Məhkəmə qərarları › İş №1(062)-80/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-80/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-80/2025 13.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X6 və xx.xx.2021-ci ildə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 2(015)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)- 851/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün, habelə həmin məhkəmənin 3(062)- 180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək 4590,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildə məhkəmə qətnaməsi üzrə iddiaçı Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, lakin nikahları rəsmiləşdirilməmişdir. Faktiki nikahlarından xx.xx.2018-ci il tarixdə Bahar, xx.xx.2021-ci il tarixdə isə İsmayıl adını verdikləri iki uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə evli olduqları müddətdə ərzində Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi qaydada təsərrüfat işlərilə məşğul olurmuş, aylıq gəliri 400,00- 450,00 manat civarında olubdur. Ailə qurduqdan sonra bir müddət ailə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmağa başlamışdır. Zərərçəkmiş şəxs onu bir ər olaraq sayıb hörmət etmirmiş, bu səbəbdən də 2022-ci ilin avqust ayının əvvəlləri ayrılıblar. Həmin vaxt uşaqları Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin 2(015)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş Bahar və xx.xx.2021-ci ildə anadan olmuş İsmayıl adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə üzrə Tovuz icra və probasiya şöbəsində başlanılmış icraat dövründə yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. İcra məmuru tərəfindən yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Həmin qətnaməni icra etmədiyinə görə dəfələrlə izahatları alınaraq məsuliyyəti izah edilmiş, dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmiş, ölkədən getmək hüququ məhdudlaşdırılmış, iki dəfə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyi barədə dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)- 76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2022- ci il tarixindən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 6760,00 manat alimen borcundan icra dövründə Zərərçəkmiş şəxs xeyrinə cəmi 2170,00 manat ödəniş etmiş lakin ödənilməmiş aliment borcu 4590,00 manat təşkil edir. Hazırda heç bir yerdə işləmir. Maddi imkanı olmadığı üçün aliment borcundan heç bir ödəniş edə bilməmişdir. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Firidin qızı ifadəsində göstərdi ki, 2017-ci ildə məhkəmə qətnaməsi üzrə cavabdeh Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, lakin nikahları rəsmiləşdirilməmişdir. Faktiki nikahlarından xx.xx.2018-ci il tarixində Bahar və xx.xx.2021-ci il tarixində İsmayıl adını verdikləri iki uşaqları dünyaya gəlmişdir. Uşaqlar hazırda onun himayəsindədir. Təqsirləndirilən şəxs evli olduqları müddət ərzində Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi qaydada təsərrüfat işlərilə məşğul olub, aylıq gəliri 500,00-600,00 manat təşkil edirmiş, onunla əvvəlcə münasibətləri normal olsa da sonradan baş vermiş söz-söhbətlərə görə münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs evli olduqları müddət ərzində ailə başçısı kimi öz vəzifələrini yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs səhlənkarlığı ucbatından nikahları rəsmiləşdirilməmiş və buna görə də, uşaqları atasının soyadından məhrum olunmuşdur. Ailə daxili yaranmış söz-söhbətlərə görə 2022-ci ilin avqust ayından Təqsirləndirilən şəxs ayrılaraq uşaqları ilə birlikdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ata evinə getmişdir. Hal-hazırda həmin ünvanda uşaqları ilə birlikdə yaşayır. Bundan sonra da Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə o, 2023-cü ilin əvəllərində atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində aliment alınaraq, onun xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə üzrə Tovuz rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat dövründə icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik yaratmaq məqsədilə icra məmurunun çağrışlarına gəlməmiş və xəbər vermədən yaşayış yerini qəsdən dəyişmişdir. Axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs icra qrumuna təqdim edilsə də o, müxtəlif bəhanələr gətirərək yaranmış aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs iki dəfə inzibati qaydada həbs olunmasına və ölkədən getmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İnzibati həbsdən sonrada ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamə üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 6760,00 manat aliment borcundan icra dövründə cəmi 2170,00 manat ödəniş etsə də, xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş aliment borcu 4590,00 manat təşkil edir. Borclu Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs fərdi qaydada usta yanında fəhlə kimi işləyir və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2021-ci ildə anadan olmuş İsmayıl və xx.xx.2018-ci ildə anadan olmuş Bahar adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də, icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı elektron icra sistemi vasitəsi ilə yoxlanılmış, lakin borcluya məxsus əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs aliment üzrə borclarından ödəniş etməməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınması üçün dəfələrlə çağırışlar edilsə də, o, icra məmurunun çağırışlarına gəlməmiş və buna görə də, onun barəsində axtarış tədbirləri tətbiq edilmişdir. Polis əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Borclu Təqsirləndirilən şəxs izahatı alınaraq yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən aliment borcunu ödəməkdən yayındığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs yenə də, yaranmış aliment borcunu ödəməmiş və icra məmurunun çağrışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmişdir. Borclu Təqsirləndirilən şəxs yaşayış yerini müəyyən etmək məqsədilə yenidən onun barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Tovuz rayon polis şöbəsinə göndərilmiş, polis əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Borclu Təqsirləndirilən şəxs yenidən izahatı alınaraq yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən aliment borcunu ödəməkdən yayındığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbsdən sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana gedilmiş və borclunun qeydiyyatda olduğu ünvandakı fərdi yaşayış evinə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamə üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 6760,00 manat aliment borcundan icra dövründə cəmi 2170,00 manat ödəniş etsə də, xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş aliment borcu 4590,00 manat təşkil edir. Borcu Təqsirləndirilən şəxs rayon ərazisində fərdi qaydada fəhləlik edərək kifayət qədər gəlir əldə etməsinə baxmayaraq yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin 2(015)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-76/2023 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-76/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2021-ci ildə anadan olmuş İsmayıl və xx.xx.2018-ci ildə anadan olmuş Bahar adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - «İcraata başlama haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-76/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icraata başlanmışdır. - «Tələbin könüllü icrası barədə» xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və dərhal icra sənədinin icra edilməsi tələb edilmişdir. - Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(062)-851 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-180 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(062)-108 saylı qərardadı ilə Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-76/2023 saylı icra sənədi üzrə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - X1 Qazax-Tovuz regional məşğulluq filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-2/2-4438/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz və ya işaxtaran kimi qeydiyyata alınmamışdır. - Tovuz Rayon İcra və Probasiya şöbəsi icra məmuru tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. - Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Aşağı Quşçu kəndində yaşadığı müddətdə qonşularla, qohumlarla, yaşıdları ilə yaxşı münasibətdə olmuşdur. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmənin qənaətinə görə cəzanın növü və həddi müəyyən edilərkən, cəza təyin etmənin ümumi prinsipləri rəhbər tutulmalı, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmaması qeyd edilməli, zərərçəkmiş şəxsin ondan şikayətçi olması, zərərçəkmiş şəxslə razılıq əldə olunmaması, qismən ödəniş edilməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin uzun müddət icra etməməklə ədalət mühakiməsi əleyhinə olan cinayət törətməsini, alimentin ödənilməməsinin yetkinlik yaşına çatmayan şəxslərin mənafeyinə ciddi zərər verməsini, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qaçıb gizlənməsi, axtarışda olub cinayət məsuliyyətindən yayınmağa cəhd göstərməsi nəzərə alınmalı və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə onun məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar