Məhkəmə qərarları › İş №1(063)-86/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-86/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-86/2025 21.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 15,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin həyətində olan toyuq hinində sobanın içərisində saxlamış, 21 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı həyətindəki toyuq hinində olan sobanın içərisindən 01 ədəd sellofan torbada, ümumi 15,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən 2025-ci ilin sentyabr ayının ortalarında yaşadığı kənddə, xatırlamadığı yerdə 1 ədəd qara rəngli sellofan bükümdə marixuana-narkotik vasitə tapmışdır. Belə ki, o, qara rəngli sellofan bükümü gördükdə maraqlı gəldiyi üçün həmin bükümü qaldırıb açıb içərisinə baxdıqda və iylədikdə marixuana olduğunu anlamış və yanında, eləcə də ətrafda heç kim olmadığına görə həmin marixuananı olduğu qara rəngli sellofan bükümdə götürüb özü üçün istifadə etmək qərarına gəlmişdir. Ona görə də, əlverişli şərait olanda, təklikdə həmin marixuanadan istifadə etmək məqsədilə sözügedən qara rəngli sellofan bükümü götürüb yaşadığı ünvana aparıb xəlvət, heç kim bilmədən həyətindəki toyuq hinində olan sobanın içərisinə qoyub gizlətmişdir. Həmin marixuandan cəmi bir dəfə istifadə etmişdir. 21 sentyabr 2025-ci il tarixdə, saat 11:30-dan sonra yaşadığı evin küçə qapısının yanına, su bərəsinin kənarlarında olan alaqları təmizləmək üçün çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra, su bərəsinin yanında olan zaman bir neçə nəfər şəxs yaxınlaşıb özlərini Ucar Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmağında, yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək videoçəkilişlə üstünü yoxlayacaqlarını, həmçinin yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. O da polislərə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə Şahid1 adlı polis əməkdaşı ona hüquq və vəzifələrini izah edərək, bir daha nədə şübhələndiyini izah etmiş və üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmetin olub-olmaması ilə bağlı sual vermişdir. O, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş başqa əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı üstünü yoxlayarkən əynindəki şalvarın arxa sağ cibindən özünə məxsus “Samsung” markalı telefonu çıxarıb təqdim etmiş, eyni zamanda həmin cibindən 62 manat pul və şalvarının sol yan cibindən 1 qutu siqaret aşkar edilərək özünə qaytarılmışdır. Üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra ona yaşadığı ünvanda narkotik vasitə və qanunla qadağan edilmiş başqa əşya və predmetin olub-olmaması ilə bağlı sual verilmişdir. O da polislərin toyuq hinində sobada gizlətdiyi marixuananı tapmayacaqlarını güman edib yalandan yaşadığı ünvanda narkotik vasitə və qanunla qadağan edilmiş başqa əşya və predmetin olmadığını bildirmişdir. Ardınca küçə qapısından həyətə daxil olaraq həyətyanı sahəyə, həyətdəki tikililərə baxış keçirilmiş, baxış zamanı həyətdəki toyuq hininə baxış keçirilərkən orada girişdən sağda olan sobanın içərisində gizlətdiyi 1 ədəd qara rəngli sellofan bükümdəki marixuana aşkar edilmişdir. Həmin büküm açılaraq içərisindəki kütlənin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmişdir. O, ilkin olaraq həbs olunacağından qorxduğu üçün həyəcanlanmış dərhal cavab verə bilməmiş, həmin sual yenidən verildikdə, o, “oradan çıxıbsa mənimdi da” deyərək aşkar edilmiş marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Həmin yerdən çıxıb evin çardağının altına gələrək masa arxasında həmin 1 ədəd qara rəngli sellofan bükümdəki marixuana elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 18,50 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm Şahid1 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, ardınca isə ona məxsus “Samsung” markalı telefon da 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxış davam etdirilərək yaşadığı evə daxil olunmuş, bütün otaqlara, mətbəxə və evdə olan əşyalara baxış keçirilmiş, lakin başqa heç bir yerdən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra videoçəkilişlə keçirilmiş baxışla bağlı narazılığının olub-olmaması ilə bağlı ona sual verilmiş, o da heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir narazılığının olmadığını bildirmişdir. Eyni zamanda, aşkar edilmiş marixuananın kimə məxsus olması ilə bağlı bir daha sual verildikdə həmin marixuananın özünə məxsus olduğunu bir daha etiraf etmişdir. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində isə üstünə və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı ünvandan, yəni həyətindəki ona məxsus toyuq hinindəki sobadan aşkar edilmiş 1 ədəd sellofan bükümdəki marixauanın qablaşdırıldığı 1 ədəd zərfə, eləcə də mobil telefonunun qablaşdırıldığı 1 ədəd zərfə növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra marixuananın olduğu kağız zərf təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. O, həmin zərfin yaşadığı ünvandan aşkar edilmiş sellofan bükümdəki kütlənin qablaşdırıldığı zərf olduğunu təsdiq etmiş, daha sonra həmin zərf açılaraq içərisindəki sellofan bükümdəki kütlə ona təqdim olunaraq elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 18,53 qram olmuşdur. Müstəntiq həmin kütlənin tərkibini müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirərək həmin kütlənin nə olması və kimə məxsus olması ilə bağlı sual verdikdə, o, narkotik vasitədən istifadə etdiyini, həmin kütlənin də marixuana-narkotik vasitəsi olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin marixuana olduğu zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Ardınca üzərində olmuş “Samsung” markalı mobil telefona da baxış keçirilmiş, o, həmin telefonun özünə məxsus telefon olduğunu bildirmiş və həmin telefon da olduğu zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Ona polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmadığı ilə bağlı sual verilmiş, o da polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bununla da videoçəkiliş yekunlaşdırılmış, protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, onunla bir ünvanda yaşayan arvadı Cəmalə və başqa heç kim marixuanadan istifadə etməsini, eləcə də hində marixuana saxlamasını bilməmişdir. Həmin marixuanadan heç kimə verməmiş, ümumiyyətlə heç zaman heç kimə narkotik vasitə satmamış, nə də verməmişdir. Həmin marixuanadan tapandan sonra özü cəmi 1 dəfə siqaretə doldurmaqla təklikdə istifadə etmiş və bundan heç kimin xəbəri və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə oğlunun müharibə iştirakçısı olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini və təqsirini etiraf edərək törətdiyi əmələ görə səmimi peşiman olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçilk və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair 21 sentyabr 2025-ci il tarixdə keçirlimiş əməliyyat-axtarış tədbirində, yəni saxlanılmasında və sənədləşdirilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni, üzərində, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid5 məlumat daxil olmuş, həmin məlumatla bağlı Şahid5 tərəfindən Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə mərüzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Əməliyyat qrupunun digər üzvləri, yəni, Ucar Rayon Polis Şöbəsinin PPXBnin komandiri Şahid3, Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid5, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə həmin tarixdə, yəni 21 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində Ucar rayonu, Gəraybəyli kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının yanından keçən su bərəsinin yanında tək olmuş, yanında heç kim olmamışdır. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını, ona görə də videoçəkilişlə üstünün yoxlanılacağını, eləcə də yaşadığı ünvana baxışın keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla əvvəlcə tərəfindən tarix və saat elan olunmuş, sənədləşmə prosesində iştirak edəcək şəxslər təqdim olunaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış və üstü yoxlanılmamışdan əvvəl sonuncuya üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən, sonuncu əynindəki tünd-boz rəngli şalvarının arxa sağ cibindən 1 ədəd “Samsung” markalı telefonu çıxarıb təqdim etmiş, eyni zamanda həmin cibindən müxtəlif əskinaslarla 62 manat pul və şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu aşkar edilərək özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər hər hansı kütlə və maddə, eləcə də qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. 1 ədəd “Samsung” markalı telefon qablaşdırılması üçün tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qarşısında dayandıqları həyətin və həyətdəki evin kimə məxsus olubolmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığını, evin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş digər əşya və predmetin olub-olmaması ilə bağlı sual verilərək, əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Ardınca bütün iştirakçılarla küçə qapısından həyətə daxil olmuşlar və baxışın keçirilməsinə başlanılmışdır. Həyətə daxil olduqda qarşıda bir mərtəbəli, qarşısında çardağı olan yaşayış evinin olduğu müəyyən edilmişdir. Həyətyanı sahəyə, həyətdəki yardımçı tikililərə, evin alt hissəsinə, çardağın altında olan əşyalara baxış keçirilmiş, lakin narkotik vasitəyə bənzər hər hansı kütlə və maddə, eləcə də qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Həyətdəki toyuq hininə baxış keçirilərkən Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 tərəfindən hinin girişindən sağda olan odun sobasının içərisindən 1 ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm tərəfindən açıldıqda, içərisində spesifik qoxuya malik, qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli, bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, əvvəlcə Təqsirləndirilən şəxs həmin kütləyə baxaraq cavab verməmişdir. Bir daha Təqsirləndirilən şəxs həmin kütlənin kimə məxsus olması ilə bağlı sual verildikdə, sonuncu “oradan çıxıbsa mənimdi da” deyərək cavab vermiş və həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Toyuq hinindən başqa heç nə aşkar edilməmişdir. Ardınca həmin yerdən çıxıb evin qarşısında olan çardağının altına gələrək orada olan masa arxasında toyuq hinindən, sobanın içərisindən aşkar edilmiş həmin 1 ədəd qara rəngli sellofan bükümdəki kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 18,50 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm üzəri iştirakçılar tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılaraq tərəfindən götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı telefon da başqa 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ardınca baxış davam etdirilərək həyətdəki digər yardımçı tiklililərə, yerlərə, eləcə də həyətdə olan fərdi yaşayış evinə piləkənlərlə daxil olunaraq evin otaqlarına, mətbəxinə və həmin yerlərdə olan əşyalara baxış keçirilmiş, lakin heç bir yerdən narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra evin daxilində keçirilmiş baxışla bağlı bir daha tərəfindən ümumi məlumat verilərək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı 1 ədəd mobil telefonun, yaşadığı ünvana baxış zamanı isə həyətdəki toyuq hinindən 1 ədəd qara rəngli sellofan bükümdə marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi və zərflərdə qablaşdırılması qeyd edilmiş, toyuq hinindən aşkar edilmiş sellofan bükümdəki kütlənin kimə məxsus olması ilə bağlı bir daha Təqsirləndirilən şəxs sual verilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs və digər iştirakçılara baxışla bağlı kiminsə şikayət və tələbinin olub-olmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər, heç bir təklif, etiraz və vəsatət daxil olmamışdır. Bununla da videoçəkiliş dayandırılmış və onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində isə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qeydə alınmış videogörüntü 1 ədəd kompakt diskə köçürülərək aşkar edimiş kütlənin qablaşadırıldığı 1 ədəd kağız zərf və “Samsung” markalı mobil telefonun qablaşdırıldığı 1 ədəd kağız zərflə birlikdə materiala əlavə edilməklə toplanmış material aidiyyəti üzrə İstintaq Bölməsinə təqdim olunmuşdur. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək növbətçi hissədə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş kütləyə, eləcə də üstü yoxlanılan zaman aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona videoçəkilişlə baxış keçirilmişdir. Baxışda o, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər, videoçəkilişi Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 aparmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyəti, eləcə də bir daha Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq bu barədə bildiriş təqdim olunmuşdur. Daha sonra masanın üzərinə qoyulmş 2 ədəd zərf ardıcıl olaraq Təqsirləndirilən şəxs təqdim olunaraq açılmışlar. Əvvəlcə Təqsirləndirilən şəxs həyətində toyuq hinindəki sobanın içərisindən aşkar edilmiş kütlənin qablaşdırıldığı kağız zərf təqdim olunaraq zərfin tamlığının pozulmadığı nümayiş etdirilmişdir. Təqsirləndirilən şəxs həmin zərfin yaşadığı ünvandan, toyuq hinindəki sobanın içərisindən aşkar edilmiş kütlənin qablşadırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra həmin zərf açılaraq içərisindən 1 ədəd qara rəngli sellofan büküm çıxarılaraq açılmış və içərisindəki qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli kütlənin Təqsirləndirilən şəxs göstərilərək həmin kütlənin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “marixuana” olduğunu və özünə məxsus olduğunu bildirərək marixuanadan istifadə etdiyini bildirmişdir. Həmin marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu qara rəngli sellofan bükümdə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 18,53 qram olduğu müəyyən edilmiş və yenidən olduğu kağız zərfdə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Ardınca saxlanılan zaman üstü yoxlanılarkən üzərindən götürülmüş 1 ədəd mobil telefonun qablaşdırıldığı zərf açılaraq içərisindən 1 ədəd açıq-qəhvəyi rəngli “Samsung” markalı mobil telefon çıxarılaraq nəzərdən keçirilmiş, həmin telefon Təqsirləndirilən şəxs nümayiş etdirilərək kimə məxsus olması ilə bağlı sual verilmiş, sonuncu həmin mobil telefonun özünə məxsus olduğunu, saxlanılan zaman üzərindən götürülmüş telefonun olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün müstəntiq tərəfindən götürülərək baxış keçirildikdən sonra özünə qaytarılacağı izah olunmuş və yenidən olduğu kağız zərfdə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmiş, sonuncu da öz növbəsində heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bununla da videoçəkiliş yekunlaşdırılmaqla protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ona Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan toyuq hinindən aşkar edilmiş 1 ədəd qara rəngli sellofan bükümdəki kütlənin məhkəmə-bioloji ekspertizasının rəyi ilə qurudulmuş marixuana olmasının öz təsdiqini tapması məlum olmuşdur. 21 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan toyuq hinindən aşkar edilmiş qurudulmuş marixuanadan kimlərəsə verib-verməməsi, kimlərləsə bir yerdə istifadə edib-etməməsi, onun ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olub- olmaması ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də onun ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki toyuq hinindən aşkar edilmiş qurudulmuş marixuananı real olaraq haradan və ya kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs yaşadığı ünvanda qurudulmuş marixuana saxlamasından ailə üzvlərinin və başqa kimlərinsə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 22 sentyabr 2025-ci il tarixli, 17/731 nömrəli ekspert rəyindən (məhkəməbioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq hininin....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi–15,08 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2025-ci il tarixli, 1884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan ”Ucar Rayon Mərkəzi Xəstəxanası” X5 13 noyabr 2025-ci il tarixli, 18-1-77/2-1323/2025 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nin poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Gəraybəyli kəndində yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2025-ci il tarixdə, saat 15:15-dən şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2025-ci il tarixdə, saat 16:30da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və tutulmadan azad edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,06 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 87,14 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübut olan narkotik vasitənin-qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,06 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 87 (səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübut olan narkotik vasitənin-qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar