Məhkəmə qərarları › İş №1(063)-2/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-2/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-2/2024 10.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızının, Müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 10 yanvar 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1978-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X1 və 22 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızına verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 19 yanvar 2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 10 fevral 2023-cü il və 28 mart 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 may 2023-cü il tarixədək şəxsi maraq niyyətilə cəmi 12650 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 22 oktyabr 2004-cü il tarixdə Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 14 avqust 2005-ci il tarixdə Aysun, 22 mart 2009-cu il tarixdə isə Əli adını verdikləri övladları doğulmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Kəmalə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması, həmçinin ondan 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X1 və 22 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızına verilməsi qət edilmişdir. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin, alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir. Lakin o, evin satışından əldə etdiyi məbləğin özünə aid hissəsindən 19000,00 manatı (ümumilikdə 43000 manatı) alimentə görə tələbkar Zərərçəkmiş şəxs (Əhədova) vermişdir. Odur ki, aliment borcunun olmadığını hesab etdiyinə görə qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Aliment borcunun yarandığını bilir. Yaranmış aliment borcunu hazırda bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bundan sonra hər ay imkanı daxilində ödəniş edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxs, şahid ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 22 oktyabr 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 14 avqust 2005-ci il tarixdə Aysun, 22 mart 2009cu il tarixdə isə Əli adını verdikləri övladları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olmuşdur. Həmçinin, evləndikdən sonra Bakı şəhəri Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən 35 saylı evi alaraq köçüb orada yaşamışlar. Sonradan isə Telmanın təqsiri üzündən münasibətləri pozulmuş və bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Bu səbəbdən də, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2019cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X1 və 22 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Telman müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Halbuki, Telman fərdi qaydada işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Bundan başqa, Təqsirləndirilən şəxs evin satılması və ona evin pulundan 41000 manat pulun verilməsinə münasibətdə isə onu qeyd etdi ki, Telman həmin pulu uşaqlarına verdiyini, hətta uşağın ad günü hədiyyəsi olaraq verdiyini bildirmişdir. Əks halda bununla bağlı aralarında hər-hansı razılaşma olardı. Odur ki, uşaqlar böyüdüyündən onların maddi tələbatları da gündən-günə artmaqdadır. Özü işləsə də qazancıyla uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri ağırdır. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına müraciət etmiş, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Telman yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqlarla maraqlanmamışdır. Artıq Aysun adlı övladları yetkinlik yaşına çatdığından ona aid hissədə alimentin hesablanması dayandırılmışdır. Beləliklə, aliment borcunu ödəmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, həmçinin, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyinin nəzərə alınaraq ona olan aliment borcunu tam ödəməsini tələb edir və təqsirləndirilən şəxs barəsində sərt cəza təyin edilməsini xahiş edir. Şahid Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X1 və 22 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızına verilməsi nəzərdə tutulmuşdur. Həmin icra sənədi üzrə 04 sentyabr 2019-cu il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakının və gəlirlərinin olması müəyyən edilməmişdir. Borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, eləcə də, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin, borclu hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Bu səbəbdən də, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ucar Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 3(063)-117/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin, yenə uzun müddətin keçməsinə baxmayaraq borclu alimenti ödəməmiş, həmçinin olduğu yeri müəyyən etmək mümkün olmadığından icra müddətində barəsində dəfələrlə axtarış elan edilmişdir. Sonuncu dəfə 06 may 2022-ci il tarixli qərarla borclu barəsində axtarış elan edilmiş və o, Ucar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 19 yanvar 2023-cü il tarixdə icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində olduğu müddətdə bir daha qətnamə üzrə yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, həmçinin məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin borclu tələbkarla aralarında olan münasibətləri əsas göstərərək alimenti ödəməkdən yayınmışdır. Yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ucar Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, həmçinin icra sənədinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmışdır. Borclu Təqsirləndirilən şəxs birgə nikah dövründə əldə etdikləri evi sataraq həmin vəsait hesabına alimenti tam olaraq ödədiyini bildirsə də, bunu təsdiq edəcək hüquqi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri izah edilərək alimentin ödənilməyinin vacibliyi ona bildirilmiş, əks halda daşıyacağı məsuliyyət şəxsən diqqətinə çatdırılmışdır. Lakin, icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 24 may 2023-cü il tarixədək 12650 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızı isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini, maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-11-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 iyul 2019-cu il tarixli, 2(009)- 1740/2019 saylı qətnaməsinin, eləcə də işin 12-ci vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X1 və 22 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızının xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan Ucar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 iyul 2019-cu il tarixli, 2(009)- 1740/2019 saylı icra sənədi icra olunması üçün 04 sentyabr 2019-cu il tarixdə Ucar rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 17-21, 77-79-cu vərəqələrində olan bildirişlərdən, 10 fevral və 28 mart 2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 42-73-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 3(063)-117/2020 saylı və 19 yanvar 2023-cü il tarixli, 3(063)18/2023 saylı qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 və 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 129-130-cu vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 162-164-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 oktyabr 2023-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 99-cu vərəqələrində olan xasiyyətnamədən, arayışdan görünür ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Şahverdiyeva (Əhədova) Kəmalə Ağasəf qızının tərəfindən 27 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tam ödənilməsini tələb edir və ondan şikayətçi olmasının nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə bir həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar