Məhkəmə qərarları › İş №1(062)-93/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-93/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-93/2023 21.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1960-cı ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi, 1958-ci ildə keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 01 ədəd 479 №-li, 5,6 mm kalibrli, “TOZ-8” modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş ov tüfəngi hesab edilməklə, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silahı yaşadığı Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində saxlamış, 19 aprel 2023-cü il tarixdə, saat 16:25-dən 17:10-dək olan müddət ərzində baxış zamanı qanunsuz olaraq əldə etdiyi 1958-ci ildə keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 01 ədəd 479 №-li, 5,6 mm kalibrli, “TOZ-8” modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş ov tüfəngi hesab edilməklə, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silahı yaşadığı Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Yanıqlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. X1 xx.xx.2012-ci il tarixdə mikroinfarkt nəticəsində vəfat etmişdir. Hal-hazırda atasından qalmış evində oğlunun qızı, 18 yaşı tamam olmayan X6 ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Spirtli içkilərə, narkotik vasitələrə, psixotrop maddələrə meyilli deyil, psixi xəstəlik keçirməmiş və heç bir yerdə işləmir. Fərdi işlə məşğul olmaqla dolanır. 19 aprel 2023-cü il tarixdə saat 18 radələrində Tovuz RPŞ-nin X8 əməkdaşları tərəfindən yaşadığı evin zirzəmisinin 2-ci otağında divara söykənilmiş rəfin arxasından götürülmüş 01 ədəd 479 №-li keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, “TOZ- 8” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah mərhum X4na məxsus olmuşdur. X4 “Böyük Vətən müharibəsi” veteranı olmuş, SSRİ dövləti tərəfindən döyüş xidmətlərinə görə orden və medallar ilə təltif edilmişdir. Həmin silah atasında olmuşdur. Atasının həmin silahı haradan və kimdən əldə etməsini bilməmişdir. Atası 98 yaşında, 07 aprel 2004-cü ildə evində xəstəliklə əlaqədar vəfat etmişdir. Atasından sonra 28 iyun 2005-ci ildə anası Adilə də xəstəliyə görə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin silah evdə atası tərəfindən qoyulan və polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülən vaxta kimi qoyulmuş və götürülmüş yerdə qalmışdır. Həmin silahın patronları olmamışdır. Əgər olsa idi patronları polis əməkdaşlarına təqdim edərdi. 19 aprel 2023-cü il tarixdə saat təxminən 17 radələrində Tovuz rayonu Qovlar şəhərində idi. Bu zaman tanıdığı X8 polis serjantı Samir adlı polis əməkdaşı mobil telefonuna zəng edib harada olmağı ilə maraqlandıqda ona Qovlar şəhərində olmasını və onu nə üçün axtardığını soruşduqda Samir “səndə tüfəng var, onu polisə təqdim etmək lazımdır” demişdir. O da həmin silahın özündə, evində olmasını etiraf edib, Qovlar şəhərindən evinə gəlmişdir. Çünki Samir ona dediyinə görə polis əməkdaşları ilə evinin qarşısında onu gözlədiyini demişdir. Polis əməkdaşlarına atasının yadigarı olmuş silahı evin zirzəmisində saxladığını deyib polis əməkdaşlarına evinə baxış keçirilməsinə razılıq verməyi barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının və özünün iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla evin zirzəmisinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq atasından qalmış, zirzəmidə saxladığı 01 ədəd 479 №-li “TOZ-8” modelli odlu yivli silah evin zirzəmisinin 2-ci otağının divara söykənilmiş rəfin arxasından götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin silahdan heç bir zaman istifadə etməmişdir. Səhvi onda olmuşdur ki, həmin silahı evinin zirzəmisində saxlamış və özü vaxtında polis əməkdaşlarına təqdim etməmişdir. Həmin silahın onda olmasını özündən başqa heç kim bilməmiş, bu barədə heç kimə, o cümlədən nəvəsinə heç bir söz deməmişdir. Silah götürüldükdən sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin silah ağ rəngli kisəyə qoyulub qablaşdırılmışdır. Tərtib edilmiş protokola imza etmişdir. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Qovlar PB-nin CAB-nin əməliyyat müvəkkili işləyir və polis baş leytenantı xüsusi rütbəsindədir. Tovuz rayonu Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 19 aprel 2023-cü il tarixdə Tovuz rayonu Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs evində odlu silah saxlanılması barədə daxil olmuş məlumatla əlaqədar Tovuz RPŞ-nin X8 əməkdaşları o və Şahid2 tərəfindən həmin şəxsin evində saat 17-18 radələri arası olan müddət ərzində keçirilmiş baxış və götürülmə aparılmasında iştirak etmişdir. Baxış və götürülmə TB-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən aparılmışdır. Baxış keçirməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evində odlu silah olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs evdə həqiqətən də mərhum atası Ədil Orucovdan qalmış odlu silah, yəni tüfəng olmasını və həmin silahı özünün saxlamasını bildirib polis əməldaşlarının təklifindən sonra fərdi yaşayış evinin zirzəməsinin 2-ci otağından, rəf şüşəsinin arxasından bir ədəd “TOZ-8” markalı ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Həmin tüfəngə baxış keçirilərkən onun nömrəsinin 479 olması və tək lüləli olması müəyyən edilmişdir. Silahın götürülməsi barədə təhqiqatçı tərəfindən protokol yazıldıqdan sonra tüfəng ağ rəngli polimer kisəyə qablaşdırılmış və kisənin ağzı DİN-in 70 saylı möhürü ilə möhürləndikdən sonra tərtib edilmiş protokola o və digər polis əməkdaşı tərəfindən imza edilmişdir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin Qovlar PB-də manqa komandiri işləyir. Tovuz rayonu Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 19 aprel 2023-cü il tarixdə Tovuz rayonu Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs evində odlu silah saxlanılması barədə daxil olmuş məlumatla əlaqədar Tovuz RPŞ-nin X8 əməkdaşları tərəfindən həmin şəxsin evində saat 17-18 radələri arası olan müddət ərzində keçirilmiş baxış və götürülmə aparılmasında iştirak etmişdir. Baxış və götürülmə TBnin təhqiqatçısı polis kapitanı X5 tərəfindən aparılmışdır. Baxış keçirməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evində odlu silah olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs evdə həqiqətən də mərhum atası Ədil Orucovdan qalmış odlu silah, yəni tüfəng olmasını və həmin silahı özünün saxlamasını bildirib polis əməldaşlarının təklifindən sonra fərdi yaşayış evinin zirzəməsinin 2-ci otağından, rəf şüşəsinin arxasından bir ədəd “TOZ-8” markalı ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Həmin tüfəngə baxış keçirilərkən onun nömrəsinin 479 olması və təklüləli olması müəyyən edilmişdir. Silahın götürülməsi barədə təhqiqatçı tərəfindən protokol yazıldıqdan sonra tüfəng ağ rəngli polimer kisəyə qablaşdırılmış və kisənin ağzı DİN-in 70 saylı möhürü ilə möhürləndikdən sonra tərtib edilmiş protokola o və digər polis əməkdaşı tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi məhkəmə-ballistik ekspertizasının 20 aprel 2023-cü il tarixli 23/306R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd 479 №-li silah keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişən heç bir əlavə dəyişiklik edilməmişdir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 479 №-li keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş “TOZ- 8” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 479 №-li keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş “TOZ- 8” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar