Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-1/2024 03.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs iştirakları ilə 03 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 19 avqust 1989-cu il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən Şahid1 işlətdiyi mağazada həmin kənd sakini Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında yaranmış mübahisəni bəhanə edərək sonuncuya məxsus 40 manat dəyərində Çin istehsallı, “Samsung” markalı, SM-G532F/DS (X8) model, 3554xx/xx/202976/4 və 3554xx/xx/202976/2 İMEİ kodlu, qızılı rəngli, sensor dizaynlı, daxili antenalı, foto kameralı mobil telefonu sonuncunun iradəsinə zidd olaraq Şahid1 gözü qarşısında əlini Zərərçəkmiş şəxs əynində olan gödəkcənin sol cibinə salaraq götürüb özgənin əmlakını tamah məqsədi ilə qəsdən açıq yolla talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 09 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində atasına məxsus “VAZ 21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol gedərkən kənddə mağaza işlədən Şahid1 kənd sakini Şahid3 soruşduqda Şahid1 Ülvinin digər kənd sakinləri Faiq və Davudla, eləcə də, Ülvinin qardaşı Ümidlə küçədə pulla kart oynamalarını bildirmişdir. Bu zaman o da uşaqların yanına gedərək onlara qoşularaq kart oynamağa başlamışdır. Oyun zamanı Davud ondan 16 manat borc alıb səhəri gün qaytarmağa söz vermişdir. Kart oynayıb qurtarandan sonra Davud velosipedlə getmiş o biri uşaqları isə o, idarə etdiyi avtomobil ilə Elvin işlədən mağazanın qarşısında düşürüb çıxıb getmişdir. Səhəri gün 10 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Elvinin mağazasının qarşısında olarkən Davud da oraya gəlmişdir. Davud gəldikdən sonra sonuncudan 16 manat pulunu istəmişdir. Bu zaman Davud pulunun olmadığını bildirərək pulu olan kimi borcunu qaytarmağa söz verəndə Davuda pulu bu gün verməyə söz verdiyi halda yalançı çıxıb pulunu vermədiyinə görə həmin vaxt orada olan Ülvi ilə birlikdə idarə etdiyi avtomobilə oturmasını təklif etmişdir. Hər üçü onun idarə etdiyi avtomobilə oturduqdan sonra avtomobili Davud yaşayan küçəyə sürərək orada saxlamışdır. Davuddan pulunu tələb edəndə sonuncu pulunun olmadığını bildirmişdir. Bu zaman onu aldadıb pulunu vermədiyi üçün əsəbləşərək Davudun əlində olan mobil telefonu alıb pulunun qaytarılmasından sonra telefonu verəcəyini bildirdikdə sonuncu ağlayıb telefonun anasına məxsus olmasını bildirmişdir. Buna görə də telefonu Davuda geri qaytarmışdır. Həmin vaxt Ramin adlı kənd sakini kənardan onlara baxdığına görə Raminə əsəbləşərək sonuncunu oradan qovmuşdur. Sonra Davud evə gedərək 20 manat gətirib vermişdir. Bundan sonra, Davuda borcu gecikdirdiyindən atası Samirin kənddə işlətdiyi kafeyə gedib balıq yeyərək pulunu verməyəcəyini bildirdikdə Davud buna etiraz etməyərək onunla razılaşmışdır. Həmin gün Ülvi ilə Davudun atası işlədən kafeyə gedərək 2 ədəd balıq yeyib pulunu isə verməyəcəyini bildirmiş, lakin, kafedə işləyən Seymur hesabın 21 manat olduğunu söyləyərək borcun ödənilməsini tələb etdikdə Davudun ondan borc alaraq gec qaytarmasını deyərək hesabı verməkdən imtina etmişdir. O, həmin vaxt əsəbləşsə də, sonradan sakitləşib Üvli ilə birlikdə çıxıb getmişdir. 11 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Elvinin mağazasından tərkibində alkoqol olan içki alıb içərək sərxoş olduğundan baş verənləri dəqiq xatırlamasa da Davudla söhbət edəndə onlara baxdığı üçün Ramindən acıqlı olduğundan Raminin əlindən mobil telefonunu alaraq nə vaxtsa dəyər-dəyməzinə satmaq üçün Ucar rayonu, Məlikballı kəndində kanalın kənarında gizlətmişdir. Lakin sonradan telefonu özü işlətməsini düşünsə də, Raminin barəsində polisə şikayət etməsini eşidən kimi telefonu sonuncuya qaytarması üçün anası Təranəyə vermişdir. O, Davuda və Raminə bıçaq çəkməmiş, onları döyməmiş və onlara heç bir hədə-qorxu gəlməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də, zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınıb, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də, şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında (qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə) ifadəsində göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində Şahid1 işlətdiyi mağazanın qarşısında olarkən Davud və Taleh adlı həmkəndlilərinin mağazadan bir qədər aralı Talehin idarə etdiyi avtomobildə oturub söhbət etdiklərini görmüşdür. Həmin vaxt Davud ağlayaraq Talehdən mobil telefonunu qaytarmasını xahiş edəndə Taleh onu görüb nəyə görə onlara baxdığını deyərək söyüb oradan qovmuşdur. 11 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində həmkəndlisi Elvinin mağazasına gedəndə Taleh mağazadan çıxıb onu içəri dəvət etmişdir. O, mağazaya daxil olmuş, Taleh əlini onun gödəcəsinin sol cibinə salaraq “Samsung Galaxy J2prime” markalı mobil telefonunu götürərək artıq telefonun özünə məxsus olmasını deyib kodunu dəyişdirəcəyini bildirmişdir. Bu zaman Elvin Talehə telefonu ona qaytarmasını desə də, sonuncu telefonu qaytarmayıb onun qolundan tutaraq mağazadan bayıra çıxararaq idarə etdiyi avtomobilə oturmasını bildirmişdir. O, avtomobildə telefonun kodunu sildikdən sonra yenidən Talehin təkidi ilə telefonu sonuncuya qaytarmışdır. O, qorxub üzr istəyəndə Taleh ondan 500 manat tələb etmiş, o isə pulunun olmadığını deyəndə Taleh qoltuq altı deyilən yerdə bıçağının olduğunu bildirmişdir. Lakin, bu zaman o, Talehin avtmobilində və ya üzərində bıçağının olmasını görməmişdir. Bundan sonra, bu barədə heç kimə heç nə deməməsi üçün söyüş söydürərək onu avtomobildən düşürmüş, özü isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam ödənilmiş və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 10 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində Şahid1 işlətdiyi mağazanın qarşısında olarkən Davud və Taleh adlı həmkəndlilərinin mağazadan bir qədər aralı Talehin idarə etdiyi avtomobildə oturub söhbət etdiklərini görmüşdür. Həmin vaxt Davud ağlayaraq Talehdən mobil telefonunu qaytarmasını xahiş edəndə Taleh onu görüb nəyə görə onlara baxdığını deyib söyərək oradan qovmuşdur. 11 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Əhməd adlı şəxslə həmkəndlisi Elvinin mağazasına gedəndə Taleh mağazadan çıxıb onu içəri dəvət etmişdir. Əhməd bayırda qalmış, o isə mağazaya daxil olmuşdur. Taleh mağazada əli ilə onun sinəsindən vurduqdan sonra əlini gödəcəsinin sol cibinə salaraq “Samsung Galaxy J2prime” markalı mobil telefonunu götürərək artıq telefonun özünə məxsus olmasını deyib kodunu dəyişdirəcəyini bildirmişdir. Bu zaman Elvin Talehə telefonu ona qaytarmasını desə də, sonuncu telefonu qaytarmayıb onun qolundan tutaraq mağazadan bayıra çıxararaq idarə etdiyi avtomobilə oturmasını bildirmişdir. O, avtomobildə telefonun kodunu sildikdən sonra yenidən Talehin təkidi ilə telefonu sonuncuya qaytarmışdır. Bundan sonra, Taleh avtomobili idarə edib yol gedərkən avtomobilin qoltuq altı deyilən yerindən götürüdüyü bıçağı ona dirəyib başını kəsəcəyi ilə hədələyərək “Davudla söhbət edəndə mənə niyə baxırdın” deyə soruşmuşdur. Bu zaman, o, qorxub üzr istəyəndə Taleh ondan 100 manat tələb etmiş, o, isə pulunun olmadığını deyəndə Taleh bıçağı ona verərək “məni” vur demiş, bunu edə bilməyəcəyini deyəndə bıçağı qaytarıb qoltuqaltı deyilən qutuya qoymasını bildirmişdir. Bundan sonra, Taleh qutunun qapağı ilə əlinə vuraraq bu barədə heç kimə heç nə deməməsi üçün söyüş söydürərək onu avtomobildən düşürüb çıxıb getmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, ibtidai istintaq zamanı həyəcanlı halda olduğu və eyni zamanda, qorxduğu üçün ifadəsində yanlışlığa yol vermiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin isə əsl həqiqəti əks etdirdiyini bir daha təsdiq etdi. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, eyni zamanda, məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs sonuncu dəfə verdiyi ifadəsi cinayət işinin materialları ilə sübuta yetirilmiş əməlin törədilməsinə münasibətdə daha uyğun və inandırıcı hesab edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində kənd uşaqları Ümid, Faiq, Ülvi kart oynamaq barədə razılığa gələndən sonra çıxıb getmişlər. Bir qədər sonra kənd sakini Taleh mağazaya gələrək uşaqların yerini soruşanda o, Talehə bu barədə məlumat verdikdən sonra sonuncu idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. 11 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Taleh mağazaya sərxoş vəziyyətdə gəlmiş, daha sonra Ramin də mağazanın qarşısına gəlmişdir. Taleh Ramini mağazaya çağıraraq Davudla söhbət edəndə onlara baxmasını irad tutmuş, bu zaman Ramin Talehdən üzr istəyərkən, sonuncu əlini Raminin əynində olan gödəkcəsinin cibinə salaraq mobil telefonunu götürmüş, bundan sonra, hər ikisi Talehin idarə etdiyi avtomobilə oturaraq çıxıb getmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində mağaza işlədir. 09 oktyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində kənd uşaqları Ümid, Faiq, Ülvi kart oynamaq barədə razılığa gələndən sonra çıxıb getmişlər. Bir qədər sonra kənd sakini Taleh mağazaya gələrək uşaqların yerini soruşanda o, Talehə bu barədə məlumat verdikdən sonra sonuncu idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Səhəri gün yəni, 10 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Taleh, Ülvi və digər kənd sakini Davud mağazaya gəlmişlər. Bu zaman Taleh Davuda 16 manat borcunu vermədiyi halda daha çox pul verməli olmasını bildirdikdə Davud kövrəldiyindən o, hər iki şəxsə mağazadan çıxmalarını bildirmişdir. Bundan sonra, Taleh, Davud və Ülvi mağazadan çıxıb Talehin avtomobili ilə harasa getmişlər. Daha sonra kənd sakini Ramin mağazaya gələrək Talehin Davudu sıxışdırıb pulunu tələb edəndə kənardan baxdığını və bu zaman Taleh tərəfindən söyülərək qovulmasını bildirmişdir. 11 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Taleh mağazaya gələrək ondan tərkibində alkoqol olan içki alıb içdikdən sonra Ramin Əhməd adlı şəxslə mağazanın qarşısına gəlmişdir. Taleh Ramini mağazaya çağıraraq Davudla söhbət edəndə onlara baxmasını irad tutaraq onu əli ilə itələmişdir. Bu zaman Ramin Talehdən üzr istəyəndə sonuncu əlini Raminin əynində olan gödəkcənin cibinə salaraq mobil telefonunu götürəndə o, hər iki şəxsi mağazadan bayıra çıxarmışdır. Bundan sonra, hər ikisi Talehin idarə etdiyi avtomobilə oturaraq çıxıb getmişlər. Şahid1 əlavə olaraq bildirdi ki, ibtidai istintaq zamanı həyəcanlı halda olduğu və eyni zamanda, qorxduğu üçün ifadəsində yanlışlığa yol vermiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin isə əsl həqiqəti əks etdirdiyini bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində Elvinin işlətdiyi mağazanın qarşısında kənd sakinləri Faiq, Davud və qardaşı Ümid ilə birlikdə qəpikquruşdan küçədə kart oynamağı planlaşdıraraq oynamağa başlamışlar. Həmin vaxt Taleh adlı kənd sakini də idarə etdiyi avtomobillə yanlarına gələrək onlara qoşulub kart oynamağa başlamışlar. Oyun zamanı Davud Talehdən 16 manat borc alaraq ertəsi gün qaytaracağına söz vermiş, oyun qutardıqdan sonra, Davud velosipedi ilə, onlar isə Talehin avtomobili ilə evlərinə getmişlər. Səhəri gün yəni, 10 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində X7 mağazasına daxil olduqdan sonra Taleh Davuddan pulunu tələb etməyə başlamışdır. Bu zaman, Davud pulunun olmadığını bildirdikdə Taleh ona və Davuda avtomobilə oturmağı təkid edərək avtomobili Davud yaşayan küçəyə sürmüş, Davuddan borcu gecikdirdiyi üçün əlavə pul alacığını demişdir. Bundan sonra, Davud evə gedərək 20 manat gətirib Talehə vermişdir. Həmçinin ona da 1 manat verərək mağazanın qarşısında qalan velosipedini həyətlərinə aparmasını xahiş etmişdir. Daha sonra, Taleh Davuda sonuncunun atası işlədən kafeyə gədərək orada balıq yeyib borcu gecikdirdiyi üçün pulunu verməyəcəyini bildirdikdə Davud da buna razı olmuşdur. Sonra hər ikisi həmin gün Davudun atasının işlətdiyi kafeyə getmişlər. Orada balıq yeyəndən sonra Taleh pulun Davud tərəfindən ödənilməsini deyəndə Davud buna narazılıq etdiyindən kafeni işlədən Seymur söhbətə müdaxilə etmişdir. Bu zaman Taleh əsəbləşib əlini boşqaba atsa da, heç nə etməyib sakitləşərək onunla birlikdə kəndə qayıtmışdır. O, Talehin Davuda bıçaq çəkməsini, döyməsini və hədə-qorxu gəlməsini, eləcə də, Raminə qarşı bu kimi hərəkətlərin edilməsini görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində Elvinin işlətdiyi mağazanın qarşısında kənd sakinləri Faiq, Davud və qardaşı Ümid ilə birlikdə qəpik-quruşdan küçədə kart oynamağı planlaşdıraraq oynamağa başlamışlar. Həmin vaxt Taleh adlı kənd sakini idarə etdiyi avtomobillə yanlarına gələrək onlara qoşulub kart oynamağa başlamışdır. Oyun zamanı Davud Talehdən 16 manat borc alaraq ertəsi gün qaytaracağına söz vermişdir. Oyun qutardıqdan sonra, Davud velosipedi ilə onlar isə Talehin avtomobili ilə evlərinə getmişlər. Səhəri gün yəni, 10 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində X7 mağazasına daxil olduqdan sonra Taleh Davuddan pulunu tələb etməyə başlamışdır. Bu zaman, Davud pulunun olmadığını bildirdikdə Taleh ona və Davuda avtomobilə oturmağı təkid edərək avtomobili Davud yaşayan küçəyə sürmüş, Davuddan borcu gecikdirdiyi üçün əlavə pul alacığını deyib Davudun əlində olan mobil telefonu almışdır. Davud ağlayıb telefonun anasına məxsus olmasını deyəndə isə Taleh telefonu Davuda qaytarmışdır. Bundan sonra, Davud evə gedərək 20 manat gətirib Talehə vermişdir. Həmçinin ona da 1 manat verərək mağazanın qarşısında qalan velosipedini həyətlərinə aparmağını xahiş etmişdir. Daha sonra, Taleh Davuda sonuncunun atası işlədən kafeyə gədərək orada balıq yeyib borcu gecikdirdiyi üçün isə pulunu verməyəcəyini bildirmiş, Davud da buna razı olmuşdur. Həmin vaxt Taleh kənardan onlara baxan kənd sakini Ramini söyüb oradan qovmuşdur. Sonra hər ikisi həmin gün Davudun atasının işlətdiyi kafeyə getmişlər. Orada balıq yeyəndən sonra Taleh pulun Davud tərəfindən ödənilməsini deyəndə Davud buna narazılıq etdiyindən kafeni işlədən Seymur söhbətə müdaxilə etmişdir. Bu zaman Taleh əsəbləşib əlini boşqaba atsa da, heç nə etməyib sakitləşərək onunla birlikdə kəndə qayıtmışdır. O, Talehin Davuda bıçaq çəkməsini, döyməsini və hədə-qorxu gəlməsini, eləcə də, Raminə qarşı bu kimi hərəkətlərin edilməsini görməmişdir. Şahid3 əlavə olaraq bildirdi ki, ibtidai istintaq zamanı həyəcanlı halda olduğu və eyni zamanda, qorxduğu üçün ifadəsində yanlışlığa yol vermiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin isə əsl həqiqəti əks etdirdiyini bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid2 (qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə) ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 09 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində kənd sakinləri Ümid, Faiq və Ülvi ilə kart oynamaq barədə razılığa gələrək yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində küçədə kart oynamağa başlamışlar. Bu zaman, Taleh idarə etdiyi avtomobillə gələrək onlara qoşulub oynamağa başlamışdır. Oyun zamanı o, Talehdən 16 manat borc alıb ertəsi gün qaytaracağına söz vermişdir. Səhəri gün yəni, 10 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində kənddə Elvinin işlətdiyi mağazanın qarşısında Taleh onu görən kimi 16 manatı tələb edəndə o, pulunun olmadığını amma olan kimi borcunu qaytaracağını desə də, Taleh əsəbləşərək təcili pul lazım olduğunu əgər bu gün pulu verməzsə əvəzində 100 manat alacağını bildirmişdir. Mağazaya daxil olaraq bir qədər söhbət etdikdən sonra Taleh ona və Ülviyə avtomobilə oturmalarını təklif edərək avtomobili yaşadığı küçəyə sürüb 16 manatı tələb etməyə başlamışdır. Borcu gecikdirdiyi üçün Taleh Raminin mobil telefonunu əlindən alanda o, telefonun anasına məxsus olmasını deyəndən sonra telefonu ona qaytarmışdır. Həmin vaxt kənd sakini Ramin kənardan onlara baxdığı üçün Taleh Raminə xoşagəlməz söz deyərək getməsini tələb etmişdir. Bundan sonra, o, evə gedərək evdən 20 manatı gətirərək Talehə, 1 manatı isə Ülviyə verib velosipedini həyətlərinə aparmasını xahiş etmiş, özü isə atasının işlətdiyi kafeyə getmişdir. Həmin gün Taleh Ülvi ilə kafeyə gələrək borcu gec qaytardığına görə balıq yeyib pulunu isə verməyəcəyini bildirmişdir. O, hesabın onun tərəfindən ödənilməsinə etiraz edəndə Taleh əsəbləşərək stula əl atsa da, sonradan sakitləşib getmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində kənd sakinləri Ümid, Faiq və Ülvi ilə kart oynamaq barədə razılığa gələrək yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində küçədə kart oynamağa başlamışlar. Bu zaman, Taleh idarə etdiyi avtomobillə gələrək onlara qoşulub oynamağa başlamışdır. Oyun zamanı o, Talehdən 16 manat borc alıb ertəsi gün qaytaracağına söz vermişdir. Səhəri gün yəni, 10 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində kənddə Elvinin işlətdiyi mağazanın qarşısında Taleh onu görən kimi 16 manatı tələb edəndə o, pulunun olmadığını amma olan kimi borcunu qaytaracağını desə də, Taleh əsəbləşərək təcili pul lazım olduğunu əgər bu gün pulu verməzsə əvəzində 100 manat alacağını bildirmişdir. Mağazaya daxil olaraq bir qədər söhbət etdikdən sonra Taleh ona və Ülviyə avtomobilə oturmalarını təklif edərək avtomobili yaşadığı küçəyə sürüb 16 manatı tələb etməyə başlamışdır. Sonra isə onu avtomobilin qoltuq altında saxladığı bıçaqla başını kəsəcəyi ilə hədələsə də, üzərinə bıçaq çəkməmişdir. O, ümumiyyətlə qoltuq altında bıçağın olub-olmadığını bilməmişdir. Borcu gecikdirdiyi üçün Talehə 500 manat verməli olduğunu deyərək mobil telefonunu əlindən alanda o, telefonun anasına məxsus olmasını deyəndən sonra telefonu ona qaytarmışdır. Həmin vaxt kənd sakini Ramin kənardan onlara baxdığı üçün Taleh Raminə xoşagəlməz söz deyərək getməsini tələb etmiş sonra isə ona əl-qol atmışdır. Bundan sonra, o, evə gedərək özünə məxsus 20 manatı gətirərək Talehə, 1 manatı isə Ülviyə verib velosipedini həyətlərinə aparmasını xahiş etmiş, özü isə atasının işlətdiyi kafeyə getmişdir. Həmin gün Taleh Ülvi ilə kafeyə gələrək borcu gec qaytardığına görə balıq yeyib pulunu isə verməyəcəyini bildirmiş, əks halda avtomobildə olan bıçaqla başını kəsməklə hədələmişdir. O, hesabın onun tərəfindən ödənilməsinə etiraz edəndə Taleh əsəbləşərək boşqaba əl atsa da, sonradan sakitləşib getmişdir. Talehin avtomobilin qoltuq altı deyilən qutusunda saxladığı bıçaqla başını kəsməsini dediyi üçün, ona əl-qol atmasına görə izahatında Talehin ona bıçaq çəkib hədə-qorxu gələrək döyməsini bildirmişdir. Lakin, Taleh ona nə bıçaq çəkmiş, nə də ki, onu döyməmişdir. Şahid2 əlavə olaraq bildirdi ki, ibtidai istintaq zamanı həyəcanlı halda olduğu və eyni zamanda, qorxduğu üçün ifadəsində yanlışlığa yol vermiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin isə əsl həqiqəti əks etdirdiyini bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə axşam saatlarında kənd sakini Elvin işlədən mağazanın qarşısında qəpik-quruşdan kənd sakinləri o, Davud, Ümid və qardaşı Ülvi ilə kartla qumar oyanamaq üçün razılığa gələrək küçədə oynamağa başlamışlar. Bu zaman kənd sakini Taleh adlı şəxs də idarə etdiyi avtomobillə yanlarına gələrək onlara qoşularaq kart oynamışdır. Həmin gün axşam tərəfi X4 mağazasının yaxınlığında görəndə Davudun Talehdən 16 manat borc alıb vaxtında qaytara bilmədiyi üçün sonuncunun əsəbləşərək pulunu tələb etməsini görmüşdür. Lakin, bundan başqa heç nə görməmişdir. Məhkəməyədək istintaq zamanı ifadə vermiş, məhkəmə iclasında isə ifadə verməkdən imtina etdiyi üçün ifadəsi elan edilmiş Şahid5 (Təqsirləndirilən şəxs anası) məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 12 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Taleh markası və əlamətləri yadında qalmayan mobil telefonu ona verərək telefonun kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu və sonuncuya qaytarmalı olduğunu bildirmişdir. Amma telefonu Raminə nəyə görə verməli olduğunu və telefonu hansı yolla əldə etməsini ona bildirməmiş, bu zaman özü də bu barədə Talehdən heç nə soruşmamışdır. Bundan sonra, həmin gün günorta saatlarında Ucar RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək Talehin həmin mobil telefonu Raminin əlindən almasını və təqdim edilməsinin vacib olmasını izah edəndə sonra o, Talehin verdiyi mobil telefonu könüllü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra bununla bağlı fotoşəkil çəkilməklə protokol tərtib olunmuş və iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-126-ci vərəqələrində olan müvafiq olaraq 25 noyabr 2023-cü il tarixli üzləşdirmədə dindirmə, eləcə də üzləşdirmə protokollarından görünür ki, qeyd olunan tarixlərdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmələr keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs mobil telefonunun gödəkcəsinin cibindən açıq talanmasını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan 16 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X5 13 oktyabr 2023-cü il tarixli, 413 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən məhkəmə tibbi əlamətləri (qançır, sıyrıq, şişkinlik və s) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 183-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli, 9/9221 nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus Çin istehsallı, “Samsung” markalı, SM-G532F/DS (X8 Plus) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 40 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 184-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 187-193-cü vərəqələrindəki 25 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı, SM-G532F/DS (X8) modelli mobil telefon maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-ci səhifəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Ucar rayon mərkəzi xəstəxanası” X5 30 noyabr 2023-cü il tarixli, 18-1-77/2- 1482/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 156-157-ci vərələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci səhifəsində olan 16 oktyabr 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 61-ci səhifəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 4(063)-50/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs (qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə) tərəfindən 17 aprel 2024-cü il tarixdə tərtib olunmuş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165 və 167-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 18 fevral 2023-cü il təvəllüdlü Zəhra adında bir azyaşlı övladı olmaqla, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Ucar rayonu, Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fikri müsbətdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonunu açıq talaması, yəni soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, eyni zamanda, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması da cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxsə qarşı soyğunçuluq cinayətini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, yüngülləşdirici halların isə olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Ucar RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan bir ədəd “Samsung” markalı, SM- G532F/DS (X8) modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Ucar RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan bir ədəd “Samsung” markalı, SM-G532F/DS (X8) modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-1/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-1/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver