Məhkəmə qərarları › İş №1(063)-28/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-28/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-28/2025 09.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə 09 aprel 2025-ci il tarixdə, Ucar şəhəri, Ucar Rayon Məhkəməsinin inzibati binasında 26 avqust 1979-cu il tarixdə Göygöl rayonu, Yerevanleri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (deməsinə görə evli), Samux Rayon Məhkəməsinin 19 dekabr 2006-cı il tarixli, 1-47/2006 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 25 may 2007-ci il tarixdə isə barəsində “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” 08 may 2007ci il tarixli qərarı üzrə amnistiya tətbiq olunmuş, hazırda üzərində məhkumluğu olmayan, Samux şəhəri, İnstitut qəsəbəsi, Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə, saat 07:35 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan HRD markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu DAF XF 380 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən 221-ci kilometrliyində Qazax istiqəmtində 65 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, onun idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (yuxusuzluq, yorğunluq və sair) olduğu halda avtomobili idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, sükan arxasında yuxulayaraq avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil sağa doğru istiqamətlənərək yolun sağ çiyinində dayanmış vəziyyətdə olan 1970-ci il təvəllədlü sürücü X3 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mıtsubıchı Pajero» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan sükan arxasına yenicə əyləşmiş olan «Mıtsubıchı Pajero» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Xidir Omarovun kəllənin və sol yuxarı ətrafın travmatik amputasiyası, kəllə sümüklərinin, baş beyinin didilib dağılması ilə müşaiyət olunan açıq çoxqəlpəli sınığı, baş beyinə qansızma, sol İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurub zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, BCE kateqoriyalı sürücüdür, etibarnamə ilə HRD markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu DAF XF 380 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. 17 sentyabr 2024-cü il tarixdə texniki cəhətdən saz vəziyyətdə avtomobilə 3300 xurma tara yükü yükləyərək, saat 01 radələrində tək özü Xaçmaz rayonundan Mingəçevir şəhərinə yola düşmüş, yükünün ümumi çəkisi 1,5 ton olmuşdur. Yol boyu yatmamış, saat 07:35 radələrində işıqlı və quraqlıq hava şəraitində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində Qazax istiqamətində sağ zolaqla 65 km/saat sürətlə hərəkətdə olmuş, təxminən 100 metr məsafədən yolun sağ kənarındakı ehtiyyat hissədə dayanmış «Mıtsubıshı Pajero» markalı minik avtomobilini görmüş, həmin andan sükan arxasında yuxuladığından avtomobilin zərbə ilə nəyə isə dəydiyindən ayılmış və idarəetməni itirdiyindən avtomobil yolun kənarındakı çökəklikdə qalmışdır. Yol adamlarının köməkliyi ilə avtomobildən çıxmış, yerə düşəndən sonra avtomobilinin sağ ehtiyyat hissəyə çıxaraq dayanmış vəziyyətdə olan «Mıtsubıshı Pajero» markalı minik avtomobilinə çırpıldığını, sükan arxasında olan sürücünün almış olduğu xəsarətlərdən öldüyünü, yerdə olan bir nəfər Sərnişinin isə xəsarət aldığını bilmişdir. Sürücünü və sərnişini tanımır, onlarla və onların ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Özü heç bir xəsarət almamış, ölənin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisə diqqətsizliyindən baş verdiyindən heç bir şikayəti, iddiası və tələbi yoxdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasının, eləcə də, onunla barışmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, atası X9 16 fevral 1970-ci ildə Gürcüstan Respublikasında anadan olmaqla, onlarla birlikdə ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikasının vətəndaşı olmuş və "xxxx" MMC-də komendant işləmişdir. 17 sentyabr 2024-cü il tarixində atası idarə etdiyi özünə məxsus «Mıtsubıshı Pajero» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhər sakinləri olan qohumu Şahid2 və Şahid1 ilə birlikdə Ağdərə rayonuna yola düşmüşdür. Ucar rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atasının ölduyu və meyitin Ucar rayon mərkəzi xəstəxanasının meyitxanasına aparılması barədə məlumatı alıb dərhal ailə üzvləri ilə birlikdə Ucar rayonuna yola düşmüşdür. Ucar rayon mərkəzi xəstəxanasında olarkən atasının saat 07:35 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobili hərəkətdə olduğu istiqamətdə hərəkət hissəsinin sağ kənarındakı ehtiyat hissəyə çıxarıb saxladığını, avtomobildən düşüb yenidən avtomobilə əyləşərək sükan arxasında olarkən arxadan Qazax istiqamətində hərəkətdə olan DAF markalı yük avtomobilinin yoldan sağa çıxaraq atasının avtomobilinə çırpıldığını və atasının yolnəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətlərindən hadisə yerində öldüyünü bilmişdir. Atasının meyiti Ucar rayon xəstəxanasının meyitxanasında müayinə olunduqdan sonra ailə üzvləri ilə birlikdə meyiti Bakı şəhərinə Nizami rayonuna aparmış, səhərisi gün 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində dəfn etmişlər. Sürücünün qohumları yas mərasimlərində iştirak etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən sonuncu ilə barışmış, sonuncuya qarşı heç bir iddiası, şikayəti və maddi tələbi yoxdur (bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də təqdim etmişdir). İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 sentyabr 2024-cü il tarixdə dostu X4 idarə etdiyi «Mıtsubıshı Pajero» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən Ağdərə rayonuna yola düşmüşlər. Saat 07:35 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olarkən siqaret çəkmək məqsədi ilə Xidir avtomobili sağ ehtiyat hissəyə çıxarıb saxlamış, başqa bir yoldaşları Fərrux avtomobildən arxada olmuş, o sağ qabaq qapını açıb əyləşmək istəmiş, Xidir isə sükan arxasında əyləşmiş olarkən arxadan Qazax istiqamətində hərəkətdə olan DAF markalı yük avtomobili onların avtomobillərinin arxa hissəsinə çırpılmışdır. Minik avtomobilinin sağ hissəsi onun sol tərəfinə dəymiş, o, zərbənin təsirindən quru arxa düşmüş və sonra nə baş verdiyindən xəbəri olmamışdır. Ayağa qalxdıqdan sonra yük avtomobilinin minik avtomobilini vurduqdan sonra irəliyə süründüyünü, Xidirin hadisə yerində öldüyünü bilmişdir. Meyiti apardıqdan sonra digər təcili tibbi yardım maşını ilə Ucar rayon mərkəzi xəstəxanasına getmiş, ona ilkin tibbi yardım göstərilmiş, rentgen müavinəsindən sonra həkimlər sınıq xəsarətinin olmadığını bildirmişlər. O, tibbi ekspertizadan keçib həyətdə gözləmiş, məhkəmə-tibbi ekspertizasından sonra Xidirin meyitini qohumları Bakı şəhərinə aparmış və orada dəfn etmişlər. O, avtomobildən düşdükdən təxminən 5-10 dəqiqə sonra yolnəqliyyat hadisəsi baş vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Xidir Ömərov onun qohumudur. 17 sentyabr 2024-cü il tarixdə «Mıtsubıshı Pajero» markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Bakı şəhərindən Ağdərə rayonuna yola düşmüşlər. Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olarkən siqaret çəkmək məqsədi ilə Xidir avtomobili sağ ehtiyat hissəyə çıxarıb saxlamış, o avtomobilin arxa tərəfinə keçərək təxminən 4-5 metr uzaqlaşmışdır. Arxadan Qazax istiqamətində hərəkətdə olan DAF markalı yük avtomobilinin yoldan sağa çıxdığını görmüşdür. Yük avtomobilinin sürücüsü sükan arxasında yatmışdır. O kənra qaçan zaman Xidir istiqmətində qışqıraraq “qaçın tır bizi qırdı” demişdir. Lakin buna baxmayaraq yük avtomobilinin ön hissəsi onların avtomobillərinin arxa tərəfinə çırpılmışdır. Hadisə nəticəsində Xidir aldığı bədən xəsarətlərindən ölmüşdür. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Xidirin meyitini qohumları Bakı şəhərinə aparmış və səhəri gün orada dəfn etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 75-77-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli, 8/3121 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən DAF XF380 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Mitsubishi Pajero markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 75-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 44-46-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X11 məhkəmə-tibb ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 10 saylı rəyindən görünür ki, mərhum X5 meyitində aşkar edilmiş xəsarətlər-kəllənin və sol yuxarı ətrafın travmatik amputasiyası, kəllə sümüklərinin baş beyinin didilib-dağılması ilə müşaiət olunan açıq, çoxqəlpəli sınığı, baş beyinə qansızma, sol İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 17 sentyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-kəllənin travmatik amputasiyası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-2 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş duru qanın kimyəvi tədqiqatında etil spirti, narkotik vasitələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlaması və işin icraata götürülməsi barədə 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 7-15-ci səhifələrində olan 17 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən 221-ci km-dir. Hadisə yerinin hərəkət hissəsi quru, hamar, düz, üfiqi olmaqla asfalt örtüklüdür. Asfalt örtük üzərində heç bir deffekt yoxdur. Hadisə baş verən yer yaşayış zonası daxilindədir. Maksimal sürət həddi 90 km/saatdır, Qazax istiqamətində hərəkət hissəsi birtərəfli olmaqla iki hərəkət hissəsindən ibarət olub 7,5 metrdir. Zolaqları biri-birindən qırıq-qırıq ağ xətt ayırır. Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarında olan ehtiyat hissəsinin eni 3,5 metrdir. Sol ayrıcı zolağın eni 2,2 metrdir. Ayrıcı zolaqda 90 santimetr hündürlükdə beton sədd vardır, Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarından başlamaqla irəliyə və saga doğru istiqamətlənmiş təkər sürtməsi və ehtiyyat hissədə təkər eşməsi izi müşahidə olunur. Sağ ehtiyat hissədə avtomobillərin toqquşması zamanı avtomobillərdən tökülüb qalmış boya hissəcikləri, şüşə qırıntıları vardır. Qazax istiqamətində sağ hərəkət zolağının sağ kənarından başlanmaqla qalan təkər izinin, təkər eşmə izinin uzunluğu toqquşma yerinə kimi 20 metrdir. Toqquşma yerindən yük avtomobilinə qədər məsafə 23 metrdir. Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarında torpaq çuxurda toqquşmadan sonra tamamilə deformasiyaya uğramış “Mıtsubıshı Pajero” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı minik avtomobili müşahidə olunur. Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarından minik avtomobilinə qədər olan məsafə 6 metrdir. Minik avtomobilindən Qazax istiqamətinə doğru 15 metr məsafədə torpaq çuxura düşərək qalmış HRD markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu olan DAF XF380 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili müşahidə olunur. Avtomobilin qabaq sol təkərindən Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarına kimi olan məsafə 7,6 metr, arxa sol təkərindən isə 3,4 metrdir. Toqquşma yerindən Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarında olan ehtiyyat hissədən sola, yəni hərəkət hissəsinin sağ kənarına kimi olan məsafə 1,8 metr müəyyən edilmişdir. Hadisə yerində əhəmiyyət kəsb edən iz və s. müşahidə olunmadı. Hadisə yerinə baxış günün işıqlı vaxtında, quraqlıq hava şəraitində keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 16-cı səhifəsində olan BD113056 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 15 fevral 2033-cü il tarixədək B1,B, C1,C, C1E, CE kateqoriyalı sürücülük hüququ verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 17-ci səhifəsində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamələrin surətlərindən görünür ki, DAF XF380 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mülkiyyətçisi X6r və etibarnamə əsasında Təqsirləndirilən şəxs etibar edilmiş, HRD markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun mülkiyyətçisi X7r və etibarnamə əsasında Təqsirləndirilən şəxs etibar edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 27-ci vərəqəsində olan 17 sentyabr 2024-cü il tarixli, 186 saylı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sonuncunun 17 sentyabr 2024-cü il tarixdə sərxoşluğu (spirtli içki qəbul etməməsi) müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 36-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də, işin 83-84-cü vərəqələrində olan Samux Rayon Məhkəməsinin 19 dekabr 2006-cı il tarixli, 1-47/2006 saylı hökmünün surətindən və cinayət işinin materiallarına əlavə edilmiş Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 19/2025 nömrəli məktubdan görünür ki, Samux Rayon Məhkəməsinin 19 dekabr 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökm 09 yanvar 2007-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinin qeydiyyatına alınmış, 25 may 2007-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” 08 may 2007-ci il tarixli qərarı üzrə amnistiya tətbiq olunmuş və məhkum həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü səhifələrində olan 16 yanvar 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli və 09 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci və 87-91-ci vərəqələrində olan müvafiq olaraq 08 yanvar 2025-ci il tarixli avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında, eləcə də, 14 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, “Mitsubishi Pajero” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halı olmadığına görə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2024-cü il tarixli, 8/3121 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuş, HRD markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu DAF XF380 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobilinin iş üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci səhifələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində 2012-ci il təvəllüdlü (azyaşlı) Nihad adlı oğlu olan, Samux rayonu, Bağbanlar kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Samux rayon İHB-nın İnstitut qəsəbə İƏD-si üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış HRD markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu DAF XF380 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili isə sahibi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış HRD markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu DAF XF380 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar