Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-97/2024 03.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsində maliyyə və maddi texniki təminat şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək hər hansı tikinti aparılmasına icazə verən rəsmi sənəd verməyə səlahiyyəti olmadığı halda, tanışı Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən torpaq sahəsində özünün tutduğu mövqeyə görə tikinti işləri aparılmasına icazə verən rəsmi sənəd düzəltmək imkanına malik olan şəxs olduğuna inandırıb, əslində hər hansı vəzifəli şəxsə vermək niyyətində olmayıb aldadaraq, sonuncudan Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisindən keçən Tovuz-Əsrik avtomobil yolu ilə qatar yolunun kəsişməsinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz” markalı, **-KF-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə 07 dekabr 2023-cü il tarixdə 2500 (iki min beş yüz), 12 dekabr 2023-cü il tarixdə 1000 (bir min), 13 dekabr 2023-cü il tarixdə 500 (beş yüz) və Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığı evin qarşısında 2024-cü ilin fevral ayının istintaqa məlum olmayan günündə 100 (bir yüz) manat olmaqla cəmi 4100 (dör min yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərərk, Zərərçəkmiş şəxs cəmi 4100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərdi və əlavə olaraq qeyd etdi ki, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Eyni zamanda cinayət qanununun tələbinə uyğun olaraq vurduğu ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, cinayət işinə onun iştirakı olmadan baxılaraq icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 9672 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən azad olunmaq üçün dövlət büdcəsinə 1025 manat məbləğdə vəsait köçürülmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs RəhimovAqşin Nazim oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində qeyd olunmuşdur ki, əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-2 -ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Həmçinin büdcəyə vurulmuş ziyanın 25 faizini ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-97/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-97/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver