Məhkəmə qərarları › İş №1(062)-92/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-92/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-92/2024 17.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 30 aprel 2024-cü il tarixdə, saat 20:35 dəqiqədə Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Məhsul Arena” çay evinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon Polis Şöbəsinin inzibati binasında 30 aprel 2024-cü il tarixdə, saat 20:55-dəqiqədən saat 21:19 dəqiqəydək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir və narkotik vasitənin müxtəlif növündən istifadə edir. Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən adını bilmədiyi kafeyə gedən zaman yolda bir ədəd gümüşü rəngli büküm olduğunu görüb içərisinə baxmışdır. Həmin siqaret qutusunun içərisində psixotrop maddə hesab edilən metanfetaminə bənzər kütlə olduğunu görüb həmin bükümü cibinə qoyub yaşadığı evə qayıtmışdır. Dükandan həmin psixotrop maddə hesab edilən metanfetamini qəbul etmək üçün bir ədəd limon duzu, bir ədəd 2 ml-lik inyeksiya suyu, bir ədəd 1 ml-lik şpris almışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin gümüşü rəngli bükümdə olan kütləni istifadə etmək üçün Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Məhsul Arena” çay evinin yaxınlığı ilə piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, ondan narkotik vasitə və psixotrop maddə saxlamaqda, gəzdirməkdə şübhələndiklərini bildirib onun Tovuz RPŞ-nə gətirmişlər. Daha sonra bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini deyib hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. X2 vəkil seçmişdir. Müdafiəçi X1 iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığı soruşulmuşdur. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində “Kent” yazısı olan limon duzu, bir ədəd 1 ml-lik şpris, bir ədəd 2 ml-lik inyeksiya üçün suyu, bir ədəd gümüşü rəngli bükümdə olan kütləni çıxarıb təqdim etmişdir. Həmin gümüşü rəngli bükümdə olan kütləyə açılaraq baxış keçirilmişdir. Bir ədəd gümüşü rəngli bükümdə olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində şəffaf, kristal halda olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Gümüşü rəngli bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 0,44 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd gümüşü rəngli bükümdə olan kütlə bir ədəd zərfə, digər bir ədəd üzərində “Kent” yazısı olan limon duzu, bir ədəd 1 ml-lik şpris, bir ədəd 2 ml-lik inyeksiya üçün suyu isə ayrı bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Etmiş olduğu əməldən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə metafetamin qəbul etməsi, üzərində saxlaması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün xx.xx.2024-cü il tarixdə saat 21 radələridə Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid2 ilə mülki paltarda həmin şəxsin müəyyən edilməsi üçün Tovuz şəhəri ərazisinə getmişlər. 30 aprel 2024-cü il tarixdə saat təxminən 20:35 dəqiqədə Tovuz şəhər H.Əliyev prospektində “Məhsul Arena” çay evinin yaxınlığında həmin şəxsi görüb ona yaxınlaşıb xidməti vəsiqələri təqdim edib Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, sonuncuya narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğunu bildirib onlarla RPŞ-nin Tovuz şəhəri M.Musayev küçəsində yerlşən inzibati binasına getməyi təklif etmişlər. Həmin şəxsdə heç bir müqavimət göstərmədən onlarla saat 21 radələrində Tovuz RPŞ-nə gəlmişdir. Bundan sonra Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını izah edilərək hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim etmiş, sonuncu təqdim edilmiş siyahı üzrə Tovuz rayon Vəkil Bürosunun vəkili X2 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra saat 20:55dən saat 21:19-a kimi təhqiqatçının xidməti iş otağında vəkil X1, onun və Şahid2 iştirakları ilə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərinə şəxsi axtarış və baxış keçirilən Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanılması qadağan olunan hər hansı əşya olması, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində belə bir psixotrop maddə olmasını bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində “Kent” yazısı olan limon duzu, bir ədəd 1 ml-lik şpris, bir ədəd 2 ml-lik inyeksiya üçün suyu, bir ədəd dümüşü rəngli bükümdə olan kütləni çıxarıb təqdim etmişdir. Həmin gümüşü rəngli bükümdə olan kütləyə açılaraq baxış keçirilmişdir. Bir ədəd gümüşü rəngli bükümdə olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində şəffaf, kristal halda olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə metamfetamindir, həmin kütləni 2 gün qabaq Tovuz rayonu Düz Cırdaxan kəndində yolun kənarında tapmış və üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Gümüşü rəngli bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 0,44 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd gümüşü rəngli bükümdə olan kütlə bir ədəd zərfə, digər bir ədəd üzərində “Kent” yazısı olan limon duzu, bir ədəd 1 ml-lik şpris, bir ədəd 2 ml-lik inyeksiya üçün suyu isə ayrı bir ədəd zərfə qoyulub qablaşdırıldıqdan sonra hər iki zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlə psixotrop maddə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz RPŞ-nin İB-nə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, həmin tarixdə, saat 20:45-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçi X1 iştirakı ilə və video çəkiliş aparılmaqla saat 20:55 dəqiqədən saat 21:19 dəqiqəydək şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şpirist, 1 ədəd inyeksiya suyu, 1 ədəd limon duzu və 1 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi sonradan məhkəməkimyəvi ekspertizasının rəyinə əsasən 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/03 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü kütlə”yazı və imzalar olan kağız paketdəki, bir ədəd A4 kağız bükümündə olan bir ədəd gümüşü “falqa” bükümdə təmiz çəkisi 0,286 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamindən 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,236 qram qalıq qalmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsinin 08 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz əldə edərək üzərində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CMin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə, himayəsində azyaşlı uşaq olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Ona görə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şpirist, 01 ədəd inyeksiya suyu, 01 ədəd limon duzu və 0,236 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şpirist, 01 ədəd inyeksiya suyu, 01 ədəd limon duzu və 0,236 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar