Məhkəmə qərarları › İş №1(062)-97/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-97/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-97/2025 09.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun müdafiəçisi Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 iştirakları ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş ən ağır cəzaya məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayon Əyyublu kənd Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hal-hazırda Tovuz rayon X9 müdiri vəzifəsində işləyir. X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək verilən güzəştlərdən istifadə edərək ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bundan sonra X3 yer ayrılması nəzərdə tutulmuş, torpaq sahəsinin təyinatı dəyişdirilməsindən sonra ona yerin sənədləşdirilərək verilməsi nəzərdə tutulması bildirilmişdir. Bu, ona şifahi formada izah olunmuşdur. Bundan sonra X4 müxtəlif yerlərdə, kənd ictimaiyyəti arasında guya X5 ondan Tovuz rayon Əyyublu kəndində xx.xx.2025-ci il tarixdə Tovuz rayon Əyyublu kənd 3200 manat pul istəməyini qeyd edərək, Tovuz rayon Əyyublu kənd ərazisində Qərb Region TV-də müsahibə verərək onu rüşvət almaqda ittiham etmişdir. Daha sonra Qərb Region TV-də müsahibə alan Vaqif adlı şəxs belə məlumatı dəqiqləşdirmədən sosial şəbəkələrdə, o cümlədən tiktok səhifələrində paylaşmışdır. Bununla bağlı disk yazısı da mövcuddur. Hətta bununla bağlı müxtəlif dövlət təşkilatına şikayət etmişdir. X2 bu formada şikayəti onun işgüzar nüfuzuna mənfi təsir göstərir. O, işlədiyi müddət ərzində heç bir tənbeh almamışdır. Həmin məlumatlar boş və cəfəngiyyatdır, böhtan xarakteri daşıyır. O belə hesab edir ki, X2 şikayəti əmək kollektivi və ictimaiyyət arasında onu nüfuzdan salmışdır. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Cinayət Prosessual Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsini bildirərək onun həmin maddələr ilə məhkəməyə verilməsinə nail olmağa çalışır. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri). Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 148-ci maddəsi). Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs yuxarıda qeyd olunan ictimai təhlükəli əməllərin hansının barəsində şikayət verdiyi şəxs tərəfindən harada, nə vaxt və necə törədilməsini, eyni zamanda əməllərin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini aşkar edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət tərtib edilən zaman Cinayət Prosessual Məcəllədə əksin tapmış forma və tərtibata da riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə müvafiq olaraq şikayət əsassız olmaqla və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları təqdim etmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar