Məhkəmə qərarları › İş №1(062)-94/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-94/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-94/2024 06.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Cəbrayıl oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 5 (beş) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə saat 18 radələrində Tovuz rayonu Xatınlı kəndi ərazisində Zərərçəkmiş şəxs Cəbrayıl oğlunun iribuynuzlu heyvanlarının ona məxsus arpa sahəsinə ziyan vurması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan çomaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol kürəkaltı, sağ kürək və sağ bud nahiyələrinin hemotomaları kimi sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən və sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan sol bud nahiyəsinin hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs Cəbrayıl oğlunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Onun Tovuz rayonu Xatınlı kəndinin Kür çayının kənarında yerləşən ərazisində pay torpağı vardır. O, özünə məxsus pay torpağının yaxınlığında olan həmkəndlilərinə məxsus pay torpaqlarını sahiblərinin razılığı ilə bir hissəsini əkib-becərmiş, yerdə qalan hissəsində isə iribuynuzlu heyvanlarını otarmışdır. Onunla qonşuluqda iribuynuzlu heyvan saxlayan Zərərçəkmiş şəxs Cəbrayıl oğlu mütəmadi olaraq özünə məxsus iribuynuzlu heyvanlarını onun arpa əkmiş olduğu 1 hektar 14 sot əraziyə salaraq otarmaqla ona ziyan vurmuşdur. O, Zərərçəkmiş şəxs iribuynuzlu heyvanlarına nəzarət etməsini və arpa sahəsini otarmamasını demişdir. Lakin Şahin onun sözlərindən nəticə çıxartmamış və yenidən özünə məxsus iribuynuzlu heyvanlarını onun arpa sahəsinə salmışdır. O, Şahinin hərəkətlərinə dözməmiş və xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Tovuz rayonu Xatınlı kəndi ərazisindən keçən “Aran” deyilən yerdə əlində olan ağacla Şahinin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, Şahini döyərkən orada onlardan başqa heç kim olmamışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Cəbrayıl oğlu ifadəsində göstərdi ki, o, rəsmi olaraq Tovuz rayon Meşə İdarəsində meşəbəyi işləyir. O, Tovuz rayon Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin Kür qırağı ərazisində yerləşən meşəlik ərazidə meşəbəyi işləyir. Onun meşəbəylik etdiyi ərazidə dövlət tərəfindən tikilmiş bina vardır. O, həmin binada yol uzaq olduğundan və gediş-gəlişdə əziyyət çəkdiyi üçün ailəsi ilə birlikdə həmin binada yaşamışdır. O, yaşadığı yerin yaxınlığında olan pay torpaqlarının sahiblərindən icazə almış və həmin torpaqlarda iribuynuzlu heyvanlarını otarmışdır. O, icazəsini aldığı pay torpaqlarının yaxınlığında əlavə pay torpağının olmasını bildirmişdir. Həmin pay torpağının bir hissəsində o, heyvanlarını otarmışdır. xx.xx.2024-cü il tarixdə onun iribuynuzlu heyvanları nəzarətindən yayınmış və qonşu sahəyə keçmişdir. Onunla qonşuluqda heyvan saxlayan Təqsirləndirilən şəxs ona uca səslə heyvanlarının ona məxsus otlaq sahəsinə keçməsini demişdir. O, Qurbana “hər gün sənin heyvanların mənim otlaq ərazimə keçir, bir dəfə də mənim heyvanlarım sənin otlaq ərazinə keçibdir də” demişdir. Bu zaman Qurban nalayiq sözlərlə onu təhqir etmiş və əlində olan ağacla bədəninin müxtəlif nahiyələrinə vurmaqla xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışaraq, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 353 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Cəbrayıl oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan sol bud nahiyəsinin hematomaları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol aşağı ətrafda hərəkət məhdudluğu yaradan sol bud nahiyəsinin hematomaları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Cəbrayıl oğlu ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar