Məhkəmə qərarları › İş №1(062)-88/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-88/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-88/2024 04.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şahid5 vasitəsi ilə tanış olduğu Şahid4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 18 fevral 2024-cц il tarixdə, saat 17 radələrində satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı özlərinin istehlak etmələri barədə əvvəlcədən birlikdə razılığa gəldikdən sonra bu məqsədilə o, 100 manat məbləğində nağd pulu qrupun digər üzvü Şahid4 vermiş, sonuncu isə tanışı, Tovuz şəhər sakini X1 ilə Şahid5 razılığı ilə sonucunun istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayıb ondan Tovuz şəhəri Semzavod qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 100 (bir yüz) manat pul müqabilində bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram bitki mənşəli, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz alıb əldə edərək əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin iç sağ yan cibində saxlamış, Tovuz rayon polis şюbəsinin əməkdaşları tərəfindən 18 fevral 2024cü il tarixdə, saat 17:10 radələrində Qazax-Bakı avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında yerləşən “Lukoil” yanacaqdoldurmaq məntəqəsinin yaxınlığında Şahid5 idarə etdiyi “X5” markalı, 90- ВА-112 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 17:40-dan saat 18:10-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin iç sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının əvvəllərindən narkotik vasitə олаn qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək üsulu ilə istifadə etmişdir. Şahid5 ilə aralarında dostluq münasibəti vardır. Sarı adlı şəxsi isə sоnradan Şahid5 vasitəsi ilə tanımışdır. О, Bakı şəhərində olan zaman mobil telefon vasitəsi ilə dostu Şahid5 ilə danışaraq Tovuz rayonuna qonaq gələcəyini bildirmiş, ondan çəkmək üçün nəşə, yəni qurudulmuş marixuana tapmasını xahiş etmişdir. О, 18 fevral 2024-cü il tarixdə günorta saatlarında taksi ilə Tovuz rayon Əyyublu kəndinə gəlmiş, Şahid5 tanışı Sarı ilə gəlib idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobil ilə оnu yolun kənarından götürmüşdür. Sonra Şahid5 idarə etdiyi avtomobili Tovuz rayonunun mərkəzinə tərəf hərəkət etdirmişdir. О, avtomobilin qabaq sağ oturacağında, Sarı adlı şəxs isə arxa oturacağında əyləşmişdir. Cavid avtomobilini Tovuz şəhərində tanımadığı ünvana sürmüş, о Şahid4 narkotik vasitə olan qurudulmuş marixuana alması üçün 100 manat pul vermişdir. Şahid4 avtomobildən düşərək harasa getmiş, təxminən 10 dəqiqədən sonra gəlib aldığı bir kibrit qutusunda olan qurudulmuş marixuanı ona vermişdir. Həmin gün saat 17 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində avtomobil yolunun kənarında mülki geyimdə olan 3 nəfər şəxs Cavidin idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirmişlər. Sonra həmin polis əməkdaşları onu, Şahid5 və Sarı adlı şəxsi avtomobil ilə birlikdə Tovuz RPŞ-yə dəvət etmişlər. Ona Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni təqdim etmişdir. Təqdim etdiyi kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 9,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı öz istəyi ilə dostu Şahid5 köməkliyi ilə sonuncunun tanışı Sarı adlı şəxsin tanımadığı şəxsdən 100 manata alıb verdiyini, həmin narkotik vasitəni dostu Şahid5 və Şahid4la birlikdə istifadə edəcəyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirаkçılar tərəfindən imzalanmışdır. Ona qarşı qanunsuz hərəkətlər edilməmişdir. Narkotik vasitədən bir kimsəyə satmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. О, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti, həmçinin ədavət və düşmənçiliyi olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 fevral 2024-cü il tarixdə saat 17 radələrində Tovuz rayonu Əyyublu kəndində yaşayan Şahid5 idarə etdiyi “Land Crusier” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax magistiral avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində saxlanılmış, avtomobilin salonunda olan 2 nəfər sərnişinlər Tovuz rayonu Əyyublu kəndində yaşayan Şahid4 və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə Tovuz RPŞ-yə dəvət edilmişdir. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin iç sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni təqdim etmiş, onun təqdim etdiyi kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 9,15 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı öz istəyi ilə dostu Şahid5 köməkliyi ilə sonuncunun tanışı Sarı adlı şəxsin tanımadığı şəxsdən 100 manata alıb verdiyini, həmin kütləni də özünün, dostu Şahid5 və Sarı adlı şəxslə birlikdə istifadə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirаkçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əyyublu kəndində yaşayır. Şahid5 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 18 fevral 2024-cü il tarixdə günorta saatlarında həmkəndlisi Şahid5 onu yaşadığı kəndin ərazisində yerləşən kafeyə dəvət etmişdir. Kafedə olarkən Şahid5 ona Bakı şəhərindən qonağı gəldiyini demiş, ondan çəkməyə narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Sonra Şahid5 ilə kafedən çıxıb ona məxsus **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobilə əyləşib birlikdə Bakı şəhərindən qonaq gələn Təqsirləndirilən şəxs götürüb birlikdə Tovuz şəhərinə getmişlər. Yolda Şahid5 mobil telefonunu çıxardıb ondan Rafo adlı şəxslə danışmağı, Rafonun ona nəşə satmadığını deyib, onun Rafo adlı şəxsdən narkotik vasitə almasını xahiş etmişdir. О, Şahid5 mobil telefonu ilə Rafo ilə danışıb bir ədəd kibrit qutusu nəşə lazım olduğunu demişdir. Rafo adlı şəxs isə bir kibrit qutusu nəşəni 100 manata satacağını demişdir. Həmin gün Cavid və onun dostu birlikdə Rafonun dediyi tanımadığı ünvana getmiş, Təqsirləndirilən şəxs ona 100 manat pul vermiş və о Rafo ləqəbli Rəfayel Abdullayevlə görüşüb 100 manat pul verərək bir kibrit qutusu qurudulmuş marixuana alıb, yenidən Cavidin avtomobilinə gəlib əyləşmişdir. Avtomobilin içərisində kibrit qutusunda olan qurudulmuş marixuananı Şahid5 dostu Təqsirləndirilən şəxs vermişdir. Tovuz rayon Aşağı Quşçu kəndində magistral yolun kənarında mülki geyimdə olan 3 nəfər şəxs Cavidin idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz saxlanılan əşya və ya predmentlər, narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibəti olmuşdur. Şahid4 ilə həmkəndlidir. 18 fevral 2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs Bakı şəhərindən Tovuz rayon Əyyublu kəndinə qonaq gəlmişdir. О, idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı “Land Crusier” markalı avtomobil ilə birlikdə gedib dostu Təqsirləndirilən şəxs yolun kənarından götürmüşdür. Həmin vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə avtomobil idarə etmiş və baş verməsini xatırlamamışdır. Tovuz rayonu Aşağı Quşçu kəndində avtomobil yolunun kənarında mülki geyimdə olan 3 nəfər şəxs Cavidin idarə etdiyi avtomobili saxlatmış və özlərini təqdim edərək, polis əməkdaşı olduğunu bildirib onları Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında она hüquq və vəzifələri izah edilməklə və müdafiə hüquqları təmin edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı üzərində və nəqliyyat vasitəsində hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 16/233 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 6,16 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,06 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 23 mart 2024-cü il tarixli 486 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,06 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar