Məhkəmə qərarları › İş №1(062)-83/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-83/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-83/2024 15.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə 15 may 2024-cü il tarixdə Tovuz şəhərində xx.xx.1976-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, DOST MMC-də fəhlə işləyən, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış, Tovuz rayon X3 polis bölməsinin əməkdaşları tərəfindən 18 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu Düz Qırıqlı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Tovuz rayon X3 polis bölməsinə dəvət olunmuş və Tovuz rayon X3 Polis Bölməsinin inzibati binasında həmin tarixdə üzrəində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən iyirmi ildən çoxdur ki, narkotik vasitə olan qururdulmuş marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən küçəyə çıxaraq piyada kəndin mərkəzinə doğru hərəkət edərkən küçədə mülki geyimdə olan üç nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Tovuz rayon X4 dəvət etmişlər. Polis əməkdaşları onu nə üçün polis bölməsinə gətirdiklərini izah etmiş, onun müdafiə hüquqları təmin edilmiş, vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən daşınması, saxlanması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmetlər olub-olmaması soruşulmuş, o üzərində daşınması və saxlanması qadağan olunmuş marixuananın olmasını bildirib əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən kibrit qutusunda olan marixuananı təqdim etmişdir. Özünün, iştirakçıların və müdafiəçinin iştirakı ilə kibrit qutusu içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və ümumi çəkisi 9,39 qram olmuş, təhqiqatçı tərəfindən rəsmiləşdirilərək götürülmüş, zərfin üzərini və protokolu digər iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı üzərində olub təqdim etdiyi bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı 2023cü ilin iyul ayının ortalarında Kür çayının Tovuz rayon Düz Qırıqlı kəndindən keçən hissəsinin sahilində yabanı halda bitmiş çətənə kolunun yarpaq hissəsindən toplayıb həmin yerin yaxınlığında qurudaraq iki ədəd kibrit qutusunda yerləşdirmiş, bir kibrit qutusunu özü istifadə etmiş və digər kibrit qutusunda olan qurudulmuş marixuananı isə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin kibrit qutusunda olan marixuananı istifadə etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə dəvət edilmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsimdə 3 azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ Qovlar PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat tədbiri nəticəsində 18 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən, yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq Tovuz rayon X3 Polis Bölməsinə dəvət olunmuş, hüquq və vəzifələri izah edilməklə müdafiə hüquqları təmin ediıldikdən sonra şübhəli şəxs qismində Tovuz rayon X3 Polis Bölməsinin inzibati binasında həmin tarixdə, saat 22:15-dən saat 22:50 -dək olan müddət ərzində üzərində müdafiəçinin və digər şəxslərin iştirakları ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd kibrit qutusu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açılan zaman onun içərisindən yaşıl rəngli kəskin iyli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içindən aşkar olunmuş yaşıl rəngli kəskin iyli kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır və 2023-cü ilin yay aylarında Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsinin sahilində tapıb üzərində saxlamışdır. Narkotik vasitə aludəçisi olduğundan həmin narkotik vastəni özü istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş bir ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli kəskin iyli kütlə çəkilmiş kibrit qutusu ilə birlikdə çəkisi 9,39 qram olmuşdur. İş üzrə Şahid3 və ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 verdiyi ifadə ilə eyni məzmunludur. İşin 35-ci vərəqəsində olan 19 fevral 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 36-cı vərəqəsində olan 19 fevral 2024-cü il tarixli 16/232 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ qabaq cibində olan aşkar olunmuş yaşıl rəngli kəskin iyli kütləni qablaşdırdı..” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 89-cu vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 68-69-cu vərəqəsində olan tələbnamədən, Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. İşin 63-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 66-cı vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Atəş, xx.xx.2012-ci il təvəllüdlü Aytac və xx.xx.2018-ci il təvəllüdlü Qiyas adlı uşaqları vardır. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 04 aprel 2024-cü il tarixli 579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 8-ci vərəqəsində olan 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli 579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 6.23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəklmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 6,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar