Məhkəmə qərarları › İş №1(063)-33/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-33/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-33/2024 19.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 19 iyul 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1997-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan (sürücülüklə), Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə, saat 21:50 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X3 məxsus «Mercedes-Benz Atego» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı furqon tipli yük avtomobilini Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən 236-cı kilometrliyində Bakı istiqəmtində 60-65 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə hərəkətinin təmin olunması məqsədi ilə onun idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə hərəkətinin təhlükəsizliyini təmin edə bilməmiş və avtomobil yolun hərəkət hissəsindən çıxaraq yol-nəqliyyat hadisəsindən sonra yolun sağ çiyinində dayanmış vəziyyətdə olan 1994-cü il təvəllüdlü Şahid2 idarə etdiyi «Nissan Latıo» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sedan tipli minik avtomobilinin sol yan hissəsinə çırpılıb irəliyə doğru hərəkət edərək minik avtomobilinin yanındakı xidmətdə olan piyada Baş X13 İdarəsinin Yol Patrul Xidməti Alayanın 8-ci tağımının yol patrul xidməti inspektoru polis baş serjantı 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, avtomobil hərəkətini davam etdirərək daha bir dayanmış vəziyyətdə olan 1991-ci il təvəllüdlü Şahid1 idarə etdiyi "xxxx" MMC-yə məxsus «Mitsubishi» markalı, xüsusi təyinatlı **-JN-*** dövlət qeydiyyat nişanlı evakuator tipli yük avtomobili ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol mil sümüyünün proksimal metafizinin pərçimlənmiş qapalı sınığı, hər iki baldırın, sağ sağrının və sağ budun qançırları xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 14 yanvar 2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi X3 məxsus «Mercedes-Benz Atego» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə Şəmkir rayonundan iki ton göy yükü yükləyərək Bakı şəhərinə yola düşmüşdür. Avtomobildə dostu Turan əyləşmiş, başqa sərnişin olmamışdır. Hava qaranlıq, soyuq, yol sulu, qarlı olmaqla körpünün üstü donuşluq olmuşdur. Saat təxminən 21:50 radələrində Ucar rayonu ərazisindən keçən Bakı-Qazax- Gürcüstan sərhəddi yolunda Bakı istiqamətində sol hərəkət zolağında 60-65 km/saat sürətlə hərəkətdə olmuş, hərəkət hissəsinin sağ kənarında ehtiyat hissədə adamların toplaşdığını görmüş, bu zaman əyləcdən dərhal istifadə etmişdir. Həmin an avtomobili sürüşərək sağa istiqamətlənib sağ ehtiyyat hissəyə çıxmış və ehtiyyat hissədə dayanmış vəziyyətdə olan qapıları açıq Nissan markalı minik avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. Avtomobili irəliyə hərəkət edən zaman yol polisinə dəydikdən sonra, avtomobili evakuator yük avtomobilinə çırpılmış və evakuator yük avtomobilinin yük yerinə çıxmışdır. Zərbənin təsirindən yol polisi yolun sağ kənarına düşmüş, yol polisi əməkdaşı hadisə nəticəsində xəsarət aldığı üçün hadisə yerinə gələn TTTY maşını sonuncunu xəstəxanaya aparmışdır. O, heç bir xəsərət almadığı üçün hadisə yerində qalmış, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, toqquşma yerlərini, yol polisi əməkdaşını vurduğu yeri göstərmişdir. Tərtib olunan hadisə yerinin baxış protokolu və sxemlə tanış olduqdan sonra imza etmişdir. Hadisə öz diqqətsizliyindən baş verdiyindən hadisə ilə bağlı heç bir şikayəti, iddia və tələbi yoxdur. Bir nəfərin az ağır dərəcəli bədən xəsarət alması ilə nticələnən yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı peşmançılıq çəkir. Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar müalicə xərclərinə köməklik etmək istəsə də, Zərərçəkmiş şəxs razılaşmadığından onunla barışmamışdır. Hazırda əməlindən peşmanlıq hissi keçirməsinin, zərərçəkmiş şəxslə barışmasının, sonuncuya dəymiş zərəri tam şəkildə ödədiyinə görə sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci il tarixdən DİO-da xidmət edir. 2020ci il tarixdən BDYPl-nin YPXA-nın 8-ci tağımında inspektor vəzifəsində olmaqla polis baş serjantıdır. xx.xx.2024-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu ərazisindən keçən hissəsində 215-ci km-dən 245-ci km-dək ərazidə xidmət aparan zaman saat təxminən 20:30 radələrində postdan məlumat almışdır ki, Ucar rayonunun Qulabənd kəndi ərazisində keçən Bakı-Qazax-Gürcüstan sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə yaxınlaşmış, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 236-cı km-də Bakı istiqamətində hərəkət hissəsində hərəkətdə olan Nissan Latıo markalı 77-LS- 961 dövlət qeydiyyat nişanlı minik avtomobilinin ayrıcı zolaqda olan beton səddə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verdiyini başa düşmüşdür. Sürücü qadın sənədlərini təqdim etmiş bildirmişdir ki, yol sulu qarlı olduğundan əyləcdən istifadə etmiş, avtomobil beton səddə dəymişdir. Avtomobil hərəkət hissəsinin sağ kənarında ehtiyat hissədə qoruyucu dəmir hasarın kənarında olmuş, hadisə yerinə evakuator yük avtomobili gələrək, sağ ehtiyat hissədə Nissan markalı avtomobili evakuatora yükləmək istəmişdir. O, hadisə yerinin təhlükəsizliyini təmin edən zaman Nissan markalı avtomobilin qabaq sol tin hissəsində olmuş, bu zaman Bakı istiqamətində hərəkətdə olan «Mercedes-Benz Atego» markalı **-US-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkəti istiqamətində sağa istiqamətlənərək Nissan markalı avtomobilin sol yan hissəsi ilə toqquşduqdan sonra, yük avtomobili ona tərəf gələrək yük avtomobilinin qabaq sağ hissəsi ona çırpılmış və onu yoldan kənara tullamışdır. «Mercedes-Benz Atego» markalı yük avtomobili ona çırpıldıqdan sonra evakuator yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət aldığı üçün Yevlax RMX-na müraciət etmiş, o, rentgen və müayinə olunan zaman bilmişdir ki, sol qolunda sınıq və bədənində sıyrıq xəsarətləri var. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və (müdafiəçisi ilə birlikdə) ərizə ilə məhkəməyə müraciət edərək, özünü təqsirli bilməklə törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş zərəri tam şəkildə ödədiyinə görə onun ona qarşı şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 8/210 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə «X12» markalı **- US-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 51-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 məhkəmə-tibb ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 53 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol mil sümüyünün proksimal metafizinin pərçimlənmiş qapalı sınığı, hər iki baldırın, sağ sağrının və sağ budun qançırları - bərk küt alətin təsirindən əmələ gəlmişdir, 14 yanvar 2024cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-ci vərəqəsində olan 04 mart 2024cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 17-ci vərəqəsində olan AC seriyalı, 662062 saylı sürücülük vəsiqəsinin, eləcə də, işin 19-cu vərəqəsində həmin səhifədə olan ƏN-Vİ seriyalı, 284908 nömrəli etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2020-ci il tarixdən 13 yanvar 2030-cu il tarixədək “BC” kateqoryası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Həmçinin, «X12» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 bu avtomobili 07 iyun 2022-ci il tarixdən 13 yanvar 2030-cu il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 89-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə verilmiş 3-13-16/2-30425/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 23-cü səhifəsində olan 14 yanvar 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 79 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 57-ci səhifəsində olan 14 fevral 2024-cü il tarixli nəqliyyat vasitələrinin maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnaməli idarəçiliyində olan «X12» markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün X4 (avtomobilin mülkiyyətçisinin göstərişi əsasında) təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 68-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmaqla tərtib edilmiş ərizədən görünür ki, sonuncu ibtidai araşdırma zamanı mülki iddia ilə müraciət etmiş və ibtidai araşdırma aparan orqan tərəfindən Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs tərəfindən həm notarial qaydada təsdiq edilməklə tərtib edilmiş, həm də məhkəmə baxışı zamanı təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyindən, eləcə də, təqsirləndirilən şəxslə barışdığından sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş və özündə ibtidai istinaq zamanı verdiyi mülki iddiadan imtinanı ehtiva edən ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı verdiyi iddiadan (imtinanın hüquqi əsasları və nəticələri aydın olmaqla) imtina edir və mülki iddia üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş işin 42-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Şəmkir rayonu Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət xarakterli ərizə və şifahi məlumat daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti haqqında" 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1- ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncuya dəymiş zərəri tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “X12” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə göndərilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “X12” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iddiası üzrə mülki iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, mülki iddia üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar