Məhkəmə qərarları › İş №1(063)-18/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-18/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-18/2024 03.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci ildə Zərdab rayonu, Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının sonlarında, günorta saatlarında tamah niyyəti ilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq talama məqsədilə ilə Ucar rayonu, Lək kəndində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan evin pəncərəsini əli ilə açıb içəri qanunsuz daxil olaraq oradan dəyəri 150 manat olan “Stles 28” və dəyəri 120 manat olan “Stles 24” markalı 2 ədəd velosipedi, eləcə də həmin evdəki saxlanc yeri sayılan sandığın qıfılını sındırmaqla içərəsində Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsus olan hər birinin dəyəri 15 manat olan 4 ədəd əl dəsmalı, hər birinin dəyəri 25 manat olan 2 ədəd stol süfrəsi, hər birinin dəyəri 35 manat olan 2 ədəd yataq dəsti və hər birinin dəyəri 35 manat olan 4 ədəd mələfə dəstini götürüb aparmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 270 manat, Zərərçəkmiş şəxs2 isə 320 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talayıb oğurluq etmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 atasından yadigar qalmış, yaşadığı evdə çarpayının üzərində qanunsuz saxladığı 1 ədəd Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş axtarış uçotunda qeydiyyatda olmayan, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, M-2248 №-li, “Mauser” konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış, 32 kalibrli yivsiz, hamar lüləli, sürgülü, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivsiz odlu və 1 ədəd də zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, T-35004 №-li, 32 kalibirli, İJ-18E modelli, çaxmaqsız, hamar lüləli, texniki cəhətdən saz və atəşə yararlı olan yivsiz odlu silahı qəsdən talamışdır. Bundan başqa, о, təkrarən 2023-cü ilin avqust ayının sonlarında günorta saatlarında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 Ucar rayonu, Lək kəndində yerləşən evinin həyətində tikilmiş saxlanc yeri hesab olunan anbardan dəyəri 160 manat olan “Partner” markalı 1 ədəd otbiçəni, başqa saxlanc yeri sayılan yardımçı tikilidən isə hər birinin dəyəri 80 manat olan 8 ədəd balıq torunu götürüb aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq özgəəmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayının axırlarında, günorta saatlarında yaşadığı Zərdab rayonu, Çallı kəndindən Ucar rayonu, Lək kəndinin ərazisindən keçən Baş Şirvan kanalından balıq tutmaq üçün oraya gəlmişdir. Həmin ərazidə fermada yaşayan, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 həyətindəki hovuzdan su götürmək məqsədi ilə həyətə gəlib hovuza baxanda hovuzda suyun olmadığını görmüş, Amilin həyətdə tikilmiş evinə yaxınlaşanda mətbəxin plastik materialdan olan pəncərəsinin açıq olmasından istifadə edib həmin ərəfələrdə Amilin Kəlbəcər rayonuna getməsini bildiyindən pəncərəni əli ilə açıb oradan evə daxil olaraq otaqların birində çarpayının üzərinə qoyulmuş 2 ədəd ov tüfəngini və evin zalında olan velosipedləri götürüb pəncərədən bayıra çıxmışdır. Tüfəngləri və velosipedlərin birini özü ilə götürüb aparanda velosipedin tanınmasından ehtiyat edərək velosipedi Şirvan kanalına atmış, sonra yenidən Amilin həyətinə qayıdıb o biri velosipedi götürəndə yenə yolda fikirini dəyişib həmin velosipedi də su kanalına atıb tüfəngləri isə axşama qədər gözlədikdən sonra Zərdab rayonu, Çallı kəndində yerləşən evlərinin həyətinə gətirib gizlətmiş və bu barədə heç kimə heç nə deməmişdir. Bundan təxminən 2-3 gün sonra yenə Amil yaşayan əraziyə balıq tutmağa gedəndə bu dəfə Amilin əmisi oğlu Alimin evinin anbarından 1 ədəd ot biçən, yardımçı tikilidən isə 8 ədəd balıq toru götürmüşdür. Torları kanala balıq tutmaq üçün quraşdırıb sonra baxmağa gedəndə torları yerində tapa bilməmiş, ot biçəni isə gətirib həyətlərinə yığdığı ağac budaqlarının altında gizlətmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının axırlarında həmkəndlisi Şahid1la Çallı kəndində görüşəndə tanışlarından biri ona hədiyyə olaraq ov tüfəngi verməsini bildirib atəş açmaqda çətinlik çəkdiyindən tüfəngi sonuncuya hədiyyə etmək istəməsini deyəndə Fərid hədiyyəni qəbul etmiş, amma Fəridə tüfəngi ona kimin hədiyyə etməsini bildirməmiş, heç Fərid də bu barədə heç nə soruşmamışdır. Beləliklə, tüfəngin birini Fəridə hədiyyə edib digərini isə özündə saxlamışdır. 05 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Zərdab rayonu, Çallı kəndinin ərazisində olarkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları onu Ucar Rayon Polis Şöbəsinə dəvət edib məlum hadisə ilə bağlı sorğu-sual etdikdə əvvəlcə məsuliyyətdən qorxduğu üçün Amilin evindən oğurluq etməsini etiraf etməsə də, hadisə yerində əl-barmaq izinin qalmasını biləndən sonra hər şeyi etiraf etmək məcburiyyətində qalmışdır. Beləliklə, həyətlərində gizlətdiyi tüfəngi könüllü surətdə təqdim etmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla birlikdə imzalamış, eləcə də Alimin həyətindən də oğurluq etməsini səmimi olaraq ifadəsində göstərmişdir. İfadəsi yerində yoxlanıldıqdan sonra velosipedləri su kanalına atdığı yerdə axtararkən birini tapsa da o birini tapa bilməmiş və tapdığı velosipedi həyətlərinə gətirmişdir. Atası Təqsirləndirilən şəxs Alimə məxsus ot biçəni, Amilə məxsus isə velosipedi həyətdən tapan kimi polisə təqdim etmişdir. Məhkəmədən törətdiyi əməli etiraf etməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərin ona qarşı tələblərinin olmamasını nəzərə alaraq cinayətlərin residivini nəzərə almadan ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi Ucar rayonu, Lək kəndinə gələrək orada məskunlaşmış və həmin ərazidə iri və xırdabuynuzlu heyvan saxlamaqla məşğuldur. Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra yay aylarında heyvanlarını Kəlbəcər rayonuna aparmağa başlamışdır. 26 iyun 2023-cü il tarixdə heyvanları götürüb Kəlbəcər rayonuna getdiyi üçün Ucar rayonu, Lək kəndində yerləşən evi sahibsiz qalmışdır. 01 avqust 2023-cü il tarixdə Kəlbəcər rayonudan qayıdıb 1 həftə evində qaldıqdan sonra yenidən Kəlbəcər rayonuna qayıtmış, 04 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Kəlbəcər rayonundan Lək kəndinə evinə qayıdanda evin zalında olan 2 ədəd velosipedinin və çarpayının üstünə qoyub üzərini yataq örtüyü ilə örtdüyü 2 ədəd atasından yadigar qalan sənədsiz ov tüfənginin, evdə axtarış aparılıb onunla yaxınlıqda yaşayan əmisi oğlu Alimə məxsus sandığın qıfılının sındırılaraq müəyyən yataq dəstlərinin oğurlanmasını aşkar etmişdir. Məlum olmuşdur ki, oğru evə mətbəxin pəncərəsindən daxil olaraq məlum hadisəni törətmişdir. Ona görə də bu barədə DİN-in 102 xidmətinə məlumat verib ərizə ilə Ucar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Velosipedinin oğurlanması nəticəsində ona 270 manat maddi ziyan dəymiş, həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. O, çıxışında məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Ucar rayonu, Lək kəndində məskunlaşmışlar. Əsas dolanışıq yeri heyvandarlıq olduğundan Ucar rayonu, Lək kəndində iri və xırdabuynulzu heyvan saxlmaqla məşğuldur. 2023-cü ilin iyun ayında heyvanlarını götürüb Kəlbəcər rayonuna getdiyi üçün evi sahibsiz qalmışdır. 2023-cü ilin sentyabr ayında qardaşı Asəf ona zəng edərək həyətində yerləşən anbardan 1 ədəd yanacaqla işləyən ot biçənin, yardımçı tikilidən isə 8 ədəd balıq torunun, eləcə də evi əmisi oğlu Amilin evinə yaxın olduğundan Amilin evinə qoyduğu sandığın qıfılını sındırma yolu ilə 4 ədəd işlənməmiş əl dəsmalının 2 ədəd süfrənin, 1 ədəd yataq dəstinin, 4 ədəd mələfə dəstinin, 1 ədəd yenə yataq dəstinin oğurlanmasını bildirmişdir. Oğurluq nəticəsində ona dəymiş ziyan ödənilmişdir. O, çıxışında məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla həmkəndlidir və münasibətləri yaxşıdır. 2023-cü ilin sentyabr ayının axırlarında kənddə Qənimətlə görüşüb söhbət edərkən Qənimət tanışlarından birindən hədiyyə olaraq ov tüfəngi almasını bildirmiş, tüfəngdən atəş açmaqda çətinlik çəkdiyindən istəsə tüfəngi ona hədiyyə etməsini, gələcəkdə birlikdə ova getmələrini deyəndə o, Qənimətin təklifini qəbul edərək tüfəngi alıb yaşadığı evə gətirmişdir. Lakin Qənimət tüfəngi kimdən hədiyyə aldığını bildirməmiş, heç o, özü də bu barədə Qənimətdən soruşmamışdır. 05 oktyabr 2023-cü il tarixdə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Zərdab rayonu, Çallı kəndində görüşüb bu barədə soruşduqda olanları izahatında göstərdiyi kimi bildirib tüfəngi könüllü surətdə təqdim etmiş və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra 1993-cü ildən Ucar rayonu, Lək kəndində məskunlaşmış, əsas dolanışıq mənbələri heyvandırlıq olmuşdur. Ucar rayonu, Lək kəndində qardaşı Alim və əmisi oğlu Amillə bir həyətdə yaşayırlar. Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra yay aylarında heyvanlarını Kəlbəcər rayonuna apardıqlarına görə evləri sahibsiz qalmışdır. 12 sentyabr 2023-cü il tarixdə Kəlbəcər rayonundan Ucar rayonu, Lək kəndinə qayıdanda Alimin anbarından ot biçəninin və yardımçı tikilidən 8 ədəd balıq torlarının oğurlanması məlum olmuşdur. Həmçinin, Amilin evindən 2 ədəd ov tüfəngi və velosiped, həm də Alimin sandığı Amilin evində olduğundan sandığın qıfılı sındırılma yolu ilə sandıqdan yataq dəstləri gizli olaraq talanmışdır. O, bu barədə zəng edərək Alimə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğuldur və Zərdab rayonu, Çallı kəndində bir evdə yaşayırlar, oğlu ilə münasibəti yaxşıdır. 05 oktyabr 2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələndən sonra Qənimətin Ucar rayonu, Lək kəndində yaşayan Amil adlı şəxsin evindən oğurluq etməsini bilmişdir. Belə ki, Qənimət Amilin evindən oğurladığı 1 ədəd ov tüfəngini həyətlərində gizlətdiyi yerdən gətirib könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra məlum olmuşdur ki, Qənimət Amilin digər bir tüfəngini həmkəndliləri Fəridə hədiyyə etmiş, Fərid də silahı polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra Qənimətin Amilin əmisi oğlu Alimin də həyətindən balıq torları və ot biçən oğrulamasını biləndən sonra oğlu tərəfindən oğurlanmış əşyaları axtarmağa başlayanda həyətdə olan ağac budaqlarının altından 1 ədəd ot biçəni taparaq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək məqsədi ilə Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib könüllü təqdim etmişdir. Eyni zamanda, həyətindən tapdığı 1 ədəd velosipedi də Zərərçəkmiş şəxs1 məxsus olmasından şübhələnib zərərçəkmiş şəxsə qaytarılmasından ötrü ərizə ilə Ucar Rayon Polis Şöbəsinə müraciət edərək təqdim etmişdir. Cinayət işində olan məhkəmə daktiloskopik ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 23/735R nömrəli ekspert rəyindən görünür ki, 06 avqust 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Ucar rayonu, Lək kəndi ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətindəki evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izi xx xxx 1988-ci il tarixdə Zərdab rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 oktyabr 2023-cü il tarixli, 23/748R nömrəli ekspert rəyindən (məhkəmə-ballistik) görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd M-2248 nömrəli silah, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş Mauzer konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz hamar lüləli sürgülü ov tüfəngidir, odlu yivsiz silahdır. Həmin silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd T-35004 nömrəli silah, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 32 kalibrli İJ-18E modelli, çaxmaqsız, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 9/8309 nömrəli ekspert rəyindən görünür ki, “Stels” 28 markalı (istifadə olmuş) velosipedin qiyməti 150 manat, “Stels” 24 markalı (istifadədə olmuş) velosipedin qiyməti 120 manat, 8 ədəd (istifadədə olmuş) balıq torunun qiyməti 80 manat, Partner maraklı (istifadədə olmuş) ot biçənin qiyməti 160 manat, 4 ədəd əl dəsmalının (istifadə olmamış) qiyməti 60 manat, 2 ədəd stol süfrəsinin (istifadə olmamış) qiyməti 50 manat, 2 dəst yataq dəstinin (istifadə olmamış) qiyməti 70 manat, 1 dəst mələfəfə dəstinin (istifadə olmamış) qiyməti 35 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən təzə və istifadədə olmuş malların 2023-cü ilin avqust və sentyabr aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 725,00 manat müəyyən olunur. Qərarda və cədvəlin 9-cu bəndində göstərilən taxtadan hazırlanmış cehiz sandığının, ölçüləri barədə ətraflı məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmadı. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 327 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 fevral 2015-ci il təvəllüdlü X4, 12 aprel 2016-cı il təvəllüdlü X3 və 15 mart 2018-ci il təvəllüdlü X2 adlı 3 uşağı vardır. Cinayət işində olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 1(091)-112/18 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 may 2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törətməsi onun əməllərində cinayətlərin residivini yarardır. Ona görə də Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin olunmalıdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən və təqsirini boynuna alaraq əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən оnun cəzаsını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunması və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü ildə, saat 21:35-də şübhəli şəxs qismində tutulmuş, 07 oktyabr 2023-cü il tarixli qərarla müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 07 oktyabr 2023-cü il, saat 20:10-da müdafiəçinin iştirakı ilə qərar ona təqdim edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdr. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CM-in 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- CPM) 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd otbiçən Zərərçəkmiş şəxs2 və bir ədəd velosiped Zərərçəkmiş şəxs1 qaytarılmalı, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd M-2248 nömrəli, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, “Mauzer” konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah və 01 ədəd T-35004 nömrəli, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 32 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 97 (doxsan yeddi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd otbiçən Zərərçəkmiş şəxs2 və bir ədəd velosiped Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd M- 2248 nömrəli, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, “Mauzer” konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah və 01 ədəd T-35004 nömrəli, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 32 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 97 (doxsan yeddi) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar