Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-83/2025 29.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Tovuz rayonu Qalaboyun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 09:30-da aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Tovuz rayonu Abulbəyli kəndində birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs yumruqla üz nahiyyəsinə vuraraq sonuncuya sağ gicgah və ənsə nahiyələrinin qançır-şişkinliyi, sağ bazu, boyun, alt çənə və çənəaltı nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və sağ üst göz qapağının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məğuldur. Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2012-ci il tarixdə rəsmi ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Zülfiyyə ilə münasibəti həmişə yaxşı olmuşdur. Lakin son zamanlar aralarında kiçik ailə daxili münaqişələr yaranmağa başlamışdır. Bu səbəbdən onların münasibəti soyumuşdur. Zülfiyyə ondan boşanmaq üçün hətta məhkəməyə belə müraciət etmişdir. Ancaq onlar öz aralarında olan narazılığı yoluna qoya bilmişdir. Hazırda o, Zülfiyyə ilə birlikdə Tovuz rayonu Abulbəyli kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, əkin sahəsinə öz “Qazel” markalı avtomobili ilə fəhlə aparmışdır. Yolda olanda Zülfiyyə ona zəng edərək evə nə vaxt gələcəyini soruşmuşdur. O, isə ona evə gec gələcəyini bildirmişdir. Lakin saat təxminən 09 radələrində o, fəhlələri sahəyə düşürüb evə geri qayıtmışdır. Evə çatanda Zülfiyyənin evdə səsinin gəldiyini eşitmişdir. Diqətlə qulaq asdıqda Zülfiyyənin kiminləsə telefonla danışdığının şahidi olmuşdur. Bir müddət telefonla danışdıqdan sonra Zülfiyyə evin qapısını açıb çölə çıxmışdır. Bu zaman qapının qarşısında onu görüb evə geri qayıtmışdır. O, da onun arxası ilə evə daxil olmuşdur. O, Zülfiyyədən telefonla danışdığı şəxsin kim olduğunu soruşmuşdur. O, isə telefonla danışdığını etiraf etməmişdir. Belə ki, Zülfiyyə “Tik-tok” platformasında paylaşımlara baxdığını bildirmişdir. O, Zülfiyyəyə inanmadığı üçün onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşib Zülfiyyəni yumruq və sillə ilə bədənin müxtəlif nahiyələrinə vurmuşdur. O, Zülfiyyəni döyərkən, sonuncu onun əlindən çıxıb qaçmaq istəmişdir. O, Zülfiyyənin saçından tutub geri çəkmiş və onun qaçmasına mane olmamışdır. Lakin Zülfiyyə evin hasarına çıxıb oradan küçəyə qaçmışdır. O, öz avtomobiliylə onun arxası ilə getmişdir. Küçənin başında onu avtomobilə əyləşdirib atası evinə aparmışdır. Arvadı Zərərçəkmiş şəxs aralarında yaranan mübahisə zamanı xx.xx.2025-ci il tarixdə saat 09:30-da birgə yaşadığı Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evində döyərək xəsarət yetirmişdir. Həmin vaxt onlar evdə tək olmuşdur. Aralarında olan münaqişəni ətrafda heç kim görməmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışaraq bir evdə yaşayırlar, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Tovuz rayonu Dondar Quşcu kənd sakini Təqsirləndirilən şəxs onun əridir. O, Azərlə 2012-ci ildə rəsmi ailə həyatı qurmuşdur. Onların birgə nigahdan iki övladları dünyaya gəlmişdir. Onlar ailə qurduqdan bir müddət sonra Azərlə aralarında ailədaxili kiçik mübahisələri yaranmağa başlamışdır. Onların arasında yaranan mübahisələrin səbəbi Azərin ailəni dolandırmaması olmuşdur. Belə ki, Azər evin maddi tələbatlarını ödəməmiş, pulu əxlaqsız qadınlara sərf etmişdir. O, Azərin bu kimi hərəkətlərinə dözməyib 2024-cü ilin aprel ayında boşanmaq məqsədi ilə Tovuz rayon məhkəməsinə müraciət etmişdir. O, Məhkəməyə müraciət etdikdən sonra Azər pis vərdişlərindən əl çəkəcəyinə və ailəcanlı olacağına söz vermişdir. O, bunun üçün yenidən məhkəməyə müraciət edərək şikayətçi olmadığını bildirmişdir. Lakin Azər onun bütün çabalarına baxmayaraq düzəlməmişdir. Lakin o, ailəsini dağıtmamaq üçün yenə də Azərlə Tovuz rayonu Abulbəyli kəndində özünə məxsus fərdi yaşayış evində yaşamağa razı olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Azər fəhlələri sahəyə aparmaq üçün idarə etdiyi “Qazel” markalı sərnişin avtomobili ilə evdən çıxıb getmişdir. O, isə evin yır-yığış işləri ilə məşğul olmuşdur. Evdə olarkən darıxmamaq üçün “Tik-tok” sosial platformasında canlı yayında olan paylaşımlara baxaraq ev işlərini görmüşdür. Saat 09:30 radələrində o, evdə olarkən Azər evə gəlmişdir. Onun Azərin evə gəlməyindən xəbəri olmamışdır. Azər evə gələndə o, “Tik-Tok” sosial platformasında canlı yayında olan danışıqlara qulaq asmışdır. Canlı yayında qadın və kişi cinsindən olan şəxslər vardır. O, mobil telefonda canlıda olan şəxslərin izləyə-izləyə evin giriş qapısına doğru gəlmişdir. Bu zaman əri Azərin qapının qarşısında dayanaraq ona qulaq asdığını görmüşdür. Azər onun əlində mobil telefonu görüb kiminlə danışdığını soruşmuşdur. O, Azərə heç kimlə danışmadığını, “Tik-Tok” sosial platformasında yayımlanan canlıda olan şəxslərin danışığına qulaq asdığını bildirmişdir. Azər mobil telefonu ona verməyini istəmişdir. O, heç nə demədən telefonunu Azərə vermişdir. Azər telefonu ondan alıb bir neçə dəqiqə telefonda olan mesajlara baxmışdır. Azər qəfildən əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Azər onu döydükdən sonra saçından tutub mətbəxə aparmışdır. O, Azərin əlindən çıxıb həyətə qaçmışdır. Daha sonra evin daş hasarından aşaraq yola çıxmışdır. Azər avtomobili ilə onun arxasınca gələrək avtomobilinə mindirmişdir. Azər onu Tovuz rayonu Kirən kəndinə atası evinə aparmışdır. Əri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-da aralarında yaranan münaqişə zamanı Tovuz rayonu Abulbəyli kəndində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində onu döyərək xəsarət yetirmişdir. Həmin vaxt onlar evdə tək olmuşdur. Aralarında olan münaqişəni başqa heç kim görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışaraq bir evdə yaşayırlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 379 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ üst göz qapağının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sağ gicgah və ənsə nahiyələrinin qançır-şişkinliyi, sağ bazu, boyun, alt çənə və çənəaltı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlməsi istisna edilmir. Həmin xəsarətlərdən sağ üst göz qapağının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Dondar Quşçu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Asim və xx.xx.2015-ci ildə anadan olmuş Aylin adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-83/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-83/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver