Məhkəmə qərarları › İş №1(063)-21/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-21/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-21/2025 04.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində özgənin əmlakını ümumi təhlükəli üsulla qəsdən məhv etmək niyyəti ilə Ucar rayonu, Alpout kənd sakini Zərərçəkmiş şəxs ailə üzvülərinin ona ot bağlatmamalarının qisasını almaq üçün Zərərçəkmiş şəxs oğlu X6 rayonu, Alpout kəndində yerləşən həyətində tikdirdiyi talvarın altına yığılmış ot bağlamalarının arasına yandırıb çəkdiyi közərmiş “Winchester” markalı siqaret kötüyünü basıb alışdırmaqla Zərərçəkmiş şəxs məxsus 1200 ədəd, hər biri 3 manat 70 qəpik olan 4440 manat dəyərində ot bağlamalarını, eləcə də 3790 manat dəyərində dam örtüyü şifer və taxta konstruksiyadan tikilmiş talvarı ümumi təhlükəli üsulla yandırıb özgənin əmlakına xeyli miqdarda, yəni ümumilikdə 8230 manat ziyan vurmaqla Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 ilə Ucar rayonu, Alpout kəndində qonşuluqda yaşamış, həmin şəxs və ailə üzvləri ilə əvvəllər heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Şahid1 əri X3 yaşadığından o, Şahid1 ilə tanış olmaq qərarına gəlmişdir. 2023-cü ilin yay aylarında Şahid1 Ucar şəhərində bazarda görüb əli ilə telefonla danışmaq işarəsi verərək işlətdiyi ***-***-**-** mobil nömrəsini kiçik kağıza yazaraq Şahid1 vermiş, bundan sonra “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Şahid1 yadında qalmayan mobil nömrəsi ilə yazışmağa və danışmağa başlamışdır. O, Şahid1 ilə bir neçə dəfə sonuncunun yaşadığı Ucar rayonu, Alpout kəndində yerləşən evdə görüşmüş və buna görə də Şahid1 50 manat vermişdir. Həmin ərəfələrdə Şahid1 ilə telefonda danışıb gecə sonuncunun evində görüşəcəklərinə razılaşmış, lakin Şahid1 zəng edəndə zəng çatmadığından yaşadığı ünvana gəlib həyətin mişar daşından olan hasarının üzərinə çıxıb oradan həyətə keçmişdir. Sağ tərəfdə yerləşən 1 mərtəbəli evin dəmir qapsını Şahid1 əvvəlcədən açıq qoyduğu üçün qapıdan zala daxil olub sağda yerləşən Şahid1 yatan otağa baxanda sonuncunun çarpayıda yatmasını görüb oyadaraq telefonuna zəng çatmadığını deyəndə Güllər yuxulu olduğu üçün qorxmuş və əsəbləşib evdən çıxmasını tələb edərək qışqırmışdır. O, evdən çıxıb qaçaraq getmiş, ertəsi günü Güllərin qaynatası Zərərçəkmiş şəxs zəng edərək onu Güllər yaşayan həyətə dəvət edib bu barədə soruşduqda Güllərlə münasibətlərinin üstü açılmasın deyə yalandan bankdan kreditə pul götürməsini, pulu banka ödəyə bilmədiyi üçün Güllər yaşayan evə pul oğurlamağa gəlməsini bildirmişdir. Zərərçəkmiş şəxs onu bağışlayaraq şikayət etməmiş və bundan sonra Güllərlə heç bir münasibəti olmamışdır. 21 sentyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə həmkəndliləri Qəzənfərin oğlunun Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisinə gedərək orada bir qədər araq içmiş, Güllər övladları və qaynatası Məhəmmədlə birlikdə toyda olduğu üçün “göz-qaş” eləsə də, Güllər məhəl qoymamışdır. Saat 21 radələrində Alpout kəndində qayıdanda Güllərin qaynı Elçinin otu ona bağlatmadığı və Güllərin onunla görüşməməsinin qısasını almaq niyyəti ilə Şahid1 toydan qayıtmamasından istifadə edərək sonuncu yaşayan evin mişar daşından tikilmş dəmir lövhələrdən düzələn qapıya bitişik hissəsinin dəmir borudan olan dirəyindən dırmaşıb həyətə keçmişdir. Həyətdə hovuzun yanında 3-4 ədəd “kompakt Winchester” markalı siqaret çəkib yerə atmış, daha bir siqaret yandırıb hovuzun yaxınlığında yerləşən evlə üz-üzə tikilmiş talvarın altına yığılan ot bağlamalarına yaxınlaşmışdır. Közərən siqaret kötüyünü ot bağlamalarının arasına basıb alışana qədər gözləmiş, bağlamalar alışan kimi qaçıb getmişdir. Bir qədər sonra yanğın söndürlənlərin gəlməsini bilərək heç nə olmamış kimi oraya gəlib yanğının söndürülməsinə köməklik etmişdir. Məhkəmədən əməlini etiraf edərək peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı və Prezident təqaüdçüsü olmasını, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, atasının bu yaxınlarda vəfat etməsini, ailə üzvlərinin onun himayəsində olmasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzrdə tutulan aşağı həddə cəza təyin edilməsini və CM-in 70-ci maddəsinin tətbiq etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Dəyanət Məmmədov işi ilə əlaqədar olaraq Rusiyaya gedib orada yaşayır. Dəyanətin arvadı Şahid1 övladları Müzəffər və Pünhanla onun tərəfindən alınmış Ucar rayonu, Alpout kəndində yerləşən evdə qalırlar. Özünün isə evi ayrıdır və öz evində yaşayır. Heyvandarlıqla məşğul olduğu üçün 2020-ci ildə Şahid1 yaşayan həyətdə öz vəsaiti ilə 60 kv.metrlik talvar tikdirib talvarın altına 1200 ədəd qışda heyvanlara yedizdirmək üçün ot bağlamaları yığdırmışdır. 2023-cü ilin yay aylarında heç bir ədavəti olmayan həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs Şahid1 yaşayan evə gələrək Güllər və nəvələri Pünhanla Müzəffəri qorxutduğu üçün Elçini Güllər yaşayan həyətə dəvət edib evə girməsinin səbəbini soruşanda Elçin əvvələcə etiraf etməmişdir. X7 Elçini gördüklərini deyəndən sonra Elçin bankdan kreditə pul götürüb ödəyə bilmədiyi üçün Güllər yaşayan evə pul oğurlamağa girməsini söyləmiş, amma nə qədər pul oğurlayacağını deməmiş, özləri də bu barədə soruşmamışlar. Elçin yalvarıb səhv etdiyini dediyindən bu barədə şikayət etməmişdir. 21 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində həmkəndlisi və uzaq qohumu Qəzənfərin oğlunun Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisinə dəvət aldığı üçün məclisə Gülləri və nəvələri Müzəffər və Pünhanı da aparmışdır. Toy davam edən zaman, saat 21 radələrində ona zəng gəlmişdir ki, Şahid1 yaşayan həyətdə yanğın baş vermişdir. Dərhal Gülləri və nəvələri Müzəffərlə Pünhanı götürüb həyətə gələndə yanğın söndürənlərin həyətdə yanğını söndürməyə çalışmalarını, həyətdə bir çox tanıdığı və tanımadığı adamların olmasını görmüşdür. Məlum olmuşdur ki, yanğın talvarın altına yığdırdığı ot bağlamalarında baş vermiş və nəticədə alov güclənərək talvara da keçmişdir. Yanğın güclü olduğundan söndürmək mümkün olmamış, 1200 ədəd ot bağlamaları talvarla birlikdə yanaraq yarasız hala düşmüşdür. Yanğın baş verən yerdən elektrik və qaz xətti keçmədiyindən, yanğın əvvəllər ot biçdirəndə Elçinə bağlatsalar da, sonradan bağlatmadıqlarına görə Elçin tərəfindən qəsdlə törədilmişdir. Hadisə nəticəsində 1200 ədəd ot bağlamalarının və talvarın yanması nəticəsində ümumilikdə təxminən 8000 manat ziyan dəymişdir. Elçinlə Güllər arasında sevgi münasibətinin olması yalandır, hadisə nəticəsində dəymiş ziyanın ödənilməsini və hadisəni törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs çıxışında bildirdi ki, ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kənd sakini Dəyanət Məmmədovla rəsmi qaydada ailə qurmuş, həmin nikahdan Müzəffər və Pünhan adlı oğlanları dünyaya gəlmişdir. Dəyanət Məmmədov işləmək üçün Rusiyaya getmiş, oğlanları ilə Ucar rayonu, Alpout kəndində qaynatası Zərərçəkmiş şəxs onlara alıb verdiyi evdə yaşayırlar. Təqsirləndirilən şəxs kənddə onunla qonşuluqda yaşamış, həmin şəxslə heç bir münasibəti olmamışdır. 2023-cü ilin yay aylarında, gecə saat 03 radələrində yaşadığı evdə kiminsə əlinə toxunmasını hiss edib yuxudan oyananda Elçini çarpayının yanında dayanmasını görüb qışqırmışdır. X4 yatdıqları otaqdan yuxudan oyanıb gələndə Elçin qaçıb getmişdir. Müzəffər həyətə qaçıb geri qayıdanda Elçinin hasardan tullanaraq qaçıb getməsini gördüyünü bildirmişdir. Bu barədə qayınatası Məhəmmədə deyəndə Məhəmməd Elçini səhəri günü həyətə çağırtdırıb evə nəyə görə gəlməsini soruşanda Elçin əvvəlcə etiraf etməmiş, sonra isə bankdan kreditlə pul götürüb ödəyə bilmədiyindən məcbur olub pul oğurlmağa gəlməsini bildirmişdir. Amma nə qədər pul oğurlayacağını deməmiş, özləri də bu barədə soruşmamışlar. Elçin yalvardığı üçün bu barədə şikayət etməmişlər. 21 sentyabr 2024-cü il tarixdə, saat 16-17 radələrində qayınatası Məhəmməd onu və uşaqlarını qohumları Qəzənfərin oğlunun Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisinə aparmış, Elçin də həmin toyda iştirak etmişdir. Toy davam edən zaman, saat 21 radələrində Məhəmməd həyətlərində yanğın baş verməsini bildirdiyi üçün dərhal toydan çıxıb həyətə gəlmişlər. Həyətə çoxlu adamların toplaşmasını, həyətdə Zərərçəkmiş şəxs vəsaiti ilə tikilən və Zərərçəkmiş şəxs məxsus talvarın altına yığdığı ot bağlamalarının və talvarın yanğın söndürənlər tərəfindən söndürülməsinə cəhd edilməsinə baxmayaraq ot bağlamaları və talvarın yanaraq yarasız hala düşdüyünü görmüşdür.Əvvələr otlarını Elçinə bağlatsalar da, sonradan bağlatmadıqlarından yanğının Elçin tərəfindən qisas almaq məqsədi ilə törədilməsindən şübhələnmişdir. Elçinlə arasında heç bir münasibət olmamışdır və sonuncunun barəsində dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində atası Məhəmmədlə bir evdə yaşayır, qardaşı Dəyanət Rusiyada işləyib orada qaldığından Dəyanətin arvadı Şahid1 övladları Müzəffər və Pünhanla birlikdə yaşayırlar. Həmkəndlisi Təqsirləndirilən şəxsla yaxşı münasibəti olmuş, əvvəllər ot biçdirəndə otu Elçinə bağlatsa da, lakin Elçin işini yaxşı görə bilmədiyindən sonuncuya ot bağlatmadığı üçün Elçinin ondan və ailə üzvülərindən acıqlı qalaraq salam verməmişdir. 2023-cü ilin yay aylarında eşitmişdir ki, Elçin gecə vaxtı Güllər yaşayan evə girdiyi üçün atası Məhəmməd Elçini həyətə çağıraraq evə girməsinin səbəbini soruşduqda Elçin bankdan kreditlə pul götürüb ödəyə bilmədiyi üçün pul oğurlmaq məqsədi ilə evə girməsini demiş, amma bu barədə şikayət olmamışdır. 21 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində qohumları Qəzənfərin oğlunun Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisində iştirak edərkən saat 21 radələrində atası Məhəmməd Güllər yaşayan həyətində yanğın baş verməsini bildirmişdir. Dərhal toydan həyətə gələndə həyətdə talvarın altına yığılan ot bağlamalarının talvarla birlikdə yanmasını, həyətdə çoxlu tanıdığı və tanımadığı adamların olmasını, yanğın söndürənlərin alovu söndürməyə çalışmalarını görmüşdür. Amma yanğını söndürmək mümkün olmamış, talvar və ot bağlamaları tamamilə yanıb yararsız hala düşmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində Şahid1 ilə qonşuluqda yaşayır və aralarında koldan çəpər var. 21 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Qəzənfər onu oğlu Arifin Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisinə dəvət etsə də, gedə bilməyib tanışlarından biri ilə toya pul göndərmişdir. Həmin gün, saat 20:30 radələrində yaşadığı evdə televizorda futbola baxarkən həyətdə səs eşidib evdən bayıra çıxanda Güllər yaşayan evlə üz-üzə tikilmiş talvarın yanmasını görmüşdür. Məlum olmuşdur ki, Güllər uşaqları ilə birlikdə Qəzənfərin oğlunun toy məclisində olarkən qeyd edilən yanğın baş vermişdir. Yanğın söndürənlər hadisə yerinə gələsələr də, alovu söndürmək mümkün olmamış, talvar və ot bağlamaları yanaraq yarasız hala düşmüşdür. Ertəsi günü eşitmişdir ki, Güllər yaşayan həyətdə baş vermiş yanğını qonşusu Elçin özünün törətməsini etiraf etmiş, amma yanğını nəyə görə və necə törətməsi ona məlum olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində Zərərçəkmiş şəxs gəlini Şahid1 ilə qonşuluqda yaşayır və həmin ailə ilə münasibəti yaxşı olmuşdur. 21 sentyabr 2024-cü il tarixdə həmkəndlisi Qəzənfərin oğlunun Ucar rayonu, Qazyan kəndində keçirilən toy məclisində Məhəmmədi və Gülləri övladları ilə məclisdə görmüşdür. Saat 21 radələrində toydan çıxıb yaşadığı Ucar rayonu, Alpout kəndində gələndə Güllər yaşayan həyətdə yanğın baş verməsini görüb istifadəsində olan ***-***-**-** mobil nömrə ilə yanğın söndürənlərə məlumat vermişdir. Sonra Güllər yaşayan evin hasarından aşaraq həyətə keçəndə həyətdə evlə üzüzə tikilmiş talvarın altına yığılmış ot bağlamaları ilə birlikdə yanmasını görmüş, yanğın söndürən avtomobilin həyətə asanlıqla daxil olmasından ötrü darvazanı açmışdır. Yanğın söndürənlər gəlsələr də, alovu söndürmək mümkün olmamış, talvar və ot bağlamaları tamamilə yanaraq yarasız hala düşmüşdür. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 9/8277 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1200 bağlama otun 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 4440,00 manat müəyyən olunmuşdur. (1200 bağlama x 3,70 manat) müəyyən edilir. Cinayət işində olan yanğın və texnoloji partlayışların tədqiqi və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 10/7965 nömrəli rəyindən görünür ki,Ucar rayonu, Alpout kənd sakini Zərərçəkmiş şəxs Müzəffər oğlunun həyətyanı sahəsində yerləşən ot bağlamalarında yanğın izləri bərabərləşdiyinə görə, yanğının mənbəyini məyyən etmək mümkün deyildir. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, cinayət işi materiallarında olan məlumatları, ot tayasının yaxınlığından elektrik və qaz xətlərinin keçmədiyini, ot bağlamalarının yığıldığı sahədə hər hansı istilik ixrac edə bilən digər texniki qurğuların olmadığını nəzərə aldıqda, yanğın kənardan düşmüş od mənbəyinin (közərmiş tütün məmulatı) təsirindən baş verməsi üçün xarakterikdir. Yanğın, kənardan düşmüş od mənbəyinin təsirindən baş verməsi üçün xarakterik olduğundan baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Ucar rayonu, Alpout kəndində yerləşən Zərərçəkmiş şəxs Müzəffər oğluna məxsus talvara tikinti üzrə dəymiş ziyan 3790.00 manat təşkil edir. Cinayət işində olan məhkəmə-genetik ekspertizasının 24/1668R nömrəli, 04 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş 03 (üç) ədəd “Winchester” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1994 Ucar r.) məxsusdur. Cinayət işində olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 14 noyabr 2024-cü il tarixli, 18-1-77/2-1463/2024 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Alpout kənd sakini, xx xxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli, 5-80-15/2- 530/2024 nömrəli arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 noyabr 2023-cü ildə doğulmuş X5 adlı bir uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfinfən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi sosial müavinət və təqüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır. Cinayət işində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, Vətən müharibəsi iştirakçısı olmaqla təltif edilməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən izlah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut bir ədəd zərfdə olan 3 ədəd “Winchester” markalı siqaret kötüyü cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 215 (iki yüz on beş) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 154 (bir yüz əlli dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur və Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd zərfdə olan 3 ədəd “Winchester” markalı siqaret kötüyü cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 215 (iki yüz on beş) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 154 (bir yüz əlli dörd) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs ilə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar