Məhkəmə qərarları › İş №1(062)-96/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-96/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-96/2024 17.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Füzuli rayonunda, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəbrayıl rayonu, Məzrə kəndində qeydiyyatda olmaqla Tovuz rayonu, Bozalqanlı kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq məqsədilə Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayan tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 18 dekabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin Tovuz-Əlibəyli avtomobil yolunun sol kənarında yerləşən X2 məxsus olmaqla icarə hüququ ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ərzaq dükanının plastik qapısını balta ilə açıb həmin dükana qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 33 (otuz üç) manat dəyərində, “Viceroy” markalı, Azərbaycan istehsallı 15 ədəd siqareti, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) manat olmaqla cəmi 108 (bir yüz səkkiz) manat dəyərində “Palma” markalı, Azərbaycan istehsallı 40 ədəd siqareti, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 132 (bir yüz otuz iki) manat dəyərində “Maqna” markalı, Azərbaycan istehsallı 60 ədəd siqareti, hər birinin qiyməti 3 (üç) manat olmaqla cəmi 60 (altmış) manat dəyərində “LD” markalı, Azərbaycan istehsallı 20 ədəd siqareti, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla cəmi 72 (yetmiş iki) manat dəyərində “Wınston” markalı, Azərbaycan istehsallı 20 ədəd siqareti, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 88 (səksən səkkiz) manat dəyərində “Arqo” markalı, Azərbaycan istehsallı 40 ədəd siqareti və həmin dükanın kassasından 250 (iki yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 743 (yeddi yüz qırx üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq məqsədilə tanışları Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 28 fevral 2023-cü il tarixdə, gecə saat 03 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində Tovuz-Əlibəyli avtomobil yolunun sol kənarında yerləşən, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus ərzaq dükanının pəncərəsini açaraq dükana qanunsuz daxil olub oradan hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 102,40 (bir yüz iki manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 1 litirlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,7 litirlik, 7 ədəd arağı, hər birinin qiyməti 7,40 (yeddi manat qırx qəpik) manat olmaqla cəmi 44,40 (qırx dörd manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,5 litirlik, 6 ədəd arağı, hər birinin qiyməti 14,70 (on dörd manat yetmiş qəpik) manat olmaqla cəmi 102,90 (bir yüz iki manat doxsan qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 1 litirlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 0,7 litirlik, 6 ədəd arağı, hər birinin qiyməti 15,30 (on beş manat otuz qəpik) manat olmaqla cəmi 45,90 (qırx beş manat doxsan qəpik) manat dəyərində, “Ağsu” markalı, Azərbaycan istehsallı, 1,7 litirlik, 3 ədəd arağı, hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 115,20 (bir yüz on beş manat iyirmi qəpik) manat dəyərində, “X5” markalı, Azərbaycan istehsallı, 1 litirlik, 9 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla 87,60 (səksən yeddi manat altmış qəpik) manat dəyərində, “X5” markalı, Azərbaycan istehsallı, 0,5 litirlik, 12 ədəd arağı, hər birinin qiyməti 15,20 (on beş manat iyirmi qəpik) manat olmaqla cəmi 182,40 (bir yüz səksən iki manat qırx qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litirlik, 12 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litirlik, 6 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla cəmi 51,10 (əlli bir manat on qəpik) manat dəyərində, Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litirlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,96 (on iki manat doxsan altı qəpik) manat olmaqla cəmi 103,68 (bir yüz üç manat altmış səkkiz qəpik) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litirlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində,“Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litirlik, 7 ədəd arağı, hər birinin qiyməti 6 (altı) manat olmaqla cəmi 54 (əlli dörd) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litirlik, 9 ədəd arağı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat olmaqla cəmi 760 (yeddi yüz altmış) manat dəyərində, “Wınston” markalı, Azərbaycan istehsallı, 200 ədəd siqareti, hər birinin qiyməti 2,90 (iki manat doxsan qəpik) manat olmaqla cəmi 725 (yeddi yüz iyirmi beş) manat dəyərində, “Vincestr” markalı, Azərbaycan istehsallı, 250 ədəd siqareti,hər birinin qiyməti 3,20 (üç manat iyirmi qəpik) manat olmaqla cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat dəyərində, “LD” markalı, Azərbaycan istehsallı, 22 ədəd siqareti, hər birinin qiyməti 4 (dörd) manat olmaqla cəmi 520 (beş yüz iyirmi) manat dəyərində, “Kent” markalı, Azərbaycan istehsallı, 130 ədəd siqareti və dükanın kassasından 165 (bir yüz altmış beş) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3421,38 (üç min dörd yüz iyirmi bir manat otuz səkkiz qəpik) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq məqsədilə tanışları Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 16 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabında olan 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamışdır. Bununla da, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəli ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,Tovuz rayonu Yuxarı-Öysüzlü kənd sakini Şahid3 ilə xx.xx.2023-cü il tarixdə birlikdə Ağstafa rayonuna toy məclisində ofisantlıq etməyə gedəndə tanış olmuşdur. Həmin vaxtdan bu günə kimi o onunla rastlaşmamışdır, onunla heç bir münasibəti olmamışdır. O, onu əvvəllər tanımamışdır, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tovuz rayonu Yuxarı-Öysüzlü kənd sakini Şahid2 tanıyır, o onunla A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində bir sinifdə oxumuşdur. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Münasibəti onunla normal olmuşdur. 2023-cü ilin sentyabr ayında o məktəbdən çıxmışdır, bundan sonra o 1-2 dəfə Məhəmmədlə telefonla danışmışdır. Belə ki, Məhəmməd ona zəng vurub çağırmışdır ki, gedək qəlyan alaq, gedək bir yerdə oturaq. O, heç vaxt Şahid2 və Şahid3 deməmişdir ki, ona pul lazımdır gedin oğurluq edin. Onlar ona böhtan atırlar, o heç vaxt onlarla birlikdə oğurluq etməyə getməmiş, nə də onlara oğurluq etmələrini təklif etməmişdir. Onların oğurluq etmələrindən xəbəri yoxdur. O, heç vaxt onlara təklif etməmişdir ki, gedib oğurluq etsinlər. O, ümumiyyətlə heç vaxt Yuxarı-Öysüzlü kəndinə getməmiş, həmin kənddə heç vaxt olmamış, oradan və heç bir yerdən oğurluq etməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Məhəmməd ona zəng vurub harada olmasını soruşmuşdur. Bundan bir az keçmiş Məhəmməd onun yanına gəlmişdir. Onlar Məhəmmədlə birlikdə Tovuz şəhərində Tovuz şəhəri Mərkəzi Stadionun alt tərəfində yerləşən Çopunun kafesində oturmuş, birlikdə qəlyan çəkmişlər, sonra Məhəmməd cipsi və sok almışdır, orada 15 manat pul vermişdir. Bundan sonra kafedən çıxmışlar və Tovuz şəhərinin mərkəzində sinif yoldaşı Amillə görüşmüşlər. Məhəmməd Amilə 50 manat pul verib demişdir ki, son zəngdə sənə 50 manat pul verəsi idim götür. Lakin Amil ondan şübhələnib pulu götürməmişdir. Məhəmməd Amilə pul verəndə görmüşdür ki, Məhəmmədin qara rəngli pul kisəsində 5-6 ədəd 100 manatlıq əskinaz var. Məhəmməd demişdir ki, nənəmin pensiyasını almışam aparıram verməyə, qalanını da atama olan borcu veriblər. Bundan sonra Məhəmməd taksi çağırmışdır, onlar təzə bazara getmişlər. X4 maşın ehtiyat hissələri almaq istəmişdir, lakin tapa bilməmişlər. Sonradan polis şöbəsinin yanındakı mağazaya gedib oradan Amilə 12 manata işıq almışdır. Bundan sonra o yenə taksi çağırmışdır, onlar şəhərin arasına getmişlər. Orada paxlava kafedə oturub çay, pivə, sok və şokalad almışdır, təxminən 15-20 manat orada hesab ödəmişdir. Bundan sonra “Seva Bujiteriya”ya girmişlər, oradan təxminən 100 manatlıq bujiteriya, saat, qolbağ və bıçaq almışdır. Oradan saatın yanındakı mağazadan iki ədəd qalyan, bir bıçaq, alışqan və qəlyan yağı almışdır. Həmin yerdən çıxıb birlikdə “Öysüzlü pavarotu”na getmişlər. Orada o Məhəmmədi kəndlərinə yola salanda o ona 1 manat avtobus pulu verib onunla sağollaşıb çıxıb getmişdir. Həmin günün səhəri günü o yenə ona zəng vurmuşdur, onlar yenə Məhəmmədlə Tovuz şəhərində görüşmüşlər, birlikdə “Play Station”a getmişlər. Orada Məhəmməd təxminən 10 manat pul xərcləmişdir. Həmin günü Tovuz şəhərində onunla birlikdə təxminən 150 manat pul xərcləmişdir. xx.xx.2023-cü ildə Məhəmməd yenə ona zəng vurub demişdir gəl görüşək. Onlar Tovuz şəhərində saatların yanında Məhəmmədlə görüşmüşlər, təxminən 10-15 dəqiqə bir yerdə olmuşlar, bu vaxt ona zəng gəlmişdir. Məhəmməd demişdir ki, dayısı oğlu onu çağırır qoy bunları cibimdə görməsin və cibindən 95 manat pul, bir paçka siqaret, bir ədəd bahalı alışqan, iki ədəd alışqan, bir ədəd üzərində dua yazılmış qolbağını və bir ədəd üzüyü ona verib çıxıb getmişdir. Məhəmməd gedəndən təxminən bir saat keçəndən sonra o ona vatsabla yazmışdır ki, gəl Öysüzlü pavarotuna. O, həmin yerə gedəndə görmüşdür ki, polis əməkdaşları Məhəmmədlə bir yerdə dayanıblar. Onlar onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Məhəmməd polis əməkdaşlarına demişdir ki, guya onunla birlikdə oğurluq edib. O, Şahid2la və Şahid3la birlikdə oğurluq etməmiş onlara oğurluq etmələrini təklif etməmişdir. Onların ona nə üçün böhtan atdıqlarını da anlaya bilmir. Odur ki, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hal hazırda Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayır, sahibkardır. Onun Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində “Qədimin Xəyalı” adlı mağazası var. O, həmin mağazada ərzaq məhsulları, siqaret, araq, mobil telefon konturları və digər xırdavat məhsullarının satışı ilə məşğul olur. 27 fevral 2023-cü il tarixdə axşam saat təxminən 23-30 radələrində o özünə məxsus mağazanı bağlayıb evə getmişdir. Həmin günü səhəri xx.xx.2023-cü il tarixdə saat 08 radələrində mağazanı açmağa gedəndə görmüşdür ki, mağazanın yol tərəfdə olan pəncərəsi geriyə açıq vəziyyətdədir. O, mağazanı açıb içəri girib baxanda görmüşdür ki, mağazada kassada olan 165 manat məbləğində kağız pullar, 8 ədəd 1 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı, 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı, 6 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı, 7 ədəd 1 litrlik Ağsu istehsalı olan Mahal Vodka arağı, 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Mahal Vodka arağı, 3 ədəd 1,7 litrlik Ağsu istehsalı olan Ağsu arağı, 9 ədəd 1 litrlik Ağsu istehsalı olan X5 arağı, 12 ədəd 0,5 litrlik Ağsu istehsalı olan X5 arağı,12 ədəd 1 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı, 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı, 7 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı, 8 ədəd 1 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı, 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı, 9 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı, 100 ədəd Azərbaycan istehsalı olan qalın ağ Vinston siqareti, 100 ədəd Azərbaycan istehsalı olan nazik qara Vinston siqareti, 150 ədəd Azərbaycan istehsalı olan qalın ağ qutuda Vincestr siqareti, 100 ədəd Azərbaycan istehsalı olan nazik qara qutuda Vincestr siqareti, 22 ədəd Azərbaycan istehsalı olan kompak boz qutuda LD siqareti, 130 ədəd Azərbaycan istehsalı olan qara qutuda qalın nazik Kent siqareti oğurlanmışdır və ona maddi ziyan dəymişdir. O, axşam mağzanı bağlayıb evə gedəndə özü öz əlləri ilə mağazanın pəncərələrini və qapısını bağlayıb getmişdir. Təqsirləndirilən şəxsin həbs olunmasını istəmir, sadəcə ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Yuxarı-Öysüzlü kənd həkim məntəqəsində müqavilə əsasında həkim işləyir, həmçinin təqaüdçüdür. O, özünə məxsus Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yerləşən yaşayış evində arvadı Şahid1 ilə birlikdə yaşayır. 16 may 2023-cü il tarixdə saat təxminən 09 radələrində o evdən çıxıb işlədiyi həkim məntəqəsinə getmişdir. Həmin günü saat 10 radələrində arvadı Şahid1 evdən çıxıb işlədiyi məktəbə getmişdir. Həmin günü saat 14:30 da arvadı Gülbəniz onun mobil telefonuna zəng edərək evə oğrular girdiyini evdə olan 650 manat pulun oğurlandığını bildirmişdir. Bundan sonra o evə gedib görmüşdür ki, evin pəncərəsinin şüşəsini çıxardaraq yataq otağında olan paltar dolabının içərisində olan 650 manat məbləğində pulu oğurlayıblar. Bundan sonra o 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir, sonrada şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindən oğurluq edən şəxslər Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayan Şahid2, Şahid3 və Tovuz rayonu Bozalqanlı kəndində yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Onun evinə polislər Ayhan və Məhəmmədi gətirmişlər, həmin vaxt Allahverdini görməmişdir. Onların məhkəmə prosesi zamanı Ayhan və Məhəmməd nə üçün Allahverdinin də burada olmamasını bildirmişdir. Həmçinin polislər bildirmişlər ki, Allahverdi də onun evindən oğurluq edən şəxslərin içərisində olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Тоvuz rayonu Yuxarı- Öysüzlü kəndində qeydiyyatdadır və həmin kənddə də yaşayır. M.Məmmədov adına Yuxarı- Öysüzlü kənd tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Tovuz rayonu Yuxarı-Öysüzlü kənd sakini Şahid2 və Tovuz rayonu Bozalqanlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Şahid2 ilə eyni sinifdə oxuymuşlar, onunla bir sinif yoldaşı və həmkəndlisi kimi yaxın münasibəti var. Bozalqanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə o təxminən 5-6 ay bundan əvvəl toy məclisində bir yerdə qulluq edəndə tanış olmuşdur. Sonradan Məhəmməd ona demişdir ki, Allahverdi pis oğlandır, buna görə də o Allahverdiyə yaxın getmək istəməmiş, ondan kənar gəzmişdir. Məhəmməd onunla söhbət edən zaman tez-tez ona demişdir ki, Allahverdiyə pul lazımdır, onun borcu var borcunu ödəməyə kömək etməliyik. Təxminən 2023-cü ilin fevral ayının sonlarında onlar Məhəmmədlə kəndlərindəki məsciddə görüşmüşlər, söhbət zamanı Məhəmməd yenə ona demişdir ki, tanışı Allahverdiyə pul lazımdır, bu axşam Nüsrətin mağazasına girək oradan pul oğurlayaq. O, da Nüsrətin mağazasına girib oradan oğurluq etməyə kömək etmək üçün Məhəmmədlə razılaşmışdır. Onlar danışıb razılaşandan sonra Məhəmməd Allahverdiyə zəng vurmuş, aradan bir az keçəndən sonra Allahverdi kəndə onların yanına gəlmişdir. Onlar gecə saat 23 radələrində kəndlərindəki bulağın yanında Allahverdi ilə görüşmüşdür. Orada Məhəmməd həmkəndlisi Nüsrətin mağazasını göstərib demişdir ki, bu mağazaya girəcəyik. Məhəmməd belə deyəndə o heç nə deməmişdir. Bundan sonra Məhəmməd gedib yaxınlıqda yerləşən kəndlərindəki məsciddən uzun ayaqqabı dəmiri gətirmişdir. O, ayaqqabı dəmirini Məhəmməddən alıb özündə saxlamışdır. Sonra onlar birlikdə Nüsrətin mağazasının küçəyə tərəf açılan pəncərəsinin qarşısına getmişlər. O, ayaqqabı dəmirini Nüsrətin mağazasının pəncərəsinə salıb pəncərəni həmin ayaqqabı dəmiri ilə açmış və həmin pəncərədən mağazaya girmiş, Məhəmməd də onun arxasınca pəncərədən mağazaya girib içəridə pəncərənin qarşısında onu gözləmişdir. Allahverdi isə əlindəki çantanı əşyaları içərisinə yığmaq üçün onlara verib özü mağazasının sol tərəfindəki ağacların arxasında durub gəlib gedənləri məlumat vermək üçün onları gözləmişdir. O, mağazadan vitrindən 5 blok yəni 50 qutu Sobiraniya siqareti, şkafın siyirtməsinin içərisində olan iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, üç ədəd ədəd 5 manatlıq, cəmi 65 manat kağız pul, bir ovucum içi tutduğu qədər qəpik pullar götürmüşdür. Sonra həmin şkafın yanındakı digər şkafın siyirtməsini açmışdır, oradan təxminən 10 ədəd 2 manatlıq Sim kart konturlarını götürmüşdür. Həmin konturları Məhəmmədə vermişdir, qalan götürdüyü əşyaları isə Allahverdinin onlara verdiyi məktəbli çantasının içərisinə qoymuşdur. Həmin vaxt Məhəmməd mağazanın içərisində pəncərinin qarşısında içəri tərəfdə onu gözləmişdir. Bundan sonra Məhəmmədlə o qayıdıb mağazaya girdiyi pəncərədən çölə çıxmışdır, oradan da Allahverdinin yanına getmişlər, Allahverdi çantanı götürmüşdür. Bundan sonra o onlardan ayrılıb çıxıb öz evlərinə getmişdir. O, həmin pulun məbləğini bilməmişdir. Həmin mağazadan oğurladığı siqaretlərdən, konturlardan və puldan ona heç nə düşməmişdir. 16 may 2023-cü il tarixdə günorta saat 13 radələrində o məktəbdən evə gəlmişdir, sonra kəndlərində dərə adlanan yerə getmişdir. X1 görüb onlarla görüşmüşdür. Məhəmməd ona demişdir ki, gedək qonşumuz Nizami həkimin onların evinə girək oradan pul götürək. Onlar Nizami həkimin evlərinin yanına gedəndə onlar evdə olmuşlar. Buna görə də onlar evin kənarında bir az gözləmişlər. Onlar bir az gözləyəndən sonra Nizami həkim çıxıb getmişdir. Bundan sonra Məhəmməd cibindən bıçaq çıxardıb ona vermişdir. Həmin bıçaqla qapının sağında yerləşən pəncərənin yan tərəfindən salıb aynanı aralamış, Məhəmməd əlini pəncərədən içəri salıb pəncərənin arxasının keçəcəyini aşağı salmış və pəncərəni açmışdır. Bundan sonra əvvəlcə o, onun arxasınca da Məhəmməd həmin pəncərədən Nizami doktorun evinin içərisinə girmişlər. O, başdakı otağa girmişdir, Məhəmməd isə o biri otağa girmişdir. Məhəmməd həmin otaqda böyük şkafın yanında olan kiçik şkafın siyirtməsini çəkmiş, həmin siyirtmənin içərisində kağız pullar olmuşdur. O, həmin pulları götürüb saymışdır, həmin pul 650 manat pul olmuşdur. Həmin pulların 5 ədədi 100 manatlıq, 2 ədədi 50 manatlıq, 2 ədədi 20 manatlıq, 1 ədədi isə 10 manatlıq əskinaslar olmuşdur. Məhəmməd həmin pulları götürüb cibinə qoymuşdur. Bundan sonra onlar həmin evə girdikləri pəncərədən çölə çıxmışlar, Məhəmməd Allahverdinin yanına getmişdir, o da çıxıb evlərinə getmişdir. Allahverdi pulları götürüb Məhəmmədə deyib ki, səhər sizə 100 manat verəcəm. O, həmin oğurladığı əşyalardan və pullardan heç nə götürməmişdir, ancaq onlara kömək etmişdir, sonrada çıxıb öz evlərinə getmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Bundan başqa o heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq etdiyi mağazalara və evə girəndə və oradan oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamış, onların həmin mağazalara və evə girdiklərini oradan oğurluq edib çıxdıqlarını heç kim görməmişdir. O, oğurluq etməyi barədə heç kimə heç nə deməmişdir. Oğurluq etmələri üçün onları Allahverdi təhrik etmişdir. Ondan qorxduqları üçün dediklərini etmişlər. Çünki onları ölümlə belə hədələmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, hal hazırda Тоvuz rayonu Yuxarı-Öysüzlü kəndində qeydiyyatdadır və valideyinləri ilə birlikdə həmin kənddə yaşayır. M.Məmmədov adına Yuxarı-Öysüzlü kənd tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Tovuz rayonu Yuxarı-Öysüzlü kənd sakini Şahid3 və Tovuz rayonu Bozalqanlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqələri və ədavəti olmamışdır. O, Ayhan Azər oğlu ilə bir sinifdə oxuyurlar. O, əvvəllər A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində oxumuş, sonradan həmin məktəbdən çıxıb Yuxarı-Öysüzlü kənd tam orta məktəbinə getmişdir. Tovuz rayonu Bozalqanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə 9-cu sinifdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin 9-cu sinifində bir sinifdə oxumuşlar, sinif yoldaşı olmuşlar, həmin vaxtdan onunla münasibəti yaranmışdır. Təqsirləndirilən şəxsla münasibəti dost kimi yaxın olmuşdur. Allahverdi ilə söhbət edən zaman o ona demişdir ki, “İrşad” mağazasından qulaqcıq almışam pulunu ödəyə bilmirəm, ona pul lazımdır. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Allahverdi onun ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng vurub demişdir ki, hardasan o da ona demişdir ki, kənddəyəm. Allahverdi ona demişdir ki, sizin kəndə gəlirəm idarənin yanında görüşək. O, kəndlərində idarə adlandırdıqları İƏD üzrə nümayəndəliyin qarşısına getmişdir. Allahverdi marşurut avtobusu ilə gəlib idarənin yanında marşurutdan düşmüşdür. Onlar görüşüb söhbət edən vaxt Allahverdi idarənin yanında yerləşən həmkəndlisi Namiqin mağazasını göstərib ondan soruşmuşdur ki, bu mağazada kamera varmı, o da demişdir ki, yoxdur. Allahverdi ona demişdir ki, onda axşam gələcəm görüşərik söhbət edərik. Bundan sonra o Allahverdinin yanından aralanıb öz yaşadığı evə doğru getmişdir. Onlar həmin günü Allahverdi ilə əvvəlcədən danışıb razılaşdığı kimi saat 21-də idarənin qarşısında görüşmüşlər. Allahverdi Namiqin mağazasını göstərib ona demişdir ki, o bu mağazaya baxmışdır mağazaya girib oradan pul götürmək olar, özün də deyirsən ki, kamera yoxdur. O, ona demişdir ki, ona təcili pul lazımdır, o, qulaqcığın pulunu ödəməlidir. Sonra Allahverdi mağazanın arxa qapısının qarşısındakı odunların yanında olan baltanı götürmüşdür. O, mağazanın arxa tərəfində olan plastik qapısının arasına baltanı salıb qapını açmışdır. O, həmin qapıdan mağazaya daxil olmuşdur. Qapıdan içəri girəndə içəridə odun peçi və ortası setka kənarları taxtadan olan çarpayı olmuşdur. O, sağ tərəfdə olan açıq qapıdan içəri girmişdir, orada sağda piştaxta olmuşdur, piştaxtanın içərisindəki siyirtməni çəkmişdir görmüşdür ki, siyirtmədə sellafonun içərisində qəpik pullar var, o həmin qəpik pulları götürmüşdür. Bundan sonra arxa tərəfdə piştaxtanın üstündə olan 5 blok yəni 50 ədəd “Vikeroy” və “Pall Mall” siqaretlər götürmüşdür, həmin siqaretləri mağazadan götürdüyü sellafon torbaya qoymuşdur. Bundan sonra həmin qəpik pulları və siqaretləri götürüb mağazaya girdiyi qapıdan çölə çıxmışdır. Allahverdi qapının qarşısında sentkanın içərisində onu gözləmişdir. O, mağazadan oğurladığı siqaretləri və pulları Allahverdinin əlində olan məktəbli çantasının içərisinə qoymuşdur, Allahverdi siqaretləri özünə götürmüşdür, qəpik pulları da ona vermişdir. Bundan sonra Allahverdi 166 taksi xidmətinə zəng vurub taksi çağırmışdır. O, Allahverdini orada qoyub piyada öz yaşadığı evə getmişdir. Həmin qəpik pullar təxminən 20 manat olmuşdur, ancaq o həmin pulları saymamışdır. Həmin qəpik pulları Ayhanla bölüb birlikdə xərcləmişlər. Sonradan o Yuxarı- Öysüzlü kənd tam orta məktəbinə dəyişmişdir. Bundan təxminən bir aydan artıq müddət keçmişdir, təxminən 2023-cü ilin fevral ayının sonlarında Allahverdi yenə ona zəng vurmuşdur. O, ona demişdir ki, bir nəfər uşaq da tapmışam, ona yenə pul lazımdır gələcəm kəndə orada görüşərik. O, ondan soruşmuşdur ki, uşaq kimdir, o ona demişdir ki, Ayhandı, o soruşmuşdur ki, hansı Ayhandı o ona demişdir ki, gələndə görəcəksən. Həmin günü axşam saat 22 radələrində Allahverdi ilə kəndlərindəki bulağın yanında görüşməyə qərar vermişlər. Həmin günü saat 22 radələrində o kəndlərindəki bulağın yanına gedəndə görmüşdür ki, Allahverdi onun sinif yoldaşı Ayhanla birlikdə gəlib. Orada Allahverdi həmkəndlisi Nüsrətin mağazasını göstərib demişdir ki, bu mağazaya girəcəyik. Allahverdi belə deyəndə Ayhan demişdir ki, bu mağazaya girmək asandır. Ayhan belə deyib onlardan aralanıb yaxınlıqdakı məscidin qarşısına tərəf getmişdir. O, Allahverdidən soruşmuşdur ki, bunu haradan tanıyırsan. Allahverdi ona demişdir ki, ofisantlıqda tanış olmuşuq, buna da pul lazımdır, mənə də. Bu vaxt Ayhan əlində ayaqqabı dəmiri ilə gəlmişdir. Ayhan əlindəki ayaqqabı dəmirini Nüsrətin mağazasının pəncərəsinə salıb pəncərəni açmışdır. Sonra Ayhan həmin pəncərədən mağazaya girmişdir, o da onun arxasınca mağazaya girib pəncərənin qarşısında gözləmişdir. Allahverdi isə mağazasının sol tərəfindəki ağacların arxasında durub onları gözləmişdir. Ayhan mağazadan siqaretlər və kağız pullar götürmüşdür. Bundan sonra onlar qayıdıb mağazaya girdikləri pəncərədən çölə çıxmışlar, oradan da Allahverdinin yanına getmişlər. Ayhan mağazadan götürdüyü siqaretlərin və pulların hamısını Allahverdiyə vermişdir. Allahverdi siqaretləri və pulları götürüb demişdir ki, rayona qayıdacam atam zəng vurur siz gedin. Həmin siqaretdən Allahverdi bir paçkasını Ayhana vermişdir qalanının hamısını özünə götürmüşdür. O, həmin pulun məbləğini və siqaretlərin sayını bilməmişdir. Bundan sonra onlar ondan ayrılıb öz evlərinə getmişlər. Həmin mağazadan oğurladıqları siqaretlərdən və puldan ona heç nə düşməmişdir. O, həmin mağazadan Ayhanın neçə paçka siqaret və hansı məbləğdə pul götürməsini bilməmişdir, çünki Ayhan pulların hamısını saymadan Allahverdiyə vermişdir. 16 may 2023-cü il tarixdə günorta saat 13 radələrində o evdə olan vaxt Allahverdi ona zəng vurub demişdir ki, Ayhanla biz bir ev tapmışıq, həmin evdə pul var ora girəcəyik, oraya gəlirik çölə çıx Ayhan sizin evi tanıyır. O, onunla razılaşmışdır evdən çıxıb qapılarının qarşısında onları gözləmişdir. Onlar danışandan təxminən 20 dəqiqə sonra Allahverdi ilə Ayhan onların evinin yanına gəlmişlər. Allahverdi kənarda dayanmışdır, Ayhan onun yanına gəlmişdir. Ayhan ona demişdir ki, Allahverdi ona bıçaq verib, həmin bıçaqla pəncərəni açıb Nizami həkimin evinə girəcəyik. Ayhanla o birlikdə qonşuları Nizami həkimin evinin yanına getmişlər. Ayhan cibindən bıçaq çıxartmışdır, həmin bıçağı evin qarşısındakı qapının sağında yerləşən pəncərənin yan tərəfindən salıb aynanı aralamışdır, o əlini pəncərədən içəri salıb pəncərənin arxasının keçəcəyini aşağı salmışdır və pəncərəni açmışdır. Bundan sonra əvvəlcə Ayhan onun arxasınca da o həmin pəncərədən Nizami həkimin evinin içərisinə girmişlər. Ayhan başdakı otağa girmişdir, o da mətbəxin yanındakı sol tərəfdəki otağa girmişdir. Həmin otaqda böyük şkafın yanında olan kiçik şkafın siyirtməsini çəkmişdir, həmin siyirtmənin içərisində kağız pullar olmuşdur. O, həmin pulları götürüb saymışdır, həmin pul 650 manat pul olmuşdur. Həmin pulların 5 ədədi 100 manatlıq, 2 ədədi 50 manatlıq, 2 ədədi 20 manatlıq, 1 ədədi isə 10 manatlıq əskinaslar olmuşdur. O, həmin pulları götürüb cibinə qoymuşdur, Ayhana demişdir ki, pulu tapdım gəl çıxaq. Bundan sonra onlar həmin evə girdikləri pəncərədən çölə çıxıb Allahverdinin yanına getmişlər. Pulun hamısını Allahverdiyə vermişlər. Allahverdi pulları götürüb ona demişdir ki, səhər sizə 100 manat verəcəm və Ayhanla birlikdə çıxıb getmişlər, o da qayıdıb evlərinə getmişdir. 17 may 2023-cü il tarixdə gündüz saat 13 radələrində o Tovuz şəhərində Allahverdi ilə görüşmüşdür. Allahverdi ona demişdir ki, gedək bəzi şeylər alaq sonra sizə 100 manat pul verəcəm. O, Allahverdi ilə birlikdə Tovuz şəhərində saatların sağ tərəfində yerləşən mağazaya getmişdir. Orada Allahverdi özünə bir ədəd qəlyan, bir ədəd elektron siqareti qoymaq üçün istifadə olunan QLO,bir ədəd eynək, bir ədəd Zipo markalı alışqan, bir ədəd üzük üç ədəd qolbağı və bir ədəd ətir almışdır. Sonra mağazadan çıxanda Allahverdi ona demişdir ki, xırda pul yoxdur, iri pulu götürüb özünüzü şübhələndirməyin sizə xırda xırda pul verəcəm xərcləyərsiniz. Bundan sonra o Allahverdidən ayrılıb çıxıb kəndə getmişdir. Həmin günün səhəri günü polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Bundan başqa o heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq etdiyi mağazalara və evə girəndə və oradan oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamış, onlarıın həmin mağazalara və evə girdiklərini, oradan oğurluq edib çıxdıqlarını heç kim görməmişdir. Oğurluq etmələri üçün onları Allahverdi təhrik etmişdir. Ondan qorxduqları üçün dediklərini etmişlər. Çünki onları ölümlə belə hədələmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayır. M.Məmmədov adına Yuxarı-Öysüzlü kənd tam orta məktəbində müəllim işləyir. Zərərçəkmiş şəxs3 onun əridir. 16 may 2023-cü il tarixdə saat 09 radələrində əri Zərərçəkmiş şəxs3 evdən çıxıb işə getmiş, o da, həmin günü saat 10 radələrində evdən çıxıb işlədiyi Tovuz rayonu YuxarıÖysüzlü kənd məktəbinə getmişdir. Evdən çıxanda evin qapısını və pəncərəsini bağlayıb getmişdir. Həmin günü saat 14:30-da yaşadıqları evə gəlmişdir. Evin qarşısına çatanda evin giriş qapısının yanındakı pəncərənin açıq olduğunu görüb dərhal evin giriş qapısını açıb evə girmişdir. Yataq otağında pulu qoyduqları dolabı açıb baxanda görmüşdür ki, yataq otağında dolaba qoyduqları 650 manat məbləğində pul yerində yoxdur. Başa düşmüşdür ki, evlərinə oğru girib, buna görə də dərhal əri Zərərçəkmiş şəxs3 zəng vurub bu barədə məlumat vermişdir. Aradan bir az keçəndən sonra əri Nizami evə gəlmiş, evlərinin pəncərəsinin açıldığını, yataq otağındakı dolaba krediti ödəmək üçün qoyduqları 650 manat məbləğində pulun oğurlandığını görüb ərizə ilə Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, evdəki dolabdan pullarını oğurlayan şəxslər Tovuz ayonu Yuxarı-Öysüzlü kənd sakinləri Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində ayrıca Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********** nömrəli cinayət işi ayrılaraq istintaqının aparılması qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 3-16- 16/2-9/5756/2023 saylı rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 493,00 manat müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 3-16- 16/2-9/5759/2023 saylı rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3256,38 manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yektinlik yaşına çatmamış şəxs olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qisminin ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar