Məhkəmə qərarları › İş №1(062)-84/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-84/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-84/2023 20.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi X4 və Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-84/2023 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində atası X2 məxsus olmaqla etibarnamə və sürücülük hüququ əsasında idarə etdiyi “Mercedes Benz-190 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, həmin yolda geriyə dönmək üçün manevr etmək istəyən “VAZ 2106 minik” markalı, **-LA-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 2106 minik” markalı, **-LA-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qarnının sidik kisəsinin cırılması nəticəsində inkişaf edən kəskin qanitirmə ilə müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına və “VAZ 2106 minik” markalı **-LA-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə 2652 manat maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Qarayev küçəsi ev 22 mənzil 11-də anası Almaz Hüseynova, azyaşlı övladları Aysu Hüseynova, Eşqin Hüseynov və Əmiraslan Hüseynov ilə birlkdə yaşayır. Arvadıyla 2022-ci ilin fevral ayından etibarən boşanmışdır. Uşaqlar onun himayəsindədir və özü baxır. Hadisə zamanı idarə etdiyi “Mercedes 190” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobil özünə məxsudur. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2022-ci ilin oktyabr ayı ərzində o, Tovuz rayonunda yerləşən "xxxx" MMC-də fəhlə kimi çalışırmış. Həmin ərəfələr o, Tovuz rayonunda tanışları ilə birlikdə kirayədə yaşamışdır. Hər gün usta tanışları ilə Ağstafa rayonunda yerləşən "xxxx" MMC-nin yeni tikilmiş binasının rəngsazlıq işlərini görmək üçün, Ağstafa rayonuna gedib-gəlmişlər. xx.xx.2022-ci il tarixdən saat təxminən 09 radələrində hər gün olduğu kimi o, idarə etdiyi “Mercedes 190” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobillə tanışı Cəfərlə birlikdə digər usta yoldaşı olan Kənan adlı şəxsi də rayon ərazisindən götürüb, Ağstafa rayonuna tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxtı Kənan arxa oturacaqda, Cəfər isə ön sərnişin oturacağında əyləşmişlər. Tovuz şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən “VAZ 2106” markalı avtomobil qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin avtomobil yolun kənarı ilə asta sürətlə hərəkət edərək anidən geriyə dönmə manevri etmişdir. Hadisə qəfildən baş verdiyindən və məsafə az qaldığı üçün o, hadisənin qarşısını almaq üçün heç bir tədbirdən istifadə edə bilməmişdir. O, yoluna çıxan “VAZ 2106” markalı avtomobili sol yan tərəfindən vurduqdan sonra əks istiqamət zolağına çıxıb kənarda dayanmış “VAZ 2107” markalı avtomobil ilə toqquşub dayanmışdır. Həmin vaxt o, prospekt ilə 55-60 km/saat həddi ilə hərəkət etmişdir. Baş vermiş hadisədən peşmandır və hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Belə ki, zərərçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Odur ki, barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun əri olmuşdur. Əri vəfat etdiyi üçün onun hüquqi varisi kimi tanınmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Onlara dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, ailəsinin tələbatlarını ödəmək üçün aşbaz kimi çalışır. “VAZ 2107 minik” markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun özünə məxsudur. Həmçinin AE 341176 seriya nömrəli sürücülük vəsiqəsi vardır. 10 noyabr 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində, yaşadığı Tovuz rayonu Mülkülü kəndindən özünə məxsus avtomobil ilə Tovuz rayon istiqamətinə tərəf gəlmişdir. O, Tovuz rayonu Abulbəyli kənd ərazisində yerləşən “Uğurlu” şadlıq sarayına işə gedirmiş. Heydər Əliyev prospektində olarkən siqaret almaq üçün marketlərin birinin qarşısında saxlamışdır. O, dükanın içində olarkən ilk öncə toqquşma səsi eşitmiş, ardınca isə “Mercedes-190” markalı avtomobilin, yolun kənarında saxladığı, ona məxsus, avtomobilin ön hissəsilə toqquşduğunu görmüşdür. Onun avtomobilinə zərər dəyməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Karat” qızıl dükanın qarşısında baş vermişdir. Hadisənin baş verdiyi avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman quru, hamar, düz olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş avtomobil yolunun ümumi eni 10,9 metrdir. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün səki nəzərdə tutulmuşdur. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran xətt yoxdur. Baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs özünə məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz-190 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən həmin yolda geriyə dönmə nanevri etmək istəyən “Vaz 2106 minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verdiyi ərazi yaşayış sahəsidir. Hadisə yerinə yaxın ərazidə piyadalar üçün piyada keçidi vardır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər və hadisə yerinin sxemi çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı “Mercedes Benz-190” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillər hadisə yerində müəyyən edilmişlər. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər qarının sidik kisəsinin cırılması nəticəsində inkişaf edən kəskin qanitirmə ilə müşayiət edilən küt travması kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sürücüsü olduğu avtomobilin hərəkətdə olan digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/40 nömrəli rəyindən görünür ki, “VAZ 2106 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz 190 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi iləyanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Eyni zamanda məhkəmə onu da göstərir ki, Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Gülcöhrə Quliyeva ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Prosessual Məcəllənin 43cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz-190 minik” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106 minik” markalı **-LA-*** dövlət qediyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz-190 minik” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106 minik” markalı **-LA-*** dövlət qediyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar