Məhkəmə qərarları › İş №1(063)-4/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-4/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-4/2025 10.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakları ilə 10 oktyabr 2025-ci il tarixdə, Ucar şəhəri, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci il tarixində Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 18:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan QAZ-2775-01 markalı 03-BJ- 245 dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Alpout kəndi ərazisindən keçən 244,8-ci kilometirliyində Qazax istiqamətində sağ hərəkət zolağında 70 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yolda piyadanın olmasını nəzərə alaraq vaxtında tormozlama əməliyyatı aparmaqla nəqliyyat vasitəsini dayandırmalı, yaxud da hərəkətin təhlükəsizliyini təmin etməklə piyadanın yanından təhlükəsiz ötüb keçməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib velosipedçinin yolun sağından soluna keçərək velosipedi əks istiqamətləri ayıran zolaqda yerləşən beton səddə vuraraq yıxılmış və yerdən qalxaraq soldan sağa doğru keçən piyada 1994-cü il təvəllüdlü X5 iki zolaqlı hərəkət hissəsinin sağ zolağında avtomobilin qabaq sol tin və sol güzgü hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Pərvin İsmayılovun baş beyinin yumşaq toxumasına qansızma ilə müşayiət olunan kəllə tağı və əsası sümüklərinin, üz skelet sümüklərinin açıq, çoxqəlpəli sınığı, bədən səthinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla zərər çəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan QAZ-2775-01 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə quraqlıq və az qaranlıq hava şəraitində Qazax istiqamətdə sağ hərəkət zolağında 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Hərəkət hissəsi boş olmaqla hərəkətdə olan avtomobil olmamışdır. Avtomobilində bir ton nar yükü və bir nəfər sərnişini, atası Şahid1 olmaqla sərnişin qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobili Qazax istiqamətində sağ hərəkət zolağında idarə edib hərəkətdə olarkən sağ hərəkət zolağının sağ kənarından bir nəfər velosipedçi sürətlə hərəkət hisəssinin sol kənarına keçmiş, həmin velosipedçi ayrıcı zolaqda olan beton səddə dəymişdir. Bu an velosiped beton səddin yanında qalmış, piyada geri qayıdaraq adi qaçışla qaçaraq hərəkət hissəsinin sağ kənarına keçməyə başlamışdır. O, həmin an səs siqnalından istifadə etmiş, demək olar ki, əlini səs siqnalının üstündən götürməmiş və çalışmışdır ki, avtomobili sağa çıxarsın. Lakin bütün bunlara baxmayaraq, piyada avtomobilinin qabaq sol tininə, sol yan güzgüsünə çırpıldıqdan sonra sol nəfəsliyə və sol qapıya çırpılıb asfalt üzərinə düşmüşdür. Zərbənin təsirindən sol yan güzgüsü, sol nəfəslik tamamilə sınmış, qapı əzilmişdir. Sol yan güzgü qırıldığından arxaya baxa bilməmişdir. Avtomobili hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında ehtiyat hissədə saxlamış, avtomobildən düşüb arxaya baxdıqda piyada oğlanın asfalt üzərində tərpənməz vəziyyətdə qan içərisində olduğunu, piyadanın artıq öldüyünü görmüşdür. Çox həyəcanlı olduğu üçün hadisə yerinə düşən tanımadığı adamlardan yol- nəqliyyat hadisəsi barədə 102 xidmətinə zəng edib məlumat vermələrini xahiş etmiş, onlardan bir nəfər məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarına sənədlərini təqdim edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə yol polisinin əməkdaşı gəlmiş bir müddət sonra TTTY maşını gəlmiş, meyiti TTTY maşınına yerləşdirərək, meyidi meyitxanaya yola salmışlar. Hadisə yerində asfalt örtük üzərində piyadanın vurulduğu yerdə avtomobilindən tökülüb qalmış şüşə qırıqları, güzgünün hissəcikləri, asfalt örtük üzərində qan ləkəsi olduğunu bildirmişdir. Hadisə yerinə baxış keçirilməsində iştirak edib piyadanın yolu keçdiyi və piyadanı vurduğu yeri göstərmişdir. Piyadanın beton səddin yanından vurduğu yerə kimi məsafə 7,7 metr müəyyən edilmişdir. Piyadanın yolu soldan sağa doğru keçməyə başlayan andan, səs siqnalından istifadə etdiyi andan və piyadanı avtomobili ilə vurulduğu ana kimi 4-5 saniyə vaxt keçmişdir. Tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmanlıq çəkməsinin, himayəsində iki azyaşlı uşaqlarının olmasının, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsinin, dəymiş ziyanın ödənilməsinin və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonunun Alpout kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Pərvin İsmayılov onun kiçik oğludur. Pərvin İsmayılov üç ay Rusiya Federasiyasında yaşadıqdan sonra geri qayıtmış, on gün olar ki, onlarla bir ünvanda yaşamışdır. 02 noyabr 2023-cü il tarixində saat təxminən 19:00 radələrində evdə olarkən oğlu Pərvinin trasda avtomobillə vurulması bərədə hadisə yerindən məlumat almış, dərhal Ucar rayonunun Alpout kəndi ərazisindən keçən Bakı-Qazax yoluna çıxmışdır. Hadisə yerində olarkən oğlunun meyitinin Qazax istiqamətində hərəkət zolağında görmüşdür. Hadisə yerində ona məlum olmuşdur ki, oğlu Qazax istiqamətində yolun sol kənarından sağ kənarına keçərkən Qazax istiqamətində hərəkətdə olan Qazel markalı yük avtomobili oğlunu vurmuşdur. Pərvinin meyiti Ucar RMX- nın meyitxanasında müayinə olunduqdan sonra qohumlarının iştirakı ilə meyiti yaşadıqları ünvana gətirib 03 noyabr 2023-cü il tarixdə Alpout kənd qəbirstanlığında dəfn etmişlər. Özü və ailə üzvləri sürücünü tanımamış, sürücü və onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavətləri yoxdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəyən ziyan tam ödənilmiş, odur ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və bununla bağlı gələcəkdə də olmayacaqdır (bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də təqdim etmişdir). Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, «BC» kataqoriyalı sürücüdür. Özünə məxsus «Qaz 2775-01» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Əksər vaxtlar Kürdəmir rayonuna gəldikdə avtomobili oğlu Rəvan idarə edir. Növbəti dəfə 02 noyabr 2023-cü il tarixində oğlu Rəvanla birlikdə Kürdəmir rayonuna gəlmiş, nar alıb Mingəçevir şəhərinə geri qayıdarkən avtomobili Rəvan idarə etmişdir. Quraqlıq və az qaranlıqlı hava şəraitində saat təxminən 18-45 radələrində oğlu avtomobili idarə etmiş, o, isə sağ oturacaqda əyləşərək yatmamışdır. Ucar rayon ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində sağ hərəkət zolağında hərəkətdə olarkən yolun sağ kənarından bir velosipedçi adam yolun sol tərəfinə doğru hərəkət etmişdir. Həmin velosipedçi ayırıcı zolaqda olan beton səddə dəymiş və velosiped aşmışdır. Velosipedçi yerdən qalxaraq geriyə doğru, yəni yolun sağ kənarına tərəf adi qaçışla qaçaraq keçməyə başlamışdır. Bu zaman oğlu uzun müddətli səs siqnalından istifadə etmiş, əlini səs siqnalının üstündən götürməmişdir. Piyadanın dayanmadığını görüb sükanı sağ tərəfə döndərsə də, piyada avtomobilin qabaq sol tin, sol güzgü hissəsindən çırpılmış, sol nəfəslik şüşəyə, sol qapıya və avtomobilin sol yan hissəsinə dəydikdən sonra asfalt üzərinə düşmüşdür. Oğlu avtomobili yolun sağ ehtiyat hissəsinə çıxarıb saxlamış və arxaya baxdıqda asfalt üzərində qan içərisində bir cavan oğlanın tərpənməz vəziyyətdə olduğunu, onun artıq öldüyünü görmüşlər. Oğlu hadisə yerində qalaraq, hadisə yerinə düşən tanımadıqları yol adamlarından lazımı orqanlara məlumat vermələrini xahiş etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilərək sənədləşmə aparılmış, iştirakçılar imza etmişlər. O və ailə üzvləri Pərvin İsmayılovu və onun ailə üzvlərini tanımamış, Pərvin İsmayılovla və onun ailə üzvləri ilə qohumluq əlaqələri və ədavətləri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, X1 oğludur, bir müddət olardı ki, oğlu Rusiya Federasiyasında yaşayırmış, on gün olarmış ki, Azərbaycana gəlibmiş. 02 noyabr 2023-cü il tarixində saat təxminən 19:00 radələrində Pərvinin yolu keçərkən avtomobillə vurulması barədə həyat yoldaşına zəng gəlmiş, həyat yoldaşı evdən çıxan zaman o, həyat yoldaşının arxasınca yola hadisə baş verən yerə getmişdir. Ucar rayonunun Alpout kəndi ərazisindən keçən baş yolda Qazax istiqamətində yolda oğlunun meyitini görmüşdür. Meyit Ucar rayon xəstəxanasına aparıldığı üçün həyat yoldaşı və o ayrı-ayrı maşınlarla xəstəxanaya getmişlər. Xəstəxanada onun evə getməsini və orada olan adamların da gələcəklərini ona bildirmişlər. O, evə getdikdən sonra Pərvinin də meyitini evə gətirmişlər. 03 noyabr 2023-cü il tarixində meyiti dəfn etmişlər. O, sürücünü tanımır, onunla, onun ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid X10 (müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş) ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Alpout kəndi ərazisindən keçən 244,8-ci kilometirliyində Qazax istiqamətində avtonəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş hadisə yerinin sxemi tərəfindən tərtib edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid X7 (müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş) ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Alpout kəndi ərazisindən keçən 244,8-ci kilometirliyində Qazax istiqamətində avtonəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə çatanda artıq ölmüş zərərçəkmiş şəxsi TTY briqadası aparmışdı. Bundan başqa hadisə yerinə müstəntiq Mübariz Nəsirov dəvət olunmuş və ölçmə işləri aparılmışdır. Məhkəmə iclasında elan edilmiş işin 49-52-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 məhkəmə-tibb ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 21 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq toxumasına qansızma ilə müşaiət olunan kəllə tağı və əsası sümüklərinin, üz skelet sümüklərinin açıq, çoxqəlpəli sınığı, bədən səthinin çoxsaylı sıyrıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, 02 noyabr 2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, mərhumun bilavasitə ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-baş beynin didilib-dağılması ilə müşayiət olunan açıq kəllə beyin travması olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsindən görünür ki, hadisə vaxtı onda alkoqol sərxoşluğu olmamışdır. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 12-14 saat əvvəl baş verdiyini göstərir. Məhkəmə iclasında elan edilmiş, işin 82-85-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2024-cü il tarixli, 8/427 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1.2. QAZ 2775-01 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 83-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2025-ci il tarixli, 8/789 nömrəli rəyindən görünür ki,1,9,10. Hadisə yerinə müdafiə tərəfinin vəsatəti əsasında baxış keçirilmişdir. Baxış zamanı ayrıcı beton hissədən hərəkət hissəsinin sol kənarına çəkilmiş sarı xəttə qədər məsafənin 2,2 metr olması, hərəkət hissəsinin eninin isə 7.5 metr olması müəyyən edilmişdir. İstintaq tərəfindən müəyyən edilmişdir ki, hadisədən əvvəl velosipedçi hərəkət hissəsinin sol kənarında olan beton səddin kənarına yıxılmış, yıxılmış piyada ayağa qalxaraq sağa doğru hərəkətə başlayıb vurulmaya kimi adi qaçışla 7.7 metr məsafə qət etmiş və piyadanın yerdən qalxaraq yolu keçməyə başladığı andan avtomobil ilə vurulma yerinə kimi qət etdiyi məsafəyə 3.52 saniyə vaxt sərf olunmuşdur. İstintaq tərəfindən müəyyən edilən məlumatlardan belə məlum olur ki, piyada hərəkət hissəsinin sol kənarına çəkilmiş sarı xəttdən deyil, həmin xətdən 2,2 metr aralı məsafədə yerləşən beton səddin yanında yıxıldığı yerdən ayağa qalxaraq sağa doğru yolu keçməyə başlamışdır. Yəni, piyada yolun sağına doğru hərəkətə başladığı andan hərəkət hissəsinin sol kənanna çəkilmiş sarı xəttə qədər müəyyən qədər məsafə qət etdikdən sonra hərəkət hissəsinə daxil olmuşdur. Piyadanın sağdan 1-ci zolaqda vurulması, piyadanın hərəkət hissəsinin sol kənarına çəkilmiş sarı xəttdən deyil, həmin xətdən 2,2 metr aralı məsafədə yerləşən beton səddin yanında yıxıldığı yerdən ayağa qalxaraq sağa doğru yolu keçməyə başlaması və hadisə baş verən yerdə hərəkət hissəsinin 7.5 olması nəzərə alınmaqla qeyd edilir ki, piyadanın vurulmaya kimi 7,7 metr məsafə qət etməsi hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eninin 7,5 metr olması ilə ziddiyyət təşkil etmir. Həmçinin qeyd edilir ki, müdafiə tərəfinin iştirakı ilə keçirilən baxış zamanı digər yeni məlumat müəyyən edilməmişdir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlar, yəni təhlükə yaranan andan piyadanın vurulmasına kimi 3,52 saniyə vaxt keçməsi və avtomobilin hərəkət sürətinin 70 km\saat olması məlumatları əsasında 15 mart 2024-cü il tarixdə 8\427 nömrəli rəy verilmiş və ekspert belə bir nəticəyə gəlmişdir. 1,2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: Qaz 2775-01 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2,3,4. Qeyd edilir ki, elmi ədəbiyyatlarda təhlükə-nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Mövcud şəraitdə təhlükə yarandığı andan piyadanın vurulmasina kimi keçən vaxtın müəyyən edilməsi istintaq orqanın səlahiyyətinə aidir və istintaq tərəfindən eksperment yolu ilə müəyyən edilmişdir ki, təhlükə yaranan andan piyadanın vurulmasına kimi 3,52 saniyə vaxt keçmişdir. 5. İş materiallarından belə məlum olur ki, piyada avtomobilin qabaq sol tin və qabaq sol yan hissəsi ilə vurulmuşdur. 6. İstintaq tərəfindən təqdim olunmuş yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan belə məlum olur ki, hadisə baş verdiyi yerdə maksimum icazə verilən sürət həddi 90 km/saatdır. 7. İş materiallarında olan məlumatlardan belə məlum olur ki, velosipedin ayrıcı zolaqda olan beton səddə dəyib aşması və velosipedçinin yenidən qalxaraq yolun sağına tərəf yolu keçməyə başlaması sürücünün görünüş dairəsində olmuşdur. 8. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi, ekspertiza rəyləri, şahid ifadələri, eləcə də, məhkəmə istintaqı zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla və digər sübutlarla da tam sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 7-8-ci səhifələrində olan 02 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Qazax istiqamətində sağ hərəkət zolağında qan izləri, laxtalanmış qan yığıntısı, baş-beyin hissəcikləri, sağ ehtiyat hissədə QAZ-2775-01 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobili müşahidə olunmuşdur. Piyadanın beton səddin yanından vulduğu yerə kimi məsafə 7,7 metr müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 38-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 noyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işin 16-cı vərəqəsində olan Ucar RMX-nın 02 noyabr 2023-cü il tarixli, 276 saylı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktından görünür ki, sonuncunun 02 noyabr 2023-cü il tarixdə sərxoşluğu (spirtli içki qəbul etməsi) müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 13-cü səhifəsində olan BC seriyalı, 201291 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 39-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-13-16/2-156140/2023 nömrəli məktubunun surətlərindən görünür ki, DİN-in Baş X19 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 07 noyabr 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə (29 mart 2031-ci il tarixədək etibarlı olan) BC 201291 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlaması və işin icraata götürülməsi barədə 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü səhifələrində olan 29 mart 2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş, Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 1(063)-4/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməklə sonuncu barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməklə tutma protokolunun surətinin məhkəməyə göndərilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumatın verilməsi, qərarın icrasının Ucar rayon Polis Şöbəsinə həvalə edilməsi, qərarın surətinin onun icrasına nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, iş üzrə icraatın Təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon polis şöbəsinin Ucar Rayon Məhkəməsinə 22 sentyabr 2025-ci il tarixdə daxil olmuş 20 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 sentyabr 2025-ci il tarixdə Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Ucar RPŞ-nin MSY-yə təhvil verilmişdir. Ucar Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 1(063)-4/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü səhifələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində 2022-ci il təvəllüdlü Hüseyn adlı övladı olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 19, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 3 saylı Mənzil İstismar Sahəsinə yazılı və yaxud da şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 sentyabr 2022-ci il təvəllüdlü X11 və 13 aprel 2024-cü il təvəllüdlü X15 adlı azyaşlı uşaqları vardır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, odur ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və bununla bağlı gələcəkdə də olmayacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2025-ci il tarixdən 10 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 21 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 213 (iki yüz on üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 21 (iyimi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 213 (iki yüz on üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar