Məhkəmə qərarları › İş №1(062)-90/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-90/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-90/2025 03.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, xüsusi ittihamçı Əyyubova Hicran Vidadi qızının nümayəndəsi Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi, müdafiəçi Tovuz rayon vəkil bürosunun vəkili X3, təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx.xx.1956-cı ildə Tovuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu Məşədilər kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Əyyubova Hicran Vidadi qızı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əyyubova Hicran Vidadi qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X11 oğluna qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, şikayətinə səbəb, X5 2024-cü il 17 dekabr tarixində "YouTube" sosial şəbəkəsində "Region TV Gəncə" səhifəsinə Tovuz rayonu, Məşədilər kəndində müsahibə verməsi və müsahibənin həmin səhifədə bu linklə (https://www.youtube.com/watch?v=OjJbpF2TABA)(https://www.youtube.com/watch?v=Oj JbpF2TABA)), 2024-cü il 21 dekabr tarixdə "YouTube" sosial şəbəkəsində "Milli News" səhifəsində bu linklə (https://www.youtube.com/watch?v=XfFk2KdeMol](https://www.youtube.com/watch?v=XfF k2KdeMol)), və "Şimal Region" səhifəsində bu linklə (https://www.youtube.com/watch?v=4M6TenBbl6c),(https://www.youtube.com/watch?v=4M 6TenBbl6c)) yayımlanması olmuşdur. Təqsirləndirilən şəxs bu müsahibədə onun barəmdə təhqir və böhtan xarakterli məlumatlar yaymaqla ona qarşı birbaşa qəsdlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 (Böhtan – kütləvi nümayiş etdirilən çıxışda, yaxud kütləvi informasiya vasitəsində yayılma) və 148-ci maddələrində (Təhqir – kütləvi nümayiş etdirilən çıxışda, yaxud kütləvi informasiya vasitəsində yayılma) nəzərdə tutulan cinayəti törətmişdir. Hər üç səhifə özünü onlayn TV kanal kimi təqdim edir və bu səhifələrdə yayımlanan, onun şərəf və ləyaqətini ləkələyən təhqiramiz və böhtan xarakterli ifadələrə iki mindən çox baxış olmuşdur. Bu yayımlanan video çəkilişlərdə təqsirləndirilən şəxs X11 tərəfindən işlədilən böhtan və təhqiramiz ifadələrlə onun və onun ailəsinin şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılmışdır. Təqsirləndirilən şəxsin istifadə etdiyi bəzi ifadələr, məsələn, "15 may 2024-cü ildə bir xadiməni laborant ştatına keçirmişdir", "Həmkarlar ittifaqı.... direktorun göstərişi ilə bir dəfə iki dəfə xəbərdarlıq etməklə axırda çıxarıblar", "...məhkəmənin birinci iclasına gəlmədilər, sonrakı iclasda yol tapdılar, adam tapdılar məhkəmə onların xeyrinə qərar çıxartdı", "Mən onu məhkəməyə verdiyimə görə oğlum İbrahimli Abdullanı da... müqaviləyə xitam verdi", "Dedi məni Ülkər Səttarova təyin edib nə Prezident eşitmərəm, nə Birinci xanım eşitmərəm...", "...Universitetləri qurtaranlar arasında paymal eləyib, bölüşdürüb...", "Hicran xanım tez-tez deyir ki, məni Ülkər Səttarova təyin edib nə desən eləyə bilərsən çünki o mənə zəmanət verib ki, nə bilirsən elə də elə...", "10 nəfər müəllimlərini işdən çıxarıb... kənardan 25-ə yaxın müəllim gətirib, özünə yol açır, çünki pul qazanmaq üçün özünə yol açır, çünki bunun əri X15 Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavinidir. Qazax mahalında ən yüksək rüşvətxor və korrupsionerdir. Qazax Kollecinin direktoru Elşad müəllimin pul yığanıdır. Bunu bütün region bilir. Onun dediyi abu-havanı Tovuz kollecə gətirir... əvvəlcə kadrlar şöbəsinə inspektor öz yaxın adamını gətirir. Sonra tədris işləri üzrə direktor müavini öz adamını kənardan gətirib. Hətta Qazax rayonundan əyani şöbəyə müdir gətirib özünün pul yığmağı üçün demək abu-havanı yaradıb", "Bələdiyyə sədrini işə gətirib.... taki Hicran Əyyubova nəsə görsün, işini aşirsın...", "...Hicran xanımı təyin eləyəndə onu qabaqca həkim-psixoloqdan keçirəydiniz, çünki Hicran xanım ora yaramayan bir adamdır, xəstədir, şizofreniyadır. O camaatla yola getməyi bilmir...", "...Anar Qocayev Hicran xanımın ən yaxın dostudur...", "...Ay Ülkər xanım üzümü Sizə tuturam X18 göndəribsiniz kollecə direktor Hicran Əyyubova bunun yoldaşı bir nömrəli korrupsionerdir Qazax Dövlət Sosial- İqtisadi kollecində, bu necə təmiz işləyə bilər..."."... demək bu rüşvət almalıdır, əri də rüşvətxordur, özü də rüşvətxordur, əvvəlcə öyrəndiyimə görə küçələrdə ayın-oyun satırmış bu direktor, Hicran xanım. Küçələrdə pərdə satırmış, paltar satırmış, elə şeylərlə dolanırmış", "Böyük dırnaqarası fəaliyyəti olub... şiddətli töhmət verilib", "...belə naşı adamı, belə savadsız adam, belə hər dəqiqə Sizin adınızı verən adamı məni Ülkər Səttarova qoyub heç kim çıxara bilməz...", "Bir də onu qeyd etmək istəyirəm ki, Hicran Əyyubova öz imicini Ülkər Səttarovanın yanında qaldırmaq üçün dekabrın 28-nə yeni il şənliyi təşkil etmək üçün müəllimlərə müraciət edib...." kimi ifadələr onun barəmdə təhqir və böhtan xarakterli məlumatlar yaymasına dəlalət etmişdir. Video görüntülərə baxdıqda açıq şəkildə görünür ki, təqsirləndirilən şəxs birbaşa qəsdlə Tovuz rayonu, Məşədilər kəndində müsahibə vermək vasitəsilə "YouTube" sosial şəbəkəsində "Region TV Gəncə", "Milli News" və "Şimal Region" səhifələrində onun barəmdə böhtan və təhqiramiz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxsin video çıxışları bu səhifələrdə yayımlanarkən, səhifə idarəçiləri tərəfindən məlumat verilmişdir ki, bu məlumatlar üçün kanal cavabdeh deyildir və məsuliyyəti məlumatı yayan şəxs daşıyır. O, video görüntülərin Tovuz rayonu, Məşədilər kəndində 2024-cü il 17 dekabr tarixdə canlı olaraq çəkilməyə başladığını qeyd etmişdir. Video görüntülərin yayılma saatları video görüntülərdə və səhifədə qeyd edilməmişdir. Yayımlanan video görüntünün canlı yayımdan təqsirləndirilən şəxsin evində canlı müsahibə verdiyi aydın şəkildə görünür. Təqsirləndirilən şəxsin video görüntüdə olan çıxışında özünün adını, soyadını, atasının adını, pensiyada olmasını, Tovuz rayonu, Məşədilər kəndində yaşamasını və həmin kənddən də müsahibə verdiyini bildirmişdir. Bundan başqa, yayımlanmış video yazısında onun adı, soyadı, ata adı, iş yeri, vəzifəsi, əri göstərilməklə böhtan və təhqiramiz ifadələrin birbaşa onun barəmdə - Tovuz Dövlət Sosial- İqtisadi Kolleci PHŞ direktoru Hicran Əyyubova barədə işlədildiyi açıq şəkildə müəyyən edilmişdir. Bununla da hadisənin olduğu yer, tarix və kimə qarşı yönəldiyi açıq şəkildə məlum olmuşdur. Təqsirləndirilən şəxs özünün yaşadığı yeri və şəxsiyyəti barədə məlumat verməklə yanaşı, əvvəllər Tovuz Dövlət Sosial-İqtisadi Kollecində işlədiyini və hazırda pensiyada olduğunu da bildirmişdir. Təqsirləndirilən şəxs X11 qeyd edilən sosial şəbəkədə yaydığı video görüntüdə israrla hər kəs tərəfindən bu çəkilişin ictimailəşdirilməsini (yayılmasını) tələb etmişdir. Şəxsən çıxış edən təqsirləndirilən şəxsin hərəkətlərindən, jestlərindən və işlətdiyi ifadələrdən, verilən suallara verdiyi cavabdan açıq şəkildə görünür ki, onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları, eləcə də təhqiri, böhtanı kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu etmişdir. Onun şərəf və ləyaqətinə qarşı törədilmiş cinayət əməlləri aşağıdakılardır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Böhtan): Təqsirləndirilən şəxs X2 rayonu, Məşədilər kəndindən onun barəmdə yayımlanan video çəkilişlərində "... demək bu rüşvət almalıdır, əri də rüşvətxordur, özü də rüşvətxordur" və "əvvəlcə kadrlar şöbəsinə inspektor öz yaxın adamını gətirir. Sonra tədris işləri üzrə direktor müavini öz adamını kənardan gətirib. Hətta Qazax rayonundan əyani şöbəyə müdir gətirib özünün pul yığmağı üçün demək abu-havanı yaradıb" ifadələrini işlətməklə birbaşa qəsdlə onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları, eləcə də böhtanı kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığına görə bu maddə ilə cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir): Təqsirləndirilən şəxs X11 yayımlanan video çəkilişlərində "... Hicran xanımı təyin eliyəndə onu qabaqca həkimpsixoloqdan keçirəydiniz, çünki Hicran xanım ora yaramayan bir adamdır, xəstədir, şizofreniyadır. O camaatla yola getməyi bilmir...", "..əvvəlcə öyrəndiyimə görə küçələrdə ayın-oyun satırmış bu direktor, Hicran xanım. Küçələrdə pərdə satırmış, paltar satırmış, elə şeylərlə dolanırmış" və "...belə naşı adamı, belə savadsız adam..." ifadələrini işlətməklə birbaşa qəsdlə onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları, eləcə də təhqiri kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığına görə bu maddə ilə cinayət törətmişdir. İş üzrə şahid qismində Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin təsərrüfat üzrə direktor müavini X6 dindirilməyə təqdim edir, çünki "YouTube" sosial şəbəkəsində məlumatın yayılması ilə bağlı ilkin məlumatı ona X10 vermişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı Əyyubova Hicran Vidadi qızının nümayəndəsi Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X11 oğluna qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Əyyubova Hicran Vidadi qızı kollecə rəhbər vəzifəsinə gələndən sonra onun iki övladını işdən azad etmiş və bununla da onun ailəsinə böyük ziyan vurmuşdur. Bu məsələ onun səhhətinə çox pis təsir etmişdir. O, heç vaxt heç kimin şərəfinə və ləyaqətinə toxunmamışdır. Hicran Əyyubova özü ləyaqətin nə olduğunu bilmir, çünki o, cənab Prezidentin gənclərə xüsusi diqqət və yardım göstərilməsi barədə tapşırıqlarını əksinə icra etmişdir. O, kollecə gələn kimi gəncləri işdən çıxarmış, bütün aləmin həmin kollecdə nə təhsil olduğunu və həmin kollecin rüşvətxana yuvası olduğunu bildiyini söyləmişdir. Hicran xanımın məqsədi nədir ki, müəllimləri Tovuz kollecindən çıxarıb Qazaxdan 26 dənə müəllim gətirir, axı Tovuzda müəllim yoxdurmu? Onun fikrincə, bütün bunlar həmin xanımın nəsə bir marağının olduğunu göstərir. O, hazırda şikayətlərin nəticəsində 3 müəllimin işinə bərpa olunduğunu və onun oğlunun da sentyabr ayında bərpa olunacağını bildirmişdir. Lakin, qızını Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxartdığı üçün qızının gələcəkdə nəinki kollecdə, hətta başqa yerdə işləməyinin belə sual altında olduğunu qeyd etmişdir. O, iki uşaq anası, gənc qadını bu maddə ilə işdən çıxarmasını özünə necə sığışdırmasını soruşmuşdur. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hicran Əyyubovanın qəbuluna getmiş, lakin nəsə söhbətləri alınmamışdır. Sonra görmüşdür ki, gözləri nə boyda olmuşdur, qorxmuşdur ki, orada keçinəcəkdir. Gözünün o boyda olması şizofreniya xəstəliyinin əlaməti olduğu üçün, o demişdir ki, Hicran xanım xəstədir, şizofrendir. Özünün bioloq olduğunu və azdan-çoxdan anlayışı olduğunu da əlavə etmişdir. Qazaxda maraqlandığı zaman, kollecə rəhbər gəlməmişdən əvvəl Hicran xanımın küçələrdə pərdə satdığını öyrənmişdir və çıxıında bunları demişdir. Onu vadar edən Hicran Əyyubovanın iki övladını işdən çıxararaq onun həyatını puç etməsi olmuşdur. Bütün qurumlara müraciət etmişdir, lakin heç yerdən cavab gəlməmişdir, buna görə məcbur qalmış, kütləvi informasiya vasitələrindən çıxış etmişdir. Əyyubova Hicran Vidadi qızının onunla kompromisə gəlməyini istəmişdir, bu səbəbdən belə çıxış etmişdir. Məhkəmə iclasında iştirak edən Tovuz rayon vəkil bürosunun vəkili X7 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, hal-hazırda Tovuz rayonunda kollecdə təsərrüfat işləri üzrə müavin vəzifəsində işləyir. Akif İbrahimov həqiqətən də Hicran Əyyubova barəsində onun şizofren və xəstə olduğunu deməsinin şahididir. Həmçinin Əyyubova Hicran Vidadi qızı və onun həyat yoldaşına rüşvətxor demişdir. Dediklərinin hamısı sosial şəbəkələrdə və mediada var. Məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Akif” adlı elektron qovluğun içərisində “Milli News Youtube 21 dekabr 2024-cw il...”, “Region TV Gəncə 17 dekabır 2024 Gəncə...”, “Şimal Region 03 mart 2025 700”, “Şimal Region 21 dekabr 2024-cü il 130 ba...”, “Şimal Region 28 yanvar 2025 406”, “Şimal Region 31 mart 2025 835”, “Şimal Region20 yanvar 2025 baxış 291” adlı video fayllar vardır. Həmin fayllarda X11 tərəfindən Əyyubova Hicran Vidadi qızı barəsində "... demək bu rüşvət almalıdır, əri də rüşvətxordur, özü də rüşvətxordur", "...əvvəlcə kadrlar söbəsinə inspektor öz yaxın adamını gətirir. Sonra tədris işləri üzrə drektor müavini öz adamını kənardan gətirib. Hətta Qazax rayonundan əyani şöbəyə müdir gətirib özünün pul yığmağı üçün demək abu havanı yaradıb", "... Hicran xanımı təyin eliyəndə onu qabaqca həkim psixoloqdan keçireydiniz, çünki Hicran xanım ora yaramayan bir adamdır, xəstədir, şizofreniyadır. O camaatla yola getməyi bilmir...", "..əvvəlcə öyrəndiyimə görə küçələrdə ayın-oyun satırmış bu direktor, Hicran xanım. Küçələrdə pərdə satırmış, paltar satırmış, elə şeylərlə dolanırmış", "...belə naşı adamı, belə savadsız adam..." kimi ifadələrin işlədilməsi müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının 29 avqust 2025-ci il tarixli 4/1343 nömrəli rəyinə əsasən, X5 17 dekabr 2024-cü il tarixdə YouTube sosial şəbəkəsində RegionTV Gəncə səhifəsində https://www.youtube.com/watch?v=OiJbDF2TABA linki ilə, 21 dekabr 2024-cü il tarixdə YouTube sosial şəbəkəsində Milli News səhifəsində https://www. youtube.com/watch?v=XfFk2KdeMol linki ilə və 21 dekabr 2024cü il tarixində Şimal Region səhifəsində https://www.youtube.com/watch?v- 4M6TenBbl6c linki ilə yayımlanan videoçəkilişlərdə səsləndirdiyi ("... demək bu rüşvət almalıdır, əri də rüşvətxordur, özü də rüşvətxordur", "...əvvəlcə kadrlar söbəsinə inspektor öz yaxın adamını gətirir. Sonra tədris işləri üzrə drektor müavini öz adamını kənardan gətirib. Hətta Qazax rayonundan əyani şöbəyə müdir gətirib özünün pul yığmağı üçün demək abu havanı yaradıb", "...O camaatla yola getməyi bilmir...", "...belə naşı adamı, belə savadsız adam...") məlumatlar öz təsdiqini tapmadığı təqdirdə şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab olunur. Bu məlumatların böhtan olub-olmamasının araşdırılması ekspert-linqvistin səlahiyyətinə aid deyil. X5 17 dekabr 2024-cü il tarixdə YouTube sosial şəbəkəsində RegionTV Gəncə səhifəsində https://www.youtube.com/watch?v=OiJbDF2TABA linki ilə, 21 dekabr 2024-cü il tarixdə YouTube sosial şəbəkəsində Milli News səhifəsində https://www. youtube.com/watch?v=XfFk2KdeMol linki ilə və 21 dekabr 2024cü il tarixində Şimal Region səhifəsində https://www.youtube.com/watch?v- 4M6TenBbl6c linki ilə yayımlanan video çəkilişlərində səsləndirdiyi "...Hicran xanımı təyin eliyəndə onu qabaqca həkim psixoloqdan keçireydiniz, çünki Hicran xanım ora yaramayan bir adamdır, xəstədir, şizofreniyadır." kimi məlumatlar şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının nümayəndəsinin, təqsirləndirilən şəxsin və müdafiəçinin, şahidin iş üzrə ifadələrini, ekspert rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Məhkəmə şikayəti və ona əlavə olunmuş iş materiallarını nəzərdən keçirərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair qeyd etməyi zəruri hesab edir ki, maddənin dispozisiyası böhtan cinayət əməlini yalan olduğunu bilə-bilə, hər hansı bir şəxsin şərəf və ləyaqətini ləkələyən, onun nüfuzuna xələl gətirən bilə-bilə uydurulmuş faktların yayılması kimi qiymətləndirir. Böhtan məqsədli imic qətlidir. Lakin faktın yalan olması ilə bərabər söyləyənin o faktın yalan olmasını bilməsi vacibdir. Belə ki, X11 ifadələri fakt yox, qiymətləndirmə, başqa sözlə subyektiv fikirdir. Sonuncunun ifadələrinin kobud səslənməsi onun böhtan cinayət əməlini törətməsi demək deyildir. X1 Hicran Vidadi qızını ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməmişdir, sonuncunun əməli barəsində bildirdikləri mənəvi-əxlaqi və peşəkar etibarsızlıq kimi təqdim olunmuş subyektiv yanaşmalardır. Həmin ifadələr ifadələr subyektiv mühakimə və qiymətləndirmə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalı, ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. X11 tərəfindən işlədilmiş ifadələr isə ümumi xarakter daşıyır və özündə hər hansı konkret cinayət faktının zəruri subyektiv və obyektiv əlamətlərini əks etdirmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin: 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X5 əməlində cinayət tərkibi olmadığından “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 1-ci hissəsi də nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X5 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Belə ki, təhqir özündə alçaldıcı məzmun, ədəbsiz forma, yəni qeyri-etik, ictimai normalara zidd dil, aydın ünvanlılıq, yəni konkret şəxsə yönəlik olmanı ehtiva edir. Təhqir cinayət əməli məzmun deyil, forma cinayəti və fikir azadlığının zəhərli mutasiyasıdır. Belə ki, X11 ifadələrini açıq şəkildə Əyyubova Hicran Vidadi qızına ünvanlamış, ictimaiyyətə açıq internet saytında yaymışdır. Sonuncunun ifadələri əxlaq çərçivəsini aşan, ictimai normalara zidd, mənfi xarakterli ifadələrdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin bəndin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla da, məhkəmə təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verilmiş ifadəyə qiymət verərək hesab edir ki, həmin ifadə mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla X5 məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X5 əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, X8 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X9 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə bəraət verilsin. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. X8 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat X4 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar