Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-94/2023 17.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə xx.xx.1979-cu ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf rəngli sellofan bükülüdə 11 qram təmiz çəkiyə malik bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç yan cibində saxlamış, 22 may 2023-cü il tarixdə, saat 16 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 16:15-dən saat 16:50-dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükülüdə olan 11 qram təmiz çəkiyə malik bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu, Qovlar şəhəri, ünvan 4 ünvanda yaşayır, ustadır, evlərin fasadına bəzək vurmaqla məşğul olur. Həmçinin evlidir və üç azyaşlı övladı var. O, 2004-cü ildə Rusya Federasiyasının CM-nin 228-1M M, 1 H, 228-1 M, 3H Q bəndi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2012-ci ilin noyabr ayında cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Həmin vaxtdan da Azərbaycan Respublikasına gəlmişdir. O, təxminən 3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. 22 may 2023-cü il tarixdə saat 13 radələrində o, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsindən keçib evlərinə gedən zaman dəmiryolunun kənarında yerdə nəzərini bir ədəd sellofan bükülü cəlb etdiyindən həmin sellofan bükülünü açıb içərisinə baxanda görmüşdür ki, içərisindəki narkotik vasitə olan qurudulmuş marixuandır. O, həmin narkotik vasitəni özü qəbul etmək məqsədilə götürüb cibinə qoymuşdur. O, əkin sahəsinə getmək üçün Vağzal küçəsi ilə təkcə piyada gedən zaman 2 nəfər mülkü formalı şəxslər ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və saxlamaqda ondan şübhələndiklərini bildirmişlər və onu xx.xx.2023cü il tarixdə, saat 16 radələrində Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Polis əməkdaşları onu Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olduğu üçün gətirilmişdir və onun üstünə baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim olunmuş və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Ruflan Əliyev vəkilinin iştirakı ilə ona hüquqlarını izah edib ona nə üçün gətirildiyini bildirdikdən sonra üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş narkotik vasitə olduğunu bildirib əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol iç yan cibindən həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı aşkar edilərək götürülmüş şəffaf rəngli sellofan bükülüdəki yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı, onun üzərindən əlavə hər hansı bir saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsindən tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin üzərindən aşkar edilərək götürülmüş sellofan bükülünün içərisindəki yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və sellofan bükülünün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişlər. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin kütlə sellofan bükümlə birlikdə 12,28 qram olmuşdur. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana vəkilinin, polis əməkdaşlarının iştirakı ilə bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Zərfin üstü isə onun, vəkili Müdafiəçi, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə baş təhqiqatçı Ruflan Əliyev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. O, özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni o, özü istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi bina 22, ev 22-də qeydiyyatda olmaqla faktiki olaraq Tovuz şəhəri Nəriman Nərimanov küçəsində kirayədə yaşayır, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Qovlar şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə ona məlumatlar daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində gəzdirməsində və narkotik vasitədən istifadə etməsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq saxladığı və üzərində gəzdirdiyi narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə soraqlaşma təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində qarşısındadır. Bu məlumat onlara daxil olan kimi o, Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X2 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onlarla birlikdə Tovuz RPŞ-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə gəlməyə etiraz etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. O, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X5 tapşırılmışdır. Bundan sonra təhqiqatçı Ruflan Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və şəxsi axtarışda iştirak edən polis əməkdaşları X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol iç yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli falqa açılaraq baxış keçirilmiş və baxış zamanı həmin falqanın içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin təqdim etdiyi kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı o, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində dəmiryolun kənarından taparaq özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra həmin şəffaf rəngli sellofan olan kütlə əczaçı tərəzisində çəkilmiş və həmin kütlə falqa ilə birlikdə ümumi çəkisi 12,28 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş l ədəd şəffaf rəngli sellofan içərisində olan kütlə ilə birlikdə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, baxışda iştirak edən NMQ-nin əməliyyat müəvəkkili X2 və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Ruflan Əliyev tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün onun heç bir əlavəsi və etirazı olmamışdır. Buna görə də protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı bir məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən alması barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs özünün deməsinə görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı o, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsindən dəmiryolunun kənarından tapıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən onun əynində olan palıdı rəngli qış gödəkcəsinin iç sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, sellofan büküm ilə birlikdə ümumi çəkisi 12,28 qram çəkidə olan yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür, şəxsi axtarış həmin gün, saat 16:15-də başlamış, saat 16:50-də başa çatmışdır . Məhkəmə Ekspertiza Mərkəzinin X6 tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 16/541 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli selofan bükümdə olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 11 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,04 qram sərf edilmiş, qalıq 10,96 qram olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 1099 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Səlimxan, xx.xx.2017-ci ildə anadan olmuş Xatın və xx.xx.2019-cu ildə anadan olmuş Məhəmməd adlı 3 nəfər azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və əynindəki qəhvəyi rəngli qış gödəkcəsinin sol iç yan cibində saxlamışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda- təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını iş üzrə onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicə təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş 10,96 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, hökmün icrası Tovuz rayon İcra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dən saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş 10,96 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-94/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-94/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver