Məhkəmə qərarları › İş №1(063)-66/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-66/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-66/2024 20.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 20 noyabr 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1966-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (deməsinə görə subay), əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında yerləşən evlərinin həyətində qısqanclıq zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruq, təpik və 70-80 sm uzunluqda istintaqla müəyyən edilməmiş dəmir parçası ilə dəfələrlə sonuncunun baş nahiyəsindən zərbə vuraraq sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sol gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası xəsarətini yetirib qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ilə 1991-ci ildə ailə həyatı qurmuş, aralarında olan nikahdan iki oğlan və iki qız övladı dünyaya gəlmişdir. Şəhla ilə evləndikdən sonra ilk vaxtlarda münasibətləri normal olmuş, lakin sonradan aralarında münaqişələr yaranmışdır. Rusiya Federasiyasında balıq alveri ilə məşğul olmuş və bir müddət ailəsi ilə birlikdə orada qaldıqdan sonra arvadını və uşaqlarını Ucar rayonuna göndərmişdir. Özü isə 6 aydan bir ailəsinin yanına gəlib bir qədər qalıb qayıtmışdır. 2018-ci ilin noyabr ayında Azərbaycana gəlmiş və Ucar rayonunda qalmışdır. Bir ay rayonda yaşadıqdan sonra Bakı şəhərinə taksi sürücüsü işləmək üçün getmiş, lakin işlər zəif olduğu üçün yenidən Ucar rayonuna qayıtmışdır. Ucar rayonuna qayıtdıqdan sonra işsiz qalmış və arvadı ilə aralarında mübahisələr yaranmışdır. Mübahisələrin əsas səbəbi arvadının borclarının olması, borclu olan şəxslərin yaşadığı ünvana gəlməsi və arvadının özbaşına hərəkətlər etməsi olmuşdur. Sonuncu dəfə 12 iyun 2024-cü il tarixdə səhər saatlarında Şəhla ona mağazada olduğunu demiş və orada işləyəcəyini bildirmiş, o isə Şəhlaya işləməsi ilə bağlı hər hansı etiraz etməmişdir. Belə ki, Şəhla ona mağazanı özünün işlədəcəyini və orada tək özünün olacağını demişdir. Şəhlaya gəlib özünün də mağazaya baxacağını bildirmişdir. Həmin gün günorta saat 14 radələrində həmin mağazaya getmişdir. Mağazaya çatdıqda Şəhlanın malları qəbul etmək üçün gözlədiyini görmüş və bu zaman Şəhlanın mağazanı icarəyə götürmədiyini, satıcı olaraq işlədiyini bilmişdir. Şəhlaya evə getməsini bildirmiş, sonuncu ilə yolda gedərkən belə etməməsini, boşandıqdan sonra nə istəyirsə etməsini demiş, Şəhla isə cavabında israrla mağazada işləyəcəyini və bunun öz qərarı olduğunu bildirmişdir. Yaşadığı ünvanın həyətinə girdikdən sonra Şəhlaya bir daha irad bildirmiş və boşananadək özbaşınalıq etməməsini demişdir. Bundan sonra Şəhla ona “sən kimsən, yaxşı edirəm” və s. sözlər demişdir. O isə bundan əsəbləşərək ona şillə ilə bir neçə zərbə endirmiş və qışqırmamasını, onunla evə gəlməsini demişdir. Şəhla içəri girmək istəməmiş və bu zaman həyətdə olan dəmir parçasını götürərək “məni məcbur eləmə səni bununla vurum, gəl qalxaq yuxarı orada danışaq” demişdir. Bundan sonra Şəhla yuxarı qalxmağa razılaşmış və onlar yuxarı qalxmışlar. Yuxarı qalxarkən əlində olan dəmir parçasını həyətdə yerə qoymuşdur. Yuxarı qalxdıqdan sonra Şəhlaya yenidən boşanana qədər özbaşınalıq etməməsini demişdir. Şəhla çölə çıxmaq istədiyini bildirmiş və bundan sonra onlar həyətə çıxmışlar. Həyətə çıxdıqdan sonra Şəhla yerdə olan dəmiri götürüb onun sağ qolundan zərbə endirmişdir. Şəhlanın əlindən dəmiri almış və bu zaman yerə yıxılmışlar. Bundan sonra Şəhlaya üzünü yumasını demiş və o, həyətdə olan su borusundan üzünü yumağa başlamışdır. Şəhla üzünü yuyarkən yenə qışqırmağa başlamış və “sən kimsən, sən çıx get burdan mən özüm biləni edəcəm” demişdir. Şəhlanın bu danışıqlarından sonra bir dəfə əlində olan dəmirlə onun sifət nahiyəsindən zərbə endirmişdir. Bundan sonra Şəhlanın üzü qanamış və o, sonuncunu üzünü yuması üçün hamama aparmışdır. Hamama apardıqdan sonra Şəhla üzünü yumuş və ona suyu bağlamağı bildirmişdir. Suyu bağlayarkən Şəhla evdən çölə qaçmış və həmin vaxt bunu görərək ardınca qaçmağa başlamışdır. Qaçarkən yerə yıxılaraq ayağından xəsarət almışdır. Şəhla qaçaraq qonşu Lalənin evinə girmiş, o da, Şəhlanın arxasıyca gedərək həyətə girmişdir. Şəhla pilləkənin qarşısında yerə yıxıldıqdan sonra onun ayaq nahiyəsindən bir dəfə zərbə endirmişdir. Bu zaman Lalə evdən çölə çıxmış və o, bunu görüb çıxıb getmişdir. Əlində olan dəmir parçasını evin yanından axan arxa tullamış və evdə paltarlarını dəyişərək Bakı şəhərinə getmişdir. Şəhlanı döymək niyyətində olmamış, lakin onu əsəbləşdirdiyi üçün döymək məcburiyyətində qalmışdır. Şəhlanı döyən vaxt ətrafda başqa heç kəs olamamış, Şəhlanı həyətdə döymüş, lakin həyətdən qaçdığı üçün onun ardınca qonşunun həyətinə getmiş və Lalənin evdən çıxdığını görüb sakitcə çıxıb getmişdir. Şəhlanın dəmirlə qolundan onu vurması nəticəsində heç bir xəsarət almamışdır. O, məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, özünü təqsirli bilməsini, törətdiyi əmələ görə peşman olmasını, gələcəkdə bu cür hərəkətə yol verməyəcəyinə dair vədini nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 30 ilə yaxın müddətdir ki, uşaq incəsənət musiqi məktəbində müəllim işləyir. Məktəbdə yay tətili olduğu üçün Ucar şəhəri ərazisində ərzaq mağazalarından birində işləmək barədə qərar vermişdir. Bu barədə Ələsgərə məlumat vermiş və Ələsgər buna etiraz etməmişdir. 12 iyun 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvanın yaxınlığında yeni açılacaq işləmək istədiyi mağazaya getmişdir. Mağazanın açılışı ilə bağlı hazırlıq işləri görərkən saat 14 radələrində Ələsgər sərxoş halda mağazaya gələrək onunla birlikdə evə getməyi bildirmişdir. İşləri olduğunu bildirib etiraz etsə də, Ələsgər israr etdiyi üçün birlikdə evə gəlməli olmuşdur. Yaşadığı ünvana gəlib içəri girdikdən sonra Ələsgər həyətin giriş qapısının kilidini bağlamış və onu yerə yıxaraq baş nahiyəsinə yumruq və təpiklə zərbələr endirməyə başlamışdır. O, Ələsgərin dayanması üçün su istədiyini demiş, sonucu isə onu həyətdə olan su borusunun yanına gətirib üzünü yuduqdan sonra evə gəlməyi bildirmiş və evə tərəf sürüməyə başlamışdır. Müqavimət göstərdiyi üçün Ələsgər əvvəlcədən həyətə qoyduğu 70-80 sm uzunluğunda dəmir parçasını götürərək baş nahiyəsindən çoxsaylı zərbələr endirmişdir. O, məcbur qalıb Ələsgər ilə birlikdə evə girməyə razılaşmışdır. Evə girib mətbəxə keçdikdən sonra Ələsgər söhbət etməyə başlamış və bu məqamda fürsət taparaq evdən çölə qaçmışdır. Lakin Ələsgər ardınca qaçıb onu tutaraq yerə yıxıb yenidən dəmir parçasıyla zərbələr endirmişdir. Üz nahiyəsi tamamilə dağılmış, bu səbəbdən Ələsgərə üzünü yumasını demişdir. Ələsgər onu sürüyərək həyətə girişdən sağ tərəfdə yerləşən hamama aparmış və suyun altına salmışdır. Üzünü yuduqdan sonra Ələsgərə suyu bağlamağı demişdir. Ələsgər qaçmamağı tapşırıraraq suyu bağlamış və o, həmin vaxt qapını açıb özünü küçəyə atmışdır. Hara gedəcəyini bilmədiyi üçün qonşu Lalənin həyətinə daxil olmuşdur. Həyətə girdikdən sonra Ələsgər onun yanıma çatmış və dəmir parçasıyla zərbələr vurmuşdur. Ələsgərin əlindən çıxaraq qaçıb Lalənin evinin qapısının önünə yıxılmışdır. Həmin vaxt Ələsgər yenidən ona bir neçə zərbə endirmişdir. Bundan sonra Lalə səsini eşidərək qapıya gəlmiş və Lalə gəldikdən sonra Ələsgər çıxıb getmişdir. Ələsgər çıxıb getdikdən sonra baş verənləri isə xatırlamamışdır. Ələsgər onu evin həyətində qapını bağlayaraq döymüşdür. Bu səbəbdən onun döyülməsini heç kim görməmişdir. Baş vermiş hadisə nəticəsində baş nahiyəsindən xəsarətlər almışdır. Hazırda təqsirləndirilən şəxs Ələsgər Zaynalovla barışmış, şikayəti və tələbi yoxdur, odur ki, qeyd olunanları nəzərə alıb cinayət işinə xitam verilməsini xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 12 iyun 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvanda yatmışdır. Həmin vaxt evdə tək olmuş, birdən səs-küy eşitmiş, kimsə “Lalə, Lalə” deyə ağlaya-ağlaya qışqırmışdır. O, eşitdiyi səsi bacısının səsinə oxşatmış və ona nəsə olduğunu düşünmüşdür. Bu səbəbdən narahat olaraq həyəcanlı halda qapıya tərəf getmişdir. Həmin vaxt qapı açılmış və Şəhla özünü qapıdan içəri ataraq girişdə yerə yıxılmışdır. O, Şəhlanın üzünün pis vəziyyətdə olduğunu görüb qapıya yaxınlaşmış və bu zaman Ələsgərin pilləkənlərin üzərində dayandığını görmüşdür. Həmin vaxt Ələsgərin əlində 70-80 sm uzunluqda dəqiq bilmədiyi əşya olmuşdur. Həmin vaxt Ələsgərə “belə adam döyərlər? Utanmırsan?” demiş, Ələsgər isə cavabında “o adam deyil” deyərək çıxıb getmişdir. Bundan sonra o, təcili yardıma zəng etmişdir. Şəhla ona DİN-in 102 xidmətinə də, zəng etməyi demiş, bundan sonra o, DİN-in 102 xidmətinə zəng etmiş və Şəhla özü mobil telefon ilə danışaraq döyülməsi barədə məlumat vermişdir. Şəhlanın döyülməsini görməmiş, səs-küy eşitdiyi üçün çölə çıxmışdır. Məhkəmə iclasında Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs arasında münasibətlər normal olmamışdır. Sonuncu dəfə 12 iyun 2024-cü il tarixdə işdə olarkən ona zəng edərək atasının anasını döyməsi barədə məlumat verilmişdir. Bundan sonra o, Ucar Rayon Mərkəzi Xəstəxanasına getmiş və anasının səhhəti ilə maraqlandıqdan sonra polis əməkdaşları ilə birlikdə baxış keçirilməsi üçün yaşadıqları evə gəlmişdir. Yaşadıqları evə hal şahidlərinin də iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətdə qan izlərinin olması müəyyən olunmuşdur. Hadisə baş verərkən evdə olmamış, baş vermiş hadisəni görməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Ələsgər Zaynalovla barışdığını, şikayəti və tələbinin olmadığını, dəymiş ziyanı tamamilə ödənildiyini göstərmiş və qeyd olunanları nəzərə alıb cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 01 iyul 2024-cü il tarixli, 221 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 12 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 27-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 5-ci vərəqində olan 12 iyun 2024-cü il tarixli raportdan görünür ki, Ucar şəhəri, Gənclik küçəsi, ev 20-də yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək ərinin onu dəmir parçasıyla döyməsini bildirmişdir. Cinayət işinin 1-ci vərəqində olan 01 sentyabr 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 8-13-cü vərəqələrində olan 12 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında yerləşən yaşayış evi və onun həyətyanı ərazisidir. Baxış zamanı evin həyətyanı sahəsində dəmir qapının üzərində, hamamda və eləcə də, evin həyətyanı sahəsində olan otluq ərazidə qana bənzər ləkələr müəyyən edilmişdir. Baxış ilə əlaqədar fotoşəkillər “panasonic” markalı fotoaparat vasitəsilə çəkilmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan 07 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan 07 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Ucar şəhəri, Gənclik küçəsi, ev 28 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, eyni zamanda, sonuncu yaşayış yerindən normal xarakterizə olunur. Cinayət işinin 90-95-ci vərəqələrində olan 17 sentyabr 2024-cü tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu dəmir parçasının müəyyən edilməməsinin iş üzrə nəzərə alınması, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəy olduğundan məhkəmətibbi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 221 nömrəli rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış keçirilmə, üzləşdirmə, ifadələrin yerində yoxlanılması haqqında protokollar iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki məhkəməyədək sadələşdirilmiş icraat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, təqsirləndirilən şəxsin cinayət işinin icraatına göstərilən əsaslarla xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.1, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar