Məhkəmə qərarları › İş №1(063)-20/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-20/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-20/2024 03.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə 02 aprel 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1969-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 sentyabr 2023-cü il tarixdə saat 01:10 radələrində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 saylı Kürdəmir yol sahəsinin balansında olan Ucar rayonu, Küçəkənd kəndi ərazisindən keçən Müsüslü-Ucar dəmir yol mənzilinin 237-ci km-nin yaxınlığında yerləşən istifadə edilməyən yaşayış binasının konstruksiyasına ətrafları açıq halda daxil olan eyvan yeri kimi istifadə edilmiş hissəsində döşəməyə quraşdırılmış hər birinin uzunluğu 3 metr olan 1420,18 manat dəyərində 15 ədəd R-43 tipli rels materialdan olan dəmirləri divarboyu olan hissədən özü ilə gətirdiyi qaynaq avadanlıqları ilə kəsib götürməklə gizili talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 1420,18 manat dəyərində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ona məxsus “QAZ-24” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşğul olur. Son vaxtlarda maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı kəndin yaxınlığında köhnə və hazırda işlək vəziyyətdə olmayan dəmir yol stansiyası olmuş və o, 03 sentyabr 2023-cü il tarixdə təxminən saat 23:45 radələrində özünə məxsus “QAZ-24” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Küçəkənd kəndində yerləşən köhnə dəmir yol stansiyasının inzibati binasının yaxınlığına gəlmiş, orada bir az gözlədikdən sonra 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 01:10 radələrində özü ilə gətirdiyi 1 ədəd kislorod balonu, 1 ədəd oksigen balonu və 1 ədəd şlaqnla birlikdə olan kəsici ilə oranın binasının eyvanından 15 ədəd dəmir yol relslərini kəsib avtomobilinə yükləmişdir. 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 09:00 radələrində oğurladığı 15 ədəd relsdən 11 ədədini Göyçay şəhərində yerləşən Bəxtiyar adlı şəxsin metal qəbulu məntəqəsinə 280 manata satmış, lakin, Bəxtiyar həmin 11 ədəd relsi qəbul edən zaman onların oğurluq olduğunu bilməmiş, bundan başqa qalan 4 ədəd relsi həmin gün Ucar şəhərində metal yığan tanımadığı bir nəfər şəxsə 40 manata satmış, həmin şəxs də 4 ədəd relsin oğurluq olduğunu bilməmişdir. Təhqiqata ilkin izahat verən zaman bir az həyəcanlı olmuş, ona görə də tam olaraq relsləri hara verdiyini həmin vaxt xatırlamamış, sonra isə 11 ədəd relsi metal qəbulu məntəqəsinə verdiyini, qalan 4 ədəd relsi isə Ucar şəhərində tanımadığı şəxsə satdığını xatırlamışdır. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsinin, həmçinin, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, rəsmi olaraq "xxxx" QSC-nin hüquq departamentinin məhkəmə və hüquq-mühafizə orqanları üzrə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. 05 sentyabr 2023-cü il tarixdə iş yerində olarkən Kürdəmir rayon 5 saylı yol sahəsində işlədiyi yerə 15 ədəd R-43 tipli relslərin oğurlanması barədə məlumat daxil olmuş, işçilər isə bu barədə polisə də məlumat verdiklərini bildirmişlər. Sonradan, həmin R-43 tipli relsləri Ucar rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin oğurladığı müəyyən edilmişdir. Eyni zamanda, hazırda Təqsirləndirilən şəxs "xxxx" QSCyə vurduğu ziyanı tam şəkildə ödədiyindən, ona qarşı heç bir şikayət və tələb yoxdur, habelə sonuncuya hansı cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır (bununla bağlı yazılı ərizəsini də təqdim edir). Məhkəmə iclasında ifadəsi elan edilmiş (məhkəməyə telqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir) Şahid ifadəsində göstərdi ki, o, təxminən 10 il olar Göyçay şəhərində metal qəbulu məntəqəsi olan yer işlədir. 03 sentyabr 2023-cü il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Ucar rayon sakini Mübariz adlı şəxs iş yerinə gələrək, yaşadığı evin həyətində hamam və ayaqyolunu sökəcəyini, buna görə də həmin işləri görmək üçün alətlər lazım olduğunu bildirmişdir. O da Mübarizlə razılaşaraq 1 ədəd kislorod balonunu, 1 ədəd aftogen qaynağını və 1 ədəd propan balonunu Mübarizə vermişdir. Bundan təxminən 1-2 gün sonra Mübariz yenə onun iş yerinə gələrək ona 11 ədəd dəmir yol relsi gətirmiş, o, isə sonuncudan 280 manat müqabilində 11 ədəd dəmir yol relsi almışdır. Lakin, həmin dəmir yol relslərini alan zaman onların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 9/8417 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 15 ədəd relsin 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1420,18 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-91-ci vərəqələrində olan 15 dekabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 15 ədəd relsin 11 ədədi, eləcə də, onun oğurluq edən zaman istifadə etdiyi 1 ədəd kislorod balonu, 1 ədəd oksigen balonu və 1 ədəd şlanqla birlikdə olan kəsici də maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax st.xətt polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 93-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 19 dekabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Xalq Məhkəməsinin 05 oktyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15-83 maddə 3:23-1 ilə təqsirli bilinərək 03 il müddətində mütləq əməyə cəlb edilməklə şərti cəzaya məhkum edilmiş, 29 dekabr 1999-cu ildə 01 il 02 ay 05 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqəsində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12 oktyabr 2023-cü il tarixli 13-1-/2-9040/2023 nömrəli məktubundan görünür ki, 15 ədəd relsin oğurlanması nəticəsində "xxxx" QSC-yə 1420,18 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsində olan 14 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 69-cu vərəqəsində olan xasiyyətnamədən görünür ki, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayonu İcra Hakimiyyəti Başçısının Küçəkənd kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən 02 aprel 2024-cü il tarixdə elektron kabinet vasitəsilə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-yə vurduğu ziyanı tam şəkildə ödədiyindən, ona qarşı heç bir şikayət və tələb yoxdur, habelə sonuncuya hansı cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını , yaşını və ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində Təqsirləndirilən şəxs islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 15 ədəd relsin 11 ədədinin zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmış hesab edilməklə 04 ədədinin dəyərinin ödənilməsi, eləcə də, onun oğurluq edən zaman istifadə etdiyi 1 ədəd kislorod balonu, 1 ədəd oksigen balonu və 1 ədəd şlanqla birlikdə olan kəsici də sahibi Şahid qaytarılmış hesab edilməlidir. Eyni zamanda, hadisə yerinə keçirilmiş baxışın görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılsın. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğurladığı 15 ədəd relsin 11 ədədi zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmış hesab edilməklə 04 ədədinin dəyərinin ödənilməsi, eləcə də, onun oğurluq edən zaman istifadə etdiyi 1 ədəd kislorod balonu, 1 ədəd oksigen balonu və 1 ədəd şlanqla birlikdə olan kəsici də sahibi Şahid qaytarılmış hesab edilsin. Eyni zamanda, hadisə yerinə keçirilmiş baxışın görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar