Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-31/2025 16.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə 16 aprel 2025-ci il tarixdə Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1989-cu il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 95 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Daımler Chrysler E200» markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən 216,5-ci kilometirliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda piyadanın olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyərək sağdan sola doğru keçən 1997-ci il təvəllüdlü piyada Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin MAXE hərbi qulluqçusu X4 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Elçin İslamovun açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sol İV-V-Vİ-Vİİ qabırğaların qapalı, sol said sümüklərinin açıq sınığı kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuraraq zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, BC kateqoriyalı sürücüdür, hadisə baş verən vaxt bir həftə olardı ki, etibarnamə olmadan X5 məxsus «Daımler Chrysler E200» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 05 oktyabr 2024-cü il tarixdə avtomobilə Gəncə şəhər avtovağzalından 4 nəfər tanımadığı sərnişin götürüb saat 16:30 radələrində Bakı şəhərinə yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 17:39 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində Bakı istiqamətində 95 km/saat sürətlə sol zolaqda hərəkətdə olmuşdur. Hərəkət hissəsinin sağ kənarından hərbi geyimli bir nəfər oğlanın adi yerişlə keçdiyini görüb tormoz etmədən siqnal verib sükanı sola alaraq piyadanın qarşısından ötüb keçmək istəmişdir. Ötüb keçmək istəməsinə baxmayaraq piyadanı avtomobilin qabaq sağ fara hissəsi ilə vurmuşdur. Piyada sağ qanada, oradan da alın şüşəsinə çırpılıb zərbənin təsirindən irəliyə düşmüşdür. Avtomobili yolun sağ kənarında saxlayıb piyadaya tərəf getmişdir. Piyada aldığı xəsarətlərdən ölmüşdür. Yol adamları polisə məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım maşını meyiti xəstəxanaya aparmışdır. Xəsarət almadığı üçün hadisə yerində qalmış, baxış keçirilməsində iştirak edib piyadanın yola daxil olduğu, vurulduğu və düşdüyü yeri göstərmiş, tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Piyadanı tanımamış, onunla və onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavəti yoxdur. Qohumları dəfn və yas mərasimlərində iştirak edərək ölənin ailə üzvlərinə maddi yardım göstəriblər. Hadisə diqqətsizliyindən baş verdiyindən ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayəti, iddiası və tələbi yoxdur. Əməlindən səmimi peşmanlıq çəkir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasının, eləcə də, onunla barışmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Elçin İslamov onun doğma ogludur. Elçin İslamov 06 fevral 1997-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin MAXE hərbi qulluqçusu, orta təhsilli olmuşdur. X12 azyaşlı övladı xəstə olduğuna görə 05 oktyabr 2024-cü il tarixində hərbi hissədən iki günlük məzuniyyətə gəlirmiş. Oğlu yol maşını ilə gələrək Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən Bakı-Qazax yolunun Bakı istiqamətində sağ kənarına düşmüşdür. Kəndləri Bakı istiqamətində yolun sol kənarında yerləşir. Bakı istiqamətində yolun sağ kənarından soluna doğru keçərkən avtomobil vurması bərədə həmin gün (05 oktyabr 2024-cü il tarixdə) saat təxminən 17:45 radələrində hadisə yerindən məlumat almışdır. Oğlunu Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində yolun Bakı istiqamətində sağ tərəfindən sola doğru keçərkən Bakı istiqamətində hərəkətdə olan Mercedes markalı minik avtomobili vurmuş, yol-nəqliyyat hadisəsi zamanı oğlu almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisə yerinə yaxınlaşmış, oğlunun meyitini hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Ucar rayon mərkəzi xəstəxanasının meyitxanasına aparmışlar. Oğlunun meyiti Ucar rayon mərkəzi xəstəxanasının morqunda müayinə olunduqdan sonra qohumları ilə oğlunun meyitini yaşadıqları ünvana aparıb 06 oktyabr 2024-cü il tarixdə ünvan 3Aşağıbaş» adlanan kənd qəbirstanlığında dəfn etmişlər. Sürücünü tanımır, onunla və onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavətləri yoxdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlunun ölümü ilə bağlı sürücünün qohumları yas mərasiminə gələn adamlar kimi dəfn və yas mərasimlərində iştirak ediblər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən sonuncu ilə barışmış, sonuncuya qarşı heç bir iddiası, şikayəti və maddi tələbi yoxdur (bununla bağlı həm notarial qaydada təsdiq edilmiş, həm də sadə yazılı formada tərtib edilmiş ərizələri də məhkəməyə təqdim etmişdir). Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 05 oktyabr 2024-cü il tarixdə, saat 17:50-18:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində xidməti avtomobillə xidmətdə olarkən Bakı istiqamətində hərəkət hissəsində tanımadığı adamların toplaşdığını, bir hərbi geyimdə cavan oğlanın Bakı istiqamətində hərəkət hissəsinin soldan sağa doğru 1-ci hərəkət zolağında uzanıqlı vəziyyətdə olduğunu görüb avtomobildən düşüb tanımadığı adamlardan nə baş verdiyini maraqlandıqda Bakı istiqamətində hərəkətdə olan «Daımler Chrysler E200» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyadanın vurulduğunu bilmişdir. Piyada cavan oğlan ölmüşdür. Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarında qarşıda qabaq hissəsi əzilmiş və alın şüşəsi sınmış metallik rəngli «Daımler Chrysler E200» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini görmüş, özünü avtomobilin sürücüsü kimi təqdim edən Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Hadisə yerinin təhlükəsizliyini təmin etmiş, yol-nəqliyyat hadisəsi barədə yol polisinin müstəntiqinə məlumat vermişdir. Müstəntiq gəlib sürücünün və onların iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinin və Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarındakı ehtiyyat hissədə müşahidə olunan qabaq və alın şüşə hissəsi əzilibsınmış «Daımler Craysler E200» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin foto şəkili çəkilmiş, baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Daımler Craysler E200» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən piyadanın hərəkət hissəsinə daxil olduğu, piyadanın vurduğu və piyadanın düşdüyü yeri göstərmişdir. Baxış protokolu və sxem tərtib olunmuş, tanış olduqdan sonra imza etmişlər. Hadisə yerində ona piyada Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarından sol kənarına doğru adi yerişlə keçərkən sürücünün piyadanı avtomobilinin qabaq hissəsi ilə vuraraq irəliyə atdığı məlum olmuşdur. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tanımamış, onunla qohumluq əlaqələri və ədavəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 70-72-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 8/3323 saylı rəyindən görünür ki, Daimler Chraysler markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 95 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 70-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 37-39-cu səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X9 məhkəmə-kimya şöbəsinin 21 oktyabr 2024-cü il tarixli, 3507/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş işin 61-63-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X9 məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2024-cü il tarixli, 12 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər-açıq kəlləbeyin travması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma sol İV-V-Vİ-Vİİ qabırğaların qapalı, sol said sümüklərinin açıq sınığı bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 05 oktyabr 2024cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb baş beyinə qansızma ilə ağırlaşan açıq kəllə beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş duru qanın kimyəvi tədqiqatında etil spirti, narkotik vasitələr və digər güclü təsiredici vasitələr aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlaması və işin icraata götürülməsi barədə 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 7-14-cü səhifələrində olan 05 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 216,5-ci km-dir. Hadisə yerinin hərəkət hissəsi quru, hamar, düz, üfiqi olmaqla asfalt örtüklüdür. Asfalt örtük üzərində heç bir deffekt yoxdur. Hadisə baş verən yer yaşayış zonası daxilindədir. Maksimal sürət həddi 90 km/saatdır, Bakı istiqamətində hərəkət hissəsi birtərəflidir.Bakı istiqamətindən soldan sağa doğru 1-ci və 2-ci hərəkət hissəsi Bakı istiqamətində hərəkət hissəsindən ibarət olub 7,5 metrdir. Soldan sağa doğru 3-cü zolaq ayrıcı zolaq olub eni 2,3 metrdir. Soldan sağa doğru 4-cü zolaq kənd ərazisindən nəqliyyat vasitələrinin boş yola axımını təmin etmək üçün nəzərdə tutulmuşdur. Eni 4,5 metrdir. Hərəkət hissəsinin sol kənarından bütöv sarı düz xətdən beton səddə qədər olan məsafə 2,1 metrdir. Ayırıcı zolaqda olan beton səddin hündürlüyü 90 santimetrdir. Beton səddin hadisə baş verən yaxınlığında beton pilətələr arasında 80 santimetr məsafə vardır. Ayrıcı zolaqda qırmızı rəngli elektrik sahəsinin əzilmiş hissəsi vardır. Soldan sağa doğru 1-ci hərəkət zolağında qan ləkələri müşahidə olunur. Hadisə yerində iştirakı təmin edilmiş Mercedes Benz E200 markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs piyadanı gördüyü yeri, piyadanın hərəkət hissəsinə daxil olduğu yeri göstərmək təklif olunmuşdur. Eyni zamanda, piyadanı avtomobilinin hansı hissəsi ilə, hərəkət hissəsinin hansı hissəsində vurduğunu və piyadanın hərəkət hissəsinin hansı zolağına düşdüyü yeri göstərmək də təklif olunmuşdur. Hadisə yerində iştirakı təmin edilmiş sürücü Təqsirləndirilən şəxs Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarında ayrıcı zolağa doğru, yəni soldan sağa doğru 3-cü zolağı göstərərək bildirdi ki, piyada həmin yerdən adi yerişlə sola doğru yolu keçməyə başlamış, Bakı istiqamətində sol hərəkət zolağında avtomobilin qabaq sağ fara hissəsi ilə vurmuş, piyada zərbənin təsirindən qarşıda asfalt üzərinə düşmüşdür. Ölçmə aparılmış, piyadanın ayrı zolağını sağ kənarında olan bütöv ağ düz xətdən sola doğru 2,2 metr məsafədən sola doğru yolu keçməyə başlayan an gördüyü müəyyən olunmuşdur. Həmin yerdən piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə 6,3 metr olduğu müəyyən olunmuşdur. Piyadanın düşdüyü yerdən Bakı istiqamətində hərəkət hissəsinin sol kənarına kimi olan məsafə 2 metrdir. Piyadanın vurulduğu yerdən düşdüyü yerə qədər olan məsafə 16 metrdir. Hadisə yerində əhəmiyyət kəsb edən iz və s. müşahidə olunmadı. Hadisə yerinə baxış günün işıqlı vaxtında, quraqlıq hava şəraitində keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 15-ci səhifəsində olan AC637413 nömrəli sürücülük vəsiqəsinin surətindən və BD 134991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2017-ci il tarixdən 08 dekabr 2027-ci il tarixədək BC kateqoriyalı sürücülük hüququ verilmişdir və “Daimler Chrysler E200” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X6r. Məhkəmə iclasında elan edilmiş işin 34-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 oktyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci səhifələrində olan 28 yanvar 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli və 16 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-cu və 82-86-cı vərəqələrində olan müvafiq olaraq 15 yanvar 2025-ci il tarixli avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında, eləcə də, 27 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, “Daimler Chrysler E200” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iş üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı səhifələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində 2013-cü il təvəllüdlü Zəhra adlı qızı, 2015-ci il təvəllüdlü Əli adlı oğlu və 2022-ci il təvəllüdlü Miran adlı oğlu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 3 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı övladının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, dəymiş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Daimler Chrysler E200” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobili isə sahibi X5 qaytarılmış hesab edilməli, hadisənin görüntüsünü əks etdirən disk cinayət işi materiallarında saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Daimler Chrysler E200” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobili isə sahibi X5 qaytarılmış hesab edilsin, hadisənin görüntüsünü əks etdirən disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-31/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-31/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver