Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-46/2025 09.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM) 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 21 radələrində yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evində arvadı Zərərçəkmiş şəxs2 ona verdiyi pulu geri tələb etməsi ilə bağlı aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədi ilə zəng edib qayını Zərərçəkmiş şəxs1 yaşadığı evə dəvət etdikdə, sonuncu onun yaşadığı evə gəlib bacısı Zərərçəkmiş şəxs2 haqq qazandırdığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs1 qollarına vuraraq sonuncuya aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sol dirsəyin şişkinliyi, qançırı və sıyrığı, sağ bazunun aşağı 1/3-nin arxa səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, 02 mart 2025-ci il tarixdə, saat 00:10 radələrində yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evində qapıya təpiklə vurmasına, qazı söndürməsinə və televizorun səsini artırmasına arvadı Zərərçəkmiş şəxs2 irad bildirməsini bəhanə edərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı eyvandan götürdüyü süpürgənin arxasına taxılmış oxlovla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs2 sol qoluna vuraraq sonunucuya sol saidin orta və aşağı 1/3-nin qançırı, şişkinliyi, aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağının şişkinliyi, dirsəyin şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X9 onun həyat yoldaşı olmuşdur. Zeynəblə rəsmi olaraq ailə həyatı qurmasa da, birlikdə ər-arvad münasibətində olmuşdur. Zərərçəkmiş şəxs1 isə Zeynəbin qardaşı, Şahid1 isə onun qardaşı oğludur. O, Ucar rayonu ərazisində taksi fəaliyyət ilə məşğul olur. İşi ilə əlaqədar evə bəzi vaxtlarda gec gəlmiş, buna görə də tez-tez Zeynəblə aralarında mübahisə olmuşdur. Onlar ailə həyatı qurandan sonra Zeynəb ona “öz adıma kredit götürüm hamam tikək” deyə bildirmişdir. O da Zeynəbin təklifi ilə razılaşmışdır. 2024-cü ilin avqust ayının 19-da "Kapital Bank” ASC-dən Zeynəb öz adına 5680 manat kredit götürmüşdür. Kredit götürməyə o, Zeynəblə birlikdə getmişdir. Həmin puldan Zeynəb öz adına olan “Birkartı” bağlamış və onlara 4900 manat pul çatmışdır. Daha sonra o, yaşadığı ünvanda həmin pulla hamam tikməyə başlamışdır. Həmin pulu da hamamın tikintisinə xərcləmişdir. 2024-cü ildə Zeynəblə birlikdə Ucar rayon qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Həmin vaxt Zeynəb onun əvvəlki həyat yoldaşından boşanmadığını öyrənmiş və bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Çünki o, hələ Zeynəblə ər-arvad münasibətində olmamışdan qabaq əvvəlki həyat yoldaşından boşandığını bildirmişdir. Daha sonra onlar evə gəlmişlər. Bundan sonra Zeynəb ondan 8000 manat pul tələb etməyə başlamışdır. O da Zeynəbə “sən mənə 8000 manat pul verməmisən" deyə bildirmişdir. 25 fevral 2025-ci il tarixdə, saat 20 radələrində pul üstündə Zeynəblə aralarında mübahisə yaranmış və həmin vaxt Əli yaşadığı ünvana gəlmişdir. Bundan sonra o, Mirtusinin mobil telefon nömrəsinə zəng etmiş və öz evinə çağırmışdır. Təxminən yarım saat sonra Mirtusi gəlmişdir. Həmin vaxt onların evində anası Mehbarə, qardaşının arvadı Xuraman, Zeynəbin qızı Xavər və oğlu Elgiz olmuşlar. Mirtusi gələndən sonra anası və qardaşı arvadı o biri otağa keçmişlər. Zeynəb isə başqa otaqda olmuşdur, amma yanlarında olmamışdır. O, Mirtusiyə “bacını başa sal, hər gün evdə mübahisə yaradır, bunu yoluna qoymaq lazımdır, ya o yanlıq, ya da bu yanlıq” deyə bildirmişdir. Daha sonra Mirtusi mətbəxə getmiş və bıçağı götürüb Zeynəbi öldürmək istəmişdir. Həmin vaxtı o və Əli Mirtusinin qollarından yapışmış və Mirtusini bir az kənara çəkmişlər. Daha sonra X10 heç nə etməməsi üçün Zeynəbin olduğu otağın qapısının qarşısında dayanmışdır. Həmin vaxt Mirtusi özünü qapıya çırpmışdır. Bundan sonra Mirtusi yerə yıxılmışdır. Daha sonra onunla Mirtusi arasında mübahisə yaranmış və o, Mirtusinin qollarına bir neçə dəfə vurmuşdur. Həmin vaxt qardaşı oğlu Əli onu tutaraq kənara çəkmişdir. Bir müddətdən sonra isə o, DİN-in 102 xidmətinə müraciət etmişdir. Ondan sonra Zeynəb də DİN-in 102 xidmətinə zəng etmişdir. Zeynəbdən sonra isə Mirtusi də DİNin 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmiş və bir müddətdən sonra o, Əli ilə birlikdə Mirtusini evinə aparmışlar. Daha sonra evə gəlmiş və növbəti gün anası və oğlunu bacısıgilə aparmışdır. 01 mart 2025-ci il tarixdə, saat 17 radələrində o, işdən evə gəlmiş və Zeynəblə qızının evdə olduğunu görüb yenidən qapını bağlayaraq çıxıb getmişdir. 02 mart 2025-ci il tarixdə, saat 00:10 radələrində isə o, evə gələndən sonra Zeynəb o biri otaqdan çıxaraq ondan yenidən 8000 manat pulunu tələb etməyə başlamışdır. O da Zeynəbə “mənim 8000 manat pulum yoxdur, həm də sən mənə 4900 manat pul vermisən, onu da hər ay sənə verərəm” deyə bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmış, nəticədə süpürgənin arxasına taxılmış oxlov ilə Zeynəbin qoluna bir neçə dəfə vurmuş və öz otağına keçib yatmışdır. Həmin vaxtı evdə o, Zeynəb və Zeynəbin qızı Xavər olmuşlar. 25 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 qoluna bir neçə dəfə yumruqla vursa da, qardaşı oğlu Əli Mirtusini vurmamışdır. O, son sözündə himayəsində bir azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və peşiman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli olması özününü etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bacısıdır, Təqsirləndirilən şəxs isə Zeynəbin həyat yoldaşı olmuşdur. Zeynəb Qurban ilə rəsmi olaraq ailə həyatı qurmasa da, 2024-cü ilin iyul ayının 5-dən birgə ər-arvad münasibətində olmuşdur. Zeynəb və qızı Şahid3 Qurban ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yaşamışdır. Onlarla birgə bacısının qaynanası Şahid2 da yaşamışdır. Bacısı ailə həyatı qurmamışdan əvvəl o, bacısına dar günü üçün 4000 manat pul vermişdir. Bacısı ailə həyatı qurandan sonra Qurban həmin pulu bacısından döyərək almış və həmin pulu evin təmirinə xərcləmişdir, lakin pulları çatmadığı üçün bacısı 2024-cü ilin avqust ayının 19-da “Kapital Bank" ASC-dən 5680 manat kredit götürmüş və həmin pulun bir hissəsi ilə “Bir Banka” olan borcunu bağlamışdır. Bacısı yerdə qalan təxminən 5000 manat pulla evə getmiş və evdə Qurban həmin pulu bacısını döyərək əlindən almışdır. Onun olanlardan sonradan xəbəri olmuşdur. 2024-cü ildə bacısı Zeynəb Qurban ilə birlikdə Ucar rayon qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Həmin vaxt bacısı Zeynəbin Qurbanın əvvəlki həyat yoldaşından boşanmadığını öyrənmiş və bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Çünki bacısı hələ Qurbanla ər-arvad münasibətində olmamışdan qabaq, Qurban onlara əvvəlki həyat yoldaşından boşandığını bildirmişdir. Əvvəllər bir dəfə də bacısı Qurbandan polis orqanlarına şikayət etmişdir. 25 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Qurban ona zəng edərək evə dəvət etmişdir. Təxminən yarım saat sonra o, onların yaşadığı ünvana gəlmişdir. Həmin vaxt yanlarında bacısının qaynanası Mehbarə, Qurbanın qardaşının həyat yoldaşı Xuraman, bacısı qızı Xavər və Qurbanın oğlu Elgiz olmuşlar. O, gələndən sonra Qurban Mehbarə, Xuraman və Elgizi o biri otağa keçirtmişdir. Bacısı və bacısı qızı Xavər isə o biri otağa keçmişlər. Bu vaxt Qurban və Əli ona “bizim səninlə qohumluq əlaqəmiz bitdi, bacını götür çıx get” deyə bildirmişdir. O da onlara “nə üçün bacımı aparmalıyam?" deyə bildirmişdir. Qurban da ona “mən artıq sənin bacını istəmirəm, götür bacını cəhənnəm ol çıx get” deyə bildirmişdir. O da Qurbana “sən kişi hərəkəti eləmirsən, ailənə sahib çıx” deyə bildirmişdir. Qurban da ona “mənim ailəm var, uşağımın anası var" deyə bildirmişdir. Daha sonra onlar onun üzərinə gəlmişlər. Həmin vaxtı birinci dəfə Əli onun qollarından tutmuş, Qurban isə onun qollarına və ayağına yumruq və təpiklə vurmuşdur. Daha sonra Əli onun qollarına və ayağına yumruq ilə vurmağa başlamışdır. Həmin vaxtı bacısı qızı Xavər qorxduğundan çölə çıxmışdır. Bir müddət sonra bacısı içəri girmiş və onu yerdən qaldıraraq bir stəkan su vermişdir. Həmin vaxtı Qurban DİN-in 102 xidmətinə zəng etmiş və ardınca bacısı da baş vermiş hadisələr barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra o da DİNin 102 xidmətinə müraciət etmişdir. Daha sonra Qurban və Əli onu evə gətirmişlər. Qurban və Əli birləşərək onu döysələr də Əli şahid kimi göstərilmişdir. Zərərçəkmiş şəxs1 çıxışında bildirdi ki, təqsirləndirilən şəxs onlara dəymiş maddi və mənəvi ziyanı hər ay ödəməyi söz versə onun tutulmasını tələb etmir, onlara dəymiş maddi və mənəvi ziyanı ödəsə bağışlayarlar, əks halda cəzasını çəkməlidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır, Təqsirləndirilən şəxs isə həyat yoldaşı olmuşdur. O, Qurban ilə rəsmi olaraq ailə həyatı qurmasa da, 2024-cü ilin iyul ayının 5-dən birgə ər-arvad münasibətində olmuşdur. O və birinci həyat yoldaşından olan qızı Şahid3 Qurban ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yaşamışdır. Qaynanası Şahid2 da onlarla birgə yaşamışdır. Həmin vaxtı Qurban ona yaşadıqları evin təmirə ehtiyacı olduğunu bildirmişdir. Bu zaman özündə 4000 manat pul olmuşdur. Həmin pulu ona qardaşı dar günləri üçün vermişdir. Həmin pulu Qurban ondan döyərək almış, həmin pulu evin təmirinə xərcləmiş, lakin pulları çatmadığına görə Qurban ona “gedək bankdan kredit götürək və evin təmirini başa çatdıraq” deyə bildirmişdir. Həmçinin, Qurban ona “mən səndən bu pulları borc kimi alıram, gələcəkdə evi təmir eliyib qurtarandan sonra və özümə avtomobil alandan sonra sənin pulunu qaytaracam” deyə bildirmişdir. O da Qurbanın sözünə inanaraq 2024-cü ilin avqust ayının 19-da "xxxx" ASC-dən 5680 manat kredit götürmüş, həmin pulun bir hissəsi ilə adına olan “Bir Bank” kartını bağlamış və yerdə qalan 5000 manata yaxın pulla evə gəlmişdir. Həmin vaxt Qurban həmin pulu ondan döyərək almışdır. Lakin həmin vaxtı o, aidiyyəti qurumlara müraciət etməmişdir. 2024-cü ildə Qurban ilə birlikdə Ucar şəhərində yerləşən qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Həmin vaxt o, Qurbanın əvvəlki həyat yoldaşından boşanmadığını öyrənmiş və bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Çünki o, hələ Qurbanla ər-arvad münasibətində olmamışdan əvvəl Qurban onlara əvvəlki həyat yoldaşından boşandığını bildirmişdir. Daha sonra onlar evə gəlmiş və o, Qurbana "bəs sən nə üçün əvvəlki həyal yoldaşından ayrılmamış məni bu evə gətirmisən?" deyə bildirmişdir. Qurban da ona “mən ondan ayrılmayacam, sən mənim üçün vacib deyilsən" deyə bildirmişdir. O da Qurbana “mən sənə vacib deyiləmsə nə üçün sən məni kreditə saldın. Əgər belədirsə mənim pulumu ver, mən gedim övladımı saxlayım” deyə bildirmişdir. Hər dəfə bu barədə, yəni pulunu tələb edən zaman Qurban onu döyərək xəsarətlər yetirmişdir. Bu barədə əvvəllər, bir dəfə polis orqanlarına müraciət etmişdir. 25 fevral 2025-ci il tarixdə, saat 20 radələrində yenidən bu barədə Qurban ilə mübahisələri olmuşdur. Həmin vaxt Qurban ona “bu axşam səni bu evdən qovacam” deyə bildirmiş və qonşusu, həm də qardaşı oğlu olan Şahid1 zəng edərək evə çağırmışdır. Əli onların evinə gələn zaman onlar hələ də mübahisə etmişlər. Bundan sonra Qurban qardaşı Mirtusiyə zəng edərək evə dəvət etmişdir. Təxminən yarım saat sonra qardaşı Mirtusi onların yaşadığı ünvana gəlmişdir. Həmin vaxt yanlarında qaynanası Mehbarə, qaynının yoldaşı Xuraman, qızı Xavər və Qurbanın oğlu Elgiz olmuşlar. Qardaşı gələndən sonra Qurban Mehbarə və Xuramanı o biri otağa keçirtmişdir. Qızı Xavərlə birlikdə isə o, ayrı bir otağa keçmişlər. Lakin qızı ilə birlikdə qapının arasından onlara baxmışdır. Bu vaxt Qurban və Əli qardaşına “bizim səninlə qohumluq əlaqəmiz bitdi, bacını götür çıx get” deyə bildirmişlər. Qardaşı da onlara “nə üçün bacımı aparmalıyam?” deyə bildirmişdir. Qurban da qardaşına “mən artıq sənin bacını istəmirəm, götür bacını cəhənnəm ol çıx get” deyə bildirmişdir. Qardaşı da Qurbana “sən kişi hərəkəti eləmirsən, ailənə sahib çıx” deyə bildirmişdir. Qurban da qardaşına “mənim ailəm var, uşağımın anası var” deyə bildirmişdir. Daha sonra onlar qardaşının üzərinə getmişlər. Həmin vaxtı birinci dəfə Əli qardaşının qollarından tutmuş və Qurban qardaşının qollarına və ayağına yumruq və təpiklə ilə vurmuşdur. Daha sonra Əli qardaşının qollarına və ayağına yumruq ilə vurmağa başlamışdır. Qardaşı yerdə olan zaman qızı qorxduğundan otaqdan qaçaraq çölə çıxmış və onu da çölə çıxartmışdır. O, qızına “icazə ver içəri girim, dayını döyürlər” deyə bildirmişdir. Qızı da ona “yox onlar səni də döyərlər” deyə bildirmişdir. Lakin daha sonra qızı onu içəri girməyə icazə vermişdir. İçəri daxil olandan sonra qardaşını yerdən qaldırmış və bir stəkan su vermişdir. Həmin vaxtı Qurban DİN-in 102 xidmətinə zəng etmiş və ardınca o da baş vermiş hadisələr barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmçinin, qardaşı da baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Daha sonra Əli və Qurban qardaşını evinə aparmışlar. Həmin söhbətdən sonra Qurban qaynanası Şahid2 və oğlunu baldızıgilə aparmış və o, qızı ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. 01 mart 2025-ci il tarixdə, 17 radələrində o, işdən evə gələn zaman qapının bağlı olduğunu görmüş və arxadan yaxınlaşaraq qızı ilə birlikdə evə daxil olmuşlar. Təxminən yarım saat sonra Qurban evə gəlmiş və o, Qurbandan qapının açarını istəmişdir. Bu zaman Qurban onu sinəsindən itələmiş və o, yerə yıxılmışdır. Daha sonra Qurban onun üzərinə gələrək yumruq ilə onun qollarına vurmağa başlamış və daha sonra qapını bağlayaraq çıxıb getmişdir. O da çölə çıxaraq bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. 02 mart 2025-ci il tarixdə, saat təxminən 00:10 radələrində isə Qurban evə gələn zamanı o, qızı ilə birlikdə yatmışlar. Qurban evə daxil olduqdan sonra onlar yatdığı otağın qapısına təpiklə vurmuş, qazı söndürmüş və televizorun səsini artırmışdır. O da Qurbana “televizorun səsini al, çünki mən səhər işə gedəcəm. Qapıya da təpik vurma, uşaq qorxur” deyə bildirmişdir. Daha sonra Qurban ona “yaxşı eləyirəm. Sən nə üçün hələ də burdasan. Mən səndən boşanıb həyat yoldaşımı evə gətirəcəm" deyə bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və o, həmin vaxt evdə olan süpürgənin arxasına taxılmış oxlov ilə qonaq otağında onun sol qoluna bir neçə dəfə vurmağa başlamış və sonra da öz otağına daxil olmuşdur. Daha sonra o, döyülməyi ilə bağlı Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 çıxışında bildirdi ki, təqsirləndirilən şəxsin ona 8000 manat borcu vardır, təqsirləndirilən şəxs ona və qardaşına dəymiş maddi və mənəvi ziyanı ödəsə həbs olunmasını tələb etmir, əks təqdirdə həbs olunmasını tələb edir. Həmçinin, bildirdi ki, ona dəymiş ziyan hissə-hissə ödəməyi tələb edir, əks halda məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 fevral 2025-ci il tarixdə, saat 20 radələrində o, əmisi Qurbangilə getmiş və həmin vaxtı Qurbanın Zeynəblə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Qurban ona “Zeynəb mənimlə tez-tez mübahisə edir, artıq onunla yaşaya bilmirəm, ondan boşanmaq istəyirəm” deyə bildirmişdir. Daha sonra Qurban Zeynəbin qardaşı Mirtusinin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və evə çağırmışdır. Təxminən yarım saat sonra Mirtusi Qurbanın yaşadığı evə gəlmişdir. Həmin vaxtı evdə nənəsi Mehbarə, anası Xuraman, Zeynəbin qızı Xavər və Qurbanın oğlu Elgiz olmuşlar. Mirtusi evə gələndən sonra anası və nənəsi o biri otağa keçmişlər. Zeynəb isə başqa otaqda olmuş, amma yanlarında olmamışdır. Qurban Mirtusiyə “bacını başa sal, hər gün evdə mübahisə yaradır, bunu yoluna qoymaq lazımdır, ya o yanlıq, ya da bu yanlıq" deyə bildirmişdir. Daha sonra Mirtusi mətbəxə getmiş və bıçağı götürüb Zeynəbi öldürmək istəmişdir. Həmin vaxtı o və Qurban Mirtusinin qollarından yapışmış və bir az kənara çəkmişlər. Daha sonra o, Zeynəbin olduğu otağın qapısının qarşısında dayanmışdır ki, Mirtusi Zeynəbə heç nə etməsin. Həmin vaxt Mirtusi özünü qapıya çırpmışdır. Bundan sonra Mirtusi yerə yıxılmışdır. Daha sonra Qurbanla Mirtusi arasında mübahisə yaranmışdır. Həmin vaxt o, Qurbanı tutaraq kənara çəkmişdir. Bundan sonra Qurban DİN-in 102 xidmətinə müraciət etmişdir. Qurbandan sonra Zeynəb də DİN-in 102 xidmətinə zəng etmişdir. Zeynəbdən sonra isə Mirtusi də DİN-in 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmişlər və bir müddətdən sonra o, Qurban ilə birlikdə Mirtusini evlərinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Qurban Zeynəblə ailə həyatı qurmasa da birlikdə ər-arvad münasibətində olmuşdur. X15 rayonu ərazisində taski fəaliyyəti ilə məşğul olduğundan bəzi vaxtlarda evə gec gəlmişdir. Ona görə də tez-tez Zeynəblə Qurban arasında mübahisə olmuşdur. Həmçinin, Qurbanla Zeynəb arasında pul üstündə də mübahisələri olmuşdur. X11 nə qədər pul verməsindən, Zeynəbin nə qədər kredit götürməsindən xəbəri olmamışdır. 25 fevral 2025-ci il tarixdə, saat 20 radələrində pul üstündə Zeynəblə Qurban arasında yenə mübahisə olmuşdur. Bir müddət sonra Əli anası Xuraman ilə birlikdə gəlmişdir. Daha sonra isə Qurban Mirtusiyə zəng edərək öz evinə çağırmışdır. Təxminən yarım saat sonra isə Mirtusi gəlmişdir. Həmin vaxtı evdə o, gəlini Xuraman, Zeynəbin qızı Xavər və Qurbanın oğlu Elgiz olmuşlar. Mirtusi gələndən sonra o, Xuraman və Elgiz o biri otağa keçmişlər. Zeynəb və Xavər isə digər ayrı bir otağa keçmişlər. Mirtusi, Qurban və Əli isə qonaq otağında oturub söhbət etmişlər. Həmin vaxt Qurban Mirtusiyə “bacını başa sal, hər gün evdə mübahisə yaradır, bunu yoluna qoymaq lazımdır” deyə bildirmişdir. Daha sonra Mirtusi mətbəxə getmiş və bıçağı götürüb Zeynəbi öldürmək istəmişdir. Daha sonra Qurban və Əli Mirtusinin qollarından yapışmış və Mirtusini bir az kənara çəkmişlər. Daha sonra X10 heç nə etməməsi üçün Zeynəbin olduğu otağın qapının qarşısında dayanmışdır. Həmin vaxt Mirtusi özünü qapıya çırpmışdır. Bundan sonra Mirtusi yerə yıxılmışdır. Daha sonra Qurbanla Mirtusi arasında mübahisə yaranmışdır. Həmin vaxt Əli Qurbanı tutaraq kənara çəkmişdir. Bir müddətdən sonra isə Qurban DİN-in 102 xidmətinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmişlər və bir müddətdən sonra Qurban Əli ilə birlikdə Mirtusini evinə aparmışlar. Daha sonra Qurban evə gəlmiş və növbəti gün onu və Elgizi qızıgilə aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun anası, Zərərçəkmiş şəxs1 isə dayısıdır. Əvvəllər anası dayısından 4000 manat borca pul götürüb Qurbana vermişdir. Qurban da həmin pulu evin təmirinə və hamamın təmirinə xərcləmişdir. Lakin həmin pul çatmadığından anası daha sonra kredit götürmüş və Qurbana vermişdir. Lakin anasının nə qədər kedit götürməsindən xəbəri olmamışdır. Bundan sonra anası ilə Qurban arasında mübahisələr başlamışdır. Anası Qurbana “əgər məni istəmirsənsə, pulumu ver mən çıxım gedim” deyə bildirmişdir. Qurban da anasına “mən sənə pul verməyəcəm, sən də çıx get burdan” deyə bildirmişdir. 25 fevral 2025-ci il tarixdə, saat 20 radələrində anası ilə Qurban arasında yenidən mübahisə yaranmışdır. Daha sonra Əli də onların evinə gəlmişdir. Həmin vaxtı onların evində Əli, nənəsi, yəni Qurbanın anası Mehbarə, Xuraman və Qurbanın oğlu Elgiz olmuşdur. Təxminən yarım saat sonra Qurban dayısı Mirtusiyə zəng edərək evinə çağırmışdır. Dayısı evə gəldikdən sonra Qurban və Əli onu və anasını bir otağa, Mehbarə, Xuraman və Elgizi isə digər bir otağa keçirmişdir. Dayısı, Əli və Qurban isə zalda söhbət etmişlər. Anası və o, isə qapının arasından onlara baxmışlar. Qurban və Əli dayısına “bacını götür çıx get” deyə bildirmişdir. Dayısı da onlara “nə üçün bacımı aparmalıyam” deyə bildirmişdir. Daha sonra onlar dayısı Mirtusinin üzərinə cummuş və birinci Qurban Mirtusini əl və ayağı ilə vurmağa başlamışdır. Daha sonra Əli dayısının kürəyini yerə vurmuş və Qurban və Əli dayısını yenidən döyməyə başlamışdır. Həmin vaxt o, qorxduğu üçün çölə çıxmış və anası da onun arxasınca gəlmişdir. Anası Zeynəb ona “qızım icazə ver içəri girim, dayını döyürlər” deyə bildirmişdir. O da anasına “yox onlar səni də döyərlər” deyə bildirmişdir. Lakin daha sonra anasının içəri girməsinə icazə vermişdir. Həmin vaxt anası dayısını yerdən qaldırmış və su vermişdir. Daha sonra Qurban DİN-in 102 xidmətinə müraciət edərək, evə basqın edildiyini bildirmişdir. Sonra da anası polisə zəng etmişdir. Bunun ardınca isə dayısı polisə müraciət etmişdir. Sonra Əli və Qürban Mirtusini evə aparmışdır. Səhəri gün Qurban anası Mehbarəni və oğlu Elgizi bacısıgilə aparmışdır. 01 mart 2025-ci il tarixdə, saat 17 radələrində anası işdən evə gələn zaman qapının bağlı olduğunu görmüş və arxadan yaxınlaşaraq birlikdə evə daxil olmuşlar. Təxminən yarım saat sonra Qurban evə gəlmiş və Zeynəbə “nə sırtıx adamsan, hələ də burdasan” deyə bildirmişdir. Zeynəb də Qurbandan evin açarını istəmişdir. Bu zaman Qurban Zeynəbin sinəsindən itələmiş və Zeynəb yerə yıxılmışdır. Daha sonra Qurban Zeynəbi vurmağa başlamış və sonradan qapını bağlayaraq çıxıb getmişdir. Zeynəb də çölə çıxaraq bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. 02 mart 2025-ci il tarixdə, saat 00:10 radələrində Qurban evə gələn zaman o, anası ilə birlikdə yatmışdır. Daha sonra onların yatdığı otağın qapısına təpiklə vurmuş, televizorun səsini artırmış və qazı söndürmüşdür. Bundan sonra Zeynəb Qurbana “niyə televizorun səsini artırırsan, qapıya niyə təpiklə vurursan, qazı və işığı niyə söndürürsən” deyə bildirmişdir. Qurban da Zeynəbə “yaxşı eləyirəm” deyə cavab vermişdir. Daha sonra isə Qurban süpürgənin arxasına taxılmış oxlov ilə Zeynəbin qoluna vurmuşdur. Sonra isə Qurban öz otağına getmişdir. Həmin vaxt evdə o, anası Zeynəb və Qurban olmuşlar. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 04 mart 2025-ci il tarixli, 67 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- sol saidin orta və aşağı 1/3-nin qançırı, şişkinliyi. aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiət olunan sol mil-bilək oynağının şişkinliyi dirsəyin şişkinliyi, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 02 mart 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir və öz boyu hündürlüyündən yıxılma zamanı əmələ gəlməsi inkar edilir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 28 fevral 2025-ci il tarixli, 65 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiət olunan sol dirsəyin şişkinliyi, qançırı və sıyrığı, sağ bazunun aşağı 1/3-nin arxa səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 25 fevral 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir, öz boyu hündürlüyündən yıxılma nəticəsində törənməsi inkar olunur. Qeyd edilən xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş 01 may 2025-ci il tarixli yenidən ittihamın, eləcə də 24 aprel 2025-ci il tarixdə onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanmasının nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 əməlində CM-in 128-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi və cinayət işindən materialın ayrılaraq rayon prokurorluğuna göndərilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində CM-in 221ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi və cinayət işindən materialın ayrılaraq rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 5-80-26/2- 386/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası-Şahid2 və 2012-ci il təvəllüdlü oğlu-X2 ibarətdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(063)- 129/2025 nömrəli qətnaməsi ilə iddiaçı X3 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında Ucar rayon Qarabörk kənd icra nümayəndəliyində 28 aprel 2011-ci il tarixdə, 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 04 fevral 2012-ci il təvəllüdlü X4 atası, cavabdeh Təqsirləndirilən şəxs himayəsində və yanında saxlanılması qət edilmişdir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf edərək səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətləri təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs isnad olunan CM-in 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd oxlov hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi və maddi sübutun məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Qarabörk kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd oxlov hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi və maddi sübutun məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-46/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-46/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver