Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-23/2024 24.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 24 aprel 2024-cü il tarixdə Ucar Rayon Məhkəməsinin binasında xx xxxxxx 1984-cü il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində Ucar rayonunun Qaradağlı kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq ilə sonuncunun sağ qolundan vurmaqla ona aktiv və passiv hərəkətlərin məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinliyi, qançırı və sıyrığı, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı xəsarəti ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, 10 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı evə gəlmişdir. Arvadı Baharla söhbət edərək ondan boşanmaq üçün Ucar Rayon Məhkəməsinə verdiyi ərizəsini geri götürməsini istəmiş, sonuncu isə boşanacağını və ərizəni geri götürməyəcəyini bildirmişdir. Bu səbəbdən arvadı Bahar ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Baharı vurmamış, yalnız əlindəki telefonu almaq istəmişdir. Bu hala anası Şahid5, qonşuları Sahibə və Eltun da şahid olmuşlar. Odur ki, hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur və bu səbəblə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı evə gəlmişdir. Arvadı Baharla söhbət edərək ondan boşanmaq üçün Ucar Rayon Məhkəməsinə verdiyi ərizəsini geri götürməsini istəmiş, sonuncu isə boşanacağını və ərizəni geri götürməyəcəyini bildirmişdir. Bu səbəbdən arvadı Bahar ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Baharı bir neçə dəfə yumruqla qollarından və çənəsindən vuraraq sonuncuya xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 10 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı evdə olan zaman Ruhin evə gələrək ondan boşanmaq üçün verdiyi ərizəni geri götürməyini istəmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla onun qollarından və çənəsindən vuraraq ona xəsarətlər yetirmişdir. Bu hala qaynanası Şahid5, qonşuları Sahibə, Eltun və uşaqları da şahid olmuşlar. Hazırda əri Təqsirləndirilən şəxsla barışmamış, habelə, sonuncudan şikayətçi olmaqla barəsində ciddi cəza tətbiq edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində bildirdi ki, 10 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Ruhin Baharın yaşadığı (ər-arvad arasında tez-tez münaqişələr olduğundan onunla birlikdə qızına məxsus evdə yaşayırlar) evə gələrək ona nikahın pozulması ilə bağlı verdiyi ərizəni geri götürməsini, ailəsinin dağılmamasını və onunla barışmaq istədiyini bildirdikdə Bahar bu hala etiraz etmiş, Ruhin əsəbləşərək çayı Baharın üzərinə tökmüşdür. Bahar da öz növbəsində çayı Ruhinin üzərinə atıb mətbəxə qaçmışdır. Ruhin mətbəxdə Baharın (sonuncu oturaqlı vəziyyətdə telefonu əlində sıxılı vəziyyətdə saxlamışdır) əlindəki telefonu almaq istəsə də, Bahar telefonu Ruhinə verməmişdir. Mübahisə yalnız bundan ibarət olmuşdur. Ruhin həmin gün Baharı vurmamış və heç bir xəsarət yetirməmişdir. Hadisə baş verən zaman qorxduğundan, eyni zamanda, onları aralamağa çalışsa da, fiziki gücü çatmadığından Ruhinin uşaqlarına “gedin qonşuları çağırın” demiş və uşaqlar qonşular Sahibəni və Eltunu çağırmışlar. Qonşular gələndə artıq Bahar qaçmışdı. Ruhin ilə Bahar arasındakı davanı isə Ruhinin uşaqları da görmüşlər. Məhkəmə iclasında hüquq və vəzifələri izah olunmuş, cinayət prosessual qanunvericiliyin tələbi daxilində dəvət edilmiş Ucar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsləhətçisi – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu – Qəyyumluq və Himayə Orqanının üzvü X1 və Ucar rayon Qaradağlı kənd orta məktəbinin pedaqoqu Nümayəndə iştirakları ilə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 10 yanvar 2024-cü il tarixdə yaşadıqları evdə olan zaman atası Ruhin evə gələrək anası ilə mübahisə etmiş, mübahisə zamanı atası Təqsirləndirilən şəxs anası Baharı vuraraq sonuncuya xəsarətlər yetirmişdir. Bu hala nənəsi Şahid5, qonşuları Sahibə, Eltun və digər bacısı Aynişan da şahid olmuşlar. Məhkəmə iclasında elan edilmiş işin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin” X5 11 yanvar 2024-cü il tarixli, 20 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aktiv və passiv hərəkətlərin məhdudluğu ilə müşaiyət olunan sağ dirsək oynağının şişkinliyi, qançırı və sıyrığı, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı aşkar edilmişdir. Həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, yaranma müddəti 10 yanvar 2024-cü il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 52-54-cü vərəqələrində olan 25 yanvar 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokol tərtib olunaraq, Ucar rayon prokurorluğuna göndərilmiş, materiala əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli, 20 saylı ekspert rəyi maddi sübut kimi qiymtələndirilmiş, habelə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 1(063)-15/2019 saylı qərarı ilə Zərərçəkmiş şəxs ilə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bundan başqa, tələbnamə məlumatlarına əsasən Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə iclasında elan edilmiş işin 47-48-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 24 aprel 2024-cü tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmamış, həmçinin ondan şikayətçi olmaqla barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 1(063)-15/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, ibtidai araşdırmanı həyata keçirən təhqiqatçı material üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərarla məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokolun tərtib olunaraq, Ucar rayon prokurorluğuna göndərilməsinə, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-23/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-23/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver