Məhkəmə qərarları › İş №1(062)-95/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-95/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-95/2023 23.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş hüquqi şəxs Tovuz rayonu X4 nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Koxa Nəbi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayı ərzində, istintaqa dəqiq məlum olmayan gün və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Tovuz rayonu Koxa Nəbi kəndində X4 mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən 2 ədəd hər birinin diametri 20 santimetr olan, hər biri 180 (bir yüz səksən) manat dəyərində olmaqla cəmi 360 (üç yüz altmış) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 22 santimetr olan 200 (iki yüz) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 26 santimetr olan 250 (iki yüz əlli) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 28 santimetr olan 250 (iki yüz əlli) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 30 santimetr olan 300 (üç yüz) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 32 santimetr olan 300 (üç yüz) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 36 santimetr olan 350 (üç yüz əlli) manat dəyərində göyrüc ağacını, 1 ədəd diametri 20 santimetr olan 180 (bir yüz səksən) manat dəyərində palıd ağacını, 1 ədəd diametri 28 santimetr olan 250 (iki yüz əlli) manat dəyərində palıd ağacını, 4 ədəd hər birinin diametri 30 santimetr olan, hər biri 300 (üç yüz) manat olmaqla cəmi 1200 (bir min iki yüz) manat dəyərində palıd ağacını, 1 ədəd diametri 34 santimetr olan 350 (üç yüz əlli) manat dəyərində palıd ağacını, 1 ədəd diametri 44 santimetr olan 600 (altı yüz) manat dəyərində palıd ağacını, 1 ədəd diametri 14 santimetr olan 150 (bir yüz əlli) manat dəyərində dağdağan ağacını və 2 ədəd hər birinin diametri 24 santimetr olan, hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla cəmi qiyməti 400 (dörd yüz) manat dəyərində dağdağan ağacını qəsdən qanunsuz kəsməklə ümumilikdə Tovuz rayonu X5 5140,00 (beş min yüz qırx) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Tovuz rayonu Koxa Nəbi kəndində yaşayır, heç bir yerdə işləmir. Onun evi kəndin “Daş bulaq” deyilən ərazisində yerləşir. Heç bir yerdə işləmədiyinə görə maddi imkanı yoxdur və bu səbəbdən də yaşadığı evə qaz çəkdirə bilməmişdir. Qış aylarında evinin qızdırılması üçün qaz olmadığından yaşadığı evin yaxınlıqda, kəndarası avtomobil yolunun kənarında olan ağaclardan kəsib istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə özünün şəxsi istifadəsində olan benzin mühərrikli mişarla 2022-ci ilin dekabr ayının son günlərində, dəqiq tarixi xatırlamır, mərhum anası X1 məxsus olmaqla onun evinin alt hissəsində yerləşən torpaq sahəsinin kənarında olan palıd, göyrüc və dağdağan ağaclarını kəsib istifadə etmişdir. Həmin ağacların əvvəl 4 (dörd) ədəd kötüyünü, bir müddətdən sonra isə xırda ölçüdə olan 15 (on beş) ədədini kəsib evinə apararaq qış aylarında yandırıb evinin qızdırılmasında istifadə etmişdir. Hal-hazırda kəsdiyi ağacları tam yandıraraq istifadə etmişdir. Bu yaxınlarda isə mərhum anasından qalmış torpaq sahəsi ilə əlaqədar mübahisələri yarananda qardaşı Mədəd Hüseynovun arvadı Şahid3 ağacların onun tərəfindən kəsilməsi barədə müxtəlif dövlət qurumlarına şikayət etmişdir. Bununla əlaqədar 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır. Həmin vaxt o ağacların maddi imkansızlığına görə kəsib evinin qızdırılması üçün istifadə etdiyini etiraf etmişdir. O, ağacları tək özü kəsmiş, həmin ağacların kəsilməsində ona heç kim köməklik etməmişdir. Yaşadığı evlə həmin ağacları kəsdiyi yerin arasında təxminən 70-80 metr məsafə olduğundan yerində ağacları doğrayaraq evinə daşımışdır. Ağacları da özü tək daşıyıb aparmışdır. O, həmin torpaq sahəsinin anasına məxsus olduğunu hesab etmiş, ağacları kəsəndən sonra ona məlum olmuşdur ki, həmin ağacları kəsdiyi ərazi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlara aiddir. Hazırda əməlindən peşmandır və vurulmuş ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Tovuz rayonu X4 nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu Əsrik-Cırdaxan kəndində yaşayır, X4 üzvüdür. Koxa Nəbi kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavətləri və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs X4 mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsində 2 (iki) ədəd diametri 20 santimetr olan göyrüc ağacının hər birinin qiyməti 180 manat olmaqla cəmi 360 manat, 1 (bir) ədəd diametri 22 santimetr olan göyrüc ağacının qiyməti 200 manat, 1 (bir) ədəd diametri 26 santimetr olan göyrüc ağacının qiyməti 250 manat, 1 (bir) ədəd diametri 28 santimetr olan göyrüc ağacının qiyməti 250 manat, 1 (bir) ədəd diametri 30 santimetr olan göyrüc ağacının qiyməti 300 manat, 1 (bir) ədəd diametri 32 santimetr olan göyrüc ağacının qiyməti 300 manat, 1 (bir) ədəd diametri 36 santimetr olan göyrüc ağacının qiyməti 350 manat, 1(bir) ədəd diametri 20 santimetr olan palıd ağacının qiyməti 180 manat, 1 (bir) ədəd diametri 28 santimetr olan palıd ağacının qiyməti 250 manat, 4 (dörd) ədəd diametri 30 santimetr olan hər birinin qiyməti 300 manat olmaqla cəmi 1200 manat, 1 (bir) ədəd diametri 34 sm. olan palıd ağacının qiyməti 350 manat, 1 (bir) ədəd diametri 44 santimetr olan palıd ağacının qiyməti 600 manat, 1 (bir) ədəd diametri 14 santimetr olan dağdağan ağacının qiyməti 150 manat, 2 (iki) ədəd diametri 24 santimetr olan hər birinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manat olmaqla 5140,0 (beş min yüz qırx) manat dəyərində ağacları qanunsuz kəsərək istifadə etmişdir, Bununla da, X5 5140,0 (beş min yüz qırx) manat dəyərində ziyan vurmuşdur. Odur ki, təqsirləndirilən şəxs barəsində qanunamüvafiq hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Koxa Nəbi kənd sakini Təqsirləndirilən şəxs onun qayınıdır. O, uzun müddət Rusiya Federasiyasında yaşamış, onun anası Bayaz Hüseynovaya o baxmış, Binnətin hazırda yaşadığı yeri onlara vəsiyyət etmişdir. Ancaq Təqsirləndirilən şəxs Rusiya Federasiyasından qayıdıb gəlmiş və həmin evi və torpağı sahiblənmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində əkilmiş 19 ədəd ağacları qanunsuz olaraq kəsib özü istifadə etmiş, Binnətə həmin ağacları kəsməyin qanunsuz olduğunu demiş, sonuncu isə torpaq sahəsinin ona anasından qaldığını bildirmişdir. Buna görə onların aralarında narazılıqları yaranmış, 2023-cü ilin fevral ayında “xəbərsiz” verilişinə çıxıb Binnətin anasının onlara vəsiyyət etdiyi evi və torpaq sahəsini sahibləndiyini və həmin torpaq sahəsinin ətrafında əkilmiş ağacların qanunsuz kəsilməsi barədə məlumat vermiş, proqramdan sonra 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və digər qurumların əməkdaşları həmin yerə baxış keçirmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kəsmiş olduğu ağacların 8(səkkiz) ədədi göyrüc cinsinə, 8 (səkkiz) ədədi palıd cinsinə, 3 (üç) ədədi isə dağdağan cinsinə aid olmuşdur. Baxışda o, da iştirak etmiş və həmin akta imza etmişdir. Təqsirləndirilən şəxs guya iddia etmişdir ki, kəsdiyi ağacların yerləşdiyi torpaq sahəsi mərhum anası Bəyaz Hüseynovaya məxsus həyətyanı torpaq sahəsinin ərazisində yerləşir, lakin sonuncu yalan danışmış, həmin Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyi ağacların torpaq sahəsi kəndarası avtomobil yolunun kənarında əkilməklə həyətyanı sahələrə aidiyyatı olmamışdır. Ağacların əkildiyi sahə bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid5 ifadəsində göstərmişdir ki, o hal hazırda Tovuz rayonu Əsrik-Cırdaxan kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, Tovuz rayon İHB-nın Koxa Nəbi üzvü vəzifəsində işləyir. Tovuz rayonu, Koxa Nəbi kənd sakini Təqsirləndirilən şəxs bir kənd sakini kimi tanıyır, onunla qohumluğu və ya ədavəti yoxdur. 2023-cü ilin fevral ayının ortalarında Koxa Nəbi kənd sakini Şahid3 mətbuata çıxaraq Təqsirləndirilən şəxs onun qaynanası X2 məxsus olan ağacların kəsilməsini bildirmişdir. Bu barədə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən ona məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Tovuz rayon Prokurorunun köməkçisi Məzahir Quliyev tərəfindən həmin yerə yerində baxış aparılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kəsmiş olduğu ağacların 8(səkkiz) ədədi göyrüc cinsinə, 8 (səkkiz) ədədi palıd cinsinə, 3 (üç) ədədi isə dağdağan cinsinə aid olan ağaclardır. Həmin baxışda o da iştirak etmiş və həmin akta imza etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə qaz xətti olmadığından qeyd edilən ağaclar onun tərəfindən 2022-ci ilin dekabr ayının ayrı-ayrı günlərində kəsilərək aparılmış və evinin isidilməsi üçün yandırılmışdır. Təqsirləndirilən şəxs kəsdiyi ağacların güya ki, mərhum anası Bəyaz Hüseynovaya məxsus həyatyanı torpaq sahəsinin ərazisində olduğunu iddia etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyi ağacların torpaq sahəsi kəndarası avtomobil yolunun kənarında əkilməklə həyətyanı sahələrə aidiyyəti yoxdur. Ağacların əkildiyi sahə bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərmişdir ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Tovuz rayonu, Koxa Nəbi kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğ və ya ədavəti yoxdur. 13 fevral 2023-cü il tarixində Tovuz rayonu, Koxa Nəbi kəndində ağacların qanunsuz olaraq kəsilməsi barədə idarələrinə daxil olmuş məlumat əsasında həmin əraziyə gedərək Tovuz rayon icra Hakimiyyəti başçısının Koxa Nəbi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahid5 və idarənin aparıcı məsləhətçi müfəttişi Şahid1 iştirakları ilə Tovuz rayonu Koxa Nəbi kəndində bələdiyyə mülkiyyətində olan kəndarası avtomobil yolunun sol kənarında olan yerdə həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş halda olan 19 (on doqquz) ədəd ağaclar kəsildiyinin şahidi olmuşlar. Həmin yerə baxış aparılarkən müəyyən edilmişdir ki, kəsilmiş ağacların 8 (səkkiz) ədədi göyrüc cinsinə, 8 (səkkiz) ədədi palıd cinsinə, 3 (üç) ədədi isə dağdağan cinsinə aid olan ağaclardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə qaz xətti olmadığından qeyd edilən ağaclar onun tərəfindən 2022-ci ilin dekabr ayının ayrı-ayrı günlərində kəsilərək aparılmış və evinin isidilməsi üçün yandırılmışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, ağacları özünə məxsus olan benzin mühərrikli mişarla özü kəsmiş və özü doğrayaraq evinə daşımışdır. Hazırda kəsib apardığı bütün ağacları yandırdığı üçün ağaclardan heç bir qalıq qalmamışdır. Bununla əlaqədar kəsilmiş ağacların kötük hissələri tərəfindən ölçülmüş və yerində müvafiq akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. Daha sonra isə kəsilmiş ağaclara görə dəymiş ziyanın məbləği barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərari ilə təsdiq edilmiş miqdar cədvəlinə uyğun olaraq akt tərtib edilmişdir. Toplanmış sənədlər müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbil Sərvətlər Nazirliyinə göndərilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs kəsdiyi ağacların mərhum anası Bəyaz Hüseynovaya məxsus həyətyanı torpaq sahəsinin ərazisində olduğunu iddia etsə də bu barədə heç bir sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev ağacların kəsildiyi yerdən təxminən 70 metr aralı məsafədə yerləşir. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ağacları özü tək ayrı-ayrı günlərdə kəsərək, doğrayıb yaxınlıqda olan evinə özü tək aparmışdır, həmin ağacları evdə yanacaq kimi yandıraraq istifadə etmişdir. Bu işdə ona heç kim köməklik etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə istintaqın aparılması aidiyyəti üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3700 saylı rəyindən görünür ki, 2 (iki) ədəd diametri 20 sm. olan göyrüc ağacının hər birinin qiyməti 180 manat olmaqla cəmi 360 manat, 1 (bir) ədəd diametri 22 sm. olan göyrüc ağacının qiyməti 200 manat, 1 (bir) ədəd diametri 26 sm. olan göyrüc ağacının qiyməti 250 manat, 1 (bir) ədəd diametri 28 sm. olan göyrüc ağacının qiyməti 250 manat, 1 (bir) ədəd diametri 30 sm. olan göyrüc ağacının qiyməti 300 manat, 1 (bir) ədəd diametri 32 sm. olan göyrüc ağacının qiyməti 300 manat, 1 (bir) ədəd diametri 36 sm.olan göyrüc ağacının qiyməti 350 manat, 1(bir) ədəd diametri 20 sm. olan palıd ağacının qiyməti 180 manat, 1 (bir) ədəd diametri 28 sm. olan palıd ağacının qiyməti 250 manat, 4 (dörd) ədəd diametri 30 sm. olan palıd ağacının hər birinin qiyməti 300 manat olmaqla cəmi 1200 manat, 1 (bir) ədəd diametri 34 sm. olan palıd ağacının qiyməti 350 manat, 1 (bir) ədəd diametri 44 sm. olan palıd ağacının qiyməti 600 manat, 1(bir) ədəd diametri 14 sm. olan dağdağan ağacının qiyməti 150 manat, 2 (iki) ədəd diametri 24 sm. olan palıd ağacının hər birinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manat olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 5140,0 (beş min yüz qırx) manat müəyyən olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Koxa Nəbi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Barəsində nümayəndəliyə heç bir ləkələyici məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində göstərilmişdir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 259.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13.2 və 13.8-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 1.1-ci bəndində təsbit edilmişdir ki, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”nın 2.1, 2.4 və 2.7-ci bəndləri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs nun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 259.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nun törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs nun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs nun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar