Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-39/2025 16.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, mənzil 51-də qeydiyyatda olan və Ucar rayonu, Alpı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, 23 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən çayxananın yanında tanışı Şahid5 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq hesab edilməyən miqdarda, yəni 0,36 qram çəkidə, 1 ədəd kağız bükümdə, qablaşdırılmış vəziyyətdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı razılaşma yolu ilə 10 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, həmçinin 24 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində isə Ucar şəhəri, Vidadi küçəsində tanışı Şahid6 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 7,30 qram çəkidə 2 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda 3,90 qram və 3,40 qram çəkilərdə, qablaşdırılmış vəziyyətdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı razılaşma yolu ilə 140 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 26 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndində, “dörd yol” deyilən ərazidə saxlanılıb üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd kibrit qutularında qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda 3,90 qram və 3,40 qram çəkilərdə və 1 ədəd kağız bükümdə 0,36 qram çəkidə olmaqla, ümumi təmiz çəkiləri – 7,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Alpı kəndində yaşayır. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadəsində ***-***- **-** mobil telefon nömrəsi vardır. 23 oktyabr 2024-cü il tarixdə, axşam saat 18 radələrindən sonra Ucar şəhəri, 20 Yanvar küçəsində çayxananın yanında “matangül” ləqəbi ilə tanınan Şahid5 adlı şəxslə təklikdə görüşüb sonuncudan 10 manat pul müqabilində 1 ədəd kağız bükümdə qurudulmuş marixuana almışdır. Belə ki, 23 oktyabr 2024-cü il tarixdə marixuana çəkmək istədiyi üçün öz istifadəsində olan ***-***-**-** nömrəsində kontur olmadığına görə Talehin istifadəsində olan ***-***-**-** nömrəsinə bir neçə dəfə “vızov” atmış, lakin Şahid5 ona geri dönüş etmədiyi üçün sonuncunun Ucar şəhəri, Oğuz küçəsində fəhlə kimi işlədiyi obyektə getmişdir. Talehi orada tapmadığı üçün sonuncunun birlikdə işlədiyi Valeh adlı ustanın nömrəsinə də “vızov”, yəni qısa zəng bildirişi göndərmiş, Valeh ona geri dönüş edəndə sonuncudan Talehi maraqlanmışdır. Valeh ona başqa yerdə olduğunu, Talehin harada olduğunu bilmədiyini və sonuncuya zəng vurub axtarmağını deyəcəyini bildirmişdir. Az sonra “matangül”, yəni Şahid5 ona zəng vurmuşdur. O, Talehə marixuana istədiyini bildirmiş, Taleh ona “gəl çayxanaya ordayam” deyərək telefonu söndürmüşdür. O da Talehin həmişə oturduğu Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən kiçik çayxanaya tək getmişdir. Həmin zaman, saat 18 radələri olmuşdur. O, Talehi çayxanadan küçəyə çağırmış, sonuncu ilə təklikdə görüşdükdə Taleh cibindən 1 ədəd kağız bükümdə marixuana çıxarıb ona verərək əvəzində 10 manat pul istəmişdir. Taleh ona bundan başqa üzərində marixuana olmadığını bildirmişdir. O da Talehə 10 manat pul verməklə həmin marixuananı əldə etmiş, daha sonra Talehlə bir az söhbət etmiş, sonra aralaşmışlar. O, həmin kağız bükümdəki marixuananı sonra şərait yarananda özü istifadə etməsi üçün özündə saxlamış, heç kim görməməsi üçün cibinə qoyub gəzdirmişdir. Həmin marixuana az vaxtda ona bəs edəcəyini nəzərə alıb gələcəkdə istifadə etməsi üçün daha çox, yəni 2-3 kibrit qutusu narkotik vasitə alıb saxlamaq istəmiş, Talehdən 10 manata aldığı 1 ədəd kağız bükümdəki marixuanadan istifadə etməmişdir. Ona görə də səhəri günü, yəni 24 oktyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində Talehin ustası olan Ucar şəhər sakini Şahid6 adlı şəxsdən Ucar şəhəri, Vidadi küçəsində 140 manat pul müqabilində 2 kibrit qutusunda marixuana alaraq cibinə qoyub saxlamışdır. O, əvvəllər də Şahid6 1-2 dəfə kibrit qutularında marixuana aldığından sonunucuda narkotik vasitə olmasını bildiyi üçün həmin günü Şahid6 daimi işlədiyi yerə gedib Oğuz küçəsində, işlədiyi yerin yaxınında sonuncu ilə görüşərək marixuana istəmişdir. Şahid6 da ona 1 ədəd kibrit qutusunu 70 manata satdığını bildirmiş, o da Valehə 2 ədəd kibrit qutusunda marixuana lazım olduğunu bildirərək, üzərində 140 manat olmadığından və hələ kəndə evə qayıtmağı üçün pul lazım olacağını bildirib Şahid6 100 manat pul verib, 40 manat borclu qalmaqla 2 ədəd kibrit qutusunda qurudulmuş marixuana almağa razılaşmışlar. Daha sonra onlar ikisi Valehin yaşadığı evin yanına getmişlər. Valehi küçədə gözləmiş, sonuncu yaşadığı evə daxil olub az sonra çıxaraq ona 2 ədəd kibrit qutusunda marixuana vermişdir. Bunun qarşılığında danışdıqları kimi Valehə 100 manat vermiş, 40 manat borclu qalmışdır. 25 oktyabr 2024-cü il tarixdə isə Valehin işlədiyi yerin yanına gedərək qalan 40 manatı təklikdə Valehə qaytarmışdır. 26 oktyabr 2024-cü il tarixdə, saat 11:30-dan sonra Ucar şəhəri, Oğuz küçəsində, “Təzə bazar” deyilən yerdə yolun kənarında dayanıb əl edib taksi saxladan zaman qırmızı rəngli “VAZ-2107” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil yanında saxlamış, şifahi tanıdığı sürücü İlqara Ucar rayonu, Alpı kəndinə getməli olduğunu bildirmiş, sonuncu onu 5 manata aparmağa razılaşmışdır. Avtomobildə qarşıda, sağda əyləşmişdir. Yolda Ucar rayonu, Qarabörk kəndi ərazisində, “dörd yol” deyilən yerdə sürücü İlqardan mağazaya düşmək üçün avtomobili saxlamağını xahiş etmişdir. Sürücü İlqar avtomobili saxladıqda, o yerə düşüb bir qədər aralandıqda bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişlər. Polislər ona üstünü videoçəkilişlə yoxlayacaqlarını söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Həmin yerdə çox adam olduğundan onlar qırmızı rəngli “VAZ-2107” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşib təxminən 25 metr aralıda dayanmışlar. Avtomobildən düşdükdə videoçəkilişlə sənəədləşdirmənin aparılacağı ona bildirilmişdir. Həmin vaxt onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində 23 oktyabr 2024-cü il tarixdə Talehdən aldığı 1 ədəd kağız bükümdə və 24 oktyabr 2024-cü il tarixdə Valehdən aldığı 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanalar olmuşdur. Polis əməkdaşları ona üzərində narkotik vasitə vardırsa, təqdim etməyini təklif etmişlər. O da gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuanaları çıxarıb polislərə göstərmişdir. Həmin marixuanaya yaxından baxış keçirilərək həmin kütlələrin nə olması ilə bağlı ona sorğu edilmiş, o da həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu və özü istifadə etməsi üçün üstündə saxladığını bildirmişdir. Ona sərnişin olduğu avtomobilə nə isə qoyub-qoymaması barədə sorğu edilmiş, o, da avtomobilə heç nə qoymadığını bildirmişdir. Həmin vaxt avtomobil də yoxlanılmış, lakin avtomobilin salonundan heç nə aşkar edilməmişdir. Bundan sonra onun üzərini polis əməkdaşı yoxlamış, cibindən “Samsung” markalı telefonu, siqareti, alışqanı və 83 manat pul aşkar edilmiş, pullar, siqaret və alışqan özünə qaytarılmış, telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuana 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra o, polis şöbəsinə gətirilərək sənədləşdirmə aparılmış, protokol tərtib olunub oxunduqdan sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən növbətçi hissədə saxlanılarkən və üstü yoxlanılarkən aşkar edilmiş 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuanalar olan 1 ədəd kağız zərf videoçəkilişlə açılaraq ona təqdim olunmuş, 2 ədəd kibrit qutuları və 1 ədəd kağız bükümdə olan marixuanalar ayrı-ayrılıqda olduqları kibrit qutularında və kağız bükümdə elektron tərəzidə çəkilmiş, 1 ədəd kibrit qutusunda olan marixuana kibrit qutusu ilə birlikdə 12,20 qram, digər 1 ədəd kibrit qutusunda olan marixuana kibrit qutusu ilə birlikdə 9,96 qram, 1 ədəd kağız bükümdə olan marixuana isə kağızla birlikdə 1,05 qram olmuşdur. Həmin marixuanalar olduqları vəziyyətdə elə olduqları zərfə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, daha sonra möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. “Samsung” markalı telefonu barədə də ona sual verilmiş, həmin telefonun özünə məxsus olduğunu bildirdikdən sonra həmin telefonu da götürülmüşdür. Bununla bağlı da protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, vəkil ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. O, saxlanılan zaman Şahid5 onu polislərə satdığını düşünmüş, ona görə də ilkin ifadələrində üzərindən aşkar edilmiş marixuanaların hamısını Şahid5 aldığını bildirmiş, eyni zamanda Valehdən bir qədər çəkinmiş, lakin Şahid5 həbs olunduğunu görüb, istintaqa düzgün ifadə verməyi qərarlaşdırmışdır. Ona görə də ərizə ilə müraciət edərək düzgün ifadə verərək həqiqəti danışmış, yəni 26 oktyabr 2024-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutularında marixuanalar Valehin ona 24 oktyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində 140 manata razılaşma yolu ilə satdığını, 1 ədəd kağız bükümdə olan marixuananı isə 23 oktyabr 2024-cü il tarixdə, axşam saat 18 radələrindən sonra Şahid5 10 manata aldığını bildirmişdir. Valehdən aldığı kibrit qutularının birindən az miqdarda marixuana götürüb elə aldığı günü evə qayıdarkən təklikdə istifadə etmişdir. 26 oktyabr 2024-cü il tarixdə Ucar rayonu, Qarabörk kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. Tutulmamışdan bir-iki həftə əvvəl də Şahid5 20 Yanvar küçəsində yaşadığı evin yaxınında istifadə etməsi üçün 10 manata 1 ədəd kağız bükümdə qurudulmuş marixuana almış və özü istifadə etmişdir. Eyni zamanda, tutulmamışdan təxminən 1 ay əvvəl də iki dəfə Şahid6 Ucar şəhərində evinin yaxınında istifadə etməsi üçün 70 manata kibrit qutusunda qurudulmuş marixuana almış və özü istifadə etmişdir. Şahid5 və Şahid6 marixuananı hər birindən ayrı-ayrılıqda almış və onların heç birinə digərindən marixuana almağı barədə heç nə deməmişdir. Heç zaman onların ikisindən eyni vaxtda narkotik vasitə almamış, birgə narkotik vasitə satmalarını görməmiş və eşitməmişdir. Heç kimə, heç zaman narkotik vasitə satmamış, lakin özü istifadə etməsi üçün üzərində marixuana gəzdirmişdir. “VAZ-2107” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü İlqar adlı şəxsin onun üzərində narkotik vasitə olmasından xəbəri və məlumatı olmamışdır. İlqar onun üzərində narkotik vasitə olmasını bilməmişdir. Ailə üzvlərindən ümumiyyətlə heç kim onun narkotik vasitə istifadə etməsini, nə də üzərində marixuana saxlamasını bilməmişdir. Həmçinin, “matangül” ləqəbi ilə tanınan Şahid5, eləcə də Şahid6 narkotik vasitə almasını heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlini etiraf edərək səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, himayəsində dörd azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ucar rayonu, Alpı kəndində yaşayan Təqsirləndirilən şəxs, Ucar rayonu, Rəstəcə kəndində yaşayan Şahid5, eləcə də Ucar şəhər sakini Şahid6 əvvəllər tanımamışdır. Sonuncularla hər hansı münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 26 oktyabr 2024-cü il tarixdə Ucar rayonu, Alpı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcədə sərnişin qismində əyləşdiyi “VAZ-2107” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olması və üzərində, nəqliyyat vasitəsində külli miqdarda narkotik maddə saxlaması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı dərhal tərəfindən Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, yəni Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 və Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid4 ilə həmin tarixdə, yəni 26 oktyabr 2024-cü il tarixdı, saat 12 radələrində “VAZ-2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili müşahidə edən zaman, Ucar rayonu, Qarabörk kəndi ərazisində “dörd yol” deyilən yerdə mağazaların yanında “VAZ-2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, qarşı sağ oturacaqdan Təqsirləndirilən şəxs düşüb mağaza tərəfə gedərkən onlar dərhal avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncuya özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, odur ki, üstünün yoxlanılacağını və düşdüyü avtomobilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq və sərnişin olduğu avtomobilə baxış keçirmək mümkün olmayacağını nəzərə alıb həmin yerdən bir qədər aralaşmağa qərarlaşmış və Təqsirləndirilən şəxs, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid4 İlqar Süleymanovun idarə etdiyi “VAZ- 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək həmin avtomobillə, o isə Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 ilə piyada həmin yerdən təxminən 25 metr kənara aralanıb dayanmışlar. “VAZ-2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili də sürücüsü İlqar Süleymanov sürüb həmin yerə gətirmiş, daha sonra İlqar Süleymanovun və adları qeyd olunan polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına və əyləşdiyi avtomobilə videoçəkilişlə baxışın keçirilməsinə başlanılmışdır. Videoçəkilişi PPXB-nin komandiri Şahid3 aparmışdır. Tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq vəzifələri və müdafiə hüquqları izah olunmaqla sonuncuya bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində və sərnişin qismində olduğu avtomobildə qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olduğunu bildirmiş və əynindəki qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutularını və 1 ədəd kağız bükümü çıxarıb avtomobilin kapotunun üzərinə qoymuşdur. Həmin 2 ədəd kibrit qutusu və 1 ədəd kağız büküm NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən açıldıqda içərilərində qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli bitki mənşəli kütlələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu barədə sorğu edildikdə sonuncu həmin 2 ədəd kibrit qutularında və 1 ədəd kağız bükümün içərisində olan kütlələrin qurudulmuş marixuana olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobildə həmin kütlələrdən, eləcə də qanunla qadağan olunmuş başqa əşyanın olub-olmaması barədə sual verildikdə, sonuncu avtomobildə qanunla qadağan olunmuş başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra 1 ədəd kağız zərf açılaraq üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş 2 ədəd kibrit quturları və 1 ədəd kağız büküm həmin zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən yoxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən “Palmall” markalı siqaret qutusu, sol yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon və pul əskinasları aşkar edilmiş, pul əskinasları sayılmış, 83 manat olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmədiyindən 83 manat pul və siqaret özünə qaytarılmışdır. “Samsung” markalı mobil telefon isə onun tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “VAZ-2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildən narkotik vasitə və psixotrop maddəyə bənzər hər hansı bir əşya, eləcə də qanunla qadağan olunmuş digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir daha üzərindən aşkar edilmiş kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmiş, sonuncu həmin kütlələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Baxış zamanı heç bir etiraz və vəsatət daxil olmadığından üstünün yoxlanılması və baxış prosesi başa çatdığı elan edilmiş, bununla da videoçəkiliş dayandırılmışdır. Bütün iştirakçılar polis şöbəsinə gəlmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və sərnişin olduğu avtomobilə baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qeydə alınmış videogörüntü 1 ədəd kompakt diskə köçürülərək Təqsirləndirilən şəxs “Samsung” markalı telefonu ilə birlikdə materiala əlavə edilərək, toplanmış material aidiyyəti üzrə istintaq bölməsinə təqdim olunmuşdur. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilmiş, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş 2 ədəd kibrit qutularında və 1 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Polis əməkdaşları Şahid2 və Şahid3 xidməti zərurətlə əlaqədar polis şöbəsindən getdikləri üçün baxışda iştirak etməmişlər. Baxışda o və İTB-nin sahə polis nəfəri Şahid4 iştirak etmişlər, videoçəkilişi isə məsul növbətçi Tural Bəkirov aparmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq vəzifələri və müdafiə hüquqları izah olunmaqla üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş kütlələrə baxışın keçirilməsinə etirazının olub-olmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs harada saxlanılması barədə sual verildikdə o, Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kəndi ərazisində “dörd yol” deyilən yerdə mağazaların yanında saxlanıldığını və həmin yerdə hərəkətin intensiv olmasını nəzərə alaraq həmin yerdən 20-25 metr kənara aralaşaraq üstünün yoxlanıldığını qeyd etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs sual verildikdə sonuncu da həmin xüsusatı təsdiq etmiş və bununla bağlı heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanılandan sonra polis şöbəsinə gətirilənədək olan müddət ərzində polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmiş, sonuncu da polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə başlanılmış, 1 ədəd kağız zərf Təqsirləndirilən şəxs təqdim edilmiş və açılaraq içərisindən iki ədəd kibrit qutuları və 1 ədəd ağ rəngli kağız büküm çıxarılıb masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin cibindən aşkar olunmuş kütlələrin olduğunu təsdiq etmişdir. Hər biri ayrı-ayrılqıda açılaraq içərilərindəki kütlələr sonuncuya nümayiş etdirilmişdir. Həmin kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs yenə həmin kütlənin qurudulmuş marixuana və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə, 1 ədəd kibrit qutusundakı kütlənin kibrit qutusu ilə birlikdə 12,50 qram, 1 ədəd kibrit qutusundakı kütlənin kibrit qutusu ilə birlikdə 9,96 qram, 1 ədəd kağız bükümdəki kütlənin isə olduğu kağızla birlikdə 1,05 qram çəkidə olduqları müəyyən edilmişdir. Bundan sonra həmin 2 ədəd kibrit qutuları və 1 ədəd kağız büküm ilkin qablaşdırıldıqları zərfin içərisinə qoyulmuş və həmin zərf isə başqa bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda, üstü yoxlanılarkən üzərindən götürülmüş 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs nümayiş etdirilmiş, sonuncu həmin telefonun, saxlanılan zaman üzərindən götürüldüyünü, özünə məxsus telefon olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və onlar tərəfindən imzalanmışdır. Sonra həmin kütlələr ekspertiza tədqiqatına göndərilmiş və ekspertizanın rəyi ilə həmin kütlələrin qurudulmuş marixuana olmaları öz təsdiqini tapdığı ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Ucar rayonu Rəstəcə kəndində yaşamışdır. Narkotik vasitə olan marixuanadan hərdənbir istifadə etmişdir. Tanışları arasında onu “malış”, eləcə də “matangül” deyərək çağırmışlar. Ucar rayonu, Alpı kənd sakini Təqsirləndirilən şəxs və Ucar şəhər sakini Şahid6 tanımışdır. Şahid6 ustadır, sonuncunun yanında fəhlə kimi çalışmış, tutulmamışdan əvvəl Ucar şəhəri, Oğuz küçəsində obyektdə Valehin yanında işləmişdir. Valeh ilə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə soyuducu ustası kimi tanımışdır. Seymur hərdənbir işlədiyi yerə gəlib-getmiş, normal münasibətləri olmuş, lakin nə Şahid6la, nə də Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, 23 oktyabr 2024-cü il tarixdə 1 dəfə 1 ədəd xırda kağız bükümdə narkotik vasitə olan marixuananı əvəzsiz olaraq sonuncuya vermişdir. Belə ki, 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə “vızov” ataraq onu axtarmış, daha sonra Seymura zəng vurub nə istədiyini soruşanda sonuncu ondan çəkmək üçün marixuana istəmişdir. Üzərində həmin vaxt 1 ədəd kağız bükümdə, az miqdarda marixuana olmuş, yazığı gəldiyi üçün Seymura Ucar şəhəri, 20 Yanvar küçəsində çayxanada olduğunu demiş və Seymur həmin yerə gəldikdə çayxananın yanında sonuncuya təmənnasız 1 ədəd xırda bükümdə qurudulmuş marixuana vermişdir. Orada Seymur ilə 2-3 dəqiqə söhbət etdikdən sonra sonuncu çıxıb getmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalan 2 ədəd kibrit qutularında olan marixuanaları haradan əldə etməsini, eləcə də Şahid6 narkotik vasitə satıbsatmamasını bilməmiş, sonuncunun narkotik vasitə satmasını görməmiş və eşitməmişdir. Şahid6 heç zaman pul qarşılığında narkotik vasitə almamışdır. 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi 1 ədəd xırda kağız bükümdə narkotik vasitə olan marixuananı ona yanında fəhlə kimi çalışdığı, ustası Şahid6 çəkmək üçün 20 oktyabr 2024-cü il tarixdə Ucar şəhəri, Oğuz küçəsində işlədikləri yerdə təmənnasız olaraq pay vermişdir. O da məhz həmin 1 ədəd xırda kağız bükümdə olan marixuananı 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əvəzsiz olaraq vermiş, qarşılığında Seymurdan heç nə almamışdır. Şahid6 həmin marixuananı ona satmamış, pay kimi vermiş, qarşılığında ondan heç nə almamış, nə də özü Valehə heç nə verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, tutulmamışdan əvvəl ailə üzvləri ilə birlikdə Ucar şəhəri, Vidadi küçəsi, ev 10-da yaşamış və narkotik vasitələrdən istifadə etməmişdir. Ucar şəhəri, Oğuz küçəsində obyektdə usta işləyərək, hörgü hörmüşdür. İstifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Həmin nömrəni bir neçə ildirki işlətmiş, istifadəsində başqa telefon nömrəsi olmamışdır. Ucar rayonu, Alpı kənd sakini Təqsirləndirilən şəxs və Ucar rayonu, Rəstəcə kənd sakini Şahid5 tanımışdır. Ucar şəhəri, Oğuz küçəsində obyektdə usta kimi çalışmaqla Şahid5 də onun yanında fəhlə kimi çalışmışdır. Təqsirləndirilən şəxs isə soyuducu ustası kimi tanımış, sonuncu da onların iş yerinə hərdənbir gəlib-getmişdir. Lakin Seymurla sıx münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs ondan 2 ədəd kibrit qutusunda olan marixuanaları 140 manata razılaşma yolu ilə alması və əvvələr də ondan 1-2 dəfə narkotik vasitə olan marixuana alması barədə göstərdiyi xüsusatlar yalandır. Seymura heç zaman narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid5 isə 20 oktyabr 2024-cü il tarixdə ondan 1 ədəd kağız bükümdə qurudulmuş marixuananı təmənnasız alması barədə göstərdikləri doğrudur. Həqiqətən təxminən 20 oktyabr 2024-cü il tarixdə işlədiyi obyektin ərazisində yerdən kiçik kağız bükümdə marixuana tapmış, Talehin də narkotik vasitədən istifadə etdiyini bildiyi üçün həmin kağız bükümdəki marixuananı həmin günü Talehə vermişdir. Qarşılığında Talehdən heç nə almamış və istəməmiş, nə də Taleh özü heç nə verməmişdir. Ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. Özü narkotik vasitələrdən istifadə etmədiyi üçün heç zaman Şahid5 və Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməmişdir. Şahid5 narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumatı olmamışdır. Bu haqda heç kimdən heç nə eşitməmiş, Talehin kiməsə narkotik vasitə satmasını görməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 27 oktyabr 2024-cü il tarixli, 17/847 nömrəli ekspert rəyindən (məhkəməbioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içəirisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-3,90 qram, 3,40 qram və 0,36 qram, ümumi çəkiləri–7,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 5-80-25/2- 38/2025 nömrəli arayışından və elektron məhkəmə informasiya sistemindən çıxarışdan (şəxsin fərdi məlumatlarından) görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 fevral 2017-ci ildə doğulmuş X2, 23 yanvar 2018-ci ildə doğulmuş X5, 14 dekabr 2020-ci ildə doğulmuş X7 və 03 fevral 2025-ci ildə doğulmuş X4 adlı dörd uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Alpı kəndində yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2024-cü il tarixdə, saat 11:40-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş, həmçinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 7,48 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 (üç) ədəd fotoşəkil və 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutunnarkotik vasitə olan qurudulmuş marixuanaların məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 253 (iki yüz əlli üç) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Alpı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 7,48 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd fotoşəkil və 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik vasitənin (qurudulmuş marixuanaların) məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 253 (iki yüz əlli üç) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-39/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-39/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver