Məhkəmə qərarları › İş №1(063)-6/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-6/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-6/2024 17.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1980-ci ildə Cəlilabad rayonu, Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, 3-cü dərəcəli əlil, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayasn mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,557 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşıyaraq saxlamış və özünü ona “Əkbər” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb, 24 iyun 2023-cü il tarixdə, saat 21 radələrində 1 ədəd 1316849№, 5.45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Kalaşnikov konsturksiyalı AK-74 modelli avtomatı əldə etmək barədə qabaqcadan razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının həmin silahı qoyduğu Bakı-Qazax avtomagistral yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 242-ci kilometrliyinin sağ tərəfində yerləşən çöl sahədən qanusuz əldə edib üzərində daşımaqla saxlamış və gəzdirmiş, həmin gün, saat 21 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanıldığı Bakı-Qazax avtomagistral yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 242-ci kilometrliyinin sağ tərəfində yerləşən çöl sahəyə keçirilmiş baxış zamanı yerdə olan bir ədəd şəffaf rəngli sellofan bükülüdə istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,557 qram çəkidə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı narkotik vasitə heroin və qabaqcadan özünü ona “Əkbər” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb qanusuz əldə edərək üzərində daşımaqla saxladığı və gəzdirdiyi 1 ədəd 1316849№, 5.45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah olan Kalaşnikov konsturksiyalı AK-74 modelli avtomat aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 228.2.1 və 234.1-ci maddələri ilə ittihamlar elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan heroindən tapdıqda istifadə etmişdir. Saxlanıldığı vaxtdan təxminən 10 gün əvvəl istifadə etdiyi «whatsapp» mobil tətbiqi vasitəsilə Əkbər adlı bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə əlaqə saxladığı mobil telefon nömrəsi +98 937 *** **** saylı olmuşdur. Həmin şəxs aralarında olan söhbətlər əsnasında 23 iyun 2023-cü il tarixdə Bakı-Qazax avtomagistral yolunun Ucar rayonu ərazisində keçən 242-ci kilometrliyində yolun sağ tərəfində yerləşən istifadəsiz binanın arxa hissəsində olan metalların alt hissəsində bir ədəd qara rəngli sellofan bükülüdə “əmanət” olacağı, həmin “əmanəti” götürüb Bakı şəhərinə aparmağını bildirmişdir. Lakin həmin şəxs silahı Bakı şəhərində hara aparacağını və kimə verəcəyini ona deməmişdir. Həmin şəxs qarşılığında sellofan bükülüdə 1200 manat pul olacağını və həmin pulun görəcəyi işin əvəzində ona çatacağını demişdir. Bundan sonra o, həmin şəxslə razılaşmışdır. 24 iyun 2023-cü il tarixdə Bakı şəhərində avtovağzal adlanan yerdən rayon taksilərinin biri ilə Ucar rayonu ərazisinə getmək üçün dəqiq olaraq tanımadığı ərazidə olarkən narkotik vasitə əldə etmiş və istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə olan heroindən istifadə etdiyi üçün özündə iynə və şpris gəzdirmişdir. Daha sonra tanımadığı rayon taksilərinin birinə əyləşərək Ucar rayonu ərazisində avtomagistral yolda düşəcəyini demişdir. Həmin gün, saat 20 radələrində Əkbər adlı şəxsin qeyd etdiyi yerə çatmış, orada yol kənarında, arxa hissəsi çöllük sahə olan istifadə olunmayan binanın arxa hissəsinə keçmişdir. Həmin ərazidə yerdə olan alümünium metalların alt hissəsinə baxdıqda bir ədəd qara rəngli bükülmüş sellofan torba aşkar etmişdir. Daha sonra bir qədər də qaranlıq və sakit yerə gedərək sellofan torbanı açmaq üçün həmin sellofan torbanı bir qədər kənara, yəni olduğu yerlə paralel istiqamətdə yerləşən qamışlıq arxın kənarına aparmışdır. Orada həmin sellofan torbanın üzərində yapışqan lentləri açdıqdan sonra bir ədəd “AK-74” markalı avtomat silah olduğunu görmüşdür. Daha sonra yenidən sellofanın içərisinə baxsa da, sellofanın içərisində pul tapmamışdır. Bundan sonra silah və sandığını götürüb yanına qoyaraq sakit və qaranlıq yerdə olduğu üçün Bakı şəhərində cibinə qoyduğu narkotik vasitə olan heroindən istifadə etmiş və üzərində narkotik vasitə qalmamışdır. Narkotik vasitə istifadə etdikdən sonra zamanın neçə keçdiyini anlamamışdır. Həmin gün, saat 22 radələrində olduğu qaranlıq yerə bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını qeyd edərək narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə onu saxlamışlar. Bundan sonra polis əməkdaşları və müstəntiqin iştirakları ilə olduğu yerə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı ondan dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmet olub-olmaması soruşulmuşdur. Bu zaman yaxınlıqda qanunla qadağan edilmiş əşya olduğunu qeyd etmişdir. Ondan həmin əşyaların nə olması soruşulduqda, “AK-74” markalı avtomat olmasını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə həmin yerə doğru getmişlər. Polis əməkdaşları “AK-74” markalı avtomata baxış keçirdikdən sonra, yanında olan bir ədəd boş daraq, bir ədəd spşris, bir ədəd flakona baxış keçirmişlər. Bundan sonra yerdə olan bir ədəd “Magna” markalı siqaret qutusuna baxış keçirilmiş və bu zaman qutunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə heroin aşkar edilmişdir. Halbuki, həmin vaxt onda narkotik vasitə qalmamışdır. Daha sonra müstəntiq həmin bükülüdəki heroini, bir ədəd şprisi, bir ədəd şüşə flakonu götürərək bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırmışdır. Zərfin üzəri o və bütün digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlə möhürlənmişdir. Bundan sonra aşkar olunmuş avtomat silahı yanlarında, yerdə olan qara rəngli sellofan bükülüdə sandığı ilə birlikdə büküldükdən sonra bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq götürülmüş və kisənin üzəri möhürlə möhürlənmişdir. Daha sonra o, polis əməkdaşlarına həmin odlu silahı götürdüyü yeri göstərmişdir. Bundan sonra Ucar Rayon Polis Şöbəsində Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə baxmayraq üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. O, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, heç bir vaxt heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Ona üzərində şəxsi axtarış və baxış aparılan zaman, eləcə də rayon polis şöbəsində izahat və ifadə verərkən hər hansı zor və ya zor tətbiqi hədəsi olmamışdır. O, Ucar rayon sakini olmadığından silah barədə heç kimin məlumatı olmamış, üzərində saxladığı odlu silahdan hər hansı bir cinayətin törədilməsində ümumiyyətlə istifadə etməmiş, odlu silah və darağın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən əlavə dəyişiklik etməmiş və ya silahı təmir etməmişdir. Məhkəmədən özünü CM-in 22.8.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilməməyini, özünü CM-in 228.1-ci maddəsi ilə təqsirli bilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşaqlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, 2-ci qrup əlil olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və hərbi xidmətdə olarkən medallar ilə təltif olunmasını, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü olmasını, özünü CM-in 228.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əmələ görə peşimançılıq çəkməsini, ailədə yeganə qaznac gətirən şəxs olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alaraq ona CM-in 228.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilməsə də, onun ittiham elan olunan əməllərin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ucar Рayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Ucar rayonu ərazisinə gələcəyi, üzərində silah və narkotik vasitə olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, Ucar Rayon Polis Şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və Ucar Rayon Polis Şöbəsinin PPXT-nin sürücü-polis nəfəri Şahid4 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı Şahid1 tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X2 həvalə olunmuşdur. 24 iyun 2023-cü il tarixdə, sааt təxminən 21 radələrində birlikdə Təqsirləndirilən şəxs gələcəyi əraziyə getmişlər. Bakı-Qazax magistral yolunun Ucar rayonu, Qarabörk kəndindən keçən 242-ci kilometrliyində, Yevlax rayonu istiqamətində yolun sağ tərəfində yerləşən çöl sahəyə çatdıqda, Təqsirləndirilən şəxs yerdə oturmuş vəziyyətdə və əlində avtomat olduğunu görüb dərhal onu saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs əlində olan silahı yerə atmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onda həmçinin narkotik vasitə olan heroin də olduğunu bildirmişdir. Bundan sonra dərhal əməliyyat-istintaq qrupunda olan müstəntiq hadisə yerinə dəvət olunmuş və baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və odlu silahların qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Baxış zamanı axşam saatları və hava qaranlıq olduğu üçün ətraf tam şəkildə aydın görünmədiyindən süni işıqlandırmadan istifadə edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və qanunsuz odlu silahların dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra olduğu yerdə ona məxsus olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yerdə ona məxsus olan dövriyyəsi qanunla qadağan edilmiş predmetlər olduğunu bildirmişdir. Müstəntiq tərəfindən həmin predmetlərin nə olması soruşulduqa isə “AK-74” markalı avtomat tipli silah olduğunu qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin silahın yerini göstərməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs baxışa başladıqları yerdən 10 metr sağ istiqamətdə kənarda yerləşən qamışlıq sahəyə tərəf getdikdən sonra əlini yerə uzadaraq orada olan bir ədəd avtomat və avtomatdan ayrı vəziyyətdə bir ədəd sandığı göstərmişdir. Avtomata baxış keçirilərkən bir ədəd sarı rəngli taxta qundaqlı, yaşıl rəngli kəmərli olması və üzərində 81 *** **** nömrəsi yazıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda internet vasitəsilə tanımadığı bir nəfər şəxslə tanış olduğunu, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yerə gələrək istifadə olunmayan binanın arxa tərəfində, çöllük sahədə, binanın divarının yaxılığında üzəri lay alüminium metalla örtülmüş silah olacağını, həmin silahı götürərək Bakı şəhərinə aparmasını bildirdikdə razılaşdığı üçün gəlib həmin silahı götürdüyünü qeyd etmişdir. Daha sonra müstəntiq tərəfindən avtomatın yanında yerdə olan digər predmetlərə baxış keçirilərkən bir ədəd istifadə olunmuş şpris, bir ədəd aşağı hissəsi yanmış şüşə flakon, bir ədəd sellofan bükümdə ağ rəngli kristalvarı kütlə, bir ədəd qara rəngli günəş eynəyi, bir ədəd avtomobil açarına bənzər açar və bir ədəd “Magna” markalı siqaret qutusu aşkar edilmişdir. Müstəntiq tərəfindən həmin əşyalara, eləcə də siqaret qutusuna baxış keçirilərkən qutunun içərisindəki siqaretlər götürüldükdən sonra içərisində bir ədəd şəffaf rəngli sellofan bükülü müəyyən edilmişdir. Həmin bükülü qutudan çıxarıldıqdan sonra içərisinə baxdıqda qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra bir ədəd sellofan bükülüdə olan narkotik vasitəheroinə bənzər kütlə, bir ədəd sellofan bükülüdə ağ rəngli, kristalvari kütlə, bir ədəd şüşə flakon və kağız parçasına büküldükdən sonra bir ədəd şpris götürülərək ümumilikdə bir ədəd ağ rəngli kağız zərfin içərisində qablaşdırılmış, zərfin üzəri DİN-in 71 nömrəsi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yerdə qalan bir ədəd qara rəngli günəş eynəyi ilə açar Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin əşyaları özü ilə götürmüşdür. Daha sonra olduqları yerin 1 metr yaxınlığında yerdə qara rəngli böyük sellofan və yapışqan lentlər olduğu bildirilmişdir. Həmin istiqamətə baxdıqda Təqsirləndirilən şəxs avtomat silahının həmin sellofana büküldüyünü və üzərinin də həmin lentlərlə bağlandığını bildirmişdir. Daha sonra onlar tərəfindən yerdə olan avtomat silahı və yanındakı silahdan ayrılmış vəziyyətdə, içərisində mərmi olmayan sandıq təhlükəsiz şəkildə qara rəngli sellofan torbaya bükülmüşdür. Bu zaman taxta sandığın üzərində ağ rəngli boya ilə 284 nömrəsi yazıldığı müəyyən edilmişdir. Bundan sonra qara rəngli sellofana bükülmüş avtomat silahı və sandığı bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq götürülmüş, kisənin üzəri DİN-in 71 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs avtomat silahını haradan götürüldüyü soruşulduqda həmin yeri göstərə biləcəyini qeyd edərək olduğuqları yerlə paralel istiqamətdə təxminən 15 metr uzaqlıqdakı istifadə olunmayan binanın arxa divarına gedərək orada yerdə olan alüminium metalı göstərmişdir. Təqsirləndirilən şəxs silahı qara rəngli sellofana bükülmüş vəziyyətdə həmin metalın altında olmasını qeyd etmişdir. İştirakçılar tərəfindən həmin yerə baxış keçirilsə də, oradan dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra iştirakçılar keçirilmiş baxış istintaq hərəkətinə hər hansı etiraz, əlavə və vəsatətlərinin olmadığını bildirmişlər və müstəntiq tərəfindən baxış istintaq hərəkəti yekunlaşdırılmışdır. Baxış istintaq hərəkətinin həyata keçirilməsi Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərəfindən “Samsung” markalı videoaparat vasitəsilə videolentlə alınmışdır. Baxış yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir. Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya və predmet olmamasını bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə baxmayaraq qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon gələcəkdə maddi sübut əhəmiyyəti daşıyacaq məlumatların olub-olmamasının yoxlanılması məqsədilə götürülərək bir ədəd kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış istintaq hərəkətinin qeydə alınması Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi X8 tərəfindən “Samsung” markalı videoaparat vasitəsi ilə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid4 da şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 iyun 2023-cü il tarixli, 17/507 nömrəli ekspert rəyindən (materialların məhkəmə ekspertizası) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi kütlələr.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,557 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,986 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. 01 (bir) ədəd şprisdə və 01 (bir) ədəd şüşə flakonda cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 iyun 2023-cü il tarixli, 23/488R nömrəli ekspert rəyindən (məhkəmə-ballistik) görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 1316849№-li silah 5,45 mm kalibr olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Darağın üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 1418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2023-cü il tarixli, 546 nömrəli rəyinə əsasən, X4 MSS ÜZVİ XƏSTƏLİYİ (TRAVMATİK MƏNŞƏLİ) NƏTİCƏSİNDƏ AZ İFADƏLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.8 xəstəliyi aşkar edilməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür, o, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarrakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir, o, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Cinayət işində olan Abşeron Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1 (012)-445/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Abşeron Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası cinayətlərin məcmusu üzrə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək tutulduğu 1 gün müddət və CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona Abşeron Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi olan 06 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası 03 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 228.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 fevral 2008ci ildə doğulmuş X5, 06 avqust 2010-cu ildə doğulmuş X11, 30 iyul 2012-ci ildə doğulmuş X9 və 25 aprel 2018-ci ildə doğulmuş X6 adlı dörd uşağı vardır. Cinayət işində olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şorbaçı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 13 dekabr 2023-cü il tarixli, ********** nömrəli əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlildir. İşdə olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 228.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri cinayət qanununun müvafiq maddələri əsasında ona ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırılma aparılaraq fiziki və psixi zorakılığa tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Cinayət işinin materiallarında olan 267 nömrəli, 03 iyul 2023-cü il tarixli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etməsini, müharibə veteranı olmasını, yubiley medalları ilə təltif olunmasını və üçüncü dərəcəli əlil olmasını, habelə himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və icrimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna hüquqi qiymət verərək bu qərara gəlir k, Təqsirləndirilən şəxs təyin edəcəyi azadlıqdan məhrumetmə cəzasının müddətini təqsirləndirildiyi maddələrin sanksiyası hüdudlarında, nisbətən aşağı həddə müəyyən etsin. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini 24 iyun 2023-cü ildə, yəni Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs tərəfindən hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətməsi onun əməllərində cinayətlərin residivini yaratmır. Ona görə də, CM-in 66.2 və 66.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla qəti olaraq cəza təyin edilməlidir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olumuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı, “AK-74” modelli avtomat-yivli odlu silah və 1 (bir) ədəd daraq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,507 qram çəkidə narkotik vasitə olan heroin, 0,886 qram çəkidə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “Samsung A5” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesab edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1 (012)-445/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı “AK-74” modelli avtomat-yivli odlu silah və 1 (bir) ədəd daraq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,507 qram çəkidə narkotik vasitə olan heroin, 0,886 qram çəkidə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “Samsung A5” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov Düzdür: Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar