazıblar indi 5000 manat pul istəyirlər. Səid ona demişdir ki, Siyasət müəllim deyir ki, 3-4 gün gözləsin qoy əmək müfəttişləri çıxıb getsinlər sonra gəlib malı yığarsan. Səid ona belə deyəndə o, Şəmkir rayonu Düyərli kəndində Səidin işlədiyi soyuducuya getmişdir. Soyuducuya gedəndə görmüşdür ki, soyuducunun giriş qapısı bağlıdı, o inanmışdır ki, yəqin ki, həqiqətən yoxlama var ona görə soyuducunun qapısı bağlıdı, çünki, giriş qapısı həmişə açıq vəziyyətdə olmuşdur. O, iki gün sonra həmin soyuducuya gedib görmüşdür ki, soyuducunun giriş qapısı bağlıdır. Bundan sonra Səidə zəng vurmuşdur ki, o soyuducunun qarşısındadır, Səid darvazanı içəridən açıb çölə çıxıb ona demişdir ki, Siyasət müəllim deyir ki, burada heç kim görünməsin çıx get əlaqə saxlayarlar. O, da çıxıb öz işinin dalınca getmişdir. Həmin günün səhəri günü o Səidə zəng vurub demişdir ki, o maşınları danışıb gətirsinmi, Səid ona demişdir ki, danış, o da maşınların sürücüləri ilə danışıb demişdir ki, 15 yanvarda soyuducunun qarşısına gəlsinlər. xx.xx.2024cü il tarixdə gecə maşınların sürücüləri ona zəng vurub demişlər ki, qar yolu bağlayıb gələ bilmirlər. O da Səidə zəng vurub demişdir ki, yol qar olduğu üçün maşınlar gələ bilmədilər bir neçə günə gələcəklər. Həmin günün səhəri günü Səid ona zəng vurub demişdir ki, malın sahibi deyir ki, xaricə gedir oğluna 10000 manat pul lazımdı, malı nə vaxt istəsə yığıb aparsın, ona 10000 manat pul göndərsin. O, Səidə zəng vurub demişdir ki, pulu gətirib gəlir, onunla harada görüşəcəklərini soruşanda Səid ona demişdir ki, ona lazım deyil malın sahibinin qohumu ilə Zəyəmdə görüşərsən pulu da ona verərsən. Sonra ona həmin adamın telefon nömrəsini vermişdir, o bir nəfər tanımadığı şəxslə Şəmkir rayonu Zəyəm qəsəbəsində zavodun qarşısında görüşmüşdür, həmin şəxsə demişdir ki, pul sənəmi çatacaq, həmin adam da demişdir ki, ona çatacaq, bundan sonra o 10000 manat məbləğində pulu həmin Səidin ona dediyi şəxsə vermişdir. 19 yanvar 2024-cü il tarixdə maşınlar yenə gələ bilməmişlər, o Səidə zəng vurub demişdir ki, maşınlar xx.xx.2024-cü il tarixdə gəlib malı yığacaqlar, Səid də ona demişdir ki, heç bir problem yoxdu nə vaxt istəsəniz onda gəlin malınızı yığın. xx.xx.2024-cü il tarixdə Səid ona zəng vurub demişdir ki, malın sahibinin oğlu deyir ki, yeşik aldıqları adama borcu var, əlavə 5000 manat istəyir ki, həmin yeşiklərə olan borcunu versin. Səid ona kart atmışdır ki, 5000 manatı həmin karta göndər. O, demişdir ki, onsuzda sabah malı götürəndə pulunun hamısını verəcək, Səid ona demişdir ki, mal sahibinin oğlu gəlib deyir ki, 5000 manat pul indi çatmalıdı. O da ona inanıb Qovlar şəhərində yerləşən Qovlar marketin içərisində quraşdırılmış ödəmə terminalından Səidin ona göndərdiyi karta 4500 manat pul göndərmişdir, bundan təxminən 10 dəqiqə sonra isə öz kartından həmin Səidin ona göndərdiyi karta əlavə 500 manat da pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində Səid ona zəng vurub demişdir ki, Siyasət müəllim gecə Bakıya çıxıb soyuducunun açarlarını Şəmkir rayonunda “777” yanacaqdoldurma məntəqəsinə qoyub, gedib soyuducunun açarlarını oradan götürsünlər. O, Səidə demişdir ki, taksi ilə get götür gəl taksinin pulunu verəcəkdir. Səid ona demişdir ki, çöldə yağış yağır taksinin hardan tapsın, birlikdə gedib açarları götürüb qayıtsınlar. O, maşını sürüb Səidi Düyərli kəndindən götürmüş və birlikdə Şəmkir rayonu ərazisində yerləşən “777” yanacaqdoldurma məntəqəsinə getmişlər, orada o maşında gözləmiş, Səid maşından düşüb məntəqəyə girib qayıtmış və ona demişdir ki, açarları götürüb, artıq gedə bilərlər. Yolda ona demişdir ki, maşında siqaret çəkmək olarmı, o da demişdir yox. O ona demişdir ki, onda maşını saxla qoy bir siqaret çəksin, o maşını saxlamışdır, Səid düşüb siqaret çəkmişdir. Sonra qayıdıb maşına minəndə ondan soruşmuşdur ki, uşaqlar böyükdürmü, o da demişdir böyük uşaq 10-cu sinifdə oxuyur, o belə deyəndə ona demişdir ki, “sən məni dayandırdın.” Onlar Düyərli kəndinə çatanda ona demişdir ki, onu 10-cu küçəyə aparsın, paltarlarını dəyişsin. O, maşını sürüb onu 10-cu küçəyə aparmışdır, orada Səid əlini cibinə salıb bıçaq çıxardanda o, onun qolundan tutmuşdur, Səid ona demişdir ki, “qolumu tutma, bıçağı sənə verəcəm, səni vurmuram vursaydım səni çoxdan vurardım.” O, bıçağı ona uzadıb demişdir ki, “al məni öldür, mən öləsi adamam, mən alçağam.” O, ona demişdir ki, nədi mal yoxdumu, onda Səid ona demişdir ki, “həmin malı sənə verə bilmərəm gedək sənə başqa mal verim.” O da demişdir ki, “gedək ver.” Onlar birlikdə soyuducuya getmişlər, orada Səid ona başqa xurmaları göstərmişdir, o da baxıb görmüşdür ki, həmin mal yaxşı deyil o qiymətə bahadı. Buna görə həmin malı götürməmişdir. Səid ona and içib söz vermişdir ki, o, fevral ayının 10na kimi onun pulunun hamısını qəpiyinə kimi qaytarıb özünə verəcək. Lakin Səid ona tanışlarının vasitəsilə cəmi 2000 manat pul göndərmişdir, qalan 18000 manatını verməmişdir. Buna görə də o, məcbur olub şikayət etmişdir. O, hər dəfə soyuducuya gedib mala baxanda malın şəkillərini çəkəndə Səidlə danışanda malın qapısını açanda soyuducunun sahibi Siyasət müəllim orada olmuşdur, onu hər dəfə görüb lakin onların aralarında heç bir söhbət olmamışdır. O, bir dəfə də gəlib ondan soruşmamışdır ki, buradan kimin malını alırsan, hansı mala baxırsan kiminlə danışırsan. Buna görə də o düşünmüşdür ki, həmin işdə Siyasət müəllimin də əli var. Ancaq o, malı almaq üçün yalnız Təqsirləndirilən şəxsla danışmış, behi də Təqsirləndirilən şəxs vermişdir, 10000 manatını da Səidin dediyi adama vermişdir, 5000 manatı isə Səidin göndərdiyi karta göndərmişdir, 5000 manatını isə əlbəəl Təqsirləndirilən şəxs özünə vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 20000 (iyrimi min) manat məbləğində pul vermişdir, lakin o onun etibarından sui-istifadə edərək onu aldadıb, ona söz verdiyi malı ona verməmiş, onun ona beh kimi verdiyi pulunu da qaytarmamışdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır, lakin faktiki olaraq Şəmkir rayonu Seyfəli kəndində yaşayır, fərdi əməklə məşğul olur. Belə ki Rusiya Federasiyasına xurma və sair məhsulları göndərib orada satdırmaqla məşğul olur. Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs o, Rövşən kimi tanıyır, o Şəmkir rayonu Düyərli kəndində yerləşən tanışı Şahid3 məxsus soyuducuda fəhlə işləyir, onu həmin soyuducunun fəhləsi kimi tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır, onunla heç bir münasibəti də yoxdur. Onun Şahid3 ilə yaxın münasibəti var, o Siyasətə məxsus soyuducuda xurma saxlayır, həmin xurmanın çox hissəsini özü satmaq üçün Rusiya Federasiyasına göndərir, bir hissəsini isə müştəri olanda yerində satır. O, Rövşən kimi tanıdığı Təqsirləndirilən şəxs da həmin soyuducuda fəhlə işlədiyi üçün tanımışdır. 2024-cü ilin yanvar ayının 14-də Təqsirləndirilən şəxs ona zəng vurub ondan anbarda olan xurmanı satıb satmadığını soruşmuşdur, o da ona demişdir ki, o xurmanı satmır, satsa da baha qiymətə satır alan adama sərf eləməz hər yeşiyini 15 manata satır. Təqsirləndirilən şəxs ona demişdir ki, müştəri var 11 manatdan malının hamısını götürmək istəyir. O da ona demişdir ki, 12 manatdan aşağı vermir, 12 manata istəsə deyərsən şəriki ilə danışar. Bundan sonra Təqsirləndirilən şəxs ona yenə zəng vuranda ona demişdir ki, malı açıb göstərmə malı satmır. Təqsirləndirilən şəxs dəfələrlə ona zəng vurmuşdur, ondan xurmanı satmağını soruşanda, o hər dəfə bildirmişdir ki, satmır. Satsada 15 manata satır, sərf edirsə de almaq istəyən adam özü mənə zəng vursun. O, Təqsirləndirilən şəxsla telefonda danışdıqlarının hamısını qeyd etmişdir, həmin danışıqların səs yazıları ondadır, həmin səs yazılarını təqdim edə bilər. O, ifadəsində göstərdiyi kimi Rövşən kimi tanıdığı Təqsirləndirilən şəxs malını satacağına söz verməmişdir, ona demişdir ki, 12 manata istəsələr şəriki ilə danışar, ona malı satacağına söz verməmişdir, nə də Təqsirləndirilən şəxs deməmişdir ki, həmin şəxslərə desin ki, mala beh versinlər. Belə bir söhbət onların aralarında olmamışdır, Səid yalandan göstərmişdir ki, guya o Səidə demişdir ki, mala beh versinlər, belə bir söhbət onların aralarında olmamışdır. Hətta ona demişdir ki, malı 12 manata istəsələr şəriki ilə danışar, razılaşsalar deyərsən ona zəng vursunlar. O, Rövşən kimi tanıdığı Təqsirləndirilən şəxs heç vaxt deməmişdir ki, xurmanı satır, onlara de beh versin, onların aralarında belə bir söhbət olmamışdır. O, xurmanı həmin şəxslərə satmaq istəsəydi onlara deyəcəydi ki, gəlsinlər onun özü ilə görüşsünlər, onların özü ilə danışıb razılaşardı, o heç vaxt malı ikinci şəxsin vasitəsi ilə satmır, ancaq malı alan adamın özü ilə danışır, ya da Şahid3 özü ona desə ki, həmin mala müştəri var o Siyasətə inanıb mala görə beh istəməz. Həmin adamların xurmanı almaq istəməsi barədə Şahid3 ona heç nə deməmişdir, əgər Şahid3 ona desəydi bəlkədə o razılaşıb verərdi, çünki onunla çox yaxın münasibəti var. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, hal-hazırda Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır, ailəlidir 3 övladı var. Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs təxminən 8 aydır ki, tanıyır. Belə ki, o sonuncunun işlədiyi Düyərli kənd sakini Şahid3 məxsus soyuducuda mal yükləyəndə onu tanımışdır. Səidi Rövşən kimi tanımışdır, onu hamı Rövşən adı ilə çağırır. Onunla heç bir qohumluq əlaqələri və ədavəti yoxdur, münasibəti normal olmuşdur. O, tez-tez “Topaz” mərc oyunlarında mərc qoymuşdur, dəfələrlə onunla mərc qoymaq üçün pul göndərib, mərcdə udan vaxtı da ona 10-15 manat hörmət etmişdir. 13 yanvar 2024-cü il tarixdə səhər saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, qardaşı xəstədi o qardaşını rayona xəstəxanaya gətirmişdir, ondan xahiş etmişdir ki, bir nəfər ona pul gətirməlidi həmin pulu ondan götürsün, o kəndə qayıdanda pulu ona versin. Bundan sonra o ona telefon nömrəsi verib demişdir ki, həmin nömrəyə zəng vurub əlaqə saxlasın. O da Səidin ona verdiyi telefon nömrəsinə zəng vurmuşdur, həmin şəxsə demişdir ki, sizin nömrəni Səid verib dedi ki, sizdə pul var həmin pulu o götürməlidir. Həmin şəxs ona demişdir ki, “sən hardasan?, sən Zəyəm kəndinin dörd yoluna gələ bilərsənmi?” o da həmin adama demişdir ki, “ora gedə bilməyəcəm, Zəyəm qəsəbəsindəki “Texnalogiyalar” parkının yanına gəl orada görüşək.” Onlar telefonla danışandan təxminən 10 dəqiqə sonra o, Zəyəm qəsəbəsində yerləşən “Texnologiyalar” parkının qarşısına getmişdir, orada bir nəfər əvvəllər tanımadığı şəxslə görüşmüşdür. Həmin şəxs markasını xatırlamadığı “Jeep” markalı maşınla gəlmişdir, o onun maşınına oturmuşdur. O, maşında çıxardıb pulu ona vermişdir, o pulu götürüb maşından düşmək istəyəndə demişdir ki, pulu say o pulu sayan vaxt həmin şəxsə zəng gəlmişdir, o telefonla danışmağa başlamışdır. O, pulu saymışdır 10000 (on min) manat pul olmuşdur, o pulu götürüb maşından düşmüşdür, həmin şəxs telefonla danışa-danışa maşını sürüb çıxıb getmişdir. O, həmin 10000 manat məbləğində pulu götürüb öz yaşadığı evə getmişdir. Aradan təxminən 2 saat keçmiş, Səid ona zəng vurub demişdir ki, “gəlmişəm işdəyəm gəl.” O da özünə məxsus “VAZ 2106” markalı maşınla Şəmkir rayonu Düyərli kəndinə Siyasətin soyuducunun yanına getmişdir, oradan Səidə zəng vurub gəldiyini söyləmişdir. Səid ona demişdir ki, soyuducunun arxa tərəfinə gəl. O, soyuducunun arxa tərəfinə getmişdir, orada Səidlə görüşüb 10000 manat məbləğində pulu çıxardıb Səidə vermişdir. Səid həmin pulun üstündən 400 manat ona olan borcunu vermiş və əlavə ona 10 manat da benzin pulu vermişdir, o da çıxıb öz işinin arxasınca getmişdir. 21 yanvar 2024-cü il tarixdə günorta saatlarında Səid ona zəng vurub soruşmuşdur ki, sənin bank kartın varmı, o da demişdir ki, var. O, demişdir ki, “mənim kartım yoxdu, qardaşım yenə xəstələnib ona pul lazımdı, mənə pul göndərməlidirlər qoy sənin kartına vursunlar o pulu çıxart mənə gətir.” O, onunla razılaşanda demişdir ki, “sənə nömrə verəcəm həmin nömrəni qeydiyyata sal həmin nömərinin sahibinə kartının şəkilini göndər altınada yaz “Salam Rövşən göndərdi”. O, da Səidin ona göndərdiyi telefon nömrəsini yaddaşa salıb vatsap vasitəsilə həmin şəxsə “Salam Rövşən göndərdi” yazmışdır, sonrada kartının şəkilini göndərmişdir. Aradan bir az keçəndən sonra onun telefonuna SMS gəlmişdir ki, kartınıza 4500 manat pul köçürüldü, təxminən 5 dəqiqə keçəndən sonra yenə SMS gəlmişdir ki, kartınıza 500 manat pul köçürüldü. O, kartında olan cəmi 5000 (beş min) manat pulu Zəyəm qəsəbəsinin mərkəzində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxardıb yenə özünə məxsus “VAZ 2106” markalı avtomobillə Düyərli kəndinə getmişdir. Orada yenə Səidə zəng vurmuşdur, Səid ona demişdir ki, arxa tərəfə gəl, o soyuducunun arxa tərəfinə gedib orada Səidlə görüşmüş və həmin 5000 (beş min) manat məbləğində pulu Səidə vermişdir. Səid də ona 10 manat benzin pulu vermişdir, o da çıxıb öz işinin arxasınca getmişdir. O, Təqsirləndirilən şəxs həmin pulları hansı məqsədlə almasını bilməmiş, bu barədə o Təqsirləndirilən şəxs heç nə soruşmamışdır, onun özüdə ona heç nə deməmişdir, pulu ona verən adam da ona bu barədə heç nə deməmidir. Təqsirləndirilən şəxs özü onun kartına pul göndəriləndə demişdir ki, qardaşı xəstədi ona pul lazımdı. Həmin puldan Səid ona hər dəfə 10 manat Zəyəm qəsəbəsindən Düyərli kəndinə getdiyi üçün benzin pulu vermişdir, birinci dəfə 10000 manat pulu alanda isə ona olan 400 manat borcunu həmin puldan vermişdir. O, Təqsirləndirilən şəxs həmin pulu ona verən şəxsi aldatmasından xəbəri olmamışdır. Bu barədə o yalnız həmin şəxs şikayət edəndən sonra o izahat vermək üçün Qovlar polis bölməsinə gedəndə xəbər tutmuşdur. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, hal-hazırda Şəmkir rayonu Düyərli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, ailəlidir 2 övladı var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur, belə ki, Şəmkir rayonu Düyərli kəndində özünə məxsus soyuducusu var, həmin soyuducuda meyvə məsulları saxlayır. Şəmkir rayonu Düyərli kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluq əlaqələri və ədavəti yoxdur. Təqsirləndirilən şəxs təxminən 6 ildir ki, ona məxsus soyuducuda fəhlə işləyir. Qovlar şəhər sakini Zərərçəkmiş şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, onun yanında Təqsirləndirilən şəxs soyuducunu açıb heç kimə mal göstərməmişdir. 07 yanvar 2024-cü il tarixdə o, Bakı şəhərində olmuşdur, ayın 9-da kəndə qayıtmışdır, ola bilsin ki, həmin günü onun soyuducusunda olmadığından istifadə edib anbarı açıb həmin adama malı göstərmişdir, ancaq onun bundan xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mal satacağına söz verməsindən xəbəri olmamış, ona Təqsirləndirilən şəxs bu barədə heç nə deməmişdir. Ümumiyyətlə onun icazəsi olmadan heç kim soyuducudan mal çıxardıb sata bilməz, nə də heç kim malı satmaq üçün danışıq apara bilməz. O, soyducuda işləyənlərin heç birinə belə bir səlahiyyət verməmişdir. Təqsirləndirilən şəxs da soyducudakı malı satmağa və yaxud da satmaq üçün kiminləsə danışmağa ixtiyarı yoxdur. Malı almaq istəyən yalnız onun özü ilə danışır, o da malın sahibi ilə danışır, malın sahibi özü gəlib malını satır və yaxud da beh alır. Zərərçəkmiş şəxs onun yanında anbara gəlib anbarın içərisindəki mala baxmamışdır, o Təqsirləndirilən şəxs həmin şəxsi aldadaraq ondan beh alması haqqında yalnız Zərərçəkmiş şəxs şikayət edəndən sonra xəbər tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Düyərli kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Leyla, xx.xx.2011-ci ildə anadan olmuş Lalə və xx.xx.2013-cü ildə anadan olmuş Musa adlı 3 (üç) nəfər uşaqları var. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurlmuş 20000 manat maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(062)- 12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(062)-80/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 3 (üç) nəfər uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 01 (bir) ay 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) ay 06 (altı) gün ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar