Məhkəmə qərarları › İş №1(063)-24/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-24/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-24/2024 21.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 21 fevral 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci il tarixdə Ucar rayonunun Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını vahid niyyətlə gizli yolla talamaq məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Lək kəndində yerləşən həyətdə saxlanc yeri sayılan tövlənin damında olan boşluqdan içəriyə qanunsuz daxil olaraq oradan 1 ədədinin qiyməti 150 manat olmaqla, ümumilikdə dəyəri 450 manat olan 3 baş 20 kiloqramlıq dişi qoyunu, dəyəri 205 manat olan 1 baş 25 kiloqramlıq erkək qoyunu, 17 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində yenidən Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Lək kəndində yerləşən həyətdə saxlanc yeri sayılan tövlənin damında olan boşluqdan içəriyə qanunsuz daxil olaraq oradan 1 ədədinin qiyməti 115 manat olmaqla, ümumilikdə dəyəri 230 manat olan 2 baş 15 kiloqramlıq dişi qoyunu, 1 ədədinin qiyməti 135 manat olmaqla, ümumilikdə dəyəri 270 manat olan 2 baş 18 kiloqramlıq dişi qoyunu, 22 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Lək kəndində yerləşən həyətdə saxlanc yeri sayılan tövlənin damında olan boşluqdan içəriyə qanunsuz daxil olaraq oradan dəyəri 115 manat olan 1 baş 15 kiloqramlıq dişi qoyunu, dəyəri 130 manat olan 1 baş 17 kiloqramlıq dişi qoyunu, 1 ədədinin qiyməti 150 manat olmaqla, ümumilikdə dəyəri 300 manat olan 2 baş 20 kiloqramlıq dişi qoyunu götürməklə sonuncuya 1700 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailəlidir, himayəsində iki azyaşlı övladı və əlil olmaqla iki ayağı protezləşdirilmiş arvadı vardır. 06 mart 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 05 mart 2014-cü il tarixdə isə azad olunmuşdur. Maddi vəziyyəti çətin olduğundan və arvadının müalicə olunmasına zərurət yarandığından oğurluq etmək qərarına gəlmişdir. Həbs olunanadək yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən ata evində qonşusu olan Şakirə məxsus evin həyətində yerləşən tövlədən qoyun oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 17 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində yaşadığı ünvandan çıxaraq idarə etdiyi “Hyundai Excel” markalı, **-ST-*** dövlət eydiyyat nişanlı avtomobilə əyləşərək Ucar rayonu, Lək kəndi istiqamətində hərəkətə başlamış, Ucar rayonu, Lək kəndində yaşadığı ünvana təxminən saat 16:00 radələrində çatmışdır. Özünə məxsus yaşayış olmayan evinə girərək orada havanın qaralmasını gözləmişdir. Təxminən saat 20:00 radələrində yaşadığı ünvandan çıxaraq qonşuluqda yaşayan Şakirə məxsus tövlənin yanına yaxınlaşmışdır. Belə ki, onun və Şakirin həyətyanı sahəsinin ətrafında hasar olmamışdır. O, tövləyə yaxınlaşdıqdan sonra sol tərəfindən dama qalxaraq orada olan boşluqdan içəri daxil olmuşdur. İçəri girməmişdən öncə özü ilə oğurlayacağı qoyunların ayaqlarını bağlamaq üçün ip də aparmışdır. İçəri girdikdən sonra orada çoxlu qoyun olduğunu görərək həmin qoyunların hamısını oğurlaya bilməyəcəyini, əgər onları oğurlayarsa, Şakirin xəbər tutacağını düşünmüşdür. Həmin vaxt gələcəkdə ehtiyacı olduqca qoyunlardan bir neçə ədədini yenidən oğrulayacağına qərar verərək, orada olan qoyunlardan dörd ədədinin ayağını apardığı iplə bağlayıb onları damda olan boşluqdan çölə atmışdır. Bundan sonra, özü də içəri daxil olduğu qaydada tövlədən çölə çıxmışdır. Dərhal qoyunları yaxınlıqda saxladığı idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşib hərəkətə başlayaraq Bakı şəhərinə getmişdir. Bakı şəhəri Qobu qəsəbəsində “At yalı” adlanan əraziyə çatdıqda yerini dəqiq xatırlamadığı ət mağazasının qarşısında avtomobili saxlamışdır. Bundan sonra, qoyunları düşürərək, qəssaba yaxınlaşıb qoyunları almasını təklif etmişdir. Lakin həmin şəxs qoyun almadığını bildirmişdir. Bundan sonra, kənd ərazisində dayanıb nə edəcəyini düşünərkən həmin kənddə yaşayan Qoşqar adlı şəxs ona yaxınlaşaraq qoyunları satıb satmaması barədə maraqlanmışdır. Atası və anası həmin kənddə yaşadığı üçün Qoşqarı tanımış və onunla qonşu kimi münasibəti olmuşdur. O, Qoşqara qoyunları satdığını dedikdə sonuncu almaq istədiyini, lakin pulu olmadığını bildirmişdir. O, pulunu nağd şəkildə verməsini və qoyunları ümumilikdə 800 manata satacağını bildirmişdir. Lakin, Qoşqar baha olduğunu deyərək, həmin qoyunlar üçün ümumilikdə 650 manat pul verə biləcəyini bildirdikdə o, sonuncu ilə razılaşmışdır. Həmin vaxt Qoşqar ona 150 manat pul verərək, qalan pulları bir gün sonra verəcəyini demişdir. O, Qoşqardan 150 manat pulu aldıqdan sonra Sahil qəsəbəsinə yaşadığı ünvana getmişdir. Bir gün sonra Qoşqarın yanına getdikdə sonuncu evdən çıxaraq ona 500 manat pul vermişdir. Qoşqardan aldığı pulları arvadının müalicəsi və digər ev xərcləri üçün istifadə etmişdir. Bir müddət keçdikdən sonra imkanı olmadığı üçün arvadının müalicəsini etməkdə çətinlik çəkmişdir. Hətta bu səbəbdən idarə etdiyi “Hyundai” markalı avtomobili sataraq əvəzində “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Belə ki, artıq qalan pulu da arvadının müalicəsinə xərcləmişdir. Onun artıq pulu qalmadığı üçün yenidən Şakirin tövləsindən qoyun oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi avtomobil ilə Ucar rayonu, Lək kəndinə getmişdir. Yenə eyni qaydada özünə məxsus yaşayış olmayan evə girərək orada havanın qaralmasını gözləmişdir. Təxminən saat 20:00 radələrində yaşadığı ünvandan çıxaraq qonşuluqda yaşayan Şakirə məxsus tövlənin yanına yaxınlaşmışdır. Tövləyə yaxınlaşdıqdan sonra ilk dəfə olduğu kimi tövlənin sol tərəfindən dama qalxaraq orada olan boşluqdan içəri daxil olmuşdur. İçəri girməmişdən öncə eyni qaydada özü ilə oğrulayacağı qoyunların ayaqlarını bağlamaq üçün ip də aparmışdır. İçəri girdikdən sonra orada çoxlu qoyun olduğunu görərək yenidən qoyunların bir neçəsini oğurlamaq barədə düşünmüşdür. Həmin vaxt gələcəkdə ehtiyacı olduqca qoyunlardan bir neçəsini yenidən oğrulayacağına qərar verərək, orada olan qoyunlardan dörd ədədinin ayağını apardığı iplə bağlayıb onları damda olan boşluqdan çölə atmışdır. Bundan sonra, özü də içəri daxil olduğu qaydada tövlədən çölə çıxmışdır. Dərhal qoyunları yaxınlıqda saxladığı idarə etdiyi avtomobilin arxa yük yerinə yığdıqdan sonra avtomobilə əyləşərək “At yalı” adlanan yerə Qoşqarın yaşadığı ünvana getmişdir. Çatdıqda Qoşqar yaşadığı ünvanın qarşısında olmuşdur. O, Qoşqara məşğulluqda tanışı olduğunu, bu səbəbdən onda ucuz qoyunlar olduğunu və təşkil edə bildiyini deyərək, avtomobildə olan 4 baş qoyunu almağı təklif etmişdir. Qoşqar qoyunları alacağını bildirdikdə 4 qoyunu 510 manat müqabilində sonuncuya satmışdır. Bundan sonra, yaşadığı ünvana getmiş və həmin pulu da müalicə və digər xərclər üçün istifadə etmişdir. 22 oktyabr 2023-cü il tarixdə pulu olmadığı üçün yenidən Şakirin tövləsindən qoyun oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 22 oktyabr 2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi avtomobil ilə Ucar rayonu, Lək kəndinə getmişdir. Eyni qaydada özünə məxsus yaşayış olmayan evə girərək orada havanın qaralmasını gözləmişdir. Təxminən saat 20:00 radələrində yaşadığı ünvandan çıxaraq qonşuluqda yaşayan Şakirə məxsus tövlənin yanına yaxınlaşmışdır. Tövləyə yaxınlaşdıqdan sonra ilk dəfə olduğu kimi tövlənin sol tərəfindən dama qalxaraq orada olan boşluqdan içəri daxil olmuşdur. İçəri girməmişdən öncə eyni qaydada özü ilə oğrulayacağı qoyunların ayaqlarını bağlamaq üçün ip aparmışdır. Həmin vaxt tövlədə olan qoyunlardan dörd ədədinin ayağını gətirdiyi iplə bağlayıb onları damda olan boşluqdan çölə atmışdır. Bundan sonra, özü də içəri daxil olduğu qaydada tövlədən çölə çıxmışdır. Dərhal qoyunları yaxınlıqda saxladığı idarə etdiyi avtomobilin arxa yük yerinə yığıb avtomobilə əyləşərək “At yalı” adlanan yerə Qoşqarın yaşadığı ünvana getmişdir. Yolda olarkən təxminən Hacıqabul rayonu ərazisində heyvanlara baxarkən qoyunlardan birinin öldüyünü, digərinin isə pis halda olduğunu görmüşdür. O, ölmüş qoyunu avtomobildən götürərək, çöllük əraziyə atmışdır. Halı pis olan qoyunu isə, özünə gəlməsi üçün avtomobilin salon hissəsinə qoymuşdur. Artıq Qaradağ rayonu ərazisinə çatdıqda, avtomobilin salonuna qoyduğu qoyunu da, digər qoyunların yanına yerləşdirmişdir. Qoşqarın yanına çatdıqda sonuncu bu zaman tövlənin qarşısında olmuşdur. Qoşqar ona yaxınlaşaraq salamlaşıb bir qədər söhbət etdikdən sonra 3 ədəd qoyunu 375 manat müqabilində sonuncuya satmış, həmin pulları da, müalicə xərcləri üçün istifadə etmişdir. 23 oktyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində olarkən polis əməkdaşları onu Ucar RPŞ-yə dəvət etmişlər. O, ilk dəfə oradan oğurluq edərkən tövlədə çoxlu sayda qoyun olduğunu görmüş və həmin vaxt onda gələcəkdə də ehtiyacı olduqca, oradan oğurluq etmək fikri formalaşmışdır. Belə ki, həmin qoyunlardan çox hissəsini götürəcəyi halda Şakirin bunu hiss etməsindən çəkinmişdir. Bu səbəbdən o, qoyunları hər dəfəsində 4 ədəd olmaqla oğurlamağa qərar vermişdir. İfadəsini sərbəst formada vermiş və əməlini etiraf etmişdir. Ona heç bir təzyiq və psixi təsir göstərilməmişdir. Şahid satılan qoyunların oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Belə ki, Qoşqara məşğulluqda tanışı olduğunu, onun vasitəsilə ucuz qoyun əldə etdiyini demişdir. O, oğurluğu tək törətmiş, bununla bağlı heç kim ona köməklik etməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun ona qarşı şikayət və tələbin olmamasının, həmçinin himayəsində 2 azyaşlı övladının və iki ayaqları protezləşdirilmiş arvadının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən həyətyanı sahəsində özünə məxsus tövlədə 20 baş iribuynuzlu heyvan və 66 baş qoyun saxlamaqla dolanır. 17 sentyabr 2023-cü il tarixdə qoyunları örüş sahəsindən gətirdikdən sonra sayaraq tövləyə ötürmüş, həmin gün yatıb dincəldikdən sonra 18 sentyabr 2023-cü il tarixdə səhər saatlarında qoyunları yenidən örüşə aparmışdır. Qoyunları örüşdən qaytardıqdan sonra tövləyə ötürərkən yenidən saymış və bu zaman orada 66 baş deyil, 62 baş qoyun olduğunu görmüşdür. Həmin vaxt qoyunlardan 4 ədədinin çöl sahədən yoxa çıxdığını düşünmüş və bu barədə polisə müraciət etməmişdir. Həmin hadisədən sonra hər gün qoyunları sayaraq tövləyə ötürmüş və bir neçə müddət ərzində qoyunların sayında dəyişiklik olmamışdır. Lakin, 18 oktyabr 2023-cü il tarixdə yenidən qoyunları örüşdən gətirib tövləyə ötürərəkən saydıqda 4 ədəd qoyunun olmadığını, 62 qoyunun əvəzində 58 qoyun qaldığını görmüşdür. O, bu dəfə də qoyunların çöldə itdiyini düşünsə də, artıq belə bir hadisənin ikinci dəfə baş verməsi və hər dəfəsində 4 qoyunun yoxa çıxması onda şübhə yaratmışdır. Lakin, bu dəfə də, polisə baş vermiş hadisə ilə bağlı məlumat verməmişdir. Bir neçə gün keçdikdən sonra 22 oktyabr 2023-cü il tarixdə qoyunları sayaraq tövləyə ötürüb yaşadığı ünvanda yatmışdır. Səhər yuxudan oyandıqda qoyunları bir daha saymış və bu zaman qoyunlardan dörd ədədinin yerində olmadığını görmüşdür. Bu zaman artıq qoyunların çöl sahədən deyil, tövlənin içərisindən oğurlandığını başa düşmüş və bu barədə polisə məlumat vermişdir. Həmçinin, tövlənin içərisindəki taxtanın götürüldüyünü və əvvəlki qaydada yerinə qoyulmadığını da müəyyən etmişdir. Baş vermiş hadisənin törədilməsində Elnur adlı qonşusundan şöbhələnmişdir. Bundan sonra, Elnur RPŞ-yə gətirilmiş və sonuncu əməlini etiraf etmişdir. Elnur qoyunları Bakı şəhərində Nübar qəsəbəsinə satdığını etiraf etmişdir. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə Nübar qəsəbəsinə getmiş və Qoşqar adlı şəxsin ünvanında yerləşən tövlədə 11 baş qoyun aşkar olunaraq götürülüb ona qaytarılmışdır. Yaşadığı ünvandan hər dəfəsində 4 ədəd olmaqla, ümumilikdə 12 baş qoyun oğurlanmışdır. Birinci dəfə tövlədən 3 baş dişi və 1 baş erkək qoyun oğurlanmışdır. Həmin dişi qoyunların hər birinin çəkisi 20 kiloqram olmaqla, birinin qiyməti 250 manat, 1 ədəd erkək qoyunun çəkisi isə 25 kiloqram olmaqla, qiyməti 300 manat, ikinci dəfə tövlədən oğurlanmış 4 ədəd dişi qoyundan iki ədədinin hər birinin ayrıayrılıqda çəkisi 15 kiloqram və birinin qiyməti 190 manat, digər iki ədədinin isə, hər birinin ayrı-ayrılıqda çəkisi 18 kiloqram və birinin qiyməti 220 manat, üçüncü dəfə oğurlanmış 4 ədəd dişi qoyundan birinin çəkisi 15 kiloqram olmaqla, qiyməti 190 manat, digər bir ədədinin çəkisi 17 kiloqram olmaqla, qiyməti 210 manat, iki ədədinin isə hər birinin ayrı-ayrılıqda çəkisi 20 kiloqram və birinin qiyməti 250 manat olmuşdur. Odur ki, hazırda təqsirləndirlən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Bakı şəhəri, Abşeron rayonu, Nübar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonunda yerləşən fərdi yaşayış evinin həyətində heyvandarlıqla məşğul olur. Belə ki, həmin həyətdə 2 baş dana, 38 baş qoyun və iki ədəd quzu saxlayır. Təxminən 2 ay bundan əvvəl səhər saatlarında evinin yaxınlığında bir nəfər şəxsin dayandığını və yanında qoyunlar olduğunu görmüşdür. Həmin şəxsin yanına yaxınlaşmış və qoyunların yaxınlığında dayanmış şəxsin tanıdığı Elnur adlı şəxs olduğunu görmüşdür. Elnurdan qoyunları nə üçün saxladığını və satıbsatmadığını soruşmuş, sonuncu ona qoyunları qəssaba vermək istədiyini, lakin, qəssabla razılıq əldə edə bilmədiyi üçün qoyunları satmadığını bildirmişdir. Bundan sonra, o, qoyunları neçəyə satdığını Elnurdan soruşduqda sonuncu qoyunları ümumilikdə 800 manata satdığını bildirmişdir. O, Elnura o qədər pulunun olmadığını, 4 baş qoyunun əvəzində 650 manat pul verə biləcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra, Elnura 150 manat pul verib, qalan pulu isə 1-2 günə gəlib götürməsini bildirmişdir. Elnur pulu aldıqdan sonra çıxıb getmiş, o isə qoyunları tövləyə aparmışdır. Bir gün sonra Elnurla yaşadığı kənddə görüşərək 500 manat pulu vermişdir. Həmin hadisədən təxminən 15 gün sonra yaşadığı ünvanın qarşısında olarkən Elnur ona yaxınlaşmış və söhbət etmişdir. Söhbət zamanı Elnur ona məşğulluq idarəsinə işə düzəldiyini, tez-tez əlinə qoyunlar keçdiyini demişdir. Bu zaman Elnurdan ucuz qoyun olarsa xəbər etməsini xahiş etmişdir. Təxminən 15 gün sonra dəqiq xatırlamadığı tarixdə Elnur ona yaxınlaşıb 4 baş ucuz qoyun olduğunu demişdir. O, həmin qoyunları neçəyə satdığını soruşduqda Elnur qoyunların 500 manata satıldığını bildrimiş və əlavə olaraq da, özü üçün 10 manat pul istəmişdir. Bu zaman Elnurla razılaşaraq qoyunları almaq istədiyini bildirərək evdən 510 manat pul gətirib, Elnura vermişdir. Həmin 4 baş qoyunu da, alaraq tövləyə digər qoyunların yanına salmışdır. 22 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Elnur onunla əlaqə saxlayaraq ucuz qoyun düşdüyünü, həmin qoyunları onun üçün gətirmək istədiyini bildirdikdə o, heç bir etiraz etməyərək Elnura qoyunları almaq istədiyini demişdir. Elnur gəlib çıxdıqdan sonra ümumilikdə 4 baş qoyun olduğunu, lakin qoyunlardan birinin yolda olarkən öldüyünü demişdir. O, 3 baş qoyunun əvəzində Elnura 375 manat pul vermişdir. Daha sonra, həmin qoyunları da aparıb tövləyə salmışdır. 24 oktyabr 2023-cü il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşları yaxınlaşaraq aldığı qoyunların oğurluq yolu ilə əldə olunduğunu bildirib onunla birlikdə baxış keçirmişlər. Baxış bitdikdən sonra o, izahatı alınmasından ötrü Ucar RPŞ-yə getmişdir. Təqsirləndirilən şəxs aldığı qoyunları oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Çünki, Elnur ona həmin qoyunları məşğulluq idarəsindən əldə etdiyini demişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci səhifəsində olan 25 oktyabr 2023cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-131-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 9/9828 nömrəli ekspert rəyindən görünür ki, 5 baş 20 kiloqramlıq dişi qoyunun bir ədədinin qiyməti 150 manat olmaqla ümumi qiyməti 750 manat, 1 baş 25 kiloqramlıq erkək qoyunun bir ədədini qiyməti 205 manat, 3 baş 15 kiloqramlıq dişi qoyunun bir ədədinin qiyməti 115 manat olmaqla ümumi qiyməti 345 manat, 2 baş 18 kiloqramlıq dişi qoyunun bir ədədinin qiyməti 135 manat olmaqla ümumi 270 manat, 1 baş 17 kiloqramlıq dişi qoyunun bir ədədinin qiyməti 130 manat olmaqla, xırdabuynuzlu heyvanların 2023-cü ilin sentyabr və oktyabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1700 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-28-ci səhifələrində olan 24 oktyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qoyunları oğurlayaraq satdığı Şahid yaşadığı ünvana Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs 11 ədəd qoyunun ona məxsus olduğunu bildirmiş, qeyd olunan qoyunlar götürülməklə qəbz vasitəsilə iş üzrə məhkəmə hökmü çıxarılanadək saxlanılması üçün sonuncuya təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-cü və 59-cu səhifələrində olan 25 oktyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:00 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-cü səhifəsində olan 27 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində tutulmadan azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-145-ci səhifəsində olan 25 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə yenidən ittiham elan edilmiş, eləcə də, barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şahid yaşadığı ünvanın tövləsindən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs oğurladığı 11 ədəd qoyun iş üzrə maddi sübut kimi tanınmış və 24 oktyabr 2023-cü il tarixdə baxış keçirildikdən sonra məhkəmə hökmü çıxarılanadək saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması iş üzrə nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 mart 2009-cu il tarixli hökmü ilə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli 513 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunduğundan X5 məhkumluğu ödənilmiş hesab olunmuşdur. Beləliklə, X7 üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-cu səhifəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Qax rayon mərkəzi xəstəxansı” X11 22 dekabr 2023-cü il tarixli, PHŞ-18-1- 77/2-1580/2023 nömrəli məktubundan görünür ki, X2 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 118 və 119-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 2016-cı il təvəllüdlü Fərhad və 2020-ci il təvəllüdlü Fidan adında iki azyaşlı uşaqları olmaqla, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 08 fevral 2024-cü tarixdə notarial qaydada tərtib edilməklə təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş “MedEra” Hospital tərəfindən verilmiş 01 fevral 2017ci il tarixli xəstəlik tarixçəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X3 iki ayağı protezləşdirilmiş vəziyyətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, o cümlədən sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində 2 azyaşlı övladının və iki ayaqları protezləşdirilmiş arvadının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (əvvəllər törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmaması, himayəsində iki azyaşlı uşağının və iki ayaqları protezləşdirilmiş arvadının olması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın 5/6 hissəsi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Qaradağ rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhəri Qaradağ rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhəri Qaradağ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri Qaradağ rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 24 oktyabr 2024-cü il tarixdə Şahid yaşadığı ünvanın tövləsindən aşkar edilərək götürülmüş ümumilikdə 11 baş xırdabuynuzlu heyvanlar, eyni zamanda 1 baş ölmüş xirdabuynuzlu heyvanın pulu (razılaşdırılmış məbləğ) Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Qaradağ rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhəri Qaradağ rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhəri Qaradağ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri Qaradağ rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 24 oktyabr 2024-cü il tarixdə Şahid yaşadığı ünvanın tövləsindən aşkar edilərək götürülmüş ümumilikdə 11 baş xırdabuynuzlu heyvanlar, eyni zamanda 1 baş ölmüş xirdabuynuzlu heyvanın pulu (razılaşdırılmış məbləğ) Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar