Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-92/2025 13.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 21214” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Yanıqlı avtomobil yolunun Tovuz rayonu, Aşıralılar kəndi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələbləri pozaraq 80 km/saat sürətlə hərəkət edərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək öz hərəkətlərini davam etdirib sərt döngəyə daxil olan zaman idarəetməni itirməsi nəticəsində avtomobilin yolun sağ ehtiyat hissəsində yerləşən su arxına aşmasına və nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün diafizinin qapalı, çoxqəlpəli yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-də qapalı çəp yerdəyişmiş sınığı, sol tərəfli hematoraks ilə müşayiət edilən hər iki ağciyərin postravmatik kontuziyası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə Tovuz rayonu, Bozalqanlı kəndində daimi pasport qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin Tovuz rayonu ərazisində kafe mağazada işləyir. xx.xx.2024cü il tarixdə, saat təxminən 01 radələrində sahiblik hüququ atası Şahid1 məxsus olan “Niva ” minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Aran Yanıqlı kəndindən üzü Tovuz rayonu, Qovlar şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobili özü idarə etmişdir. Avtomobildə ondan başqa iş yoldaşları Zərərçəkmiş şəxs və Şahid2 olmuşlar. Ömər avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmişdir. İlkin isə avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobilin sahibi atası Şahid1 olsa da, ara-sıra avtomobili sürmək üçün atasından alırdı. Avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi yoxdur. Hərəkətdə olan zaman avtomobilin sürəti saatda təxminən 80/km olmuşdur. Tovuz rayonu, Aşıralılar kəndi ərazisində yolun sağ tərəf hərəkət zolağında hərəkətdə olarkən qarşısına sərt döngə çıxmışdır. Kəndin yolunu yaxşı tanımadığı və eyni zamanda yuxulu olduğuna görə sərt döngəyə çatdıqda sürət həddi çox olduğu üçün heç bir qabaqlayıcı tədbir görə bilməmiş və avtomobilin idarəetməsini itirmişdir. Nəticədə, avtomobil aşaraq yolun sağ ehtiyat hissəsində yerləşən su kanalına arxası üstə düşmüşdür. Hadisə zamanı hər üçü xəsarət almışlar. Daha sonra isə hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək onları Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, bu kimi halları nəzərə almaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Tovuz rayonu ərazisində yerləşən kofe mağazalarından birində satıcı kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixində Tovuz rayonu, Aşıralılar kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin mahiyyəti ilə bağlı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 01 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs məxsus olan “Niva” minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Qovlar şəhəri istiqamətindən üzü Tovuz rayonu, Aran Yanıqlı kəndi istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt avtomobili Elvinin sürücülük hüququ olmadığı üçün o idarə etmişdir. Həmin avtomobil Elvinin atasına məxsus olmuşdur. Onlar Tovuz rayonu, Aran Yanıqlı kəndinə iş yoldaşları Şahid2 götürmək məqsədilə getmişdirlər. Tovuz rayonu, Aran Yanıqlı kəndinə çatıb iş yoldaşları İlkini götürmüşlər və İlkin avtomobilin arxa oturacağında əyləşmişdir. O isə, Elvinin təkidi ilə sükanın arxasından yerə düşərək avtomobilin qabaq sağ tərəf oturacağında əyləşmişdir. Çünki Elvin avtomobili özü idarə etmək istəmişdir. Hərəkətdə olan zaman avtomobilin sürəti saatda təxminən 80/km saat olmuşdur. Tovuz rayonu, Aşıralılar kəndi ərazisində yolun sağ tərəf hərəkət zolağında hərəkətdə olarkən qarşılarına sərt döngə çıxmışdır. Elvin sərt döngəyə çatdıqda sürət həddi çox olduğu üçün heç bir qabaqlayıcı tədbir görə bilməmış və avtomobilin idarəetməsini itirmişdir. Nəticədə avtomobil aşaraq yolun sağ ehtiyat hissəsində yerləşən su kanalına arxası üstə düşmüşdür. Hadisə zamanı onlar hər üçü xəsarət almışlar. Daha sonra isə hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək onları Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, usta kimi işləyir. xx.xx.2024-cü il tarixində Tovuz rayonu, Aşıralılar kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin mahiyyəti ilə bağlı bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur və onun ilə eyni evdə yaşayır. Elvin Tovuz rayonu ərazisində yerləşən “Kofe stop” mağazasında satıcı işləyir. Onun özünə məxsus “Niva” minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili var. O, həmin avtomobili ara-sıra oğlu istədiyi üçün idarə etməyə ona verirdi. Lakin oğlunun avtomobili idarə etmək üçün sücülük hüququ yoxdur. Buna baxmayaraq avtomobili ondan istədikdə o, öz razılığı ilə həmin avtomobili sürmək məqsədilə oğluna verirdi. xx.xx.2024-cü il tarixdə də səhər saatlarından oğlu ondan avtomobili istəmiş, o, isə öz razılığı əsasında avtomobili oğlu Elvinə vermişdir. Hadisə günü o, işləmək məsqsədilə Laçın şəhərinə yol getmişdir. Saat təxminən gecə 03 radələrində evdən ona zəng gələrək oğlu Elvinin Tovuz rayonu, Aşıralılar kəndi ərazisində ona məxsus “Niva” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisə etdiyini bildirmişdilər. Həmin vaxt o, dərhal Laçın şəhərindən tanımadığı yol avtomobili ilə təkrar Tovuz rayonuna qayıtmışdır. O, Tovuz rayonuna çatdıqda ertəsi gün səhər saat 10 radələri olmuşdur. Ev ilə əlaqə saxladıqda Elvinin evdə olduğunu bildirmişdilər. O, evə gəlmişdir. Evə gəldikdən sonra ona məlum olmuşdur ki, avtomobildə oğlu Elvindən başqa iş yoldaşları Ömər və İlkin adlı uşaqlar da olmuşdur. Oğlu Elvinin hadisə zamanı sağ biləyi sınmışdır, tanışı Ömərin isə sağ qolu və sağ ayağını sındığını, eyni zamanda onu Gəncə şəhər xəstəxanasına apardıqlarını öyrənmişdir. Avtomobildə digər sərnişin qismində əyləşən İlkinin isə heç bir xəsarət almadığını öyrənmişdir. Avtomobili oğlu Elvinə idarə etmək üçün verdiyinə peşmadır. Çünki oğlu Elvinin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Tovuz rayonu, Bozalqanlı kəndində daimi pasport qeydiyyatda olmaqla həmin ünvanda da ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, amma Tovuz rayonu ərazisində kofe mağazasında satıcı işləyir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 01 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Aran Yanıqlı kəndindən üzü Tovuz rayonu, Qovlar şəhəri istiqamətində hərəkətdə olmuşlar. Avtomobildə ondan başqa iş yoldaşı Zərərçəkmiş şəxs Ramin oğlu olmuşdur. Ömər avtomobilin qabaq sağ tərəf oturacağında, özü isə avtomobilin arxa oturacağında əyləşmişdir. Elvinin sürücülük vəsiqəsinin olub-olmaması barədə məlmatı yoxdur. Elvinin avtomobili hansı sürətdə idarə etdiyindən məlumatı olmamışdır. Çünki o, avtomobildə yatmışdır. Bu səbəbdən də hadisənin hansı şəraitdə baş verdiyindən məlumatı yoxdur. Yol nəqliyyat hadisəsi zamanı da yuxudan ayılmamış və şoka düşmüşdür. Hadisədən iki gün sonra özünə gələrək yol nəqliyyat hadisəsi baş verdiyini bilmişdir. Hadisə zamanı ciddi xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” xx.xx.2025 il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, toqquşma yeri Tovuz- Aran Yanıqlı avtomobil yolunun Tovuz rayonu, Aşıralılar kəndi ərazisindən keçən hissəsində yerləşir. Avtomobil yolunun ümumi eni 07 metr olmaqla düz asfalt döşəməlidir, həmin istiqamətdə sağ ehtiyat hissəsi su arxı və sol ehtiyat hissələrinin örtüyü torpaq olmaqla eni 01 metrdir. Avtomobil yolu hadisə zamanı quru vəziyyətdə olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 Tovuz rayon şöbəsinin məhkəmə tibbi ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 944 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün diafizinin qapalı, çoxqəlpəli yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-də qapalı çəp yerdəyişmiş sınığı, sol tərəfli hematoraksilə müşayiət edilən hər iki ağ ciyərin postravmatik kontuziyası küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 10 mart 2025-ci il tarixli, 8/376 №-li ekspert rəyindən görünür ki: 1.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 21214“ minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 80km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 016-333 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir.Həmin vətəndaşın adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. -Tovuz RİHB-nın İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, tam orta təhsilli, azərbaycanlı, subay, Bozalqanlı kənd sakini Təqsirləndirilən şəxs kənd arasında özünəməxsus hörməti vardır. Kəndin ictimai işlərində fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində hal-hazıra kimi Tovuz rayonu, Bozalqanlı kənd icra nümayəndəliyinə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. - Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi biletdən görünür ki, o, 19-20 sentyabr 2023-cü il tarixdə Ağdam rayonu istiqamətində aparılmış antiterror əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi “Vaz-21214” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Yanıqlı avtomobil yolunun Tovuz rayonu, Aşıralılar kəndi ərazisindən keçən hissəsində idarəetməni itirməsi nəticəsində avtomobilin yolun sağ ehtiyat hissəsində yerləşən su arxına aşması və nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin İV hissəsinə görə velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş bütün ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda məhkəmə şəxsə cəza təyin edən zaman onun 19-20 sentyabr 2023-cü il tarixdə Ağdam rayonu istiqamətində aparılmış antiterror əməliyyatlarında N saylı hərbi hissənin tərkibində iştirak etməsini də nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və onun törətdiyi cinayətin xarakterinə, şəxsiyyətinə görə cərimə cəzasını təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış “VAZ-21214” markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6500 min manat məbləğində cərimə cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “VAZ-21214” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №1(062)-92/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-92/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver