Məhkəmə qərarları › İş №1(063)-19/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-19/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-19/2025 27.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 27 fevral 2025-ci il tarixdə Ucar Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1979-cu il tarixində Ucar rayonu, Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də operator, qazanxana qurğusu/buxar işləyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evlərinin mətbəxində qızı X2 harada olmasını arvadı Zərərçəkmiş şəxs soruşarkən sonuncunun ona kobud cavab verməsi səbəbindən aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifətinə zərbə vuraraq sonuncuya burun sümüklərinin sınığı, sağ gözaltı nahiyənin qançırı ilə müşayət olunan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, əvvəllər Rusiya Federasiyasında yaşadığı ərəfələrdə Rusiyalı qadınla qeyri-rəsmi nikah münasibətində olmuş, həmin qadından 2007-ci il təvəllüdlü Suzanna adında qızı doğulmuş, Suzannanı 1 yaşı tamam olmamış özü ilə Rusiyadan Ucar rayonu, Gəraybəyli kəndinə yaşadığı evə gətirərək saxlayıb böyütmüşdür. Eləcə də 2015-ci ildə Göyçay rayonu, Müskürlü kənd sakini Vəfa ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, Vəfadan Mehdi adlı oğlu, Zəhra adlı isə qızı dünyaya gəlmişdir.13 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində yaşadıqları Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evlərinin mətbəxində Vəfadan Suzannanın harada olmasını soruşduqda Vəfa kobud cavab verdiyi üçün aralarında mübahisə baş vermiş və oğlu Mehdinin yanında əlinin arxası ilə 1 dəfə Vəfanın sifətinə vurduğu üçün Vəfanın burnundan qan açılmışdır. Bundan sonra yataq otağına keçərək orada oturmuşdur. Vəfa ilə hərdən bir ailə münaqişəsi zəminində mübahisə etməsini, təhqiqat zamanı Vəfanı döyəndə evdə heç kimin olmamasını göstərməsinə baxmayaraq hazırda həqiqəti demək lazım olduğunu fikirləşdiyindən oğlu Mehdinin evdə olmasını, Vəfaya “oğraş qızı” sözünü desə də, söyüb təhqir etmədiyini mübahisələrinin təxminən 5-10 dəqiqə davam etməsini bildirmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs ilə 2015-ci ildə rəsmi qaydada ailə qurmuş, bundan sonra Zaurun həmin kənddə yerləşən evində yaşamağa başlamışdır. Qeyd edilən birgə nikahdan Mehdi adlı oğlu, Zəhra adlı qızı doğulmuşdur. Təqsirləndirilən şəxs ondan əvvəl Rusiyada yaşadığı ərəfələrdə rusiyalı qadınla evli olmuş və həmin evlilikdən Suzanna adlı qızı dünyaya gəlmiş, Suzannanın 1 yaşı olanda Zaur qızını Ucar rayonu, Gəraybəyli kəndində öz evinə gətirmiş, hazırda Suzanna Ucar şəhəri 6 №-li tam orta məktəbin 11-ci sinif şagirdidir. Suzanna ilə münasibəti yaxşı olmuş, eyni zamanda Mehdi ilə Zəhra da Suzanna ilə mehriban münsibətdə yaşamışlar.13 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində yaşadıqları evin mətbəxində Zaur Suzannanın haraya getməsini soruşmuş, o, qızın dərslərini hazırlamaq üçün hazırlığa getməsini dedikdə Zaur kobud cavab verməsini bildirmişdir. Aralarında yaranan mübahisə zamanı Zaur Mehdinin yanında yumruqla 1 dəfə sifətinə, təpiklə isə sol tərəfdən bədəninə vurmuş, zərbədən burnundan qan açılmış, bundan sonra Zaur yataq otağına gedib orada oturmuşdur. O, qardaşı Pərvizə zəng edərək evə çağırıb baş verənləri Pərvizə danışmış, Pərviz onu Ucar RPŞ-yə gətirdiyi üçün döyülməyi barədə ərizə ilə müraciət etmişdir. Zaurla aralarında teztez dava-dalaşların olmasını, amma bu barədə şikayət etməməsini, baş vermiş davadalaşın təxminən 5-10 dəqiqə davam etməsini, evdə Mehdidən başqa heç kimin olmamasını, həmin vaxt heç kimin yaşadıqları evə gəlməməsini, təhqiqat zamanı Mehdinin evdə olmasını unutduğunu, sonradan yadına düşdüyü üçün ifadəsində bildirdiyini, Zaurun onun atasınının ünvanına söydüyünü, məhkəmə-tibbi ekspertizasında müayinə olunanda Zaurun bədəninə təpiklə vurmasını deməyin yadından çıxdığını, lakin tibbi ekspertiza zamanı tam olaraq müayinə olunduğunu, sol tərəfdən bədəninə Zaur təpik vursa da, xəsarət almadığını, sadəcə neçə dəfə hansı nahiyələrindən vurulması barədə sual verildikdə olduğu kimi cavab verdiyini bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda əri Təqsirləndirilən şəxsla barışmamış, habelə, sonuncudan şikayətçi olmaqla barəsində sərt cəza tətbiq edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində (mütəxəssisin iştirakı ilə) göstərmişdir ki, Ucar rayonu, Gəraybəyli kəndində atası Zaur və anası Vəfa ilə birlikdə yaşayır. Suzanna onun ata bir ana ayrı bacısıdır. Belə ki, atası Zaur əvvələr Rusiyada yaşayanda Suzannanın anası ilə evli olmuş və sonradan ayrılmışlar. Ona görə də atası Ucar rayonuna gələndə Suzannanı özü ilə gətirmişdir. Suzanna da onlarla eyni evdə yaşayır. 13 oktyabr 2024-cü il tarixdə, saat 10 radələrində yaşadıqları evdə səhər yeməyi yeyərkən atası Zaur anasından Suzannanın hara getməsini soruşmuş, anası isə “Suzanna dərsləri ilə bağlı hazırlığa getmişdir” demişdir. Atası Zaur anasına “nəyə görə mənə kobud cavab verirsən” demiş, anası isə kobud cavab vermədiyini bildirəndə onlar sözlə mübahisə etməyə başlamışlar. Atası yumruqla anasının sifətinə, təpiklə isə bədəninə vuraraq döyməyə başlamışdır. Anasının burnu qanamış, daha sonra anası Pərvizə zəng edərək, Zaur tərəfindən döyüldüyünü bildirmişdir. Bir qədər sonra dayısı Pərviz onlara gəlmiş və sonuncu Ucar RPŞ-yə müraciət etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 12-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X5 13 oktyabr 2024-cü il tarixli, 353 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüklərinin sınığı, sağ gözaltı nahiyənin qançırı olmuşdur. Bu xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 oktyabr 2024-cü il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci vərəqəsində olan 05 noyabr 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-cı vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən 13 oktyabr 2024-cü il tarixli Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, yoldaşı Təqsirləndirilən şəxs onu döymüşdür və tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Ucar rayon mərkəzi xəstəxanası” X6 tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 18-1-77/2-1487/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-33-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 29 dekabr 2007-ci il təvəllüdlü Süzanna, xx xxxx 2016-cı il təvəllüdlü Mehdi və 09 mart 2020-ci il təvəllüdlü Zəhra adlı üç yetkinlik yaşına çatmayan (ikisi azyaşlı olmaqla) uşaqları olmaqla, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqəsində olan 03 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-cü vərəqəsində olan 03 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-82-ci vərəqələrində olan 05 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninə vurması ekspert rəyi ilə sübuta yetirilmədiyindən həmin xüsusat nəzərə alınmış, məhkəmə-tibbi ekspertizasının 13 oktyabr 2024-cü il tarixli, 353 nömrəli rəyi, təqdirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması protokolu və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan zərərçəkmiş şəxsin tərtib etdiyi 26 fevral 2025-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində sərt cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan olunaraq, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də operator (qazanxana qurğusu/buxar) vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 601,14 manat təşkil edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi və şahidin elan olunmuş ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olması (ikisi azyaşlı olmaqla), yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla ilk dəfə törədilməsini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar