Məhkəmə qərarları › İş №1(063)-9/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-9/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-9/2024 31.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 31 yanvar 2024-cü il tarixdə Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci il ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə etməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 ilə birlikdə işlədiyi Ucar rayonu, Lək kəndində yerləşən mağazaya gələrək ondan övladına tutduğu iradla bağlı az əvvəl yaşadıqları küçədə aralarında sözlə yaranmış mübahisəyə aydınlıq gətirmək istəməsindən əsəbləşərək özünü ətrafdakılara qarşı qoyub, davranışı ilə ictimai qaydalara açıq hörmətsizlik edən, əxlaq normalarını kobud surətdə pozan və qarşılıqlı davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər törətməklə, aralarında yaranmış mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək işlədiyi mağazanın içərisində Zərərçəkmiş şəxs vurub itələyərək sonuncunun başının mağazanın pəncərəsinin şüşəsinə dəyməsi nəticəsində ona sol qaşın cərrahi tikişə ehtiyacı olan əzilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək özünü yaranmış səs-küylə bağlı oraya gəlmiş Şahid2, Şahid3, Şahid5 və Şahid4 yanında ictimai qayadalara qarşı qoyub, davranışı ilə ictimai qaydalara açıq hörmətsizlik edən, əxlaq normalarını kobud surətdə pozan və qarşılıqlı davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər törətməklə Zərərçəkmiş şəxsla mübahisəsini yaşadıqları küçədə davam etdirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə Ucar rayonu, Lək kəndində qonşuluqda yaşayırlar, əvvəllər aralarında ədavətləri olmamışdır. 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində həyətindən küçəyə çıxan zaman Əfqanın onun oğlu Vüsalı danladığını görüb Əfqandan bu barədə soruşduqda X2 pis sözlər dediyinə görə Vüsalı danladığını bildirmişdir. Belə olan halda, o, Əfqanla söz mübahisəsi etmiş, sonra isə yaxınlıqda yerləşən işlədiyi mağazaya gəlmişdir. Təxminən 5 dəqiqə sonra Əfqan mağazaya gələrək əvvəlki mübahisəyə aydınlıq gətirdikdə aralarında yenidən mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Əfqan onu itələmiş və zərbənin təsirindən Əfqanın başı pəncərənin şüşəsinə dəydiyindən şüşə sınaraq Əfqana xəsarət yetirmişdir. Lakin hadisə baş verən zaman (əlbəyaxa dava) orada heç kim olmamışdır. Hadisədən bir qədər sonra oraya Əfqanın arvadı və onun arvadı gəlmişlər. Lakin sonuncular gələn zaman artıq mübahisə bitmişdir. O, baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. İbtidai istintaq zamanı müstəntiqin qərəzli hərəkətləri nəticəsində ona qarşı şər və böhtan xarakterli məlumatlar qeyd edilmişdir. Odur ki, hesab edir ki, təqsirsizdir və buna görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə Ucar rayonu, Lək kəndində qonşuluqda yaşayırlar, əvvəllər aralarında ədavətləri olmamışdır. 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində həyətindən küçəyə çıxan zaman Əfqanın onun oğlu Vüsalı danladığını görüb Əfqandan bu barədə soruşduqda X2 pis sözlər dediyinə görə Vüsalı danladığını bildirmişdir. Belə olanda o, Əfqanla sözlə mübahisə etmiş sonra isə yaxınlıqda yerləşən işlədiyi mağazaya getmişdir. Təxminən 5 dəqiqə sonra Əfqan mağazaya gələrək əvvəlki mübahisəyə aydınlıq gətirdikdə aralarında yenidən mübahisə yaranmış və onlar əlbəyaxa olmuş, o, Əfqanı itələmiş nəticədə Əfqanın başı mağazanın pəncərəsinin şüşəsinə dəydiyindən şüşə sınaraq qaşının üzərini kəsib yaralamışdır. Əfqan yenidən onun üzərinə gələndə onlar bir daha əlbəyaxa olduqlarından mağazada olan piştaxtaya və soyuducuya dəymişlər. Ona görə də piştaxta aşmış və onlar yerə yıxılmışlar. Həmin vaxt Əfqanın arvadı Dildar onları aralaşdırmış, hər ikisi mağazadan küçəyə çıxıb sözlə mübahisə etməyə davam etmişlər. Həmin vaxt oraya səs-küyə gələn arvadı Vüsalə, anası Lumu, Əfqanın əmisi oğlu Xudaverdi onu Əfqanla dava etməsinə mane olub aralaşdırmışlar. Onun Əfqanla küçədə dava-dalaşa cəhd etməsi təxminən 5-10 dəqiqə davam etmiş, Dildar Əfqanı oradan həyətlərinə aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla Ucar rayonu Lək kəndində qonşuluqda yaşayırlar. Əvvəllər aralarında heç bir ədavətləri olmamışdır. 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində Vüqarın oğlu Vüsal onun azyaşlı oğlu Şahinlə küçədə oynayərkən Vüsal Şahinə xoşagəlməz sözlər dediyi üçün o da Vüsala eyni qaydada sözlər demişdir. Həmin vaxt Vüqar yaxınlaşıb onunla sözlə mübahisə etdikdən sonra işlətdiyi mağazaya, o isə həyətinə getmişdir. Lakin Vüqarın onunla heç bir əsaslı səbəb olmadan mübahisə etməsinə əsəbi olduğu üçün məsələyə aydınlıq gətirməkdən ötrü Vüqarın işlətdiyi mağazaya getmiş və səbəbsiz yerə sonuncu ilə mübahisə etməyə başlamışdır. Mübahisə zəminində əlbəyaxa olub dava-dalaş etməyə başlamışlar, bu zaman o, Təqsirləndirilən şəxs itələmək istədikdə öz zərbəsinin təsiri nəticəsində başı pəncərənin şüşəsinə dəymiş və nəticədə şüşə sınıb sol qaşının üzərini kəsmişdir. Daha sonra, (aralarında olan dava bitdikdən sonra) Vüqarın arvadı Vüsalə, anası Lumu, onun əmisi oğlu Xudaverdi, eləcə də, öz arvadı Dildar onları yenidən dava etməyə qoymayıb aralamışlar. Bu mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, almış olduğu xəsarətlə əlaqədar olaraq həmin gün Ucar RMXya müraciət etmişdir. Son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 17 yanvar 2024-cü il tarixli iclasında əlavə olaraq ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadədə yanlışlığa yol vermiş, (əsəbi və gərgin halda olduğundan) belə ki, o, məhkəmə istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək təqdirləndirilən şəxsin deyil, onun özünün təşəbbüsü ilə mübahisənin başladığını və mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmaq istədiyi zaman zərbənin gücünün nəticəsində özünün xəsarət aldığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, eyni zamanda, məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs sonuncu dəfə (dəqiqləşdirmədən sonra) verdiyi ifadəsi cinayət işinin materialları ilə sübuta yetirilmiş əməlin törədilməsinə münasibətdə daha uyğun və inandırıcı hesab edilir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində Ucar rayonu, Lək kəndində yerləşən həyətində olarkən küçədə səsküy eşidib həyətdən küçəyə çıxanda oğlu Təqsirləndirilən şəxs işlətdiyi mağazanın qarşısında gəlini Vüsaləni, həmkəndlisi Dildarı, Xudaverdini, eləcə də mağazadakı piştaxtanın aşmasını, eləcə də, qonşuları Əfqanın qaşının üstünün qanamasını və Vüqarın Əfqanla mübahisə edib dalaşmağa cəhd etmələrini görmüşdür. Bu zaman orada olan şəxslərlə birlikdə Vüqar və Əfqanı dava etməyə qoymayıb aralamışlar. Məlum olmuşdur ki, Vüqarla Əfqan övladlarına görə sözləri düz gəlmədiyindən mübahisə etmişlər və bu mübahisə cəmi 5-10 dəqiqə davam etmiş, sonra Əfqanı arvadı Dildar oradan öz həyətlərinə aparmışdır. Lakin, oğlu Vüqar ilə Zərərçəkmiş şəxs dava etməsi anını (söhbət təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan və mağazada baş vermiş davadan gedir) görməmiş, sonradan səs-küyü eşidib gəlmiş və bu zaman Əfqanın qaşının üzərində xəsarətin olduğunu görmüşdür. Məhkəmə istintaqında Şahid4 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı Ucar rayonu, Lək kəndində əri Zərərçəkmiş şəxs 2019-cu ildə anadan olmuş övladları Şahinə həmkəndliləri Təqsirləndirilən şəxs oğlu Vüsal xoşagəlməz sözlər dediyi üçün Vüqarla Əfqan küçədə mübahisə etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı ona “ərini də götür get burdan” demiş və o bundan sonra, əri ilə birlikdə oradan getmişdir. Lakin, sonra əri Əfqanın Vüqarın işlədiyi mağazaya gətməsindən və dalaşmaqlarından xəbəri olmamışdır. Sonradan əri ilə Vüqarın dava etdiyini eşitmiş və onların yanına getmişdir. O, onların yanına gəldikdə artıq tərəflər sakitləşmişdilər. Sonra, mübahisə yenidən küçədə davam edəndə Vüqarın arvadı Vüsalə, anası Lumu Əfqanın əmisi oğlu X3 dava etməyə qoymayıb aralamışlar, Vüqarla Əfqanın qeyd edilən hərəkətləri 5-10 dəqiqə müddətində davam etmiş, daha sonra o, Əfqanı oradan həyətlərinə aparmışdır. Lakin, əri ilə Təqsirləndirilən şəxs dava etməsi anını görməmiş, sonradan oraya gəldikdə Əfqanın qaşının üzərində xəsarətin olduğunu görmüşdür. Ancaq ərinin necə xəsarət almasını, kimin-kimi vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisi və uzaq qohumudur. Hər iki şəxslə münasibəti yaxşıdır. 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı Ucar rayonu, Lək kəndində Vüqar işlədən mağazanın qarşısından keçəndə Əfqanın arvadı Dildarın, Vüqarın arvadı Vüsalənin, anası Lumunun oraya toplaşdığını Əfqanın isə qaşının üstünün qanamasını görmüşdür. Vüqar Əfqanla dava etməyə cəhd göstərdiyindən orada olan şəxslərlə birlikdə o da onları aralamağa kömək etmişdir. Vüqarla Əfqanın hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş, Dildar Əfqanı oradan həyətlərinə aparmışdır. Sonradan məlum olmuşdur ki, Vüqarla Əfqan uşaq üstündə mübahisə edərək dalaşmışlar. Lakin, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dava etməsi anını və Əfqanın necə xəsarət almasını, həmçinin, kimin-kimi vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı Ucar rayonu, Lək kəndində küçədə qonşuları Əfqanın azyaşlı oğlu Şahin əlini onun velosipedinin təkərinin arasına saldığı üçün o, Şahinə irad tutmuş və əli ilə kənara itələmişdir. Bunu görən Əfqan ona kobud sözlər dediyindən atası Vüqar Əfqanla mübahisə etmişdir. Sonra Zərərçəkmiş şəxs həyətlərinə atası isə işlətdiyi mağazaya getmişdir. Az sonra küçədə səs-küy eşidib küçəyə çıxanda Əfqanın qaşının üstünün qanamasını mağazada isə piştaxtanın aşmasını görmüşdür. X4 İbrahimov küçədə mübahisə edib dalaşamağa cəhd etsələr də nənəsi Lumu, anası Vüsalə, Əfqanın arvadı Dildar, əmisi oğlu Xudaverdi buna imkan verməyib aralamışlar. Bu hadisə təxminən 5-10 dəqiqə davam etmiş, sonra Əfqanı Dildar həyətlərinə aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 13 dekabr 2023-cü il tarixli (19 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş) ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1”nin Ucar rayon şöbəsinin 02 iyun 2023-cü il tarixli, 221 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol qaşın cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası xəsarəti 01 iyun 2023-cü il tarixə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 42-ci vərəqəsində olan Ucar Mərkəzi Rayon Xəstəxanasının 04 iyul 2023-cü il tarixli, PHŞ-6-77/2-832/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyil. Məhkəmə iclasında elan edilmiş işin 44-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-ci vərəqəsində olan 15 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 01 iyun 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin yekun aktının əsaslılığı və ədalətliliyi həm ibtidai istintaq zamanı təqdid edilmiş, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verilməsindən ibarət olmaqla vacib əhəmiyyət kəsb edir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 01 iyun 2023cü il tarixdə saat 17:00 radələrində Ucar rayonu, Lək kəndində qonşusu Təqsirləndirilən şəxs işlədiyi mağazada sonuncu ilə aralarında yaranmış mübahisə nəticəsində sol qaşın cərrahi tikişə ehtiyacı olan bədən xəsarəti almışdır. Belə ki, baş vermiş hadisənin səbəbi araşdırılarkən məlum olmuşdur ki, hadisə birbaşa zərərçəkmiş şəxsin təsəbbüsü ilə Təqsirləndirilən şəxs işlədiyi mağazanın içində başlamış, daha sonra isə küçədə davam etmişdir ki, həmin vaxt isə ətrafda heç kim olmamışdır. Məhkəmə işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 01 iyun 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə təqsirləndirilən şəxsin işlədiyi mağazanın qarşısında küçədə Zərərçəkmiş şəxs təsəbbüsü ilə baş vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməmiş, yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, hadisə ətrafdan heç kimin olmadığı bir mühitdə yəni, təqsirləndirilən şəxsin işlədiyi mağazada zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş, bundan əlavə Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranışı kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin 01 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində təqsirləndirilən şəxsin işlədiyi mağazanın qarşısındakı küçədə baş verməsi və orada heç kimin olmaması, mübahisə zəminində Zərərçəkmiş şəxs təqsirləndirən şəxs Təqsirləndirilən şəxs vurmaq istəyən zaman zərbənin təsirindən özünün yıxılaraq başının pəncərənin şüşəsinə dəyərək yüngül bədən xəsarəti alması iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilmiş və bunun əksini sübut edən ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, ətrafdan heç kimin olmadığı bir şəraitdə yəni, təqsirləndirilən şəxsin işlədiyi mağazada və mağazanın qarşısındakı küçədə, bilavasitə Zərərçəkmiş şəxs qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin sağlamlığına zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.1, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar