Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-26/2025 12.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci ildə Qazax rayonu, Musaköy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühəndis işləyən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi, ev 33, mənzilı 135-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, "xxxx" MTK, blok “A”, mənzil 131-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunan niyyətlə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ kecirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs sonuncuun təsərrüfatında işlətdiyi elektrik transformatorun gücünü 250 kilovatdan 300 kilovata dəyişdirəcəyinə dair yalan vədlər verib aldatmaqla Zərərçəkmiş şəxs ona Ucar rayonundan tanışı Şahid vasitəsi ilə göndərdiyi 13000 (on üç min) manat pulu 03 may 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 1 saylı Şəhər Kliniki Xəstəxanasının yaxınlığında, eləcə də 21 may 2024-cü il tarixdə, saat 19 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Platin” marketdə yerləşən E-manat aparatı vasitəsi ilə 4098 0944 2107 9805 nömrəli kart hesabına göndərdiyi 3000 (üç min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 16000 (on altı min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayında Natiq adlı dostu ona zəng edərək tanışı Zərərçəkmiş şəxs adlı şəxsin fermasında transformatorun gücünü 250 kvdan 300 kv-ya qaldırmaq istədiyini demişdir. Natiq onun "xxxx" ASC-də çalışdığını bildiyi üçün kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, 2021-ci ildə "xxxx" ASC-də işdən çıxsa da, pula ehtiyacı olduğu üçün Orxana kömək edə biləcəyini Natiqə demişdir. Daha sonra Natiq Orxanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. Orxan telefonla danışıq zamanı ona Ucar rayonu, Qulabənd kəndində fermasının olduğunu demişdir. Trasformatorun tənzimləyici aparatının dəyişməsi məsələsi və gücün 250 kv-dan 300 kv-ya qaldırılması məsələsini Orxan ona telefonda demişdir. Həmin vaxtı Orxanla “whatsapp”da danışmış və rüsumlar barədə məlumat vermişdir. Orxana bunun üçün 13000 manat rüsum ödəməli olduğunu demişdir. Həm də Orxana telefon danışığı zamanı "xxxx" ASC-nin Nəzarət Departamentində işlədiyini bildirmişdir. Orxan ona Mahir adlı taksi sürücüsü vasitəsi ilə 13000 manat pulu göndərəcəyini demiş, o da Orxana şəhərdə taksidən pulu götürəcəyini bildirmişdir. 03 may 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda, 1 saylı şəhər xəstəxanasının yaxınlığında Mahirlə görüşüb 13000 manat nağd pulu qəbul etmişdir. Bundan sonra “whatsapp”da Orxanla telefonda danışmış və Mahirdən 13000 manat pulu götürdüyünü demişdir. Orxana həmçinin sənədlərinin 4-5 günə hazır olacağını bildirmişdir. Ancaq reallıqda işdən çıxdığı üçün və maddi vəziyyətinin yaxşı olmadığına görə pulu əvvəlcədən şəxsi xərclərinə sərf etmək niyyətində olduğu üçün qəbul etmişdir. Beləcə bir neçə gün Orxanı aldadıb gözləməyini, sənədlərinin imzada və möhür vurulması mərhələsində olmasını demişdir. Əslində isə heç bir sənəd imzada olmamış və o, "xxxx" ASC-də heç kimlə bu barədə ünsiyyət qurmamışdır. Bir müddət sonra Natiq ona zəng edərək Orxanın işinin nə yerdə olduğunu soruşmuş, da Natiqə sənədləri hazır edəcəyini bildirmişdir. Sonra Orxanla “whatsapp” tətbiqində danışan zaman sənədlərə möhür vurmaq üçün şöbə rəisinə 3000 manat əlavə pul verilməli olduğunu demiş, Orxan da onunla razılaşmışdır. O da Orxana şəxsi istifadəsində olan "xxxx" ASCyə məxsus 4098 0944 2107 9805 nömrəli kartı göndərmişdir. 21 may 2024-cü il tarixdə Orxan onun isitfadəsində olan ***-***-**-** mobil nömrənin “whatsapp”na qəbz göndərmiş və onun kartına 3000 manat pul göndərdiyini demiş, o da Orxana işin bir həftə ərzində hazır olacağını bildirmişdir. Ancaq bir həftə sonra ümumiyyətlə Orxanın zənglərinə cavab verməmişdir. Hadisə baş verəndən sonra bir neçə dəfə Ucar Rayon Polis Şöbəsində də olmuşdur. O, Bakıda işləyib pul qazanacağını və qarşı tərəfə dəymiş maddi ziyanı ödəyə biləcəyini fikirləşmişdir. Bakı şəhərinə getdiyi üçün də müstəntiqin çağırışlarına gələ bilməmişdir. Lakin müstəntiqin telefon zənglərindən və ünvanına gələn məktublardan xəbərdar olmuşdur. Qeyd edilən pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs 16000 manat məbləğində pul vəsaitini əldə etmək istəmiş, əvvəlcədən niyyətinin 16.000 manatı ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098 0944 2107 9805 nömrəli karta göndərdiyi 3000 manat pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu ərazisində, Ədliyyə Nazirliyinin yaxınlığında "xxxx" ASC-nin bankomatından 2024-cü ilin iyun ayının əvvəlində nağdlaşdırmış, Zərərçəkmiş şəxs əldə etdiyi 16000 manat pul vəsaitini gündəlik xərclərinə, yaşadığı evin dolanışığına xərcləmişdir. Əvvəl ifadəsində həmin 16000 manat pul vəsaitindən X3 və Paşa adlı dostuna olan borcunu ödədiyini göstərsə də, bu həqiqətə uyğun olmamış, sonunculara borcu olmamış, sadəcə özümümüdafiə etmək məqsədi ilə ilkin olaraq həmin pul vəsaitindən 7000 manat pulu X3, 5.000 manat pulu isə Paşa adlı dostuna olan borcunu ödədiyini bildirmişdir. Məhkəmədən törətdiyi əmələ görə peşiman olmasını, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmasını və ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus Ucar rayonu, Qulabənd kəndində mal-qara və quşçuluq ferması olmuşdur. Həmin fermanın elektrik enerjisinin verilməsi üçün 250 kva transformatoru olmuşdur. Həmin transformatorun elektrik enerjisinin verilməsində artıq gücü çatmadığından 2024-cü ilin əvvəllərində transformatorun gücünü artırmaq qərarına gələrək “Azər Enerji”-yə müraciət etməli olmuşdur. Belə ki, Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs ilə 2024-cü ilin aprel ayının ortalarında Rövşənin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb fermasında olan transformatorun gücünün artırılması ilə bağlı ona köməklik etməsini demiş, Rövşən "xxxx" ASC-də audit yoxlamasında işlədiyini, tanışlarının olduğunu və bu işi həll edə biləcəyini bildirmiş və o, Rövşənlə razılaşmışdır. Növbəti dəfə telefonla danışanda Rövşən 250 kva transformatorun 400 kva keçirilməsi və gücünün artırılması ilə bağlı olaraq tanışları ilə danışdığını bildirərək bu iş üçün 13000 manat pul istəmiş, o da Rövşənlə razılaşmışdır. 2024-cü ilin may ayının əvvəllərində Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan tanışı Mahirə 13000 manat pul vermiş, Mahirə isə həmin 13000 manat pulu Bakı şəhərində onu gözləyən Rövşənə verməyi tapşırmışdır. Rövşənin də nömrəsini Mahirə vermiş, həmin gün günorta saatlarında Rövşən ona zəng edərək Mahirin 13000 manat pulu verdiyini bildirmişdir. Həmçinin, Mahir də pulu Rövşənə verəndən sonra onunla əlaqə saxlamışdır. Rövşən 5-6 günə işin həll olunacağını deyərək sağollaşmışdır. Təxminən 5 gün sonra Rövşənə yenidən zəng edərək işlərin nə yerdə olduğunu soruşanda o, işlərin qaydasında getdiyini, qısa müddətə həllini tapacağını bildirmişdir. Həmçinin, Rövşən işin tam başa çatması üçün yenidən 3000 manat da pul verməli olduğunu ona demişdir. O da işinin həll olunması üçün Rövşənlə razılaşmış, 2024cü ilin may ayının 21-də Ucar şəhəri, 20 Yanvar küçəsində, “Platin” marketdəki “E-manat” aparatı vasitəsilə Rövşənin ona verdiyi "xxxx"a məxsus 4098 0944 2107 9805 saylı kartına 3000 manat pul göndərmiş, Rövşən də zəng edərək 3000 manatın çatdığını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Rövşənlə danışıb işlərin nə yerdə olduğunu soruşanda, Rövşən hər dəfə işin həllini tapacağını demişdir. Lakin sonradan Rövşən ümumiyyətlə telefonlara cavab verməmişdir. O da Rövşənin onun etibarından sui-istifadə edərək aldadıb onun 16000 manat pulunu dələduzluq yolu ələ keçirdiyini başa düşüb bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə (imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmişdir) müraciət edərək Təqsirləndirilən şəxs ona olan pul borcunu tam ödədiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ərizə ilə müraciət edərək ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təqdiq etdiyini, əlavəsinin olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Onun ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Ucar şəhər sakini Zərərçəkmiş şəxs uzun müddət tanımışdır. 2024-cü ilin may ayının əvvəllərində Orxan ona zəng edərək 13000 manat pulu Bakı şəhərinə aparmağını və orada tanışı Rövşən adlı şəxsin həmin pulu götürəcəyini demişdir. O da Orxanla razılaşıb elə həmin gün 13000 manat pulu Orxandan götürüb Bakı şəhərində, Nəsimi rayonu ərazisində Rövşənlə görüşüb həmin pulu sonuncuya vermişdir. Elə həmin vaxtı Rövşənin yanında Orxana zəng edərək pulu verdiyini bildirmiş, lakin dəqiq gün yadımda qalmamış, daha sonra Rövşənlə sağollaşıb çıxıb getmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan AA5974594 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 18 may 2012-ci ildə doğulmuşdur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istinad olunan CM-in 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi və onların mahiyyətinə qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşimançılığını bildirməsi tutduğu əmələ görə özözünü məzəmmət etdiyini ifadə edir. Bütün bunlar isə məhkəməyə əsas verir ki, cəzanın məqsədlərinə qismən nail olunduğu nəzərə alaraq təyin edəcəyi cərimə cəzasını maddənin sanksiyası hüdudlarında, nisbətən aşağı həddə müəyyən etsin. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, 22 dekabr 2024-cü il tarixdə, saat 05:45-də RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, 23 dekabr 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, qərar saat 12:30-da təqsirləndirilən şəxsə müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.4-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.4-cü maddəsində göstərilir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Odur ki, CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilməlidir. Hökmün icra edilməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5000 (beş min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla həmin cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icra edilməsi yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-26/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-26/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver