Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-84/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1982-ci ildə Tovuz rayon Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla orada yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin balansında olan Tovuz rayonu Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasos stansiyasının binasının qarşısında torpağa basdırılmış 3 ədəd, hər biri 7 metr uzunluğunda, 1220 mm diametrli, 1,5 sm qalınlıqda, 1985-ci ildə Rusiya SSR-də istehsal olunmuş, 1987-ci ildən istismara qəbul edilmiş, hər birinin dəyəri 2450 (iki min dörd yüz əlli) manat olmaqla, cəmi 7350 (yeddi min üç yüz əlli) manat dəyərində dəmir materiallı ictimai əhəmiyyətli su boru xəttlərini oğurlamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin balansında olmaqla Tovuz rayonu Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasos stansiyasının binasının qarşısında torpağa basdırılmış həmin dəmir materiallı ictimai əhəmiyyətli su boru xəttlərinin üzərində olan torpaq qatını cinayətdən xəbəri olmayan Şahid1 idarə etdiyi ekskavator vasitəsi ilə üç yerdən qazıb götürərək oradan 1 ədəd, 7 metr uzunluğunda, 1220 mm diametrli, 1,5 sm qalınlıqda, 1985-ci ildə Rusiya SSR-də istehsal olunmuş, 1987-ci ildən istismara qəbul edilmiş, 2450 (iki min dörd yüz əlli) manat dəyərində dəmir materiallı ictimai əhəmiyyətli su boru xəttini kəsib cinayətdən xəbəri olmayan Şahid2 idarə etdiyi “Kamaz 5511” yük markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib oradan apararaq oğurlamış, 2 ədəd, hər biri 7 metr uzunluğunda, 1220 mm diametrli, 1,5 sm qalınlıqda, 1985-ci ildə Rusiya SSR-də istehsal olunmuş, 1987-ci ildən istismara qəbul edilmiş, hər birinin dəyəri 2450 (iki min dörd yüz əlli) manat məbləğində olan dəmir materiallı ictimai əhəmiyyətli su boru xətlərinin üzərindəki torpaq qatını qazıb götürdükdən sonra Tovuz rayon polis şöbəsinin əməkdaşları hadisə barədə məlumat alıb müvafiq araşdırmaya başladığından, özündən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək həmin boruları, yəni xeyli miqdar təşkil edən cəmi 7350 (yeddi min üç yüz əlli) manat dəyərində olan dəmir materiallı ictimai əhəmiyyətli su boru xəttlərini oğurlamağa cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu ərazisindən keçən Kür çayının sol sahilində Ceyrançöl qış otlaq sahəsində 4 pilləli su nasosu stansiyasının olduğunu, həmin su nasosu stansiyasından çıxan boruların istismara yararsız olduğunu bilmişdir. O, xx.xx.2023-cü il tarixdə əvvəl özü tək gedib həmin yerə baxmışdır. O, həmin yerdə olan zaman 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinin dəmir su borularını çıxarıb satmaq qərarına gəlmişdir. Çünki 4-cü pillə daha uzaqda yerləşdiyindən düşünmüşdür ki, bundan heç bir kəsin xəbəri olmayacaqdır. O, bu niyyətlə əvvəllər tanıdığı Elşad adlı ekskavator sürücüsünə zəng vurub ona köməklik etməyini xahiş etmişdir. Bu zaman Elşad ona demişdir ki, sən bununla bağlı kimdənsə icazə almısanmı? O da Elşada başa salmışdır ki, həmin boru istismara yararsız olduğu üçün kimdənsə icazə almağına ehtiyac yoxdur. O, maraqlanmışdır ki, istismara yararsız boruları götürmək olar. Həmçinin o, Elşada yalandan demişdir ki, o, bu işlə bağlı X2 İdarəsindən icazə almışdır. Elşad da ona inanıb xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində onunla birlikdə idarə etdiyi dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı ekskavatoru ilə həmin yerə, yəni Tovuz rayonu Ceyrançöl ərazisində, Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinin qarşısına gəlmişdir. Həmçinin Elşad bu işi görməyi müqabilində ondan zəhmət haqqı kimi 500 (beş yüz) manat pul alacağını demişdir. Elşad özünə məxsus 90-M-865 dövlət qeydiyyat nömrə nişanlı ekskavatorla həmin boruların üstünü qazmağa başlamışdır. Onlar paralel yerdə qazıntı işləri aparmağa başlamışlar. Həmin gün axşama qədər boruların üstünü açmışlar. O, oraya gedərkən özü ilə qazla işləyən dəmir kəsən aparatını da aparmışdır. O, oraya çatıb nasos stansiyasından çıxan borulardan birini kəsməyə başlamışdır. Həmin dəmir su borusu təxminən 5-6 metr uzunluğunda və 1000- 12000 mm-lik diametrdə olmuşdur. O, həmin vaxt dəmir su borusunu metrə ilə ölçmədiyi üçün onun dəqiq uzunluğunu və diametrini bilməmişdir. Ondan sonra o, Rüstəm adlı “Kamaz” markalı yük avtomobili sürücüsünə zəng edib Tovuz rayon Ceyrançöl ərazisinə gəlməsini xahiş etmişdir. Rüstəm adlı şəxs ondan nə ilə bağlı yükün həmin əraziyə gəlməli olduğunun səbəbini soruşmuşdur. Bu zaman o, Rüstəm adlı tanışına yük avtomobili ilə istismara yararsız olan dəmir su borusunu Tovuz rayon Ceyrançöl ərazisindən götürmək lazım olduğunu bildirmişdir. Bu zaman Rüstəm adlı şəxs ona demişdir ki, sən bununla bağlı kimdənsə icazə almısanmı? O da Rüstəm adlı şəxsə başa salmışdır ki, həmin boru istismara yararsız olduğu üçün kimdənsə icazə almağına ehtiyac yoxdur, o, maraqlanmışdır, istismara yararsız boruları götürmək olar. Həmçinin o, Rüstəm adlı “Kamaz” markalı yük avtomobili sürücüsünə yalandan demişdir ki, o, bu işlə bağlı X2 İdarəsindən icazə almışdır. Həmin vaxt Rüstəm adlı şəxs ona inanıb zəhmət haqqı kimi ondan 100 (yüz) manat pul alacağını demişdir. O da Rüstəm adlı şəxsə “Kamaz” markalı yük avtomobili ilə birlikdə Tovuz rayon Ceyrançöl ərazisinə, həmin dəmir borular olan yerə gəlməsini və sonra həmin dəmir su borusunu götürüb Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində yerləşən “Dondar Preyezi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə düşürəcəyini bildirmişdir. Təxminən 2 saat sonra Rüstəm adlı şəxs öz yük avtomobili ilə onların olduqları əraziyə gəlmişdir. Həmin vaxt təxminən saat 22 radələri olmuşdur. Onlar səhərin açılmağını gözləmişlər. 03 oktyabr 2023-cü il tarixdə, 08 radələrində Elşad ekskavatoru ilə su nasosu stansiyasının onun kəsmiş olduğu təxminən 1000-1200 mm-lik diametrdə və təxminən 5-6 metr uzunluğunda olan dəmir su borusunu götürüb Rüstəm adlı şəxsin “Kamaz” markalı, **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük yerinə qoymuşdur. O, Elşad ilə birlikdə oradan çıxıb evə gəlmişdir. O, yaşadığı evdə olan zaman Rüstəm adlı “Kamaz” markalı yük avtomobili sürücüsü ona zəng edərək Tovuz rayonu Əlimərdanlı kəndinin qurtaracağında dəmir su borusunun yük yerindən yolun kənarına düşdüyünü bildirmişdir. O da vaxt itirmədən həmin yerə getmişdir. O, oraya çatanda borunun yerdə olduğunu görüb həmin yerə yaxınlaşmışdır. Həmin vaxt oraya tanımadığı bir nəfər şəxs ondan bu dəmir su borusunu haradan gətirdiyini soruşmuşdur. O da həmin şəxsə həmin dəmir su borusunu Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində yaşayan bir şəxsdən pul qarşılığında aldığını demişdir. Bu zaman əvvəlcədən tanımadığı, görmədiyi və adını bilmədiyi şəxs ona heç bir söz demədən avtomobilinə əyləşib çıxıb getmişdir. Ondan sonra o və yük avtomobilinin sürücüsü Rüstəm adlı şəxs də həmin dəmir su borusunu oradaca qoyub çıxıb getmişlər. O, sonra polis əməkdaşından eşitmişdir ki, həmin dəmir su borusu Əlimərdanlı kəndinin ərazisindən yoxa çıxmışdır. Həmin dəmir su borusunu sonradan kimin və hara apardığını bilmir. O, həmin dəmir su borusunu satmaq niyyətilə çıxararaq kəsib götürmüşdür. O, həmin dəmir su borusunun nasos stansiyasına aid olduğunu bilmiş və onun istismara yararsız olduğunu bildiyi üçün kəsib götürməyinin qanunvericiliklə nəzərdə tutulmuş hər hansı məsuliyyətə səbəb olacağını düşünməmişdir. O, həmin şəxslərə başa salmışdır ki, həmin dəmir su borusu istismara yararsız olduğu üçün bununla bağlı hər hansı bir qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət yaranmır. Həmçinin o, həmin şəxsləri ona köməklik etmələri mövzusunda razı salmaq üçün onlara yalandan demişdir ki, o, bu işlə bağlı X2 İdarəsindən icazə almışdır. Həmin şəxslər də yəni, Elşad və Rüstəm adlı şəxs də qanunsuz hərəkət etmədiyini və icazə aldığını düşünərək ona bu işdə köməklik etmişlər. O, Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində yerləşən “Dondar Preyezi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsində həmin dəmir su borusunu satmağı ilə bağlı hər hansı şəxs və ya şəxslərlə əvvəlcədən razılaşmamışdır. O, sadəcə həmin dəmir su borusunu oraya çatdırdıqdan sonra onu satmaq üçün müştəri axtaracaqmış. Həmin dəmir su borularının yerini ona heç kim deməmişdir. O, çoxdan həmin dəmir su borularının orada olduğunu bilmişdir. Bundan başqa o, X2 İdarəsinin işçiləri ilə heç bir razılaşma əldə etməmiş və onların heç biri ilə onun əlaqəsi yoxdur. O, həmin vaxt qazla işləyən dəmir kəsən aparat ilə kəsdiyi dəmir su borusunu metrə ilə ölçmədiyi üçün onun dəqiq uzunluğunu və diametrini bilməmişdir. Ona görə də həmin dəmir su borusunun 1220 mm-lik diametrdə və 7 metr uzunluğunda ola biləcəyi inandırıcıdır. Onun bununla bağlı heç bir etirazı yoxdur. Onun həmin dəmir su borusunun harada və kimdə olması barədə heç bir məlumatı yoxdur. Etdiyi əməldən peşmançılıq keçirir. Dəymiş ziyanın ödənilməsi üzrə zərərçkəmiş tərəflə razılıq əldə etmişdir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti X2 İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisi üzrə bölmə rəisi vəzifəsində işləyir. 2016-cı il tarixdən X2 idarəsində su nəzarətçisi, 2021-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. X2 İdarəsindən daxil olmuş 3-559 nömrəli, 15 noyabr 2023-cü il tarixli məktuba əsasən rəhbərlik tərəfindən X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsindən 7 metr uzunluğunda, 1220 mm-lik diametrdə olan dəmir su xəttinin oğurlanması ilə bağlı adı qeyd olunan idarənin adından çıxış etməsi üçün nümayəndə qismində təyin edilmişdir. 03 oktyabr 2023-cü il tarixdə X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsindən 7 metr uzunluğunda, 1220 mm-lik diametrdə olan dəmir su xəttini oğurlayan şəxsi, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və onun Təqsirləndirilən şəxsla arasında indiyədək heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinin sol tərəfinin, yəni Gürcüstan Respublikası istiqamətində olan tərəfinin qarşısındakı torpaq sahəsinin alt hissəsinə basdırılmış 1220 mm-lik diametrdə olan dəmir su xətlərinin üzərini paralel qaydada 3 yerdən ekskavatorla açaraq onlardan birini, yəni 7 metr uzunluğunda, 1220 mm-lik diametrdə olan 01 (bir) ədəd dəmir su boru xəttini qazla işləyən dəmir kəsən aparatı ilə kəsərək oradan çıxarmış və daha sonra həmin dəmir su boru xəttini yük avtomobili ilə aparıb hər hansı şəxs və ya şəxslərə satmaq istəyərkən dəmir su boru xəttini aparan yük avtomobili həmin dəmir su boru xəttini Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində yük yerindən yerə salmışdır. Ona bu barədə işlədiyi idarənin rəhbərliyi tərəfindən həmin vaxtdan təxminən bir neçə gün sonra məlumat verilmişdir. Çünki o, həmin vaxt işlə əlaqədar olaraq təxminən 15-20 gün müddətində Ağstafa rayonu, Ceyrançöl ərazisində dəmir su xətlərinin təmiri ilə məşğul olmuşdur. O, bu barədə rəhbərlik tərəfindən məlumat aldıqdan sonra təxminən 12 oktyabr 2023-cü il tarixdə X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinə gedib həmin əraziyə baxmışdır. O, oraya baxan zaman müəyyən etmişdir ki, 4-cü pillənin sol tərəfinin, yəni Gürcüstan Respublikasına doğru baxan tərəfinin qarşısı 3 yerdən ekskavatorla qazılmış və 1220 mm-lik diamaetrdə olan dəmir su boru xətlərinin üzərləri açılmışdır. Həmçinin üzəri açılmış 7 metrlik uzunluğunda, 1220 mm-lik diametrdə olan dəmir su boru xəttlərindən biri dəmir kəsən aparatla kəsilərək oradan çıxarılıb oğurlanmışdır. O, üzəri ekskavatorla açılmış və qazıldığı yerdən çıxarılmamış paralel yerə basdırılmış dəmir su boru xətlərinin uzunluğunu ölçmüş və nəticədə müəyyən etmişdir ki, ekskavatorla üzəri açılmış dəmir su boru xətlərinin hər biri 1220 mm-lik diametrdə olmaqla 7 metr uzunluğunda ölçüyə malikdirlər. Həmçinin o, bildirmişdir ki, X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsindən çıxan üzərləri 3 yerdən ekskavatorla açılmış hər biri 1220 mm-lik diametrdə olmaqla hər biri 7 metr uzunluğunda olan dəmir su boru xətləri istismara yararlıdır. Sadəcə olaraq təxminən 15 ildir ki, həmin borularla sul gəlmədiyindən fəaliyyətləri dayanmışdır. Onu da göstərdi ki, təqsirləndirilən şəxs maddi ziyanı ödəməsi barədə vəd vermişdir. Onun sözlərinə inanırlar. Odur ki, təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Özünə məxsus “CAT-428F” markalı, 90-M-865 dövlət qeydiyyat nömrə nişanlı ekskavatoru vardır. O, həmin ekskavatorla fərdi qaydada işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onun Təqsirləndirilən şəxsla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Şamxal ona zəng edərək Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində yerin altında boru olduğunu və həmin borunu üzə çıxarmağa kömək lazım olduğunu demişdir. Bu zaman o, Şamxala demişdir ki, “sən bununla bağlı kimdənsə icazə almısanmı?” Həmin vaxt Şamxal onu başa salmışdır ki, həmin boru istismara yararsız olduğu üçün kimdənsə icazə almağına ehtiyac yoxdur, maraqlanmışdır, istismara yararsız boruları götürmək olar. Həmçinin Şamxal ona demişdir ki, işlə bağlı X2 İdarəsindən icazə almışdırmışdır. Bu zaman o da Şamxala inanıb onunla bu işi görmək üçün 500 (beş yüz) manata razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, onun dediyi vaxtda, yəni saat 16 radələrində o, Şamxal ilə birlikdə özünə məxsus ekskavatora Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsindən yanacaq töküb üzü Ceyrançölün Tovuz rayonu ərazisində olan qış otlaq sahəsinə tərəf getmişdir. Onlar Ceyrançöl qış otlaq sahəsində hal-hazırda işləməyən Su nasos stansiyasının qarşısına gəlmişlər. O, bir neçə saat ərzində özünə məxsus 90-M-865 dövlət qeydiyyat nömrə nişanlı ekskavatorla paralel yerdə qazıntı işləri aparmağa başlayaraq üç ədəd dəmir su borusu xəttlərinin üzərini açmışdır. Onun ekskavatorla üzərini açdığı bir-birinə paralel qaydada yerləşən dəmir su borularının hər birinin uzunluğu təxminən 6-7 metr uzunluğunda olmuşdur. O, həmin gün axşama qədər dəmir su boru xətlərinin üstünü açaraq işini tamamlamışdır. Həmin müddət ərzində Şamxal kənarda dayanıb onun işləri yekunlaşdırmağını, yəni həmin su nasos stansiyasına məxsus dəmir boruların üstünü açmağını gözləmişdir. O, işini tamamlayıb həmin dəmir su borularının üzərini açdıqdan sonra Şamxal oraya gedərkən özü ilə aparmış olduğu qazla işləyən dəmir kəsən aparatını da işə salıb nasos stansiyasından çıxan və onun ekskavatorla üzərini açdığı təxminən uzunluğu 6-7 metr, diametrləri isə 1000- 1200 mm-lik olan dəmir su borularından birini kəsməyə başlamışdır. Sonra Şamxal ona həmin yerə yük avtomobili gələcəyini bildirib onların gözləməli olduqlarını demişdir. Həmin gün təxminən saat 22 radələrində həmin yerə **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı “Kamaz” markalı yük avtomobili gəlmişdir. O, həmin yerə gələn “Kamaz” markalı yük avtomobilinin sürücüsünü tanımır və adını bilmir. Həmin vaxt gec olduğundan onlar səhərin açılmağını gözləmişlər. xx.xx.2023-cü il tarixdə, təxminən saat 06 radələrində o, ekskavatoru ilə Şamxalın dəmir kəsən aparatı ilə kəsdiyi bir ədəd təxminən 1000-1200 mm-lik diametrdə və təxminən 5-6 metr uzunluğunda olan dəmir su borusunu həmin yerdən çıxarıb “Kamaz” markalı yük avtomobilinin yük yerinə qoymuş və “Kamaz” markalı yük avtomobili yükü götürüb həmin ərazidən sürüb getmişdir. Bu zaman Şamxal ona demişdir ki, onlar yenə qayıdıb digər dəmir su borularını da kəsib çıxarmalı və yük avtombilinə qoymalıdırlar. O da özünə məxsus ekskavatoru həmin ərazidə rahat bir yerdə saxlayıb istirahət etmək üçün yaşadığı evə gəlmişdir. Bu zaman Şamxal da onunla birlikdə istirahət etməsi üçün öz yaşadığı evə getmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 01 radələrində o, yaşadığı evə olarkən Şamxal ona zəng edərək onun “Kamaz” markalı yük avtomobilinə qoyduğu təxminən 1000-1200 mm-lik diametrdə və təxminən 5-6 metr uzunluğunda olan dəmir su borusunun Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində həmin “Kamaz” markalı avtomobilin yük yerindən aşaraq yerə düşdüyünü və buna görə də işin hələlik təxirə salındığını, lazım olarsa ona 1-2 günə xəbər edəcəyini demişdir. O da həmin gün Tovuz rayonu, Ceyrançöl ərazisinə gedib özünə məxsus “CAT-428F” markalı, 90-M-865 dövlət qeydiyyat nömrə nişanlı ekskavatorunu götürüb yaşadığı evə geri qayıtmışdır. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Tovuz rayon Polis Şöbəsindən ona zəng edərək bildirmişlər ki, Tovuz rayonu Ceyrançöl ərazisində yerləşən 4 pilləli su nasosu stansiyasından dəmir su borusu oğurlanmışdır və o, bununla bağlı izahat verməlidir. O da xx.xx.2023-cü il tarixdə Tovuyz rayon X3 Bölməsinə gedib bununla bağlı izahat vermişdir. O, həmin dəmir su borusunun nasos stansiyasına aid olduğunu bilmiş və onun istismara yararsız olduğunu bildiyi üçün kəsib götürməyinin qanunvericiliklə nəzərdə tutulmuş hər hansı məsuliyyətə səbəb olacağını düşünməmişdir. Çünki Şamxal onu inandırmışdır ki, həmin borular istismara yararsızdır və bunun üçün o, X2 İdarəsindən icazə almışdır. O, bir ədəd, təxminən 1000- 1200 mm-lik diametrdə, təxminən 5-6 metr uzunluğunda olan dəmir su borusunu həmin yerdən çıxarıb “Kamaz” markalı yük avtomobilinin yük yerinə qoymuş və “Kamaz” markalı yük avtomobili yükü götürüb həmin ərazidən sürüb getmişdir. Bu zaman Şamxal ona demişdir ki, onlar yenə qayıdıb digər 2 ədəd dəmir su borularını da kəsib çıxarmalı və yük avtombilinə qoymalıdırlar. Yəni onun Şamxal ilə razılaşmasının mahiyyəti həmin ərazidə olan dəmir su borularının üzərinə açmaq və onları Şamxal kəsdikdən sonra götürüb yük avtomobilinə yükləmək olmuşdur. xx.xx.2023-cü il tarixdə isə Şamxal ona zəng edib həmin dəmir su borusunun Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində yük avtomobilindən yerə düşdüyünü bildirib işin hələlik təxirə düşdüyünü demişdir. Onun həmin dəmir su borusunun harada və kimdə olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili vardır. O, həmin avtomobillə qum, daş və digər yüklər daşıyır. xx.xx.2023-cü il tarixdə o, evdə olan zaman Tovuz rayon sakini kimi əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək Tovuz rayon Ceyrançöl qışotlaq sahəsində boru olduğunu və həmin borunu gətirmək lazım olduğunu demişdir. O, Şamxala həmin vaxt sual vermişdir ki, həmin boru kimə məxsusdur, yəni borunu götürmək üçün kimdənsə rəsmi icazə almışdırmı. Həmin vaxt Şamxal ona telefonda bildirmişdir ki, həmin boru istismara yararsızdır və bunun üçün onun özü X2 İdarəsindən icazə almışdır. O, həmin vaxt dəmir su borusunun X2 İdarəsinin balansında olması qənaətinə gəlmişdir. Həmin vaxt o, Şamxalla 100 (yüz) manata razılaşmışdır. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində özünə məxsus “Kamaz” markalı, **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Tovuz rayonu Ceyrançöl qış-otlaq sahəsində yerləşən 4 pilləli su nasosuna gəlmişdir. O, həmin yerə çatan zaman ekskavator su nasosun qabağını bir neçə yerdən qazıb boruları üzə çıxarmışdır. O, ekskavator sürücüsünü əvvəlcədən tanımamışdır. O, oraya çatan vaxtı gec olduğundan səhərin açılmağını gözləmişlər. Səhəri gün, yəni 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 08 radələrində ekskavator yerdən çıxan təxmini uzunluğu 5- 6 metr, təxmini diametri 1000 m-lik olan dəmir borunu qaldırıb onun yük avtomobilinə qoymuşdur. Həmin vaxt Şamxal da orada olmuş və Şamxalın dediyinə əsasən həmin borunu Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən “Dondar Preyezi” adlanan yerdə tanımadığı şəxsə məxsus metal qəbulu məntəqəsinə düşürməli olmuşdur. O, yükü götürüb Tovuz rayonu, Dondar Quşçu kəndi istiqamətində hərəkətə başlamışdır. O, Tovuz rayonu Əlimərdanlı kəndi zibilliyinin yaxınlığında olarkən bir də baxmışdır ki, həmin dəmir su borusu yük avtomobilindən düşmüşdür. Həmin vaxt təsadüfən oradan keçən və özünü X2 İdarəsinin işçisi kimi təqdim edən şəxs gəlib onun avtomobilini və dəmir su borusunun şəklini çəkərək borunun su idarəsinə məxsus olduğunu demişdir. O, dərhal Şamxala zəng edib borunun düşdüyünü demişdir. Təxminən yarım saat sonra Şamxal həmin yerə gəlmişdir. Şamxal həmin yerə gəldikdən təxminən 5-10 dəqiqə sonra o çıxıb getmiş və həmin su borusu da orada qalmışdır. Bundan bir neçə gün sonra Tovuz rayon Polis Şöbəsindən ona zəng edərək həmin dəmir su borusunun oğurlandığını və onun bununla bağlı izahat verməli olduğu bildirmişlər. O da Tovuz rayon Polis Şöbəsinə gedib həmin hadisə ilə bağlı izahat vermişdir. O, həmin dəmir su borusunun nasos stansiyasına aid olduğunu təxmin etmişdir. Çünki Şamxal onu inandırmışdır ki, həmin borular istismara yararsızdır və bunun üçün Şamxal X2 İdarəsindən icazə almışdır. O da onun istismara yararsız olduğunu və bununla bağlı icazə alındığını düşündüyü üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı məsuliyyətə səbəb olacağını düşünməmişdir. O, bir ədəd təxminən 1000 mm-lik diametrdə, təxminən 5-6 metr uzunluğunda olan dəmir su borusunu həmin yerdən çıxarıb Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən “Dondar Preyezi” adlanan yerdə tanımadığım şəxsə məxsus metal qəbulu məntəqəsinə düşürməli olmuş və o, bunun qarşılığında Şamxal adlı şəxsdən 100 (yüz) manat pul alacaqmış. Onun həmin dəmir su borusunun harada və kimdə olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 10-11 radələrində Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində özünə məxsus avtomobil ilə üzü Tovuz şəhəri istiqamətində hərəkətdə olan zaman görmüşdür ki, “Kamaz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinin yük yerindən həmin ərazidən keçən avtomobil yolunun üzərinə təxminən 6-7 metr uzunluğunda, 1000-1200 mmlik diametrdə olan dəmir su boru xətti düşmüşdür. O, tez idarə etdiyi avtomobili avtomobil yolunun kənarına verib saxlamışdır. O, tez avtomobildən düşüb orada olan “Kamaz” markalı yük avtomobilinin əvvəlcədən tanımadığı və adını bilmədiyi sürücüsünün yanına yaxınlaşmış və həmin dəmir su boru xəttini haradan gətirdiyini soruşmuşdur. Bu zaman orada olan digər şəxs, sonradan adının Şamxal olduğunu öyrəndiyi şəxs ona cavab vermişdir ki, həmin dəmir su boru xəttini Tovuz rayonu, Əlimərdanlı kəndində bir evdən aldığını demişdir. O, bu zaman həmin dəmir borunun rəsmi olaraq işlədiyi X2 İdarəsinin balansına aid olduğunu başa düşmüşdür. Çünki o, uzun illərdir ki, X2 İdarəsində çalışdığından həmin dəmir borunun Tovuz rayonu, Ceyrançöl ərazisində yerləşən 4 pilləli su nasosuna, yəni 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinə aid olduğunu tanımışdır. O, həmin vaxt dəmir su boru xəttinin şəklini çəkib rəsmi olaraq işlədiyi idarənin rəisi Şahid4 göndərmiş və zəng edib bu barədə Şahid4 və ondan sonra da X2 İdarəsinin baş mühəndisi Şahid5 xəbər vermişdir. O, həmçinin həmin vaxt Şamxal adlı şəxsi rəsmi olaraq işlədiyi idarənin rəhbərliyi ilə danışdırmaq istəsə də Şamxal adlı şəxs danışmaqdan imtina etmişdir. O da tez avtomobilinə əyləşib Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən X2 İdarəsinə gəlmişdir. O, bir daha mobil telefonu ilə çəkdiyi şəkilləri X2 İdarəsinin rəisi Şahid4 göstərib vəziyyəti ona izah etməyə çalışmışdır. Həmin vaxt X2 İdarəsinin rəisi Şahid4 rəsmi məktubla Tovuz RPŞ-nə müraciət etmişdir. O, təkrar avtomobilinə əyləşib Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində X2 idarəsinin balansında olan dəmir su boru xəttinin düşdüyü yerə gəlmişdir. Lakin o, həmin əraziyə çatan zaman dəmir su boru xəttinin orada olmadığını görmüşdür. Yəni həmin dəmir su boru xətti hər hansı şəxs və ya şəxslər tərəfindən oradan götürülərək aparılmışdır. O, həmin vaxt təkrar X2 İdarəsinin rəisi Şahid4 zəng edərək bu barədə məlumat vermişdir. O, digər işləri ilə əlaqədar olaraq Tovuz rayonu, Ceyrançöl ərazisində yerləşən 4 pilləli su nasosuna, yəni 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinə getməmiş və oraya baxış keçirməmişdir. O, həmçinin oğurlanmış X2 idarəsinin balansına aid olan həmin dəmir su boru xəttinin təxminən 6-7 metr uzunluğunda və 1220 mm-lik diametrdə olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, rəsmi olaraq X2 İdarəsinin Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli nasos stansiyasının 3-cü pilləsində gözətçi vəzifəsində işləyir. Həmçinin həmin nasos stansiyasından təxminən 5-6 km uzaqlıqda yerləşən 4-cü pilləyə də orada gözətçi olmadığından nəzarət edir. 03 oktyabr 2023-cü il tarixdə, təxminən saat 10-11 radələrində Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 3-cü pilləsində həmin əraziyə nəzarət etmişdir. Bu zaman X2 İdarəsinin müdiri Şahid4 ona zəng edərək su nasos stansiyasının 4-cü pilləsinin qarşısında qazıntı işlərinin aparılıb su borularının çıxarıldığını və həmin yerin şəkillərini çəkib ona göndərməyini demişdir. O, dərhal özünə məxsus avtomobil ilə Tovuz rayonu Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinə gedib həmin ərazinin şəkillərini çəkərək həmin şəkilləri Şahid4 göstərişi ilə X2 idarəsinin baş mühəndisi Şahid5 göndərmişdir. O, həmin ərazinin şəkillərini çəkib Şahid5 göndərdikdən sonra öz avtomobilinə əyləşib 4 pilləli su nasosu stansiyasının 3-cü pilləsinə geri qayıtmışdır. O, 03 oktyabr 2023-cü il tarixdə Tovuz rayonu Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən 4 pilləli su nasosu stansiyasının 4-cü pilləsinə gələrək həmin ərazinin, yəni 4-cü pillənin binasının Gürcüstan Respublikası istiqamətində olan hissəsinin qarşı tərəfinin 3 yerdən qazılaraq təxminən 1000-1220 mm-lik diametrdə olan dəmir su boru xətlərinin üzərinin qazılaraq açıldığını və həmin üç yerdən birində olan dəmir su boru xəttinin təxminən 7 metrlik hissəsinin kəsilərək çıxarılmasını, həmçinin həmin ərazidə dayanmış sahibsiz ekskavatoru və həmin ekskavatorun ön hissəsində olan qazma qurğusuna qoyulmuş qazla işləyən dəmir kəsən aparat olduğunu görmüşdür. O da həmin qazılmış yerlərin və ekskavatorun şəklini çəkərək X2 idarəsinin baş mühəndisi Şahid5 göndərmişdir. Həmin vaxt orada ondan başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. O, qazılaraq üzəri açılmış dəmir su boru xətlərinin uzunluğunu ölçməmiş və diametrlərini dəqiqləşdirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 İdarəsinə məxsus su boru xəttinin oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayon Ceyrançöl ərazisindən keçən Kür çayının sol sahilində yerləşən X2 İdarəsinə məxsus 4 pilləli su nasos stansiyasının 4-cü pilləsinin qarşısıdır. Ərazi açıq sahədən ibarətdir, ərazidə stansiya tikilisi mövcuddur, tikili təmirsiz vəziyyətdədir, tikilinin qarşısında torpaq qatının altında dəmir materiallı su boru xətti çəkilmişdir. Həmin boru xəttinin 3 yerdən torpaq qatı qazılaraq götürülmüş və dəmir materiallı su boru xətlərinin üstü açılmışdır. Hər bir torpaq qatı qazılaraq üstü açılmış boru xətti 7 metr uzunluğundadır. Torpaq qatı qazılmış 3 yerdən birində 7 metr məsafədə boru xətti yoxdur, kəsilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8396 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 7 metr uzunluğunda, diametri 1000 mm, divarının qalınlığı 1,5 sm olan su boru xəttinin 2023cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2450,00 (7 metr x350man) manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/251 nömrəli əlavə rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən su borusunun uzun müddət istismarda olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir. X2 İdarəsinin balansında olan 1 ədəd 1985-ci ildə Rusiya SSR-də istehsal olunmuş, 1987-ci ildən istismara qəbul edilmiş, 7 metr uzunluğunda, 1220 mm diametri, 1 metrinin çəkisi 357 kiloqram, qalınlığı 1,5 sm olan dəmir materiallı su borusu-2450,00 (7 metr x 350 man). «Cinayət əməlinin tövsif edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin maddədən Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3- 2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2010 təvəllüdlü bir nəfər az yaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələrində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, habelə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə, dəymiş maddi ziyanın ödənilməsi üzrə zərərçəkmiş şəxs ilə aralarında razılığa gəlməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2, 29, 177.2.4 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-84/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-84/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver