Məhkəmə qərarları › İş №1(062)-94/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-94/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-94/2025 18.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, yəni bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,62 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması faktına görə saxlanmış, 23 aprel 2025-ci il tarixdə, saat 18;06 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Tovuz rayonu Abulbəyli kəndi ərazisində piyada hərəkət edərkən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı bir ədəd Şəffaf polietilen kəsiyi bükümündə ümumi çəkisi sellofanla birlikdə 16.91 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan boz rəngli cins şalvarın bel hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən xx.xx.2025-ci il tarixdə, Bakı şəhərində facebook sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından 370 manata qarşılığında 20 qr cəkidə marixuananı almış, və həmin narkotik vasitəni Tovuz rayonu Xatınlı kəndində yerləşən yaşadığı evə gətirilmişdir. O, həmin qurudulmuş marixuanadan təxminən 3-4 qramını özü istifadə etmişdir.Qalan narkotik vasitəni polietilen kəsiyi bükümünə qoyub üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində O, Tovuz rayonu Abulbəyli kəndi ərazisində piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimdə saxs ona yaxınlaşmışlar. Həmin şəxslərdən bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması. istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğu olmadığını bildirmişdir. Lakin baxış zamanı əynində olan boz rəngli şalvarın bel hissəsindən üzəri bir ədəd bir ədəd polietilen kəsiyi bükümündə içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin bükümün içərisində olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd ağ rəngli sellofandan olan kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd polietilen bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir.Həmin kütlənin çəkisi polietilen kəsiyi bükümü ilə birlikdə 16,91 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd polietilen bükümdə olan kütlə bir ədəd zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən X1. Müdafiəçi X2 iştirakı ilə həmin zərf açılıb yenidən baxılaraq qablaşdırılmışdır. O,qeyd etmişdir ki,sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsi üzbəüz görməmişdir. O, həmin şəxslə ancaq mobil telefon vasitəsi ilə danışmışdır. Həmin şəxs narkotik vasitəni qoyduğu yeri yəni Bakı şəhərində yerləşən Dərnəgül adlanan ərazidən keçən dəmir yolunun kənarırınıona mobil telefonda demişdir,həmçinin həmin yerin foto şəklini ona vatsap ani mesajlaşma tətbiqi vasitəsi ilə atmışdır. O da həmin şəxsə pulu “M10” tətbiqi vasitəsi ilə həmin şəxsə əvvəlcədən vədləşdikləri kimi 370 manat pul göndərmişdir. O,taksi fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən həmin gündə Bakı şəhərinə müştəri aparmışdır. Onun üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmamışdır.Bildirmişdir ki, yuxarıda da qeyd etdiyi kimi o, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə etməsi üçün üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis kapitanıdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 23 aprel 2025-ci il tarixində saat 17:30 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirmişdir. Bu zaman ona Tovuz rayon Xatınlı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz rayonu Abulbəyli kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən onlara həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-si, CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 İnqilab oğlu ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etmələri göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, mayoru Şahid2 və Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 İnqilab oğlu ilə o, həmin gün saat 17:45 radələrində avtomobilə əyləşib Tovuz rayonu, Abulbəyli kəndinə gəlmişdir. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Tovuz rayonu Xatınlı kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu, Abulbəyli kəndində yavaş-yavaş piyada yeriyərək hərəkətdədir. Bundan sonra onlar vaxt itirmədən piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişdir. Belə ki, üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, bu səbəbdən Təqsirləndirilən şəxs üzərində baxış keçirəcəklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonu Abulbəyli kəndində yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs onları heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı sorușmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan boz rəngli cins şalvarın bel hissəsindən polietilen kəsiyi bükümündə narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin bir ədəd polietilen kəsiyi bükümündə açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd polietilen kəsiyi bükümünün içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen kəsiyi bükümündə olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin polietilen kəsiyi bükümü ilə birlikdə 16,91 qram təşkil etmiş, daha sonra isə aşkar edilmiş bir ədəd polietilen kəsiyi bükümündə narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı - Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 İnqilab oğlu ifadələrində Şahid1 öz ifadəsində qeyd etmiş olduğu xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:06 dəqiqədən saat 18:22 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın yan hissəsindən şəffaf polietilen kəsiyi bükümündə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 15,62 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə video çəkiliş aparılmaqla saat 19:05 dəqiqədən saat 19:22 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd polietilen kəsiyi bükümündə olan sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 15,62 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 24 aprel 2025-ci il tarixli, 16/382 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd polietilen kəsiyi bükümündə olan təmiz çəkisi 15,62 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan 0,04 qram tədqiqata sərf edildikdən sonra 15,58 qram qalıq qalmışdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin 1-ci siyahısına daxildir. Cinayət işi üzrə 03 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs azərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15.62 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 03 iyun 2025-ci il tarixli, 894 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkimaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 aprel 2025-ci il tarixdə, saat 19:00 dəqiqədən tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Tovuz RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Tovuz Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 15.58 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar