Məhkəmə qərarları › İş №1(063)-49/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-49/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-49/2025 24.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 24 sentyabr 2025-ci il tarixdə Ucar Rayon Məhkəməsinin binasında xx xxxxxx 1984-cü il tarixində Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə, saat 15 radələrində sərxoş vəziyyətdə Ucar rayonu, Qaradağlı kəndində, anası Zərərçəkmiş şəxs yaşadığı evin həyətində sonuncudan həyətində əkdiyi tərəvəzləri dağıtmasını tələb etmiş, Zərərçəkmiş şəxs onun bu tələbi ilə razılaşmadıqda isə bunu bahanə edərək hasarın üstündən keçməklə həyətə daxil olub Zərərçəkmiş şəxs saçından tutaraq yerə yıxıb yumruq və təpiklə başına və bədəninin digər nahiyələrinə qəsdən vuraraq sonuncuya sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ sağrının və sağ budun yuxarı 1/3-nin arxa səthinin iri ölçülü qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar rayonu, Qaradağlı kəndində tək yaşayır. O, 2007-ci ildə həmkəndlisi Baharla evlənmiş və sonuncu ilə olan nikahından üç qız övladları var. Mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə Bahar ondan ayrılmış və sonuncu hahazırda qızları ilə birlikdə Ucar şəhərində kirayədə yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. X6 rayonu, Qaradağlı kəndində onunla qonşuluqda yaşayır. Əvvəllər anası ilə münasibəti yaxşı olmuş, ancaq son zamanlar spirtli içki qəbul edərkən anası gəlib onu danladığına görə münasibətləri yaxşı deyildir. Arvadı Baharın ondan ayrılıb getməsi, anasının da tez-tez gəlib onu danlaması onda anasına qarşı nifrət yaratmış, ona görə də anasına ondan uzaq olmasını demiş, anası isə ona əhəmiyyət verməmiş və görən kimi ona iradlarını bildirmişdir. 08 aprel 2025-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə yemək yeyərkən bir ədəd 0,5 litrlik araq içmiş, saat 15 radələrində isə küçəyə çıxıb anasının yaşadığı evə tərəf getmişdir. Anasının yaşadığı evin qarşısına çatanda qızı Aynişanın anasının yaşadığı evin həyətində olduğunu, anasının isə onun həyətindən götürdüyü bellə öz həyətində əkdiyi tərəvəzlərə qulluq göstərdiyini görmüşdür. Həyətində olan beli anasının götürməsi onda əsəb yaratmış və qızı Aynişanı çağırıb ona nənəsinə əkdiyi tərəvəzləri dağıtmasını, yoxsa onun üçün çox pis olacağını demişdir. Anası onun Aynişanla danışdığını görmüş və işini dayandırıb Aynişanın yanına gələrək nə olduğunu soruşmuş, Aynişan da onun sözlərini anasına demişdir. Aynişanın sözlərindən sonra anası əziyyət çəkib tərəvəz əkdiyini, həmin tərəvəzlərdən onun da yediyini, əkdiyi tərəvəzləri dağıtmayacağını bildirmiş, o, sərxoş vəziyyətdə olduğuna görə söyüş ifadələri işlədib evin həyət qapısına tərəf getmiş, onun qapıya tərəf gəldiyini görən bacısı Ruhiyə tez yaxınlaşıb arxadan qapını bağlamış, o qapını itələsə də, aça bilməyib ayağını hasarın yaxınlığından keçən qaz xəttinin üstünə qoymaqla hasarın üstünə çıxmışdır. Bacısı Ruhiyyə onun hasarın üstünə çıxdığını görüb anasına «mama qaç Ruhin hasardan keçib həyətə daxil olur, səni vuracaq» demiş, anası da qorxub evin arxa tərəfinə qaçmışdır. O, hasarın üstündən həyətə tullanıb anasının arxasınca qaçmış və evin arxa tərəfində anasına çatıb əli ilə arxadan anasının saçından tutub özünə tərəf çəkərək yerə yıxmışdır. Həmin vaxt bacısı Ruhiyyə gəlib araya keçərək onları ayırmış və o anasını buraxıb öz evinə getmişdir. Həmin gün yaşadığı evə polis əməkdaşları gələndə anasının onun barəsində polis şöbəsinə şikayət etdiyini bilmişdir. Anası ilə aralarında mübahisə anasının yaşadığı evin həyətində olmuş və həyətdə də anasını saçından tutub çəkərək yerə yıxmışdır. Həmin hadisə isə təxminən 5-6 dəqiqə davam etmişdir. Anasını yerə yıxdığını bacısı Ruhiyyə və qızı Aynişan görmüşlər. Anasını yerə yıxdıqdan sonra yumruq və təpiklə vurmamış və sonuncunun bədəni üzərində olan xəsarətləri hansı şəraitdə almasını bilməmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Qaradağlı kəndində tək yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur və sonuncu Ucar rayonu, Qaradağlı kəndində onunla qonşuluqda yaşayır. Ruhin 2007-ci ildə həmkəndlisi Baharla evlənmiş və onların bu nikahdan üç qız övladı var. Oğlu Ruhin spirtli içki aludəçisi olduğuna görə tez-tez sərxoş vəziyyətdə evə gəlib arvadı Baharı incitmiş, sonuncu uşaqlarını götürüb atası evinə getmiş, bir müddət keçdikdən sonra o, gedib xahiş edərək Baharı öz evinə gətirmişdir. 2025-ci ilin yanvar ayında Ruhinin sərxoş vəziyyətdə evə gəlib Baharla mübahisə etdiyini və sonuncunun Ucar şəhərinə gəlib uşaqları ilə birlikdə kirayə götürdüyü evdə yaşadığını eşitmişdir. Həmin vaxtdan sonra Ruhin tez-tez onun evinə gəlib ondan Baharla danışıb onu evə gəlməyə razı salmasını xahiş etmişdir. Onlar əvvəlcə Ruhini həkimə aparıb bir müddət müalicə etdirmiş və sonuncu iki aya yaxın müddətdə spirtli içki qəbul etməmişdir. Ruhinin spirtli içki içmədiyini görüb özü bir neçə dəfə Ucar şəhərinə gəlib Baharla görüşərək ondan uşaqlarını da götürüb evinə qayıtmasını xahiş etmiş, Bahar isə Ruhinin spirtli içkidən uzaq duracağına inanmadığını deyərək onunla razılaşmamışdır. O, dəfələrlə Ucar şəhərinə gəlib Baharla görüşsə də, onu Qaradağlı kəndinə gəlib öz evində yaşamağa razı sala bilməmiş və Ruhin yenidən spirtli içki içmişdir. Ruhin sərxoş vəziyyətdə olanda Baharın evə qayıtmamasında onu günahkar hesab edərək evinə gəlib onunla mübahisə etmiş, o isə Ruhinə baş qoşmayaraq onu yola verməyə çalışmışdır. Ruhinin qızı Aynişan Ucar rayonu, Çiyni kənd tam orta məktəbində təhsil aldığına görə çox vaxt gəlib onun yanında qalmışdır. 08 aprel 2025-ci il tarixdə təxminən saat 15 radələrində həyətində əkdiyi tərəvəzlərə qulluq göstərərkən Ruhin qışqıraraq həyətdə dayanmış qızı Aynişanı yanına çağırmış, sonuncu yaxınlaşıb atası ilə söhbət etmiş, ancaq o, kənarda olduğuna görə onların nə barədə söhbət etdiklərini eşidə bilməmişdir. O, nəvəsi Aynişanın dayandığı yerə gəlib nə olduğunu soruşduqda sonuncu ona Ruhinin əkdiyi tərəvəzləri dağıtmasını, yoxsa onu döyüb pis günə qoyacağını deməsini bildirmişdir. O, küçə tərəfdə dayanmış Ruhinə tərəvəzləri əziyyət çəkib əkdiyini, həmin tərəvəzlərdən onun da yediyini bildirəndə sonuncu ona qarşı söyüş ifadələri işlədərək həyət qapısına tərəf gəlmiş, bunu görən qızı Ruhiyyə tez yaxınlaşıb Ruhinin həyətə daxil ola bilməməsi üçün həyət qapısını örtərək arxadan bağlamışdır. Ruhin sərxoş vəziyyətdə olduğuna və onun ünvanına söyüş ifadələri işlətdiyinə görə qızı Ruhiyyə həyətə daxil olacağı təqdirdə Ruhinin onu döyəcəyini bilmişdir. O, evə tərəf gedəndə qızı Ruhiyyə «mama qaç Ruhin hasardan keçib həyətə daxil olur» demiş və çevrilib baxanda Ruhin hasarın üstünə çıxdığını görmüşdür. Ruhinin onu döyəcəyini bildiyi üçün evin arxa tərəfinə qaçmışdır ki, oradan da qonşunun həyətinə keçib getsin. Evin arxa tərəfinə çatanda Ruhin arxadan ona çatmış və əlləri ilə saçından tutub çəkərək onu yerə yıxıb təpiklə sol gicgah nahiyəsinə, yumruqla isə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Qızı Ruhiyyə yaxınlaşıb «yazıqdı, adam öz anasını vurmaz, günahdı, vurma» deyərək Ruhinu tutub kənara çəkmiş, sonuncu sakitləşməyərək təpik və yumruqla onu vurmuş, Ruhiyyə çətinliklə də olsa Ruhini ondan uzaqlaşdırmış və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Ruhinin onu döyməsi barədə məlumat vermişdir. Sonra yaşadığı ev polis əməkdaşları gəlmiş və o, oğlu Ruhin tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Oğlu Ruhin onu Ucar rayonu, Qaradağlı kəndində yaşadığı evin həyətində döyərək xəsarət yetirmişdir. Ruhinin onu döyməsini qızı Ruhiyyə və nəvəsi Aynişan görmüşlər. Aralarında olan mübahisə zamanı o Ruhini vurmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 İsrafil qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ucar rayonu, Qazıqumlaq kəndində yaşayır. Zərərçəkmiş şəxs doğma anası, Təqsirləndirilən şəxs isrəfıl oğlu isə doğma qardaşıdır. 2025-ci ilin mart ayının sonlarında o, Ucar rayonu, Qaradağlı kəndinə gəlib anasının yanında qalmışdır. Qardaşı Ruhin də Qaradağlı kəndində anası ilə qonşuluqda yaşayır. Qardaşı Ruhin spirtli içki aludəçisi olduğuna görə arvadı Bahar ondan ayrılıb uşaqları ilə birlikdə Ucar şəhərində kirayə götürdüyü evdə yaşamışdır. Ruhinin qızı Aynişan Ucar rayonu, Çiyni kənd tam orta məktəbində təhsil aldığına görə çox vaxt gəlib nənəsi Məlahətin yanında qalmışdır. 08 aprel 2025-ci il tarixdə, saat 15 radələrində anasının yaşadığı evin həyətində olarkən küçə tərəfdə dayanmış Ruhinin həyətdə olan qızı Aynişana anasının əkdiyi tərəvəzləri dağıtmasını, yoxsa onun üçün çox pis olacağını deməsini eşitmişdir. Həmin vaxt anası da evin arxa tərəfində əkdiyi tərəvəzlərə qulluq göstərmişdir. Anası Aynişana yaxınlaşıb nə olduğunu soruşmuş, Aynişan da Ruhinin dediyi sözləri anasına demişdir. Aynişanın sözlərindən sonra anası küçə tərəfdə dayanmış Ruhinə əziyyət çəkib tərəvəz əkdiyini, nəyə görə dağıtmalı olduğunu, həmin tərəvəzlərdən onun da yediyini bildirdikdə Ruhin anasına qarşı söyüş ifadələri işlədərək həyət qapısına tərəf gəlmişdir. Ruhinin sərxoş vəziyyətdə olduğunu, həyətə daxil olacağı təqdirdə anasını vuracağını bilmiş, ona görə də Ruhinin həyətə daxil ola bilməməsi üçün tez yaxınlaşıb həyət qapısını örtərək arxadan bağlamışdır. Ruhin onun qapını bağladığını görüb hasarın üstünə çıxmış və o, anasına «mama qaç Ruhin hasardan keçib həyətə daxil olur» demiş, anası da Ruhinin hasarın üstünə çıxdığını görüb evin arxa tərəfinə qaçmışdır. Ruhin həyətə tullanıb anasının arxasınca qaçanda o da onun arxasınca qaçmışdır ki, onun anasını döyməsinə mane olsun. Evin arxa tərəfində Ruhin anasına çatıb əli ilə arxadan anasının saçından tutaraq çəkib yerə yıxmış, sonra isə təpik və yumruqla anasının başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Yaxınlaşıb Ruhinə «yazıqdı, adam oz anasını vurmaz, günahdı, vurma» demiş və arxadan tutub çəkərək anasını onun əlindən almağa çalışmış, Ruhin isə sakitləşməyib söyüş söyərək təpik və yumruqla vuraraq anasını döymüşdür. O, çox çətinliklə anasını Ruhinin əlindən almış, sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Ruhinin anasını döyməsi barədə məlumat vermişdir. Həyətdə olarkən anasının sifət nahiyəsinə baxanda sol gicgah nahiyəsində şişkinlik yarandığını görmüşdür. Sonra anasının yaşadığı evə polis əməkdaşları gəlmiş və anası Ruhin tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Ruhin anasını Ucar rayonu, Qaradağlı kəndində anasının yaşadığı evin həyətində döyərək xəsarət yetirmişdir. Ruhinin anasını döyməsini onunla Ruhinin qızı Aynişan görmüşlər. Həmin hadisə zamanı Ruhin onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, anası Bahar, azyaşlı bacıları Zəhra və Damla ilə birlikdə Ucar şəhəri, Nizami küçəsində yaşayır. Ucar rayonu, Çiyni kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alır. Zərərçəkmiş şəxs nənəsi, Təqsirləndirilən şəxs İsrəfıl oğlu isə doğma atasıdır. Atası sipirtli içki aludəçisi olduğuna görə tez-tez sərxoş vəziyyətdə evə gəlib anasını incitmiş, ona görə də anası atasından ayrılıb Ucar şəhərinə gəlmiş və hal-hazırda onlar Ucar şəhəri, Nizami küçəsində kirayədə yaşayırlar. Ucar şəhərindən Çiyni kənd tam orta məktəbinə gedib-gəlmək bir qədər çətinlik yaratdığına görə o, çox vaxt Qaradağlı kəndinə gedib nənəsi Məlahətin yanında qalaraq oradan məktəbə gedib-gəlmişdir. 2025-ci ilin mart ayının ortalarında o, Qaradağlı kəndinə gedib sonrakı günlərdə nənəsinin yanında qalmış, 2025-ci ilin mart ayının sonlarında isə bibisi Ruhiyyə Ucar rayonu, Qaradağlı kəndinə gəlib sonrakı günləri onların yanında qalmışdır. X4 kəndində nənəsinin yaşadığı evin qonşuluğunda olan evdə tək yaşayır. Atası ayıq vəziyyətdə olanda o, onun yaşadığı evə gedib-gəlmiş, sərxoş vəziyyətdə olanda isə atasından uzaq durmuşdur. Çünki atası sərxoş vəziyyətdə olanda əsəbi olmuş və səbəbsiz yerə söyüş söyərək münaqişə yaratmışdır. 08 aprel 2025-ci il tarixdə təxminən saat 15 radələrində nənəsinin evində olarkən atasının qışqıraraq onu çağırdığını eşidib həyətə çıxmış və baxanda atasının tək küçədə, nənəsinin evinin həyət qapısına yaxın yerdə dayandığını görüb yaxınlaşaraq ondan nə lazım olduğunu soruşmuş, atası da ona nənəsinin əkdiyi tərəvəzləri dağıtmasını, yoxsa onun üçün çox pis olacağını nənəsinə deməsini bildirmişdir. Həmin vaxt nənəsi özü də evin arxa tərəfində əkdiyi tərəvəzlərə qulluq göstərmişdir. Səsə nənəsi onun yanına gəlib nə olduğunu soruşmuş, o, atasının dediyi sözləri nənəsinə bildirəndə nənəsi üzünü küçədə dayanmış Ruhinə tərəf tutaraq əziyyət çəkib tərəvəz əkdiyini, nəyə görə dağıtmalı olduğunu, həmin tərəvəzlərdən onun da yediyini bildirdikdə atası söyüş söyərək həyət qapısına tərəf gəlmişdir. Atası qapıya tərəf gələndə bibisi Ruhiyyə tez yaxınlaşıb həyət qapısını örtərək arxadan bağlamışdır. Bibisi Ruhiyyə qapını bağlayanda atası hasarın üstünə çıxmış və bunu görən bibisi «mama qaç Ruhin hasardan keçib həyətə daxil olur, səni vuracaq» demiş, nənəsi özü də Ruhinin hasarın üstünə çıxdığını görmüş və çevrilib evin arxa tərəfinə qaçmışdır. Atası həyətə tullanıb nənəsinin arxasınca qaçanda bibisi də onların arxasınca qaçmışdır. Bibisi atasına çata bilməmiş və atası evin arxa tərəfində nənəsinə çatıb əli ilə arxadan saçından tutub çəkərək nənəsini yerə yıxmış, sonra isə təpik və yumruqla vuraraq nənəsini döymüşdür. O, qorxduğu üçün onlara yaxınlaşmamış və bibisi çox çətinliklə də olsa, nənəsini atasının əlindən alıb evin qarşısına gətirmiş, sonra isə bibisi özü Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub nənsinin döyülməsi barədə məlumat vermişdir. Həmin vaxt nənəsinin sifət nahiyəsinə baxanda sol gicgah nahiyəsinin şişdiyini görmüşdür. Bir qədər keçdikdən sonra nənəsinin yaşadığı ev polis əməkdaşları gəlmiş və nənəsi döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında elan edilmiş işin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 09 aprel 2025-ci il tarixli, 103 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ sağrının və sağ budun yuxarı 1/3-nin arxa səthinin iri ölçülü qançırı küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 08 aprel 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci vərəqəsində olan 18 aprel 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-cı vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən 08 aprel 2025-ci il tarixli Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, oğlu Ruhin onu döymüşdür və tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-58 və 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 aprel 2019-cu il tarixdə Ucar Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Sonuncu hazırda üzərində ödənilməmiş məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş Ucar rayon icra və probasiya şöbəsinin 15 iyul 2025ci il tarixli, 3-16-35-85/2-53099/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin 1(063)-23/2024 saylı, 24 aprel 2024-cü il tarixli hökmünə əsasəən 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 14 mart 2025-ci il tarixdə başa çatmış və məhkum şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Ucar rayon mərkəzi xəstəxanası” X5 tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 18-1-77/2-537/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-47-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx xxxxxxxx 2010-cu il təvəllüdlü Aynişan, 19 oktyabr 2011-ci il təvəllüdlü Zəhra və 07 oktyabr 2014-cü il təvəllüdlü Damla adlı uşaqları olmaqla, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqəsində olan 07 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan 07 may 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-104-cü vərəqələrində olan 14 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs ifadəsində 08 aprel 2025-ci il tarixdə anası Zərərçəkmiş şəxs yaşadığı evin həyətində sonuncunu yerə yıxdıqdan sonra yumruq və təpiklə vurmamasını göstərməsinin 07 may 2025-ci il tarixli vəsatətə baxılması haqqında qərarla özünü müdafiə kimi qiymətləndirilərək rədd edilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 09 aprel 2025-ci il tarixli, 103 nömrəli rəyi, təqdirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələri və istintaq hərəkətinin protokolları sübut kimi qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi və şahidin elan olunmuş ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan (ikisi azyaşlı olmaqla) uşaqlarının olması, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslə barışaraq heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla bir neçə dəfə törədilməsini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi, eyni zamanda, həmin Məcəllənin 72ci maddəsinin qeyd hissəsinin 1-ci bəndi nəzərə alınmaqla Təqsirləndirilən şəxs eyni maddə üzrə başlanmış cinayət işi üzrə cinayət məsuliyyətindən 01 aprel 2019-cu il tarixli qərarla azad edilməsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar