Məhkəmə qərarları › İş №1(063)-81/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-81/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-81/2025 21.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 21 yanvar 2026-cı il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1970-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, işləməyən, Ucar şəhəri, Oğuz küçəsi, ev 58-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 325,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajda saxlamış, 01 sentyabr 2025-ci il tarixdə, saat 17 radələrində Ucar şəhəri, Oğuz küçəsində saxlanılaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajdan təmiz çəkisi 325,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 30 il müddətdir ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 1-2 ay bundan əvvəl Ucar rayonu, Gəraybəyli kəndindən evə piyada gələn zaman xatırlamadığı yerdə kolluqların arasında yabanı şəkildə bitən 1 ədəd bitki diqqətini cəlb etmiş və həmin bitkiyə yaxınlaşanda çətənə bitkisi olduğunu bilmişdir. Həmin vaxt çətənə bitkisinin yarpaqlarını qoparıb yerdən götürdüyü sellofan torbanın içərisinə yığıb evə gəlmiş və həmin kütləni evin həyətində yerləşən qarajda gizlətmişdir. Həmin kütləni aşkar etdiyi vaxtdan bəri bir-iki dəfə istifadə etmiş, lakin həmin kütlə daha sonra xoşuna gəlmədiyindən qarajda olan stolun üzərindəki yorğanın altına qoymuşdur. 01 sentyabr 2025-ci il tarixdə, saat 17 radələrində Ucar şəhəri, Oğuz küçəsində yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanması və istifadəsi ilə məşğul olmağı, həmçinin üzərində, eləcə də yaşadığı evdə, həmin evin həyətyanı sahəsində külli miqdarda narkotik maddə gizlətməyində şübhəli olduğunu bildirərək, üzərinə, yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirəcəklərini qeyd etmişlər. Baxışa başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildirişi imzalamaqla götürmüşdür. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və predmetin olub-olmadığını soruşduqda o, olmadığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən 1 qutu siqaret, 1 ədəd alışqan və 7 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra üzərinə yenidən baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 qutu siqaret, 1 ədəd alışqan və 7 ədəd 1 manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Sonra onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. İlk növbədə həyətdə yerləşən sanitar qovşağına və hamama baxış keçirilmiş, lakin orada qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra onun yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan olunmuş əşya və predmet olub-olmadığı soruşulmuş, o, qarajda yararsız vəziyyətdə 1 sellofan torbada qurudulmuş marixuananın olduğunu bildirmiş və həmin kütləni polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş kütlə sonradan əl tərəzisi ilə çəkilmiş və çəkisinin 320 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş kütlə zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Daha sonra yenidən qaraja, evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin özünə məxsus olduğunu, satmaq niyyətinin olmadığını bildirmişdir. Daha sonra ondan polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığı soruşulduqda o, “yox” deyə cavab vermişdir. Daha sonra baxış başa çatmış və onu Ucar RPŞ-nə gətirmişlər. Ucar RPŞ-nin Növbətçi Hissəsində onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək qablaşdırılmış zərfə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl müstəntiq tərəfindən bir daha hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildiriş tərəfindən imzalanmaqla götürülmüşdür. Həmin kütləyə baxış keçirilməsi ilə bağlı kiminsə etirazının olub-olmaması barədə sual verildikdə o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. Daha sonra aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfə baxış keçirilmiş, tərəzidə çəkilmiş və çəkisinin 325 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə yaşadığı ünvanda saxladığını bildirmişdir. Daha sonra həmin kütlə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən baxışda iştirak edən şəxslərə hər hansı bir sualı, etirazı olub-olmadığı soruşulmuşdur. Onlar sual və etirazlarının olmadığını bildirmişlər. Müstəntiq ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşduqda o, yox deyə cavab vermişdir. Bundan sonra baxışın keçirilməsi yekunlaşdırılmışdır. Həmçinin o, ifadəsində əvvəllər heç bir ruhi-əsəb və psixi xəstəliyinin olmadığını, heç kimə narkotik vasitə satmadığını, əvəzsiz olaraq vermədiyini, satmaq və vermək niyyətinin olmadığını, üstü yoxlanılarkən, yaşadığı evə baxış keçirilərkən və Ucar RPŞ-də polis əməkdaşları tərəfindən ona hər hansı psixi təzyiq və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, yaşının və gələcəkdə bir daha belə əməllərə yol verməyəcəyinə dair vədini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, əvvəllər aralarında heç bir münasibət olmamışdır. Ucar şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsində, həmçinin üzərində, eləcə də yaşadığı evdə, həmin evin həyətyanı sahəsində külli miqdarda narkotik maddə gizlətməsi barədə Ucar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəisinin əmrinə əsasən isə Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsində, həmçinin üzərində, eləcə də yaşadığı evdə, həmin evin həyətyanı sahəsində külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat olduğundan Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və onun iştirakı ilə 01 sentyabr 2025-ci il tarixdə saat 16:55 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Oğuz küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. 01 sentyabr 2025-ci il tarixdə, saat 16:57-də isə Təqsirləndirilən şəxs üstünə, yaşayış evə, eləcə də yaşayış evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Həmin vaxt videoçəkilişi Şahid2 həyata keçirmişdir. İlk növbədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Üstü yoxlanılmağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş predmetin olub-olmaması soruşduqda olmadığını bildirmişdir. Daha sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın ön sol cibindən 1 ədəd siqaret qutusunun içərisindən 3 ədəd siqaret, alışqan və 7 ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra Şahid3 tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən siqaret qutusu, alışqan və pul əskinazları Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin ünvanda tək yaşadığını bildirmişdir. Bundan sonra ilk növbədə həyətyanı sahədə yerləşən sanitar qovşağına, hamama, həyətyanı sahədə olan yardımçı tikiliyə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmadığı soruşduqda Təqsirləndirilən şəxs evin yaxınlığında tikilmiş qarajı göstərmişdir. Digər polis əməkdaşları ilə birlikdə qaraja yaxınlaşan zaman isə Təqsirləndirilən şəxs qarajda olan stolun üzərindən 1 ədəd şəffaf sellofanda qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə əl tərəzisində çəkilmiş və çəkisinin 320 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Yenidən qaraja baxış keçirilsə də başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı evdən də qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün çəkiliş 01 sentyabr 2025-ci il tarixdə saat 17:17 radələrində başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Ucar RPŞ-nə gətirilmiş və Ucar RPŞ-nin növbətçi hissənin məsul növbətçisi, polis mayoru X3 və onun işitirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajdan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə Ucar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X1 tərəfindən Ucar RPŞ-nin Növbətçi Hissəsində baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bu barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra müstəntiq onlardan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajdan aşkar edilmiş narkotik vasitəyə bənzər kütləyə baxış keçirilməsi ilə bağlı etirazlarının olub-olmamasını soruşduqda yox deyə cavab vermişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajdan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, təxminən 2 ay bundan əvvəl kənddə kolların arasından tapdığını, daha sonra həmin kütləni yaşadığı ünvana gətirdiyini, özünün narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitədən də istifadə etdiyini və həmin kütlənin yararsız olduğunu bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə Feyruz Abdullayev tərəfindən əl tərəzisi ilə çəkilmiş və çəkisinin 325 qram olması müəyyən edilmişdir. Daha sonra əvvəlki zərfin tamlığı pozulmadığından həmin 01(bir) kağız büküm yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra X6 Nadirovdan hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmamasını soruşdu və “xeyr” deyə cavab vermişdir. Bununla da Feyruz Abdullayev tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin PPXB-ninpolis nəfəri Şahid3 da digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-46-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 02 sentyabr 2025-ci il tarixli, 17/667 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Ucar şəhəri, Oğuz küç, 58-də yaşayan Təqsirləndirilən şəxs həyətdə olan qarajından aşkar olunan yaşıl kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi- 325,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,20 qram, qalıq çəki 324,80 qram. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 noyabr 2025-ci il tarixli, 1777 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2025-ci il tarixli, 301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 02 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 01 sentyabr 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsinə dair protokoldan görünür ki, 01 sentyabr 2025-ci il tarixdə, saat 16:57-dən saat 17:17-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, evin həyətində yerləşən qarajın içərisində yerləşən stolun üzərində 1 ədəd sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan kütlələrin qurudulmuş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, həmin kütlə əl tərəzisində çəkilmiş və çəkisinin 320 qram olduğu müəyyən edilmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırlmış, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili tərəfindən müvafiq qeydlər aparılaraq imzalanmışdır. Ucar RPŞ-nin CAB-ın əməliyyat müvvəkili Şahid2 tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” markalı aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 01 sentyabr 2025-ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 32-ci vərəqəsindəki eyni tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 03 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci və 124-132-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 02 sentyabr 2025-ci il tarixli maddi sübut hesab edilməsi, eləcə də 14 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2025-ci il tarixdə CMin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 325,0 qram olan qurudulmuş marixuana maddi sübut hesab edilmiş, həmin qurudulmuş marixuananın 0,20 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi və qalan 324,80 qram çəkidə qurudulmuş marixuana saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşayış sahəsinə, eləcə də yardımçı tikilillərə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 (bir) ədəd kompakt disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 95-96-cı səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Ucar rayon mərkəzi xəstəxanası” X10 tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli, 18-1-77/2-1098/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ucar rayon mərkəzi xəstəxanası” X9 poliklinika şöbəsinin ruhi-əsəb kabinetində 02 yanvar 1990-cı il tarixdən “Oliqofreniya” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs “Ucar rayon mərkəzi xəstəxanası” X9 poliklinika şöbəsinin narkoloji kabinetində 14 iyul 1997-ci il tarixdən “narkomaniya” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-118-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, ev 58-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi surətdə heç bir ərizə şikayət və eləcə də hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən normal xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin 07 noyabr 2025-ci il tarixli, 819 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik (kəmağıllıq) yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, ailə vəziyyətini və yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmamasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdən 03 sentyabr 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq 324,80 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşayış sahəsinə, eləcə də yardımçı tikilillərə baxış keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 324,80 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar