Məhkəmə qərarları › İş №1(062)-92/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-92/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-92/2023 05.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Tovuz rayonu Kirən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Xınna Kirən kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Tovuz rayonu Kirən kəndində yaşadığı evin həyətində bacısı Şahid2 qeyri-etik və nalayiq mesajlar yazması səbəbindən sonuncunun əri Zərərçəkmiş şəxs qisas zəminində yumruq və təpik zərbələri ilə döyərək sonuncuya büzdüm sümüyünün distal hissəsinin sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, burun nahiyəsinin burun qanaxması ilə müşayiət edilən qançır-şişkinliyi və səthi yarası, sağ üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırı, sol hər iki göz qapağının, sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sol almacıq nahiyəsinin qançırşişkinliyi və əzilmiş yarası kimi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ gicgah nahiyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanının arxa səthinin, döş qəfəsinin sağ yan səthinin, sağ qalça nahiyəsinin, döş qəfəsinin arxa səthində Xİ-Xİİ döş fəqərəsi səviyyəsinin qançırları, sol yanaq və üst dodaq nahiyələrinin selikli qişasına olan qansızma sahəsi, sağ dirsək oynağı və sağ bayır topuq nahiyəsinin sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Kirən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı Günayın əri Elşənlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir zaman ədavət və münaqişə olmamışdır. Lakin bacısı Günay təxminən bir ay əvvəl Elşənlə mübahisə edərək onların yaşadığı evə gəlmişdir. Son günlər Elşən ona zəng edərək bacısı üçün alınan və onların evində qalan cehiz əşyalarını aparmağını demişdir. O isə onların ailə işinə qarışmaq fikri olmadığını, həmin məsələnin ona aidiyyəti olmadığını demişdir. O, bacısının son 3 gündür kiminləsə yazışmasından şübhələnmiş, onun mobil telefonunu alıb “Whatsapp” proqramına daxil olaraq mesaj yerini yoxladıqda mesaj yazışma yerində mesaj qalmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində evdə olan zaman atasının bacısına məxsus mobil telefonda mesaj oxuduğunu görüb atası ilə bərabər həmin mesajları oxuyan zaman Elşənin bacısının ünvanına nalayiq küçə söyüşləri işlətdiyini, onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər yazdığını görmüşdür. Elşəni döymək üçün onun yaşadığı evə getmək istəmiş, lakin atası onu qoymamışdır. X4 nə üçün ona bu cür mesaj yazdığını soruşduqda Günay ağlamışdır. Atası ona Elşənin evə gəldiyini və onunla evdə söhbət etməyi məsləhət görmüşdür. Ona görə də evdən çıxıb Elşəni evin yaxınlığında gözləmişdir. Elşən özünə məxsus “VAZ-2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadığı evə gəlmişdir. Atası Elşənə məxsus avtomobilin qapısını açıb Elşənlə söhbət etmək üçün evə gəlməsini təklif etmişdir. Elşən avtomobildən düşərək atası ilə onun ünvanına nalayiq söyüşləri söymüşdür. Bu zaman əsəblərini saxlaya bilməyib sağ dirsəyi ilə əvvəl Elşənin boğaz nahiyəsinə, daha sonra sifət nahiyəsinə vurmuş və Elşən yerə yıxılmışdır. Atası onları ayırmaq üçün onu Elşənin üstündən qaldırmağa çalışmışdır. Bu zaman Elşən qışqırdıqda sağ əli ilə Elşənin ağzından tutub qışqırmağa qoymamışdır. Həmin vaxt Elşən onun sağ əlinin beşinci barmağını dişləyib ona xəsarət yetirmişdir. O, ardıcıl 4-5 dəfə Elşənin sifət nahiyəsinə yumruq zərbələri vurmuş, atası yenə də onları ayırmışdır. Bacısı evdən çıxıb Elşəni qucaqlamış və atası ilə birlikdə evə aparan zaman qonşu Sübhan ora gəlmişdir. Atası ilə Elşən bir qədər söhbət etmişlər. Bacısı Elşən üçün əvvəl çay, sonra su gətirmişdir. Elşən Günayı buraxmayacağını deyərək özü ilə aparacağını bildirmiş və bacısı Günay Elşənlə birlikdə Elşənə məxsus avtomobillə getmişlər. Daha sonra Elşənin bacısı Gülşən onların yaşadığı evə gələrək döşəmə silən taxta ağacı götürüb anası X1 vurmuş, stolun üstündə olan ləyəni götürüb anası istiqamətinə atmış, lakin ləyən anasına dəyməmişdir. Birdə anasını vurmaq istədikdə atası onları ayırmışdır. Zərərçəkmiş şəxs döyülməsinin səbəbkarı elə onun özüdür. Belə ki, onun bacısına yazmış olduğu mesajlar olmasa idi və o da bunu görməsə idi bu xoşagəlməz hadisə baş verməzdi. Həmin xəsarətləri özü diz və yumruğu ilə vurub yetirmişdir. Əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu Kirən kəndində ailəsi ilə birlikdə yaşayır. Şahid2 onun arvadı, Şahid1 qayınatası, Təqsirləndirilən şəxs isə qayınıdır. Qayını Musa və qaynatası Mehmanla aralarında əvvəldən heç bir ədavət və münaqişə olmamış, münasibətləri normal olmuşdur. Günayla təxminən 3 ildən artıqdır ki, evlənmiş, lakin uşaqları olmamışdır. Qaynatası Mehman təxminən bir il əvvəl onun Günay üçün aldığı qızılları aparmış, lakin geri qaytarmamışdır. Arvadı Günayı ona hədiyyə almış olduğu komplekt qızıl dəsti, yəni tək sırğa, adi qaşlı boyunbağı, adi qaşlı və qaşsız bilərzikləri, iki ədəd adi qaşlı üzükləri və bir ədəd qaynatasının ona aldığı qaşsız nişan üzüyündən ibarət cəmi 7 ədəd qızıl-zinət əşyalarını almaq üçün qaynatasının evinə göndərmiş və bu zaman arvadı ondan inciyərək ər evinə qayıtmamışdır. Günayla barışmaq üçün qohumlarından bir neçəsini onun evinə göndərsə də Günay qohumlarına ərinin onun arxasınca gələcəyi təqdirdə evə qayıdacağını bildirib geri qaytarmışdır. O, qaynı Musaya zəng edərək ya bacısını göndərməyi, ya da gəlib cehizlərini aparmağı ondan xahiş etmiş, Musa ona bu işə qarışmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Günay ona məxsus mobil telefona zəng vurub gəlib onu aparmağı xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində evdə olan zaman Günay ona mesaj yazaraq harada olduğunu və gəlib-gəlməyəcəyini soruşduqda, ona evdə olduğunu və evdən çıxıb gəldiyini demişdir. Atasına məxsus etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib tək Günayın atası Mehmanın evinə getmişdir. Avtomobili Mehmana məxsus evin döngəsində arxaya döndərmək istəyən zaman Mehman arxa tərəfdən gəlib avtomobilin sol yan qabaq qapısını açıb, avtomobilin açarını çıxardıb dartıb onu avtomobildən düşürtmüşdür. Avtomobildən düşdükdən sonra Mehman sol qolunu arxaya burub təpiklə ayağına vurub onu yerə yıxmışdır. Yerdən qalxmaq istəyən zaman əllə boynundan tutub kürək nahiyəsinə bir yumruq vurmuş, dizi üstə yerdə oturaqlı vəziyyətdə qalmış, Mehman boynundan tutub sol gözaltı nahiyəsinə də yumruqla vurmuşdur. Mehmanın əlində kəsik əlcək olmuşdur. Bu zaman müvazinətini itirmiş, Musa gəlib sağ gözündən yumruqla vurduqdan sonra yerə uzanmışdır. Yerdə olan zaman Mehmanla Musa hər ikisi bədəninin müxtəlif nahiyəsindən yumruq və təpiklə zərbələr endirmişlər. Almış olduğu zərbələrdən huşunu itirmişdir. Ayıldıqda Mehmanın dizini kürəyinə qoyub onu əllərilə boğduğunu görmüşdür. Mehmanın əllərini boğazından ayırmışdır. Mehmanla Musa onu yerdən qaldıran zaman Musa ağzından tutmuşdur. Büzdüm sümüyünün distal hissəsinin sınığı xəsarətini ona Şahid1 sol qolunu burub yerə yıxdıqdan sonra sağ əlinin yumruğu ilə dalbadal vurmaqla yetirmiş, daha sonra boynundan tutub yerdən qaldırmış və yumruqla sol gözünün altından bir dəfə vurmuşdur. Sonra təpiklə kürəyindən vuraraq xəsaraq yetirmişdir. Yerdə qalan xəsarətləri Musa yumruq və təpiklə vurub yetirmişdir. Ata və oğlu tərəfindən döyüldüyünü görüb qışqırıb köməyə adam çağırmış, həmin vaxtı da Musa onun ağzını tutmuş, bu zaman sonuncunun barmağını dişləmişdir. Musa bundan sonra yenə də yumruqla sağ qulağının dibindən iki dəfə vuraraq onu döymüşdür. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmiş, sonradan Mehmanın qonşusu Sübhan gəlib onu onların əlindən almışdır. Bundan sonra arvadı Gülşən evdən çıxaraq yanına gəlmiş, döyülməyini görüb ağlayıb onu qucaqlamışdır. Bu zaman Musa onu və arvadının başından yumruqla vurmuşdur. Bundan sonra sakitlik yaranmış, Mehman onu evə aparmışdır. Günay su gətirib üzünə vurduqdan sonra arvadı ilə maşınına minib atası evinə getmişdir. 25 mart 2023-cü il tarixdə Günayın nömrəsini xatırlamadığı mobil telefonunun “WhatsApp”ına cinsi əlaqədə olmaq-“yaxınlıq” etməyi barədə mesajlar yazmış, həmin mesajlar da təsadüfən Şahid1 tərəfindən aşkar olunmuşdur. Günay onun arvadıdır, özü bilər arvadı ilə necə davrandığını. Döyülməyində səbəbi elə bu mesajlar olmuşdur. Döyülən vaxtı ətrafda kənar şəxslər olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Ona həbslə bağlı cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Kirən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızı Günayla dörd ildir ailə qurmuşdur. Elşənlə qızı Günayın arasında şəxsi münasibətlər zəminində xırda narazılıqlar olmuş, bu narazılıqlar hüquq mühafizə orqanlarına müraciətlə nəticələnməmiş, ailə daxili öz həllini tapmışdır. Ona görə də Zərərçəkmiş şəxs ilə aralarında heç bir narazılıq olmamışdır. Təxminən, 2 ay əvvəl qızı Günay Elşəndən küsüb onun yaşadığı evə gəlmişdir. Belə ki, Zərərçəkmiş şəxs qızını söyüb, sonra döyüb xəsarət yetirərək onun yaşadığı evə göndərmişdir. Onların aralarında olan mübahisəyə səbəb qızının deməsinə görə Elşəni yemək yeməyə dəvət edən zaman həmin vaxtı Elşənin kiminləsə telefonda yazışmasına mane olması olmuşdur. Bu səbəbdən Elşən qızını döyərək evdən qovmuşdur. Lakin, buna baxmayaraq o və onun ailə üzvləri, eləcə də qızı Günay şikayət etməmişlər. Bununla da 2023-cü ilin mart ayının 25-nə kimi qızı onun evində qalmışdır. Bu müddət ərzində Elşənin anası Qətibə, bacısı Gülşən, qudası Zakir gəlib Günayın Elşənin evinə qayıtmasını xahiş etmiş, lakin qızı Günay əri Elşənin gəlməsini tələb etmişdir. Hətta bir neçə dəfə Elşən oğlu Musaya zəng edib ondan bacısı Günaya təsir edib evə qayıtmasını deməsini xahiş etmiş, Musa isə onların ailə daxili işlərinə qarışmayacağını və bacısına heç bir söz deməyəcəyini ona bildirmişdir. 25 mart 2023cü il tarixdə saat 21 radələrində qızının mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə kiminləsə yazışdığından şübhələnmiş və qəfildən ondan mobil telefonu aldıqda Elşənin qızının ünvanına deyilməsi mümkün olmayan sözlər yazdığını, eyni zamanda ona əxlaqsız təkliflər etdiyini görmüşdür. Hal-hazırda həmin səs yazıları və mesajları öz mobil telefonuna köçürmüş və ifadəsinə əlavə etmişdir. Oğlu Musa da həmin vaxt həmin səs yazılarını dinləmiş və mesajları görmüşdür. Oğlunun bundan sonra əsəbləşdiyini, Elşəni gedib döyəcəyini deməsini eşidib onun qabağını alıb sakitləşdirmişdir. O da onu eşidib heç bir yerə getməmişdir. Qızına da bununla əlaqədar iradını bildirdikdə Günay ağlamış, oğlu isə evdən çıxıb harasa getmişdir. Bundan sonra evin həyətinə çıxmış, bu zaman Elşən özünün “VAZ-2106” markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara gəldiyini görmüşdür. O, Elşənə yaxınlaşmış, ona evə gəlməyi təklif etmiş, onun Elşəni evə dəvət etməkdə məqsədi Elşəndən ailənin qalıb–qalmamasını öyrənmək, yəni qızını arvad kimi saxlayıbsaxlamasını öyrənmək olmuşdur. Onun Elşəni evə dəvət etməkdə başqa məqsədi olmamışdır. Elşən də maşından düşmüş, həyətə keçmiş, ona nə üçün qızına nalayiq mesajlar yazdığını demiş, sonuncu isə üzr istəmək əvəzinə “burada kişimi var, onunla söhbət edim” sözlərini demiş və sinəsindən itələyərək onun və oğlunun ünvanına nalayiq sözlər demişdir. Həmin vaxtı oğlu Musa həyətə daxil olmuş, Elşənin onu itələməsini və söyməsini görüb əsəbləşmiş, əvvəl sağ dirsəyi ilə Elşənin boğaz nahiyəsinə, sonra isə yumruqla sifətindən zərbə vurmuşdur. Elşən arxası üstə yerə yıxılmış, yıxılan zaman Elşən əli ilə onu özünə çəkmiş və o da müvazinətini saxlaya bilməyib arxası üstə yerə yıxılmışdır. Həmin vaxtı Elşən sinəsi ilə üstünə yıxılsa da birbirini vurmamışlar. Sonra tez ayağa durmuş, ayağa duran kimi oğluna bir dəfə sillə ilə üzündən vurub sakitləşdirmişdir. Elşən isə “Ay camaat qoymayın məni döydülər” deyib qışqırmağa başlamış, oğlu Musa əlləri ilə Elşənin ağzından tutub “qışqırma, qonşular eşidər, camaatı narahat eləmə” sözlərini demiş, həmin vaxt Elşən Musanın sağ əlinin barmağını dişləyərək xəsarət yetirmişdir. Bundan sonra oğlu Musa Elşənin müqavimətini qırmaq üçün onun sifətindən dalbadal 4-5 dəfə yumruqla zərbələr vurmuşdur. Həmin vaxt artıq Elşən ayağa qalxmış, bu zərbələrin təsirindən Elşən Musanı barmağını dişləri arasından buraxmış, onları ayırıb həyətdən evə gətirmək istəyən vaxt qızı Günay evdən çıxaraq onlara yaxınlaşmışdır. Həmin vaxtı da qonşu Sübhan səs-küyü eşidib onlara gəlmişdir. O, Elşənin döyülmüş vəziyyətdə olduğunu görmüş, lakin hadisə baş verən anda o və qonşulardan heç kim hadisə yerinə gəlməmişdir. Bu hadisə təxminən 5 dəqiqə davam etmiş, tez başladığı kimi tezdə bitmişdir. Qızı isə Elşəni qucaqlayıb əvvəl su gətirib onun üzünü yumuş, sonra oğlu, qızı və Elşənlə birlikdə evə keçmişlər. Elşən ondan arvadını istəmişdir. Ona “ay bala beləmi yaxşı idi, gərək bu hadisə baş verərdi, nə vaxt sizə etiraz etmişəm, nə vaxt gəlibsən ki, qızı verməmişəm” demişdir. Bundan sonra qızı Günayla Elşən evdən çıxıb getmək istəyərkən Elşənin bacısı Gülşən, Gülşənin əri Kamran, əmisi oğlu Şaban, digər əmisi oğlu Elçin gəlmişlər. Onlar Elşənin döyülmüş vəziyyətdə olduğunu gördükdə Gülşən evin giriş qapısının arxasında olan pol ağacını götürüb pol ağacı ilə evin içində arvadı Xalidənin qoluna və ayaqlarına zərbələr vuraraq döyməyə başladıqda arvadı Xalidə Gülşənin əlindən pol ağacını almışdır. Gülşən sakitləşməmiş və stolun üstündə olan dəmir ləyəni götürüb arvadının başına vurmaq istədikdə Şaban içəri girmiş, onun və ailə üzvlərinin ünvanına söyüşlər söyüb Gülşəni kənara çəkib evdən çıxartmışdır. Elçində Gülşənin qolundan tutub aparanda Kamran ünvanına ölüdiri söyüşləri söymüşdür. Həmin vaxtı heç bir dava hadisəsi olmamışdır. Bundan sonra sakitlik yaranmışdır. Baş vermiş münaqişə zamanı qonşulardan heç kim gəlməmişdir. Bu hadisə təxminən 5 dəqiqə davam etmiş, tez bitmişdir. Bundan sonra sakitlik yaranmış, sonradan Elşən ondan və oğlundan polisə şikayət etmiş və qızını evdən qovmuşdur. Belə ki, Elşən döyüldükdən sonra bir müddət Tovuz rayon mərkəzi xəstəxanasında müalicə olunan dövrdə qızını Elşənin anası Qətibə Tovuz rayon polis şöbəsinə gətirmiş, səbəbini onunla izah etmişdir ki, guya qızı özünə qəsd edib öldürmək istəyir. Həmin vaxt o, gələcəkdə ola biləcək belə bir hadisənin qarşısını almaqdan ötrü qızını onun istəyi əleyhinə olaraq Tovuz rayon polis şöbəsinə gətirmişdir. Ona polis şöbəsindən zəng edib dəvət elədikdən sonra qızını evinə gətirmiş və həmin vaxtdan da qızı evindədir. Elşəni vurmamış, onu oğlu Musa döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Tovuz rayonu Kirən kəndində atası Mehman, anası X2, qardaşı Musa ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. O da Kirən kəndində atası və anası Qətibə ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə dörd ildir evlidirlər. Onlar qarşılıqlı surətdə birbirini istədiklərindən valideynləri ailə qurmağına razılıq vermiş, el adəti ilə toy etmişdir. xx.xx.2023-cü ildə Elşənlə mübahisə edərək atası evinə gedib onlarla birlikdə yaşamışdır. Elşənin atası evində baş vermiş mübahisəyə səbəb Elşənin internetdə tanış olduğu tanımadığı qadınla telefonda yazışması olmuşdur. O, Elşənə etiraz edəndə əri yumruqla döyərək sifətini göyərdib güclü fiziki ağrı yetirib atası evinə göndərmişdir. Həmin vaxt saat 14 radələri olardı. Evdə ikisindən başqa heç kim olmamışdır. Lakin, özü və valideynləri döyülməyi ilə əlaqədar heç bir yerə şikayət etməmişlər. Bundan sonra qayınanası, baldızları Gülşən, Tünzalə və qohumları Zakir evə gəlib ondan geri qayıtmağını xahiş etsələr də o, onu döyüb evdən qovan şəxsin, yəni, ərinin gəlməsini, bundan sonra onunla geri qayıdacağını bildirib ər evinə getməmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində atası Mehman onun əlindən mobil telefonu alıb baxan zaman Elşənlə “Whatsapp” proqramında yazışdığını görmüş və ona məxsus mobil telefonu əlindən alaraq mesaj yerini yoxlayan zaman Elşənin onun ünvanına nalayiq və şərəf, ləyaqətini alçaldan ifadələr yazdığını görmüşdür. Qardaşı Musa da həmin mesajları oxumuş, bu sözlərə görə Elşəni döyəcəyini demişdir. Amma, atası Mehman qardaşını qoymamış və Elşənin özünün gəldiyini, birlikdə onunla söhbət edəcəyini demişdir. Evdə olarlkən həyətdən Elşənin ağlamış vəzyyətdə qışqıra-qışqıra onu çağırdığını eşidib bayıra çıxdıqda Elşənin ağzı üstə yerə yıxılmış vəziyyətdə sifətinin isə qanın içində olmasını, atası və qardaşı Musanın, qonşusu Sübhanın da onun yanında dayanmalarını görmüşdür. Elşəni görən vaxtı onu heç kim döyməmişdir. Tez Elşənə yaxınlaşmış,onu yerdən qaldırıb atası ilə evə gətirmişlər. Burada su gətirib onun üzünü yumuşdur. Bir azdan sonra Elşənlə onun gəlmiş olduğu. qaynatasına məxsus “VAZ 2106” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib ər evinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tovuz rayonu Kirən kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs qardaşı, Şahid2 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs Günayın qardaşı, Şahid1 isə Günayın atasıdır. Günayla qardaşı Elşən təxminən 3 ildən artıqdır ailə həyatı qurublar, lakin övladları yoxdur. 2023-cü ilin fevral ayının 09da qardaşı ilə Günay arasında mübahisə baş vermişdir. Belə ki, qardaşı Günaya almış olduğu qızıl-zinət əşyalarının nə üçün Günayın atası evində olmasına iradını və narazılığını bildirib həmin əşyaları istədikdə mübahisə baş vermiş, mübahisə zamanı da Günay küsüb atasına evinə getmişdir. Günay küsüb getdikdən sonra anası, o, bacısı Tünzalə, bacısı əri Yusif və başqa qohumları Mehmanın evinə gedib Günayı qaytarmaq istəsələr də Günay onun evdən qovan şəxsin, yəni qardaşının gəlməsini deyib hər dəfə onları əliboş geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində evdə olmuşdur. Bu zaman əri Kamran ona anası Qətibənin zəng vurub qardaşının Günayın arxasınca evlərinə getdiyini və qayıtmadığını demişdir. Narahat olub Kamranla birlikdə ərinə məxsus “VAZ-2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehmana məxsus evə getmişdir. Yolda əmisi oğlu Şaban avtomobilə əyləşmişdir. Mehmanın evindən bir qədər aralıda maşını saxlamışlar. Qardaşı atasına məxsus “VAZ-2106” markalı nömrəsini bilmədiyi avtomobil ilə Mehmanın qapısına gəldiyindən həmin avtomobil Mehmanın evinin giriş qapısının qarşısında dayanmışdır. Tez avtomobildən düşüb atasına məxsus avtomobilin yanına qaçmışdır. Qardaşı sükanın arxasında, arvadı Günay isə arxa sol tərəfdə oturmuşdur. Mehmanla Musa maşının yanında olmamışlar. Qardaşı avtomobilin qapısını açıb ondan avtomobilə əyləşməyi xahiş etdikdə qardaşının sifətinin qan içində olmasını, habelə burnundan qan axmasını görmüşdür. Bundan həyəcanlanıb qardaşından kim tərəfindən bu vəziyyətə salınmasını soruşmadan birbaşa qaçaraq Mehmana məxsus evə getmişdir. Otağa girdikdə Mehmanı, arvadı Xalidəni, oğlu Musanı və qonşusu Sübhanı orada görmüşdür. Bu zaman əmisi oğlu Şaban gəlib ona qardaşının ölümcül halda olduğunu demişdir. Bundan sonra avtomobilə əyləşərək atası evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Tovuz rayonu Kirən kəndində ailəsi ilə birlikdə yaşayır. Şahid1 qonşusudur. Şahid2 onun qızı, Təqsirləndirilən şəxs isə onun oğludur. Zərərçəkmiş şəxs isə Günayın həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində həyətində olan zaman kiminsə ucadan “kömək edin” deyə qışqırdığını eşitmişdir. Mehmanın özünə və ya ailə üzvlərindən kiməsə nəsə olmasını güman edib kömək məqsədi ilə Mehmanın həyətinə keçərkən Elşənin “VAZ-2106” markalı avtomobilinin Mehmanın həyətinin darvazasının çöl tərəfində saxlanıldığını görmüşdür. Maşında heç kim olmamışdır. Mehmanın həyətinə keçdikdə qonşulardan heç kimi orada görməmiş, qızı Günayın əri Elşənin isə döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı Mehmanla Musa tərəfindən Elşənin döyüldüyünü görməmişdir. Elşən sol dizi üstə oturmuşdur. Şahid1 isə onun sol qolundan tutub qaldıraraq evə dəvət edirdi. Musa isə onun sağ tərəfində idi. Musa ilə Mehman Elşənin qolundan tutub evə aparan zaman Elşənin arvadı Günay evdən çıxıb Elşəni qucaqlayıb ayaq üstə qalxmış ərini evə aparmaq istərkən Musa Elşənin sifət nahiyyəsinə yumruqla 3-4 dəfə vurmuşdur. Həmin vaxtı Mehmanla birlikdə Musanı Elşəndən ayırmışlar. Şahid1 Elşəni nə yumruq, nədə ki, təpiklə vurmuşdur. Ona yalnız Musa bacısı Günay gələndən sonra sifətinə yumruqla vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT birliyi Tovuz rayon şöbəsinin 27 mart 2023-cü il tarixli 209 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: büzdüm sümüyünün distal hissəsinin sınığı, burun nahiyəsinin burun qanaxması ilə müşayiət edilən qançır-şişkinliyi və səthi yarası, sağ üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırı, sol hər iki göz qapaqlarının, sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sol almacıq nahiyəsinin qançır-şişkinliyi və əzilmiş yarası, sağ gicgah nahiyəsinin qançırşişkinliyi, sağ qulaq seyvanının arxa səthinin, döş qəfəsinin sağ yan səthinin, sağ qalça nahiyəsinin, döş qəfəsinin arxa səthində Xİ-Xİİ döş fəqərəsi səviyyəsinin qançırları, sol yanaq və üst dodaq nahiyələrinin selikli qişasına olan qansızma sahəsi, sağ dirsək oynağı və sağ bayır topuq nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən onun tibbi yardım üçün Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi vaxtdan əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən büzdüm sümüyünün distal hissəsinin sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, burun nahiyəsinin burun qanaxması ilə müşayiət edilən qançır-şişkinliyi və səthi yarası, sağ üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırı, sol hər iki göz qapaqlarının, sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sol almacıq nahiyəsinin qançırşişkinliyi və əzilmiş yarası dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Kirən kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmasını və cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxslə onun arvadı, yəni hazırki iş üzrə təqsirləndirilən şəxsin bacısı arasında baş vermiş və məzmunu şübhə doğurmayan yazışmalardan görünür ki, həmin yazışmaların məzmunu əxlaq normalarına uyğun deyildir və bir qardaş kimi Musaya təsir etməyə bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, Musa tərəfindən törədilmiş bu cinayət həm də zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilmişdir. Belə ki, CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar